ADR-in hərb sistemində vacib maariflənmə işləri 

19:25 26-06-2019 | icon 1017 | Tarix
ADR-in hərb sistemində vacib maariflənmə işləri 

Versus.Az AzEdu.az -a istinadən  26 İyun Milli Ordu Günü münasibətilə hərbi tədris tariximizə aid yazını təqdim edir.

 

Bu dəfə hərb tarixçisi Mehman Süleymanovun üzə çıxardığı, ADR ordusundakı maariflənmə işlərindən bəhs edən faktları diqqətinizə çatdırırıq:

Hərbi Nazirliyin rəhbərliyi orduda xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirilirdi. Qısa müddət ərzində Azərbaycan Ordusunun yeni qanunvericilik bazasının yaradılması mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə 1917-ci il yanvarın 1-dək keçmiş Rusiya imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə saxlanılırdı. Buraya hərbi nizamnamələr, döyüş təlimatları, xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Ancaq bu qanunvericilik aktlarının Azərbaycan müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən tərəfləri ləğv edilir və nazirin əmri ilə həmin məqamlar təkmilləşdirilir, ya da yenisi ilə əvəz edilirdi.

Məsələn, nazir hələ 1918-ci il dekabrın 27-də 34 saylı əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlılar arasındakı salamlaşma ənənələrinə uyğun olaraq aparılmasını tələb edirdi. Yəni, salamlaşan şəxs “salam” deməli, qarşı tərəf isə “əleyküm salam” deyə cavab verməli idi. Əsgəri tərifləyərkən və ya ona minnətdarlıq bildirərkən “mərhəba” deyilməli, əsgər isə cavabında “çox sağ ol” deməli idi.

Azərbaycan dili orduda da dövlət dili elan edildi. Bununla bağlı hərbi nazir orduda xidmət edən qeyri-azərbaycanlı zabitlər qarşısında belə bir tələb qoydu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.

Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb edildi.

Əsgərlərlə ünsiyyətin Azərbaycan dilində aparılması və onlara hərb işinin Azərbaycan dilində öyrədilməsi, şübhəsiz ki, şəxsi heyəti xidmətə daha yaxından bağlayır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərirdi. Bu məsələyə Hərbi Nazirliyin rəhbərliyi xüsusi diqqət yetirirdi.

Azərbaycan döyüşçüsünün mənəvi dünyasının yaradılmasında mənsub olduğu xalqın tarixi keçmişinin öyrənilməsinə, onun qəhrəmanlıq nümunələri üzərində tərbiyələndirilməsinə böyük əhəmiyyət verilirdi. Bu baxımdan S.Mehmandarov çox qiymətli fikirlər irəli sürmüşdü. Həmin fikirlərin mahiyyəti ondan ibarət idi ki, Azərbaycanın qəhrəmanlıq tarixi həm araşdırılmalı, həm də xalq kütlələrinə, o cümlədən qoşunların şəxsi heyətinə çatdırılmalıdır. S.Mehmandarov şübhə etmirdi ki, azərbaycanlılardan təşkil edilmiş olan hərbi qüvvələr öz xalqının qəhrəmanlıq tarixini yaxşı bilməli, ondan ibrət götürməlidir. Hərbi nazir bu istiqamətdə aparılan işlərdə ifratçılığa varmağa, milli tərbiyənin millətçiliyin qızışdırılması ilə bir səviyyədə tutulmasına razı deyildi. O, milli tarixi keçmişin öyrənilməsində yalnız sağlam hisslərin aşılanmasını və mütərəqqi xəttin izlənməsini əsas vəzifə sayırdı. S.Mehmandarov yazırdı: “Bolşevizmə qarşı mübarizənin istiqamətlərindən biri xalq içərisində sağlam milli hisslərin yaradılmasıdır. Azərbaycanın yaranmaqda olan gənc ordusu üçün bu xüsusilə lazımdır. Yalnız azərbaycanlılardan təşkil olunmuş hərbi qüvvələrimiz öz xalqının ümumdünya tarixinin səhifələrinə yazmış olduğu və bizdən daha çox Avropa xalqının xatırlayıb danışdıqları çoxlu igidlikləri, şərəfli döyüş keçmişini bilməlidirlər. Bir əsrdən də artıq davam edən rus ağalığından xilas olmuş türk xalqı bilməlidir ki, biz heç də həmişə əsarətdə olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya nümayiş etdirmişik. Güman edirəm türk tarixinin bilicilərindən kimsə xalqımızın müxtəsər tarixini və bu günümüzə qədər olan ən mühüm hadisələri əks etdirən kütləvi kitabçaların tərtib və nəşr edilməsinin kiməsə tapşırılması faydalı olardı. Belə kütləvi tarixi nəşrlər xalq arasında və qoşunlarda geniş yayılmalı, bunun üçün hər bir kənd müəllimi, hər bir müsəlman zabit ondan geniş istifadə etməlidir.

Şəxsi heyətin mənəvi durumunun qaldırılması məqsədilə qoşunların ümumi təlim-tərbiyəsi çərçivəsində əsgərlərlə söhbətlər aparılması, onlara Azərbaycanın tarixi, hərbi anda sədaqət və s. mövzuların çatdırılması nəzərdə tutulurdu. Belə dərslərin aparılmasına ən yaxşı zabitlər və hissələrin mollaları cəlb edilirdilər.

Qoşunların şəxsi heyətinin milli tarixi köklərə bağlanması və onların mənəvi saflaşması baxımından Novruz bayramlarının ümumordu miqyasında qarşılanmasının və keçirilməsinin təşkilinə diqqəti cəlb edirdi. Öz mövcudluğu dövründə Azərbaycan Ordusu iki dəfə Novruz bayramını qarşılamış və hər ikisini də təntənəli şəkildə keçirmişdi. Novruz bayramının qeyd edilməsi əsl bayram əhval-ruhiyyəsində həyata keçirilirdi. Hər iki bayram da qoşunların rəsmi keçidi ilə şəxsi heyətin yadında qalmışdı.

1919-cu ilin Novruz bayramı ərəfəsində hərbi nazirin imzaladığı əmrə əsasən şəxsi heyət üç gün təlimdən azad edildi. Bu əmrə əsasən bütün hissələrdə bayram süfrəsi açıldı və qoşunlara bayram yeməyi verildi.

Hərbi Nazirliyin bərpasının ilk günlərindən hərbi qulluqçuların geyim formasının da milliləşdirilməsi və onun Azərbaycan Ordusuna uyğunlaşdırılması üçün də zəruri işlərin görülməsinə başlandı və bunun üçün xüsusi komissiya yaradıldı. Komissiyanın işinə hərbi nazirin müavini, general-leytenant Ə.Şıxlinski sədrlik edirdi. Komissiyanın hazırladığı geyim layihəsi 1919-cu il yanvarın 1-də hərbi nazirin əmri ilə rəsmi şəkildə təsdiq edildi. Ancaq buna qədər Hərbi Nazirlik fəaliyyətə başlayarkən nazirin əmri ilə geyim formasında qismən dəyişiklik edilmişdi. Həmin dəyişiklik əsasən baş geyiminə aid idi. Nazir tələb edirdi ki, yeni geyim layihələri hazırlanana kimi furajkalar baş geyimi kimi istifadədən birdəfəlik götürülsün və papaqla əvəz edilsin. Furajkaların papaqla əvəz edilməsi üçün nazir bir ay vaxt ayırmışdı.

Azərbaycan Ordusunda tətbiq edilən yeni geyim formasının maraqlı elementlərindən biri poqonlar idi. Həm hərbi qulluqçular, həm də orduda qulluq edən məmurlar poqon gəzdirirdilər və həmin poqonların üzərində ərəb əlifbası ilə “Azərbaycan” sözü yazılmalı idi.

Yeni dəyərlər üzərində qurulan ordunun yeni milli kadrlarının hazırlanması da Hərbi Nazirliyin rəhbərliyinin qarşısında dayanan mühüm vəzifələrdən biri idi. Bu vəzifənin həllinə nail olmaq üçün hələ türk qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncədə fəaliyyətə başlamış hərbi məktəbin fəaliyyəti yenidən quruldu və onun statusu artaraq praporşiklər məktəbinə çevrildi. Məktəbdə təlim-tərbiyə prosesi də yeni statusa uyğun olaraq yenidən quruldu. Bu statusun mahiyyəti ondan ibarət idi ki, əgər əvvəlcə məktəbi bitirənlər ilkin zabit rütbəsini yalnız hissələrdə bir neçə ay xidmət etdikdən və zabitliyə layiq olduqlarını sübut etdikdən sonra alırdılarsa, praporşiklər məktəbini bitirənlər dərhal ilkin zabit rütbəsi olan praporşik rütbəsinə layiq görülürdülər. Bu ilin sonunda isə praporşiklər məktəbinin bazasında Hərbiyyə məktəbi açıldı. Bundan başqa, Azərbaycan Ordusuna milli hərbi kadrlar hazırlayan İstehkam məktəbi və hərbi dəmiryolçular məktəbi və hərbi feldşer məktəbi də açılmışdı.

Yaradıldığı ilk gündən Hərbi Nazirliyin qarşısında dayanan mühüm vəzifələrdən biri də xidmətə çağırış və səfərbərlik işinin təşkili məsələsi idi. Bu məsələnin həllinin başlıca çətinliyi ondan irəli gəlirdi ki, türk qoşunları Azərbaycanda olarkən ciddi ədalətsizliklərə yol verilməsi əhalidə əsgəri xidmətə qarşı böyük bir etimadsızlıq, təşviş və qorxu hissləri yaratmışdı. Digər tərəfdən də əvvəllər xidmətə cəlb olunanlara qarşı fiziki cəzaların tətbiq edilməsi, onların şəxsiyyətlərinin təhqir olunması, ən ali yaşayış normalarına malik olmamaları fərariliyin kütləvi şəkil almasına zəmin yaradırdı. Çağırış və səfərbərliyin təşkili yeni nazirliyin rəhbərliyi üçün nə qədər aktual idisə, fərariliyin qarşısının alınması və bunun üçün səmərəli tədbirlər sisteminin tətbiq edilməsi də o qədər vacib idi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol