Qarabağ məsələsi yeni dünya düzənində

16:22 26-06-2019 | icon 896 | Siyasət
Qarabağ məsələsi yeni dünya düzənində

Rauf Məmmədov: “Böyük güclərin gündəliyində konfliktlərin daha da genişləndirilməsi dayanır”

 

Cənubi Qafqaz qlobal müharibə təhlükəsi ilə üz-üzə dayanıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı və 30 ildir ki, dünya birliyinin gözünün qarşısında baş verən bu proses, böyük güclərin ikili standartlardan əl çəkməməsi müəmmalarının səbəblərini ortaya çıxarır. İşğalçılıq siyasətinə göz yuman beynəlxalq təşkilatların bu münaqişədən hansısa dvidenti qazanmaq istəyi isə acı reallıqları ortaya qoyur. Bu mənada Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti regionda yeni təhlükə ocağı yaratsa da, bu hal böyük gücləri qane edir.

 

Siyasi təhlilçi Rauf Məmmədov regionda baş verən bu və ya digər məsələlərlə bağlı “Üç nöqtə”-yə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Rauf müəllim, bu gün Qarabağ ətrafında aparılan danışıqlar davam edir və ATƏT-in Minsk qrupunun bu prosesdə iştirakını yüksək qiymətləndirən dipomatların eyni formatlı bəyanatları müşahdə olunur. Beynəlxalq güclər istər region, istərsə də Avropa, Qərb üçün iqtisadi dvidentlər gətirən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında niyə marqlı görünmür və beynəlxalq ictimaiyyətin məsələyə yanaşmasında əsl reallıqlar nə ilə bağlıdır?

 

- Dağlıq Qarabağ məsələsi Azərbaycanın, hətta regionun kontekstindən çıxmış, qlobal güclərin marağında olan bir problemdir. Bu məsələni nə regional, nə də ki, təkcə Azərbaycan səviyyəsində həll etmək mümkün deyil. Qarabağ böyük dövlətlərin, xüsusilə də Rusiyanın, Amerikanın və bir çox Avropa ölkələrinin marağında olan məsələ olsa da, onun həlli böyük güclərin qarşısında birinci məsələ kimi durmur. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunmuş olsaydı, o zaman Gürcüstanda Cənubi Osetiya, Abxaziya, Moldovada Dnestryani ölkələr, Ukraynada Krım kimi məsələlər çoxdan öz həllini tapmalıydı. Bu gün sadalanan bu məsələlərin heç biri gündəmə gətirilmir. Əksinə, biz başqa tendensiyaları müşahidə edirik. Görünür ki, münaqişələrdən sonra hələ yeni-yeni münaqişələr yaranır. Bütün bunlar onu göstərir ki, ümumiyyətlə, böyük güclərin gündəliyində regiondakı konfliktlərin həlli dayanmır. Əksinə, hətta onların qarşısında bu konfliktlərin daha da genişləndirilməsi dayanır. Çünki onların marağında olan münaqişələrin həlli deyil, bu gün beynəlxalq güclərin marağında olan əsas “konflikt nöqtəsi” dünyada izlənən “İpək yolu” layihəsinin kimin xeyrinə, hansı istiqamətdə çəkilməsi məsələsidir. Təbii ki, Azərbaycan İpək Yolu məsələsində mərkəzdə dayanır. Çünki İpək Yolu Azərbaycandan, eləcə də Türkiyədən keçir. Ona görə də Azərbaycan həm Rusiya, həm Avropa, Böyük Britaniya, Çin üçün əhəmiyyət kəsb edən bir ölkədir. Əslində bu dövlətlərin Azərbaycanda marağı Dağlıq Qarabağ probleminin həlli deyil, məhz bu məsələ ilə bağlıdır. Qarabağ məsələsinin həlli isə mürəkkəbləşib. Avropa Birliyi özünü bu məsələdən kənara çəkir. Amerika guya fəallıq göstərir, amma reallıqda görürük ki, onun bu məsələdə heç bir marağı yoxdur. Bütün ölkələr bilir ki, Rusiya həm Krımda, həm Gürcüstanda özünü göstərdi və Rusiya keçmiş postsovet məkanında olan ölkələrə başqa birinin sahiblənməsinə imkan verməyəcək. Rusiya dünyaya göstərdi ki, istənilən yerdə öz qəti mövqeyini göstərə bilər.  Regionda son hadisələr də göstərdi ki, nə Amerika, nə Avropa Birliyi Gürcüstanın, Krımın arxasında dayanmadı, geriyə çəkildilər. Deməli, bu güclər regiondakı bu məsələlərlə bağlı Rusiya ilə konfliktə getmək fikrində deyillər. Buna görə də Qarabağ məsələsinin birbaşa Rusiyanın əlində olduğu qeyd olunur. Bu üzdən də Rusiyanın özü üçün bizə verdiyi həll variantı məsələnin görünən tərəfidir. Rusiya tərəfindən guya bir neçə sülh variantı təklif olunub. Əslində, bu variantların mahiyyətu ondan ibarətdir ki, Azərbaycan üzünü Qərbdən, Avropadan döndərib Rusiyaya tərəf çevirsin. Azərbaycan Rusiya qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsinə razı olsun. Yəni Rusiya keçmiş sovet ölkəsi olan Azərbaycanı da Ermənistan kimi öz nəzarətində saxlamaq istəyir. Azərbaycan o şərtlərlə razı olmur. Ancaq Azərbaycan bu məsələdə Türkiyə ilə balanslı siyasət aparmağa çalışır. Rusiya Azərbaycana təzyiq edəndə eyni zamanda burda Türkiyə faktorunu nəzərə almaq məcburiyyətində qalır. Ancaq biz görürük ki, Türkiyə də Rusiya ilə yaxınlaşır, müəyyən ortaq maraqları formalaşır. Təbii ki, böyük dövlətlərin maraqları kiçik dövlətlərin maraqlarını ustələyir. Bu da bizim maraqlarımız üçün təhlükə təşkil efir. Ancaq istərdik ki, Türkiyə bu məsələlərdə daha qəti mövqe nümayiş etdirsin. Hələ ki, biz bunu müşahidə eləmirik.

 

- Rauf müəllim, Qarabağ məsələsini regionda olan bir neçə münaqişə ilə müqayisə elədiniz. Sizcə bunlar nə dərəcədə bir-birinə oxşar münaqişələrdi və Qarabağ məsələsini həmin münaqişələrlə bir sırada tutmaq nə dərəcədə düzgündür?

 

- Nəzərə almalıyıq ki, bu münaqişələr SSRİ-nin çöküşündən sonra başladı. Yəni bu münqişələri birləşdirən ümumi cəhət elə budur. Yəni SSRİ-nin süqutu ərəfəsində bu münaqişələrin ortaya çıxması göstərdi ki, Rusiya imperiya çöküşü ərəfəsində keçmiş postsovet məkanını öz əlində saxlamaq üçün çoxdan hazırlanmış separatçılıq nöqtələrini işə salıb. Hansı ki, bunun kökü, az qala Pyotrun vaxtına qədər gedib çıxır. Bu məsələlər Rusiyanın strateji xətti kimi əvvəldən ölçülüb-biçilib və bu cür keçid variantlarında istifadə olundu. İmperiya bu variantları istifadə etdi ki, tamamilə dağılıb getməsin. Bu mənada biz gördük ki, SSRİ dağıldı və münaqişələr çoxaldı. Və Azərbaycanda yaranan Qarabağ münaqişəsi də bununla bağlıdır. O cümlədən Avropanın özündə də münaqişələr baş verir. Ümumiyyətlə, dünyada etnik münaqişələri daha da dərinləşdirəcək tendensiyalar var. Hətta bu, Avropanın mərkəzində də baş verir. İspaniyada Kataloniya, Fransa da Bask hərəkatı çoxdan başlayıb. Münaqişələr getdikcə dərinləşir.

 

“Azərbaycan bu svilizasiya məkanında öz yerini tapmalıdır”

 

- Bu proses dünyanı hansı hədəfinə doğru aparır?

 

- Bu gün "Dünyanın yeni düzəni" anlayışı mövcuddur. Hazırda biz elə bir dönəmdə yaşayırıq ki, dünyada keçid dövrüdür. Ənənəvi ikiqütblü dünya sistemi dağıldı. Amerika təkqütblü şəkildə dünyanı idarə etmək iqtidarında olmadı. Dünyada çoxqütblü sistem yaranır. Təbii ki, regional güclər burada öz yerini tutmağa çalışırlar və bunlar arasında da açıq və gizli şəkildə münaqişə baş verir. Bu münaqişələr nəticəsində də bir çox milli dövlətlər etnik dövlətlərə çevriləcəkdir. Ola bilər ki, onlar yeni formatda yeni svilizasiyalı mərkəzlərdə, böyük şəhərlər ətrafında birləşəcəklər. Belə hesab olunur ki, dünyada təkqütblü Amerika sistemi mövcud olmadığı üçün çoxqütblü sistem yarana bilər.

