…Ölkədə böyük dəyişikliklər qaçınılmazdır

18:39 22-06-2019 | icon 991 | Köşə
…Ölkədə böyük dəyişikliklər qaçınılmazdır

...Cəmiyyətin taksanomiyasına əsaslansaq...

 

NƏSİMİ MƏMMƏDLİ

/müstəqil ekspert/

 

Klassik mənada güclü dövlət konyukturunu ölkəmizdə çox güclü hakimiyyət əvəz edib. Dövlətin marağı bütün hallarda sadə, aydın və konkret çərçivə ilə mövcuddur. Hətta hökumətin də funksionallığı, səmərəliliyi və inzibati parametrləri məyyən bir normalarla, qaydalarla tənzimlənir.


Amma hakimiyyət marağı çox mürəkkəb, ziddiyyətli, qeyri-müəyyən və dəyişkəndir. Bəzən hətta idarə edənin sadəcə ovqatına bağlıdır. Odur ki, kimin hansı vəzifəyə niyə təyin edilməsinin məntiqi arqumentini axtarmaq bu şəraitdə yanlışdır. Uzaqgörən geosiyasi səbəblər axtarmağa da heç bir gərək yoxdur.

 

Hakimiyyətin yeganə strategiyası, taktikası və qayğısı özünü daha da gücləndirməkdir. 2002 və 2009-cu illərdə keçirilən referendumlarda olduğu kimi 2016-cı ilin referendumu da bu məqsədə xidmət edirdi. Növbəti və növbədənkənar seçkilərin də istisnasız olaraq əsas məqsədi budur.

 

Hakimiyyətin iqtisadi-siyasi islahat aparmaq imkanı və marağı yoxdur. Buna hakimiyyətin xarakteri imkan vermir. 
Son illər iki istiqamətdə çalışmalar diqqət çikirdi. Oliqarx-məmurların idarəetmədən sıxışdırılması, yerinə menecer idarəçilərin təyin edilməsi. Digəri isə regional təsir qrupunun (klanın) hakimiyyətə təsirini azaltmaq idi. 
Birinci istiqamətdə bəzi addımlar atılsa da, ikinci istiqamətdə ciddi müqavimətlə üzləşən hakimiyyət geri çəkildi. 2016-cı il referendumundan sonra nəzərdə tutulan hakimiyyətiçi nizamlama hakimiyyəti zəiflətməyə başlamışdı. 2018-ci ilin növbədənkənar prezident seçkisi də bu zəifləməni durdura bilmədi. Hətta 2019-cu ilin başlanğıcında müşahidə olunan sosial-siyasi fəallıq hakimiyyətin ciddi narahatlığına səbəb olmuşdu. Odur ki mövcud sosial-siyasi durumu sərt idarəçiliklə saxlamaq variantına üstünlük verənlərin mövqeyi daha da gücləndi.

 

Hakimiyyət sərbəst toplaşmaq azadlığını tam qadağan etməklə, sosial şəbəkələrin yaratdığı yeni sosial-psixoloji mühitdə vətəndaşların siyasi fəallığının artmasının qarşısını ala bilib. Sosial təminat sahəsində müəyyən müsbət addımlar atmaqla cəmiyyətdə gərginliyi azaltmağa qismən nail olub. Fürsətdən istifadə edərək inzibati idarəetməni daha da gücləndirərək irimiqyaslı siyasi kampaniyalar öncəsi vətəndaş fəallığını tamamilə aşağı salmaq istiqamətində hazırlıq aparılır.

 

Regionda baş verən siyasi dəyişikliklərin cəmiyyətə psixoloji təsirlərini nəzərə alıb hakimiyyətin bütün zəif nöqtələri gücləndirilir. Nəinki icra hakimiyyətlərinin başçılarının, hətta komitə sədrləri və nazirlərin də tez-tez yerdəyişməsi variantı sınaqdan keçirilir. Bir şəxsin uzun müddət eyni vəzifədə qalması praktikasını dəyişmək taktikasına üstünlük verilir. Bunun yaxşı və ya pis variant olmasını indi müzakirə etmək istəmirəm.

 

Ümumiyyətlə bu kimi kadr dəyişikliyi cəmiyyətdə hansısa nəzərə çarpan xüsusi dəyişiklik yaratmayacaq. Sadəcə qısa bir müddət mənasız və nəticəsiz müzakirələr ola bilər. Cəmiyyətin taksanomiyasına əsaslansaq, ölkədə böyük dəyişikliklər qaçınılmazdır. Bunu müvəqqəti ləngitmək olar, amma həmişəlik saxlamaq mümkün deyil.
İctimai maraqlar naminə hamılıqla çalışmaq lazımdır!

Xəbər lenti

Can't create/write to file '/var/tmp/MY3Pxdmz' (OS errno 24 - Too many open files)