“Müxalifət partiyaları hələ də keçmişdən qurtula bilmir” - MÜSAHİBƏ

20:51 03-07-2019 | icon 1077 | Siyasət
“Müxalifət partiyaları hələ də keçmişdən qurtula bilmir” - MÜSAHİBƏ

Müxalifət etiraf edir ki, iqtidarın son zamanlar əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verən addımları onun sosial dayaqlarını getdikcə gücləndirib. Belə bir şəraitdə müxalifətin güc və nüfuz baxımından iqtidara yaxınlaşması üçün hansı alternativ addımları ata biləcəyi də müxalifət partiyalarının müzakirə mövzusuna çevrilib. Müxalifətin belə bir şəraitdə özünün cəmiyyətdəki rolunu, siyasi mövqelərini möhkəmləndirmək, gücləndirmək üçün hansı addımları ata biləcəyi də maraqla qarşılanır. Artıq müxalifət mövcud olduqları anlaşılmaz durumdan çıxmaq üçün “ənənəvi mübarizə üsulları, yaxud yeni taktika ilə hərəkət etməli” “dilemmasını” aşmaq üçün üsullar axtarmaqdadır. Son bir neçə ay ərzində siyasi müxalifət partiyaları arasında hərəkatlanma, partiyaların bir-biri ilə əməkdaşlıq əlaqələrinə can atması, bu cəbhənin üzləşdiyi problemləri dəf etmələri üçün cəhdlər etdiyini nümayiş etdirdi. Görünən odur ki, hələ də müxalifət istənilən nəticəni ala bilmir. Səbəb və ehtimallar müxtəlif olsa da, birmənalı olan yanaşmalar da mövcuddur.

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Versus.Az-a müsahibəsində bu və ya digər məsələlərə aydınlıq gətirib.

 

“Müxalifət narazı elektoratı birləşdirib mübarizə aparmalıdır”

 

- Fuad bəy, sizcə bu gün müxalifət özünün “ənənəvi mübarizə üsulları, yaxud yeni taktika ilə hərəkət etməli”, “dilemmasını aşa biləcəkmi?

 

- Təəssüf ki, müxalifət bu baryeri aşa bilmir. Bunun da bir çox səbəbləri var. Bu məsələlər daim siyasi kluarlarda müzakirə olunur və çıxış yolları aranır. Müxalifətin bir çox hallarda bir araya gələ bilməməyi, bir-birinə qarşı neqativ yanaşmaları bu problemləri aşmasına imkan yaratmır. Buna görə də narazı elektorat müxalifətə inamsızlıq nümayiş etdirir. Əvəzində isə bir çox müxalifət liderləri "mənəm güclü, mənəm birinci" şüarları ilə qabağa çıxmağa çalışırlar. Lakin bunların da heç bir faydası olmayacaq. Çünki xalq nə qədər narazı olsa da, müxalifətdəki bir çox simaların yanlışlarını görüb və görməkdə davam edir. Təbii ki, bu gün ölkədə böyük narazı elektorat var. Lakin bu heç də o demək deyil ki, bütün narazılar hamısı gəlib bu müxalifəti dəstəkləyir. Həmin o elektorat iqtidarı da dəstəkləmir və sakitcə kənarda dayanaraq öz problemləri ilə baş-başa qalırlar. Bir çox hallarda baş verən intiharların səbəbləri də artıq insanların dözə bilməməyinin nəticəsi kimi ortaya çıxır. Bütün bunlara baxmayaraq, çox təəssüf ki, bu gün müxalifət narazı olan vətəndaşların böyük bir hissəsini öz ətrafına cəlb edə bilmir. Bu da müxalifətin son 15 ildə atdığı səhv addımlarla bağlıdır. Artıq demək olar ki, insanlar müxalifətdaxili çəkişmələrdən, ”agent" axtarışı səhnələrindən, partiyaların bir-birinə qısqanclığı, keçmişdən qopa bilməməyi insanlarda müxalifətə qarşı ikrah yaradıb. Bəli, etiraf edirik ki, bu, müxalifəti zəiflədir, çünki ona olan inam itib. Artıq insanlar köhnə simalardan və köhnə ritorikaladan beziblər. Sosial kəsim siyasi səhnədə yeni simaları görmədiyinə görə siyasiləşmir və etimadı itirdiyinə görə ümumi müxalifətə dəstək vermir. Amma müxalifətin də öz elektoratının qarşısında öhdəsinə götürdüyü bir məsuliyyət var. Müxalifət mövcud siyasi və sosial problemlərdən, həmçinin yeni metodlardan və yeni texnologiyalardan istifadə etməyi bacarmalıdır. Müxalifət nə qədər zəifləmiş və ona olan inamını itirmiş olsa belə, dövlətin və cəmiyyətin inkişafı məsələsi, müxalifətin özündə güc tapıb, vətəndaşlarının inamını və dəstəyini yenidən qazanıb dirçələcəyinə inanıram. Mən bu prosesin daha çox siyasətə atılan yeni simaların, demokratik kəsimlə bir araya gəlməsi ilə gerşəkləşə biləcəyini düşünürəm. Müxalifətin fəaliyyətinin inkişafından danışarkən xüsusilə heç bir qarşıdurmaya yol veməyən, yalnız səmimi qəlbdən ölkənin inkişafına yönəlik islahatların aparılması naminə çalışan, öz maraqlarını deyil, ümummilli maraqları hər şeydən üstün tutan siyasi fiqurların meydana gəlişini nəzərdə tuturam. Yeni müxalif güclərin yaranması və təşkilatlanması iqtidara rəqib ola biləcək və yeni gücün formalaşmasına təsir edəcək müxalifəti formalaşdıra bilər və biz buna ümid edirik.

 

- Dünyada da belə qəbul olunur ki, müxalifət iqtidarın fəaliyyətini tənqid edən və problemləri göstərməklə iqtidarı onun həllinə çağıran bir cəbhədir. Maraqlıdır, iqtidara rəqib olacaq bizim müxlifət bu məqsədi həyata keçirmək üçün narazı elektoratı öz ətrafına yığa bilirmi?

 

- Təbii ki, hər bir ölkənin inkişafı üçün güclü müxalifətin olması çox vacibdir. Bunu inkişaf etmiş ölkələrin təcrübəsindən də görmək olar. Əslində rəqabətin fonunda hər bir düşərgə tərəqqi, ölkənin potensialının artırılması, bir sözlə, inkişafı üçün öz proqramı və fəaliyyəti ilə ön planda olmağa çalışır. Təbii ki, bu məsələdə seçim xalqa məxsusdur və layiqlilərin qələbəsi labüddür. Azərbaycanda isə müxalifət partiyaları hələ də keçmişdən qurtula bilmir. Lakin müxalifət öz işini görməlidir, narazı elektoratı birləşdirib mübarizə aparmalıdır, bir-biri ilə mübarizə aparmamalıdır.


Qeyd etdiyim kimi, yeni siyasi liderlərin meydana gəlməsi və sağlam siyasi mübarizə şəraitində rəqabətin qurulması demokraik cəmiyyətin əsas göstəricisidir. Təbii ki, iqtidar varsa, onun müxalifəti olmalıdır və müxalifət nə qədər güclü olarsa, iqtidarın iş potensialı da bir qədər çevik olar, öz üzərindəki məsuliyyəti daha da artar. Belə bir şəraitdə demokratik seçki sisteminə nail olmaq və öz həqiqi gücünü ortaya qoymaq mümkündür. Müxalifət güclü olarsa qalib olar, zəifdirsə uduzacaq və bununla barışmalı olacaq və seçkinin saxta keçirilməsi ilə bağlı ortaya heç bir iddia qoyulmasına imkan verilməyəcək. Hələlik isə bütün bunlar partiyamızın siyasi camiyədə görmək istədikləri əsas nüansladır.
 


“Ölkədə kifayət gədər problemlər mövcudur”




- Fuad bəy, artıq ölkə daxilindəki müxalifət özü etiraf edir ki, iqtidar əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verən addımlar atmaqla sosial dayaqlarını bir qədər gücləndirib. Sizcə belə bir şəraitdə müxalifət hansı fəaliyyəti ilə öz gücünü iqtidarın səviyyəsinə çatdıra bilər?

 

- Mən deməzdim ki, iqtidarın son zaman atdığı addımları islahat adlandırmaq olar və iqtidarın mövqeyi daha da güclənib. Ölkədə kifayət gədər problemlər mövcudur. Hər gün qiymətlər qalxır. Əsasən görmüşük ki, yay mövsümündə meyvə-tərəvəzin qiymətləri aşağı düşür. Amma fikir verirsinizsə, bu il qiymətlər düşməyib, stabil yüksəkdir. Sosial addımlar, maaşların və pensiyaların qalxmasıdırsa, bunlar hamısı payıza hesablanıb. Deməli, payıza qədər qiymətlər nəinki düşəcək, hətta deyərdim ki, əksinə qalxacaqdır. Digər təəfdən, neftin qiymətinin bahalaşması dolların 1.7 səviyyəsində saxlanmasına xərclənir. Bu iqtisadiyyata ziyan verən addımlar gələcəkdə yenidən dolların kəskin qalxmasına gətirib çixaracaq. İqtidarın “islahat” adı ilə atdığı bu addımlar müxalifətin mövqeyini gücləndirir. Korrupsiya və rüşvətin kökü kesilməsə, monopoliya yığışdırılmasa, iqtisadi sərbəstlik verilməsə, hətta köklü islahatların həyata keçirilməsi mənasız olacaq. “Növbədənkənar parlament seçkiləri yox, bələdiyyə seçkiləri ilə bir gündə referendum keçiriləcək”


Fuad bəy, bu günlərdə saytlarda belə bir məlumat yayıldı ki, iyul ayının 10-da növbədənkənar seçkinin keçirilməsi ilə bağl qərar ola bilər. Hətta bu barədə Bakı Kəndlər Birliyinə ciddi təlimatların da verildiyi xəbələrdə yer aldı. Buna fikriniz nə olacaq?

 

- Çox maraqlıdır ki, nəyə görəsə respublika ərazisində dövlət səviyyəsində keçiriləcək seçkilərlə bağlı məhz Bakı Kəndlər birliyinə təlimatlar daxil olub. Bu məlumatı o qurum yayıbsa, yaxşı olardı ki, elə onların özləri də aydınlıq gətirsinlər. Mənim fikrimcə, növbədənkənar parlament seçkiləri yox, bələdiyyə seçkiləri ilə bir gündə referendum keçiriləcək. Referenduma bir necə məsələ daxil edil bilər. Proporsional secki sisteminin bərpası, deputatların sayının artması, Prezidentin bəzi səlahiyyətlərinin bas nazir və parlamentlə bölünməsi... Parlament seçkilərinin keçirilməsi isə belə bir qısa vaxt ərzində mümkünsüzdür.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin