HAQQI TANINMAYAN 713

10:46 29-06-2019 | icon 196 | Köşə
HAQQI TANINMAYAN 713

HƏDƏF AZƏRBAYCAN DEYİLMİ?

İGİD TEYMURLU

 

Real görüntü baxımından “müharibə şəraitində yaşayan dövlət” ifadəsi bu gün paytaxt Bakıda və ətraf bölgələrdə demək olar ki, sezilmir. Heç şübhəsiz ki, bu məsələdə hansısa instansiyanı günahkar qismində təqdim etmək düzgün olmazdı. Çünki “müharibə şəraiti”nin özü toplumsal xarakter daşıdığı üçün məsələyə yanaşmada da bütöv toplumun münasibətləri nəzərə alınmalıdır. Eyforik yanaşma sərgiləmək lazım deyil, bu gün biz cəmiyyət olaraq “müharibə şəraitində yaşayan ölkə”yə oxşamırıq...

 

Ayrı-ayrı səlahiyyət sahiblərinin yarıtmaz fəaliyyəti, dövlətin bir sıra instansiyalarının xalqın xidmətçisi rolunda çıxış etməmələri həm də toplumun öz dövlətinə olan inam və güvənc hissini öldürüb. Mümkün variantdır ki, belə şəraitiə rəvac verən kəslər mövcud hakimiyyətə qarşı sosial narazılıqların formalaşmasında maraqlıdırlar. Əgər belə olmasaydı, heç sosial formatlı məqamları bir yana qoyaq, keçmiş döyüşçülərə münasibətdə əvvəlki müdafiə naziri Səfər Əbiyev və onun komandasının atdığı addımlar da elə bu qəbildən olub. Çox təəssüflər olsun ki, həmin komandanın əksər üzvləri bu gün də iş başındadır. Və həmin addımlar da davam etməkdədir. Baxmayaraq ki, rəhmətlik Heydər Əliyev keçmiş döyüşçülərin əfviylə bağlı sərəncam vermişdi, ancaq başda Hazirlər Kabineti olmaqla Müdafiə Nazirliyi hələ də ya bunun fərqində deyillər, ya da ortalıqda hansısa bir məqsəd var.

 

Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində 1993-cü ildə “ləğv olunmuş batalyonlar”ın sırasında kifayət qədər döyüşçülər olub ki, bu gün də həmin kəslər o müqəddəs mübarizədə sözlərini demək üçün Ali Baş Komandanın əmrini gözləməkdədilər. Belə batalyonlar sırasında 713 saylı hərbi hissənin də adı var. Həm o zamankı müdafiə naziri Rəhim Qazıyev, həm də sonradan müdafiə naziri olmuş Səfər Əbiyev tərəfindən haqqı tanınmayan 713 saylı hərbi hissənin  Zakir Həsənov dönəmində haqqının müəyyən qisminin tanınması baş tutsa da, ancaq bu, yetərli deyil.

 

Görünən budur ki, Nazirlər Kabineti tərəfindən veteran statuslarının verilməsilə bağlı qəbul edilən sənədlər toplusu heç də hansısa haqqın bərpasına yönəlməyib. Əgər belə olmasaydı onda rəhmətlik Heydər Əliyevin özü tərəfindən talelərinə sayğıyla yanaşılan keçmiş döyüşçülərə veteran statuslarının verilməsi bunca formatda  mürəkkəbləşdirilməz və bunca müddətdə yubadılmazdı. Nazirlər Kabinetinin üstündən 27 il keçəndən sonra “ya yaralı olmalısan, ya da o zaman sənin 2 azyaşlı övladın olmalıymış” tapıntısı birbaşa millətin əsəbləriylə oynamaqdır. Novruz Məmmədov kabinetinə anlatmaq lazımdır ki, o zaman Vətən harayına gedənlər sırasında tək oğlanlar, nişanlı oğlanlar, subaylar, evlilər və digər kateqoriyadan olanları veteran statusuyla bağlı “kinijka” deyil, ana-bacılarımızı əsir götürmüş ermənidən qisas almaq hissi ayağa qaldırmışdı. Əgər o döyüşdə kimsə subay olubsa, yaxud yaralanmayıbsa, üstündən 27 il keçəndən sonra Nazirlər Kabineti belə sərsəm iddiada bulunursa, demək ki, atılan addımda vətəndaşın içində dövlətə qarşı nifrət hissinin formalaşdırma cəhdi var.  Bütün bunlarsa heç şübhəsiz ki, “müharibə şəraitində yaşayan dövlət”ə münasibətdə cəmiyyətin bir çox üzvünün güvənc hissini öldürür.

 

Bu gün bir çoxları kimi 713 saylı hərbi hissənin keçmiş döyüşçülərinin tam əksəriyyəti də dövlətin onlara verdiyi güzəşt və imtiyazlardan yararlana bilmir. Bu, o döyüşçülərdir ki, könüllü olaraq döyüşə atılanda hansısa status barədə deyil, birbaşa vətən toprpaqlarını  qeyd-şərtsiz erməni birləşmələrinin işğalından qurtarmağı və Qaradağlının, Umudlunun, Xocalının qisasını alacaqlarını  qarşılarına məqsəd qoymuşdular.  Düşmənə endirilən sarsıdıcı zərbələr, Laçın rayonunun 98 kəndinin, Ağdərə rayonunun 21 kəndinin azad edilməsi uğrunda misilsiz şücaət göstərən, 30 nəfər Şəhid verən, döyüşçülərinin əksəriyyəti əlil olan 713 saylı hərbi hissənin haqqı o zamankı siyasi və hərbi rəhbərlik tərəfindən qiymətləndirilmədi.

 

ƏGƏR BELƏ OLMASAYDI, bu gün “Milli Qəhrəmanlar” siyahısında biz RƏMZİ NOVRUZOVun da adını görərdik. Bu gün Pircahan Şəhidlərini, Əfilağanı, Bəhməni, Nəsimini, Xasayı, Müzəffəri, Səmədi, Ərəstunu, ümumiyyətlə canlarını yurd uğrunda fəda etmiş igidlərimizi təkcə doğulduqları kəndin camaatı deyil, ən azından bütöv Azərbaycan məktəblisi tanımalıdır. Bu igidlərin adları ölkəmizin müxtəlif bölgələrində əbədiləşdirilməlidir ki, yetişən nəsil də dövlətin öz vətəndaşına necə sahib çıxmasından qürurlana bilsin. Döyüş yoldaşları tərəfindən yuxarı instansiyalara dəfələrlə Rəmzinin, Yaşarın igidliyi barədə təqdimatlar, vəsatətlər ünvanlansa da, hələ də heç bir nəticə yoxdur! Bu gün erməni tanklarını yandırıb külə döndərən Yaşarın və Yaşarların heç veteran statusu belə yoxdur. Ancaq Yaşarlar döyüşdə olarkən burada küncdə gizlənənlər hansısa yolla o stausu əldə ediblər. Keçmiş döyüşçülərin belə mənəvi soyqırıma məruz qoyulmaları onları deyil, Azərbaycanı hədəf götürməkdir.

 

ƏGƏR BELƏ OLMASAYDI, “Ağdərənin işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə hansı hərbi hissələrin iştirak etməsinin göstərən siyahıda 713 saylı hərbi hissənin də adı olardı. Amma o siyahıda 713 saylı hərbi hissənin adı belə yoxdur”. Halbuki, Ağdərədə can qoyan oğlanlar bu gün də sağdılar, şahiddilər!!!

 

ƏGƏR BELƏ OLMASAYDI, 713 saylı hərbi hissənin keçmiş döyüşçüləri də veteran statusunu alardılar. Halbuki 713 saylı hərbi hissənin döyüşçülərinin  səksən faizindən çoxunun veteran statusu belə yoxdur.  Əvəzindəsə döyüçün nə olduğunu anlamayanlar, müharibənin ağrı-acısını görməyənlər veteran statusyla dövlətin bütün imkanlarından yararlanmadadılar!!!

 

Və bütün bunlar keçmiş döyüşçülərdən daha çox yetişən nəslə mənfi təsir göstərmədədir. Bu, bir yandan canını vətənə fəda edən Oğlanların sındırılması, başqa bir yandansa məqsədli şəkildə yetişən nəsildə vətən sevgisinin öldürülməsidir.  Çünki istənilən halda keçmiş döyüşçülər milli vətənpərvərlik ruhunda təbliğat aparanda gəncliyin “budurmu vətənin döyüşçüyə verdiyi qiymət!?” dilemmasıyla üz-üzə qalır. Bax bu baxımdan Nazirlər Kabinetiylə Müdafiə Nazirliyinin gerçək döyüşçülərin talelərinə biganə yanaşmaları Vətənin maraqları baxımından bağışlanılası deyil!!

 

Çünki “müharibə şəraitində yaşayan dövlət”in bütün ümidləri öz əsgərinədir. Ümid kimi baxdığımız Əsgərimizə keçmiş döyüşçüyə olan münasibəti onun üçün görk edib erməniyə olan qisas hissini öldürmək lazım deyil. Bunu o zaman rəhmətlik “Elçibəyi satan İranın və Ruslyanın uşaqları” etmişdilər - Azərbaycanı “Ləzgistan”a, “Kürdüstan”a, “Talışıstan”a və “Şirvan dövləti”nə bölməyə çalışan casus şəbəkəsi.  Belə “bölücülüyün qarşısını Elçibəyin humanist siyasəti ala bilmədi və xalqın tələbilə Heydər Əliyevin hakimiyyətə gəlişi separatçı qüvvələri yerində oturda bildi”. Ayrı-ayrı adlar altında döyüşən batalyonların  mərkəzləşdirilməsi istiqamətində atılan sərt addımlar müəyyən mənada Azərbaycanı xilas etdi. Və sonradan Heydər Əliyevin özü də keçmiş döyüşçülərin xidmətlərinə sayğıyla yanaşaraq hətta səhv yola düşmüşləri belə əvf etdi...

 

Nə yazıq ki, bu günün real görüntüsüsə başqa şeylərdən xəbər verir. Çoxları hələ də gerçəkləri anlamaq istəmir, döyüşçü ilə, vətəndaşla dövlət arasında uçurum yaratmaqla onların statuslarının bərpası istiqamətində əsaslı addım atmırlar. Ən azından “müharibə şəraitində yaşayan ölkə”yə oxşamaq istəyiriksə, keçmiş döyüşçülərin haqları özlərinə qaytarılmalı, cəmiyyətin bütün spektri bir amal, bir amac uğrunda səfərbər edilməli və bütün təbliğat vasitələri cəmiyyətə qisasçılıq ruhunu aşılamalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Azərbaycana sızan Rusiya “sevgisi”

Kəsik qolların harayı və "Amerika idealizmi"

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub