Laçınlı məcburi köçkünlərdən BƏYANAT

08:57 10-07-2019 | icon 679 | Qarabağ
Laçınlı məcburi köçkünlərdən BƏYANAT

"Qarabağ münaqişəsi ilə məşğul olan ATƏT-in Minsk qrupundan tələb edirik"

 

Laçın rayonundan məcburi köçkün düşmüş bir qrup şəxs bəyanat yayıb.

 

Versus.Az-ın məlumatına görə, bəyanatda deyilir:

 

"1918-ci ilin may ayında Azərbaycan xalqı Şərqdə ilk dünyəvi-demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Xalq Cümhuriyyəti min illərlə Azərbaycan xalqına məxsus olan, lakin çar Rusiyasının 1805, 1813, 1828-ci illərdə işğal etdiyi tarixi Azərbaycan torpaqlarında, çar Rusiyası süquta uğrayandan sonra yarandı. Azərbaycanlıların sıx yaşadığı ərazilər Güney Qafqazda 150 min kvadrat kilometr idi. Azərbaycan Xalq Cümhuriyyəti 113,9 min kvadrat kilometr ərazidə yaradılmışdı və o dövrdə beynəlxalq səviyyədə tanınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda (ondan bir gün sonra) yaranan Ermənistan Respublikası keçmiş Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının ərazisində yaradılmışdı. Çox keçmədi, cəmi 23 ay sonra Rusiya – bu dəfə bolşevik Rusiyası – Azərbaycana ordu yeridərək Xalq Cümhuriyyətini süquta uğratdı, beləliklə, Azərbaycanın müstəqilliyinə son qoydu. Elə ilk vaxtlardaca bolşeviklər Azərbaycan torpaqlarının bir hissəsini alıb Ermənistana verdilər. Belə ki, 1920-ci ilin noyabrında qədim Azərbaycan torpağı olan Zəngəzur ərazisi də iki yerə bölündü, bir hissəsi Ermənistana verildi. Qeyd edək ki, biz laçınlıların yaşadığı ərazilər də Zəngəzur mahalına daxil idi. Bölünmədən sonra bizim tayfaların yaşadığı kəndlərin bir hissəsi Ermənistan SSR-in tərkibinə verildi, bir hissəsi isə Şuşa qəzasına daxil edilərək Azərbaycan SSR-in tərkibində qaldı. Az sonra, 1922-ci ildə Azərbaycan SSR SSRİ-nin tərkibinə daxil edildi və internasionalist qiyafəsinə bürünmüş bolşeviklərin (əslində, imperialistlərin), həmçinin eyni qiyafəyə bürünmüş bolşevik ermənilərin (əslində, şovinistlərin) hiyləsi ilə Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Şuşa qəzası iki yerə bölündü, Şuşa şəhəri mərkəz olmaqla Şuşa rayonu yaradıldı və bu rayon DQMV-nin tərkibinə verildi. Şuşa qəzasının DQMV-yə daxil olmayan hissəsi Həkəri çayı yaxınlığında yeni salınan və mərkəzi Laçın şəhəri olan qəzaya verildi.



SSRİ-nin mövcud olduğu 71 il ərzində erməni əsilli şovinistlər ardıcıl, planlı şəkildə milli ayrı-seçkilik salmaqla, separatçılıqla məşğul oldular. Min illərlə dədə-baba torpağında yaşamış azərbaycanlıları Ermənistan SSR ərazisində sıxışdırdılar. Sovet dövründə bir neçə dəfə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına nail oldular. Təkcə 1948-ci ildə 100 min azərbaycanlı öz doğma torpağından zorla köçürüldü.



1980-ci illərdə SSRİ-də başlanan yenidənqurma siyasəti erməni separatçılarına yeni fürsət verdi və Ermənistanda azərbaycanlıların növbəti etnik təmizlənməsinə başlandı. Ermənistanda qalan 200 min azərbaycanlı 1988-1990-cı illərdə son nəfərinədək zorla, silah gücünə doğma yurdundan çıxarıldı. Erməni separatçılarının etnik təmizləmə siyasəti Ermənistan SSR ərazisi ilə kifayətlənmədi. Onlar sovet dövründə keçmiş Qarabağ xanlığı ərazisində yaratmağa nail olduqları Dağlıq Qarabağ Muxtar Vilayətinə gah müstəqillik tələb etməyə başladılar, gah da bu vilayətin Ermənistan SSR-ə birləşdirilməsini tələb etdilər. Onlar sovet dövründə DQMV-də yerləşdirilmiş ordu hissəsinin havadarlığı ilə silahlı hücumlar təşkil etdilər, etnik zəmində qan tökdülər. Həmin ordu hissəsinin havadarlığı ilə 1992-ci ilin 26 fevralında keçmiş DQMV-nin tərkibində olmuş Xocalı şəhərində insanlığa qarşı dəhşətli cinayət – soyqırımı törədildi. Bundan bir qədər əvvəl isə keçmiş vilayətin Xocavənd rayonunda Qaradağlı faciəsi törədilmişdi.



1992-ci il may ayının 8-dən 9-na keçən gecə Şuşa şəhəri işğal edildi. Beləliklə, işğalçılar keçmiş DQMV ərazisində etnik təmizləmə siyasətini faktiki başa çatdırdılar: azərbaycanlılardan qırdıqlarını qırdılar, sağ qalanlar isə məcburi köçkün düşdü.



Lakin işğalçılar bununla da kifayətlənməyib keçmiş DQMV-nin Ermənistana birləşdirilməsində ən böyük maneə hesab etdikləri Laçın rayonunu 1992-ci ilin may ayının 18-də zəbt etdilər. Bu işğal zamanı da onlar əllərinə keçən dinc, əliyalın əhaliyə divan tutdular. 18 nəfəri uşaq olmaqla 264 nəfər öldürüldü, əksəriyyəti qoca və qadın olan 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu. Laçın rayonu bir şəhərdən (rayonun mərkəzi olan Laçın şəhərindən) və 126 kənddən ibarət idi. İşğal olunan dövrdə rayonun 60 mindən çox əhalisi var idi. Rayonun ümumi ərazisi 1835 kvadrat kilometrdir. İşğal nəticəsində Laçın rayonunun 60 mindən çox əhalisi Azərbaycan Respublikasının 62 rayon və şəhərinə səpələndi. Sonuncu siyahıyaalmaya görə, hazırda əslən Laçın rayonundan olan 73,3 min nəfər məcburi köçkün statusu ilə Azərbaycanın 58 rayon və şəhərində müvəqqəti sığnacaqlarda çətin, dözülməz şəraitdə yaşayır.



İşğalçı Ermənistan dövləti öz himayədarlarına arxalanaraq beynəlxalq təşkilatların ara-sıra səsləndirdikləri, işğal edilmiş ərazilərin azad olunmasına dair çağrışlara məhəl qoymur. Əslində, doğma yurdu işğala məruz qalmış əhali bu çağırışların ciddiliyinə şübhə edir. 1990-cı ildə Küveyt İraq tərəfindən işğal olundu, ancaq 7 ay müddətində başda ABŞ olmaqla dünya birliyi tərəfindən işğaladan tamamilə azad edildi, əhalisi yerinə qaytarıldı. Dünya birliyi bosniyalıları, xorvatları serb təcavüzündən qurtardı, vətənlərinə sahib etdi. Liviyada Qəddafi rejiminə qarşı qəbul edilən BMT qətnaməsi bir neçə saat müddətində icra olundu. Ancaq Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan 7-si, o cümlədən Laçın rayonu illərdir işğal altındadır. BMT-nin 1993-ci ildə qəbul etdiyi, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri indiyədək icra olunmayıb. İşğalçılara qarşı bu hörmətin, öz doğma torpaqlarından zorla qovulmuş biz azərbaycanlılara qarşı isə bu etinatsızlığın səbəbi nədir?



Artıq 27 ildir “məsələ bu gün həll olunar, sabah həll olunar” ümidi ilə aldana-aldana yaşamaqdayıq. İşğal edilmiş ərazilərdən, o cümlədən Laçın rayonundan qovulanların bir qismi öz doğma yurduna qovuşmaq həsrəti ilə dünyadan köçdü. Qalan yaşlı nəslin də ümidləri itməkdədir. Yalanlar, yalan vədlər bizi boğaza yığıb, az qala heç nəyə inamımız qalmayıb.



İstəyimiz çox sadədir: biz yurdumuza, ata-babalarımızın məzarlarını qoyub gəldiyimiz torpaqlara qayıtmaq istəyirik. Bundan o tərəfə dözümümüz yoxdur. Dünyanın gözü baxa-baxa işğalçılar heç bir beynəlxalq hüquqa, qanun-qaydaya məhəl qoymadan bizim yurdlarımıza sahib çıxır, məskunlaşma işləri aparırlar. Bunu ATƏT-in fakt araşdırıcı missiyası da təsdiq etdi. Missiyanın hesabatına görə, artıq işğal edilmiş ərazilərdə 11 min nəfər yerləşdirilib. Əslində, real rəqəm bundan da çoxdur. Acınacaqlı odur ki, ATƏT-in fakt araşdırıcı missiyasının səfərlərindən sonra ermənilərin Laçında məskunlaşdırılması daha intensiv şəkildə həyata keçirilir. Mövcud vəziyyət belə bir qənaətə gəlməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi işğalçı Ermənistanın xeyrinə qəsdən uzadılır. Sanki hansısa sehrli qüvvə həmin ərazilərdə, o cümlədən Laçın rayonunda doğulan azərbaycanlıların (yeri gəlmişkən qeyd edək ki, işğala məruz qalmış ərazilərin bəzisində, o cümlədən Laçın rayonunda işğala qədər bir nəfər də erməni yaşamayıb) köçkünlükdə ölüb qurtarmasını gözləyir, o zamanadək baş qatıb vaxtı uzatmağa çalışır, görünür belədə torpaqların işğalını daha rahat legitimləşdirə biləcəklərini güman edirlər.



Özlərini insanların hüquq və azadlıqlarının müdafiəçisi adlandıran, demokratiyanın qarantı sayan dövlətlərin, beynəlxalq qurumların gözü qarşısında artıq sayı bir milyona çatan Qarabağ, o cümlədən 70 mindən çox Laçın didərginləri XXI yüzillikdə səfil, sərgərdan duruma salınıb. Açığı, heç Azərbaycan dövlətinin də Qarabağ münaqişəsinə dair fəaliyyəti bizi qane etmir. Sanki Bişkek protokolu, Madrid prinsipləri kimi sənədlərlə razılaşmaqla Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmək yolunda öz əl-qolunun bağlanmasına da razılaşıb. Münaqişənin həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bizi heç qane etmir. Ermənistan iddia etdiyi keçmiş DQMV-nin ərazisindən (4388 kvadrat kilometr) iki dəfədən çox ərazini işğal edib. Dağlıq Qarabağ ətrafındakı ərazilərdən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları bütünlüklə, Cəbrayıl, Fizuli və Ağdam rayonları isə qismən işğal olunub. Lakin işğalçıya gözün üstə qaşın var deyən yoxdur.



Hazırda danışıqlar “Madrid prinsipləri”nin yenilənmiş variantı üzrə aparılır. Həmin prinsiplərdə əhalinin öz yaşayış yerlərinə qaytarılması məsələsi də əksini tapıb. Ancaq yenə real bir nəticə yoxdur. Bu bəndin yerinə yetirilməsi üçün də Ermənistan dövlətinə heç bir təsir göstərilmir. Hər şey yenidən kağız üzərində qalır. Minsk qrupunun üzvləri qaydasız döyüş yarışının məşqçiləri kimi tərəfləri yenidən döşəyin üstünə çıxarırlar ki, özünüz həll edin. Belə vəziyyətdə, əlbəttə, ərazisi işğal olunmuş, bir milyona yaxın əhalisi doğma yerindən çıxarılmış Azərbaycan zəif olur. Azərbaycana təzyiqlər edilir ki, Laçın və Kəlbəcər rayonlarını könüllü surətdə Ermənistandan Dağlıq Qarabağa bir dəhliz kimi versin. Onda Azərbaycanın ərazi bütövlüyü harada qalır?



Biz laçınlılar ilk növbədə ATƏT-dən, Qarabağ münaqişəsi ilə məşğul olan ATƏT-in Minsk qrupundan tələb edirik:

Bizim öz doğma yurdumuza – Laçına qaytarılmağımızı tezliklə, sülh yolu ilə həll etsin.
Biz qaytarılana qədər ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Laçında məskunlaşdırılmasına son qoyulsun. Bu günə qədər qanunsuz məskunlaşdırılmış şəxslər həmin ərazilərdən köçürülsün.


Əgər bu tələblərimiz yerinə yetirilməsə, Azərbaycan dövlətindən, Azərbaycan Ordusundan tezliklə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi və zorla qovulmuş əhalini yurduna qaytarmağı tələb etmək bizim tam haqqımızdır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...