Dünya yeni bir format axtarır, ona doğru gedilir və kimin ideyası daha güclü olsa, kimin arxasında iqtisadi-siyasi gücü nə qədər artıq olsa, o, təbii ki, öz ideyasını həyata keçirməyə çalışacaq. Əgər svilizasiyalı birləşmə aktuallaşarsa, Azərbaycan bu svilizasiya məkanında öz yerini tapmalıdır. Mənə elə gəlir ki, Azərbaycan bu bölgədə Türkiyə ilə yaxınlaşmalıdır.  Türk birliyi, müsəlman birliyi məsələsi var. Müsəlman birliyi daha uzaq gələcək üçün ola bilər. Ancaq türk xalqlarının birləşməsi, bunların siyasi, iqtisadi, hərtərəfli yaxınlaşması labüddür. Xüsusilə, nəzərə alsaq ki, Nazarbayov artıq bu işə başlayıb, Türk Ölkələri Birliyi təşkilatı yaradıb, nəzərə alsaq ki, türk xalqları keçmiş sovet məkanında çoxluq təşkil edir, deməli proses artıq başlayıb. Bütün bunların fonunda Türkiyə faktorunu nəzərə alsaq, bunun çox böyük sosial, siyasi-iqtisadi əhəmiyyəti var. Bu birlik təkcə iqtisadi, mədəni layihə kimi yox, həm də siyasi birlik kimi göstərilir. Çünki Çinin, Böyük Britaniyanın böyük İpək yolu layihəsi transit kimi ancaq türk respublikalarının ərazisindən tranzit kimi keçir. Əgər türk dövlətləri öz aralarlnda bir birlik yaradıb müəyyən bir siyasi iradə ortaya qoya bilsələr, onların iradəsi ilə həm Avropa, Böyük Britaniya Amerika həm də Çin razılaşmalı olacaq. Bir güc kimi Rusiya da bunu tanımağa məcbur qalacaq.  Bu baxımdan biz bu perspektivdə inkişaf eləməliyik. Çünki parçalanma bizim siyasi iradəmiz zəif olur, böyük ölkələrin ayaq altında qalırıq.

 

- Rauf müəllim, regionda qarşımızda Rusiya kimi dövlət var və onun regionda Amerika kimi bir dövlətlə nüfuz davası apardığı bəllidir. O cümlədən, türk birliyindən danışdınız. Bu məsələ uzun müddətdir ortaya atılsa da, hələ ki, nəticəsi yoxdur. Bu prosesdə əsas aparıcı olan Türkiyə nə dərəcədə aktivdir və dediyiniz bu siyasəti həyata keçirmək üçün bizdə nə çatmır?

 

- Türkiyə bu istiqamətdə mütəmadi işlər aparır. Müxtəlif konfranslar təşkil etməklə türk dövlətlərini, islam dövlətlərini bir araya gətirir və müzakirələr aparırlar. Belə tədbirlərdə həm ümumi dil məsələsi qoyulur, həm mədəni inteqrasiya, həm də siyasi məsələlərr... Tayyib Ərdoğan əvvəl üzünü başqa istiqamətə yönəltmişdi, indi Avrasiya istiqamətinə yönəldir. Bütün bunlar göstərir ki, bu proses artıq gedir. Sadəcə olaraq burda ona mane olan qüvvələr də var. Məsələn, İran-Azərbaycan-Türkiyə - üçlük formatı yarananda Ermənistan oyunlardan çıxıb aləmi bir-birinə qatdı. Təbii ki, Ermənistan bu cür formatlardan narahatdır.  Azərbaycanın bu cür formatlarda iştirakı, bu cür fəal rol oynaması onu qane edə bilməz. Məsələ burasındadır ki, Rusiya İran və Türkiyə arasında Azərbaycan körpü rolunu oynayır. Həqiqi mənada həm Rusiya ilə İranın yaxınlaşmasında, həm də Rusiya ilə Türkiyənin yaxınlaşmasında Azərbaycan təkcə sadəcə diplomatiya sahəsində yox, həm də sosial bazası ilə də təsir edir. Bizim insanlarımız ölkələrimizin yaxınlaşmasında da çox mühüm rol oynayır. Təbii ki, bu proses sosial səviyyədə inkişaf edirsə, bu, öz əksini diplomatiyada da tapır.

 

- Dediyiniz kimi Azərbaycanın inkişafı və dünyaya inteqrasiyası üçün bütün resursları var. O zaman çatışmayan nədir ki, 30 ilə yaxındır Qarabağın işğal faktorunu olduğu kimi dünyaya qəbul etdirə bilmirik?

 

- Belə bir sual, başqa birsualı yaradır: hansı “qəhrəman” qabağa çıxıb regiondakı münaqişələrin həlli ilə bağlı irəliləlyişə nail ola bilib. Gürcüstan buna nail oldu? Yox. Halbu ki, Gürcüstan bizdən daha çox Avropaya inteqrasiya olunub. Onların xristian təəssübkeşliyini nəzərə alsaq, onlar daha çox divident əldə edə bilərlər ki, Avropanı bu məsələyə cəlb eləsinlər. Gördük ki, bunlar da öz problemlərini həll edə bilmədilər. Nə Moldova, nə Gürcüstan bu məsələdə irəli gedə bilməyib.

 

- Məsələyə Azərbaycan kontekstdindən yanaşanda, Azərbaycanın tranzit ölkə, beynəlxalq layihələrdə əsas iştirakçı olmasını nəzərə almaqla bir çox ekspertlər Azərbaycanın təsir imkanlarının digər münaqişəli ölkələrə nisbətən daha çox olduğunu deyirlər.

 

- Bu münaqişələr hamısı bir vaxtada yaradılıb və hamısı da dondurulub. Bu münaqişələrin həlli zamanı gələndə həll olunacaq. Əgər qlobal güclər bunu dondurubsa, Azərbaycan bu məsələni necə həll edə bilər. Azərbaycanın bir yolu qalır. Təbii ki, bu gün Prezidentimiz bu işləri daha dərindən bilir. Onlar burda bir variantı əsas götürürlər. Düzdür, bu gün hərbi təlimlərdən söz açılır. Belə təlimlər də Ermənistana psixoloji təzyiq xarakteri daşıyır və göstərilir ki, bizim gücümüz var və istənilən vaxt düşməni əzə bilərik. Ancaq onlara da arxayınlıq verənlər var ki, bu müharibə olmayacaq və vəziyyət nəzarət altında saxlanılıb. Azərbaycan da təbii ki, bu məsələdə hərbi addım atmağı riskli hesab edir. Çünki dərhal bizə qarşı sanksiyalar qəbul oluna bilər və bunun arxasında Rusiya kimi bir dövlət var ki, sağı-solu bilinmir. Yəni bu riskləri Azərbaycan nəzərə alır. Azərbaycanın bir çıxış yolu qalır ki, Ermənistanı iqtisadi blokada şəraitində saxlasın və bəlkə böyük dövlətlər də belə bir qənaətə gəlsinlər ki, Ermənistanı artıq maddi cəhətdən təmin eləmək gücündə deyillər. Bax vəziyyət bu istiqamətdə də dəyişə bilər.

 

- Rauf müəllim, beynəlxalq müstəvidə təsir, təzyiq elementi kimi sanksiyaların tətbiqi məsələsi ən optimal variant kimi daim ortaya qoyulur və istifadə olunur. Bu gün torpağı işğal altında olan ölkəyə "əgər torpaqlarını azad etməyə qalxarsa” ona sanksiyanın tətbiqi məsələsi ortaya atılır. Azərbaycan öz beynəlxalq hüquqlarından necə istifadə etsin?

 

- Azərbaycan beynəlxalq hüququndan istifadə edə bilər. Ancaq Helsinski aktında ikibaşlı bir qərar da var. Bir tərəfdən deyir ki, ərazi bütövlüyünün pozulmasına qarşı çıxır, ikinci tərəfdən də xalqların öz müqəddəratını təyin etməsi məsələsini qoyur. Bu iki məsələ bir-biri ilə üst-üstə düşmür. Ona görə də bu məsələdə Azərbaycan Rusiya ilə toqquşacaqdır. 4 aprel müharibəsində bunu aydın gördük. Bir neçə günlük müharibədə Putin, Lavrov açıq şəkildə zəng elədilər və müharibənin dayandırılmasını istədilər.

 

- Toqquşmanın olmaması üçün Azərbaycan Rusiya ilə münasibətdə nə etməlidir?

 

- Rusiyanın əsrlərlə formalaşmış öz strateji yolu var. Pyotrun vaxtından cızılıb və o xətt üzrə gedilir. Rusiya təzədən öz siyasətini dəyişən deyil. Çünki qlobal dövlətlərin siyasəti 100 illərə ölçülür. Yəni Rusiyanın siyasəti bölgədə dəyişməyəcək. Rusiya siyasəti birmənalı şəkildə göstərdi ki, Ermənistandan əl çəkən deyil, ona dəstək olacaq. Çünki birinci faktor odur ki, tarix təkrar olunur. Yəni bu regionda İran, Osmanlı, Çar Rusiyası və Səfəvilərin siyasəti davam edir. Rusiya qısqanır ki, Türkiyə artıq Cənubi Qafqaz regionunda fəallaşıb. Artıq Gürcüstanda da türklər böyük bizneslər qurublar. Gürcülər onların açdığı iş yerlərində işləyirlər. Bunlar hamısı Türkiyə faktorunun regionda önə çıxdığını göstərir. Türkiyə ilə Azərbaycanın yaxınlaşması Rusiyanı qısqandırır. Rusiya Azərbaycana keçmiş sovet məkanında olan öz ölkəsi kimi yanaşır və düşünür ki, daim onun yanında olmalıdır və heç kimə yaxınlaşmalı deyil. Rusiya regionda kimdən dəstək almalıdır - Gürcüstan müəyyən mənada ondan uzaqlaşır, regionda onun üçün əsas dövlət Ermənistan qalır.

 

- Azərbaycan-Rusiya münasibətlərində yaxşılaşmağa doğru proseslərin getdiyini söyləmək olarmı?

 

- Mənə elə gəlir ki, bu münasibətlər formaldır. Çünki yaxşı ola bilməz. Çünki Azərbaycan Rusiyanın maraqları ilə uzlaşmayan İpək Yolu layihəsində iştirakedir. TANAP xətti, Rusiyanın Şimal axını, türk axını layihələri var ki, Rusiya öz neft və qazını Avropaya çıxarmaq istəyirdi. Amma Avropa TANAP layihəsində maraqlıdır. Deməli burda Rusiyanın maraqlarına zərbə vurulur. Azərbaycanın regionda güclənməsi, Türkiyə ilə yaxınlaşması Rusiyanın regiondan uzaqlaşması deməkdir. "İpək yolu" Azərbaycanın eyni zamanda Çin, Böyük Britaniya ilə yaxınlaşması deməkdir. Təbbi ki, Rusiyanın Böyük Britaniya ilə tarixi düşmənçiliyi var və bu günə qədər də yaxşı deyil. Yəni bu baxımdan bu münasibətlər səthi xarakter daşıyır, dərində Rusiya ilə Azərbaycan arasında bir konflikt var.

 

- Bütün deyilənləri ümumiləşdirsək, Qarabağ münaqişəsinin yaxın zamanlarda həlli görünəndirmi?

 

- Qarabağ münaqişəsinin həlli dünyanın mövcud düzənində bir dəyişikliyin olmasına bağlıdır. Bəlkə Rusiyada bir parçalanma, yaxud böyük güclər arasında qlobal toqquşmalar olarsa Azərbaycan bu mərhələdə nəsə edə bilər. Amma bu da asan deyil. Çünki həmin zaman İran da fəallaşacaq. Çünki bu gün İranın Azərbaycana sakit yanaşmasının bir səbəbi odur ki, Azərbaycanda həm Qərbin maraqları, həm də Rusiya maraqları var. Siz fikir verin, əgər Qərblə Rusiya regiondan çəkilərsə, İran fəallaşacaq. Hərb işləmirsə, diplomatiya işləməlidir. Münaqişənin həlli ermənilərdən asılı deyil. Bugünkü vəziyyətin formalaşması ermənilərin deyil, qlobal güclərin maraqlarına xidmət edir. Əslinə baxanda, bu münaqişə Rusiya ilə Azərbaycanın münaqişəsidir.  Ermənistan görünən tərəfdir, ancaq münaqişənin arxasında real güc Rusiyadir.

 

Versus.Az

Tahirə Haqverdi

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol