“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

17:20 10-07-2019 | icon 952 | Cəmiyyət
“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Yunus Bayatlı: “Düşünməzdim ki, 25 il doğma Kərkükümə, torpağıma, anama, atama, evimə həsrət qalacam”

 

Yanvar ayında İraq, Kərkükə, Türkmənelinə səfər edərkən versus.az saytında yayımlanan reportajlarıma, olduğum yerlər barədə paylaşımlarıma dünyanın müxtəlif yerlərində yaşayan türkmən soydaşlarımızdan yorumlar, mesajlar alırdım, hər birinə çox minnətdaram. Diqqətimi çəkən bir nüans demək olar ki, bir neçə gün ara ilə türkmən qardaşlarımızdan birinin getdiyim yerlərdən paylaşımları və yazdıqları idi. Bu yazılarda Kərkükə, Türkmənelinə o qədər böyük sevgi, eyni zamanda da həsrət, özləm vardı ki...

 

Həmin qardaşımız bütün türkmən insanları kimi məni evlərinə qonaq dəvət etdi. Təəssüf ki, görüşmək imkanımız olmadı, Kərkükdən bir neçə gün idi ayrılmışdım, amma qardaşımzın Türkmənelindən olan paylaşımlarını, yazılarını izləyirdim. Söhbət “Yurdum Türkməneli Dərnəyi”nin qurucusu Yunus Bayatlıdan gedir.

 

Qismətdə “Yurdum Türkməneli Dərnəyi”nin başkanı, Türk Dünyası sevdalısı Yunus Bayatlı ilə Antalyada görüşmək, yaxından tanış olmaq vardı. Bu ilin aprel ayında Antalyada keçirilən Türk Dili Çalıştayına dəvət almışdım, eyni zamanda, “Yurdum Türkməneli Dərnəyi”nin və Türk Ocaqları Antalya şöbəsinin təşkilatçılığı ilə Ocaqbaşı söhbətlərində “Azərbaycanlı jurnalistin gözü ilə Kərkük izlənimləri” adlı konfrans verəcəkdim. Mənim üçün Türk Dünyasının bir parçası olan gözəl Kərkükümüzü anlatmaq həm qürur, həm də məsuliyyət idi. Belə bir tədbirin təşkilinə görə təşkilatçılara – Yunus Bayatlı bəyə, Türk Ocaqları Antalya şöbəsi başqanı Abdullah Uysal bəyə bir daha təşəkkür edirəm.

 

“YurdumTürkməneli Dərnəyi”nin təşkilatçılığı ilə iki günlük Türk Dili Çalıştayı da möhtəşəm və yaddaqalan oldu. Yunus abini də daha yaxından tanıdım.

 

Uşaqlıq illərini ömrünün ən gözəl illəri adlandıran Yunus Bayatlı əmindi ki, çoxları belə düşünür. Deyir ki, dünyanın ən saf, qayğısız, tərtəmiz illəridir uşaqlığımız:

 

“Cocuqluğum həm də Kərkük deməkdir. Mən o illəri ailəmdən çox babamın (dədəmin) yanında keçirdim, onların evində qaldım. Babamı çox sevirdim və həyatda qazandığım hər şeyə görə rəhmətlik dədəmə minnətdar oldum. Onun mənim formalaşmağımda, həyata baxışımda, dünyagörüşümdə çox böyük rolu var. Dədəm 1904-cü ildə anadan olmuşdu. 1918-ci ildə on dörd yaşı olanda ingilislər İraqa, Kərkükə girirlər. Ən böyük arzusu İstanbula getmək, orada təhsil almaq olsa da, bu istək gerçəkləşmir. Amma övladlarını, nəvələrini Osmanlı heyranı, Türkiyə, İstanbul sevgisi ilə yetişdirdi. Bəzən də daha irəli gedirdi, deyirdi ki, cocuqlar, siz üzülməyin, Türkiyəyə gedə bilməsəniz də türklər bura gələcəklər. Biz bu xəyallarla yaşadıq, böyüdük. Bəzən cocuqluğumuzu, Kərkükdə olduğumuzu unudurduq, illərimiz Türkiyə sevgisi, oranı görmək xəyalı ilə keçirdi. Mən doqquz yaşında, ilk ibtidai məktəb üçüncü sinifdə olarkən, o vaxt Kərkükdə fəaliyyət göstərən Türk Mədəniyyət Mərkəzi vardı, həftənin üç-dörd günü ora gedirdik. Doqquz yaşımda, həmin mərkəzdə latın əlifbası ilə türkcə yazıb, oxumağı öyrənirdim. Düz altı il, on beş yaşıma qədər Türk Mədəniyyət Mərkəzində türkcə, latın əlifbası ilə yazıb, oxumağı, mütaliə etməyi, tarixi, mədəniyyəti sevə-sevə öyrəndim, bilgilər aldım”.

 

Gələcək xəyalı isə əlbəttə ki, Türkiyə, Ankaraya getmək, ali təhsil almaq idi. Deyir ki,Türk dünyasına, Türkiyəyə bu sevgi ilə böyüdüyümə, türkçülük ruhuma görə babalarıma, dədələrimə nə qədər minnətdar olsam da, yenə də azdır:

 

“Cox mutlu bir cocuqluğum vardı. Sabahlar məktəbə gedəndə - “And olsun mavi Osmanım sənə” marşı ilə dərslərə başlardıq. Kərkükdə Musalla, Piryadi, Çukur adlanan türkmən çoxluğunun yaşadığı məhəllələr də türkmən məktəbləri vardı. Biz də həmin məktəblərdə təhsil alıb, böyüdük. Düzdür, orada bizə ərəb dilində dərslər keçirdilər, onun da yanında xarici dil öyrədirdilər, mən ingilis dilini öyrəndim. Amma yuxarıda qeyd etdiyim kimi, Türk Mədəniyyət Mərkəzində səbəst şəkildə latınca yazıb, oxumağı öyrənmişdim. Orta məktəbin yuxarı siniflərində artıq Kərkükün, türkmən gənclərinin siyasi fəaliyyətlərin izləyirdik. Məsələn, Riyaz abi yaşca bizdən böyük idi, Ərşad bəy bir dönəm öncəki arkadaşım idi. Həmin dönəm Kərkükün fərqli məhəllərindəki fəal gənclərlə tanış olub, öyrənci birliyi barədə danışıdıq. Eyni zamanda da, abilərimizin Türkiyədən göndərdikləri məqalələr, dərgilər, kitablar vasitəsilə dilimizi, biliklərimizi daha çox inkişaf etdirirdik. O vaxt artıq Səddam dönəmi başlamışdı, hansı ki, çox təhlükəli bir dönəm idi. Türkçülüklə, dillə bağlı hər şey yasaq idi. Böyüklərimiz bizə elə bir sağlam ruh aşılamışdılar ki, yasaq edilsə belə, dil, millət, türkçülük sevgimizin arşısını heç nə kəsə bilməzdi. Hamımızın arzuları vardı, liseyi bitirib Türkiyədə universitetə qəbul olmaq, xalqımıza xidmət etmək”.

 

“Bu həsrəti, özləmi tərif etmək çox çətindir...”

 

On altı yaşlı Yunus Bayatlı 1979-cu ildə Türkiyəyə gəlir. Bildirir ki, o vaxt heç düşünməzdim ki, Türkiyəyə arzularının arxasınca gələn bir tükmən gənci olaraq düz iyirmi beş il doğma Kərkükümə, Türkməneli torpağıma, anama, atama, yaxınlarıma, evimə həsrət qalacağam. Eləcə də bizim kimi çox sayda türkmən gəncləri iyirmi beş, otuz il bu nisgillə yaşayacaqdılar:

 

“Bilirsinizmi, bu həsrəti tərif etmək çox çətindir. Bir nüansı qeyd edim ki, biz o vaxt hətta ən asan əlaqə olan ev telefonları ilə də ayda ildə bir dəfə evimizə telefon açıb, doğmalarımızın səsini eşitməkdən belə məhrum idik. Çünki Səddam rejimi bütün telefonları dinlədirdi. Əgər xəbər tutsaydılar, Kərkükdə olan ailənin taleyi anında təhlükədə ola bilirdi və onları həbs gözləyirdi. Ötən əsrin 80-90 illəri, ümumiyyətlə Səddam dönəmi İraqın, özəlliklə də Kərkükün, Türkənelinin, türkmənlərin ən çətin, dəhşətli illəridi. İraq-İran savaşında çox sayda insanlarımız şəhid oldular. Onların arasında mənim yaxın dostlarım, sinif yoldaşlarım, qohumlarım, bir məhəllədə böyüdüyümüz uşaqlar da vardı. Elə dostlarım vardı ki, Səddam rejimi türkmən olduqları üçün onları zindanlarda çürütdü, edam etdirdi, zəhərlədi, bəzilərini həbsdən çıxandan sonra rejimin tapşırığı ilə qətlə yetirdilər. Bunları danışmaq belə mənim üçün çox çətindir.

Səddam dönəmi Kərkükün, Türkmənelinin, türkmənlərin həyatında dəhşətli kabus, zülüm, işgəncə dolu illər oldu. Evlərimiz yandırıldı, insanlarımız qətlə yetirildi, edam olundu, mal varlıgımıza, torpaqlarımıza göz qoyuldu, əlimizdən alındı, dogma yurdlarımızdan didərgin düşdük, Kərkükə gələn suyun belə qarşısını kəsdi. İyirmi beş ildən sonra dogma torpagıma dönəndə dostlarımın, sinif yoldaşlarımın məzarlarını ziyarət etdim, ailələrinə getdim. Bəzən düşünürəm ki, bəlkə o vaxt Türkiyəyə getməyəydim, nə olursa olsun, Kərkükdə qalydım. Amma təqdiri İlahi. ALLAHIN qisməti belə oldu, bizim nəsibimizə iyirmi beş illik həsrət yazıldı. Bütün zorluqlara dözməyə hazır idik, amma bilirdik ki, Kərkükə dönəcəyimiz anda sorgusuz – sualsız edam olunacaqdıq...”

 

Deyir ki, biz türk olaraq doğduq, bu çox böyük bir məsuliyyətdir, şərəfdir. 2003-cü ildən sonra da türkmənlərin yaşadıqları zor günlərdən danışır. Cəllad Səddam rejimindən sonrakı illər, ABŞ qoşunlarının İraqa girməsi, daha sonra İŞİD (DAEŞ) terroru. Bütün bu illərdə türkmənlər bir gün belə olsun, rahat nəfəs almadılar:

 

“On minlərlə şəhid verdik, yenə də insanlarımız öz torpaqlarından, yurdlarından didərgin salındılar, əsir götürüldülər. Bütün zülmlərə rəğmən türkmənlər dədə-baba torpaqlarında minillik mücadilələini davam etdirirlər. Bizim üçün Kərkük, Türkməneli kutsaldır, dünyanın harasında yaşamamızdan, çalışmamızdan asılı olmayaraq”.

 

Kərkükdən gəlib, Türkiyədə əsgər gedən türkmən gənc

 

Yunus Bayatlı deyir ki, Türkiyədə tələbəlik illərimiz də elə asan olmadı. Çünki ötən əsrin səksəninci illəri Türkiyə siyasi arenasında da təzadlarla müşayiət olunurdu. Bəzən də xəyal qırıqlıgı yaşayırdıq, uşaqlıq arzumuzun Türkiyəsini görə bilmədik. Amma bizi sevən, yanımızda olan, qardaşlarımız deyən, kömək edən bir kəsim vardı:

 

“Mən Kayseridə, Ərciyəs universitetində oxudum, elektronik mühəndisliyi ixtisası aldım.

Tələbəlik illərimə nəzər salanda bəlkə də ilk baxışda doğma Kərkükümüzlə, məmləkətimizlə əlaqələrimizin kəsik olduğu illəri görürəm. Səddam rejimi Kərkükdən Türkiyəyə gedən türkmənlərin siyahısını hazırlamışdı və bizim ailələrimiz, yaxınlarımız yeddi iyirmi dörd gözləm altında idi.

Amma Türkiyəyə gələn on altı, on yeddi yaşlı bizlər burada yaşayan, oxuyan, çalışan yaşca böyük türkmən qardaşlarımızdan, abilərimizdən örnək alırdıq. Zatən aldığımız hər nəfəsdə Kərkük, Türkməneli vardı. Söhbətimizin əvvəli də, axırı da məmləkətimiz idi. Yuxarıda qey etdiyim kimi, heç birimiz bilmirdik ki, 25-30 il göz açdığımız torpaqlara həsrət qalacağıq.

 

Birinci kursda oxuyarkən qərara gəldim ki, universiteti bitirəndən sonra Türkiyədə qalacagam, ona görədə vətəndaşlıq üçün müraciət etdim. 1983 – cü ildə, üçüncü kursda artıq Türkiyə vətəndaşı idim. Əlbəttə illərlə Türkiyə özləmli bir ailənin cocugu olaraq Türkiyə vətəndaşı olmaq mənim üçün həm qürur, həm də məsuliyyət idi. Düşünürdum ki, daha çox oxumalı, çalışmalıyam, bu vətəndaşlığı doğruldmalıyam. Amma Kərkükdən, anamızın, babamızın, yaxınlarımızın gözü ilə baxdıqda burda bir  hüzün, həsrət, ayrılıq vardı, hər şeyə rəgmən həyatımızı qurmaq, istiqamət vermək zorunda idik. 1985-ci ildə məzun olduqdan sonra Türkiyə Cümhuriyətində əsgər getdim, Ankarada, tank taburunda əsgər oldum. Kərkükdən gəlib, Türkiyədə əsgər gedən çox az sayda türkmən gənclərdən biri idim və özümü şanslı hesab edirəm”.

 

“Səddam istihbaratı Türkiyədə türkmən tələbələrə böyük problemlər yaradırdı, izlənirdik”

 

“Yurdum Türkməneli Dərnəyi”nin başqanı Yunus Bayatlı deyir ki, tələbəlik illərimizdən başlayaraq ana Vətənimiz Türkiyədə də Kərkük, Türkməneli üçün oxuyub, çalışırdıq. Həm də Türkiyədə bütün Türk Dünyasından olan qardaşlarımızla bir araya gəldik. Elə tələbəlik illərindən qəlbimizdə, xəyalımızda Turan qurmuşduq:

 

“Suriyadan olan qardaşlarımızla, Bayırbucak türkmənləri ilə çox gözəl əlaqələr yaratdıq. Onların arasında Hələbdən, Şamdan (Dəməşq) olan türkmənlər vardı. Eyni zamanda, İran türkləri, Cənubui Azərbaycandan, Təbrizdən, Urmiyədən gəlib Türkiyədə ali təhsil alan gənclərlə çox gözəl əlaqələr qurmuşduq, birlikdə mücadilə aparırdıq. Çünki bizimlə oxuyan ərəb, kürd əsilli iraqlılar vardı və bilərəkdən aranı qızışdırmaga, qarşıdurma yaratmaga çalışırdılar. Təbii ki, İraq Səddam istihbaratı böyük problemlər yaradırdı, izlənirdik, vətəndaşlıq almaq istəyəndə mane olurdular, barəmizdə raporlar hazırlayırdılar. Səddam rejimi bizi yurdumuzdan qoparmışdı, amma Türkiyədə də dinc yaşamağa imkan vermirdilər. Bütün bunlara baxmayaraq qardaşlarımızla birlikdə mücadiləmizi davam etdirirdik.

Qeyd etdiyim kimi, cocuqluğumuzdan Turan bizim icimizdə, ruhumuzda idi, dədələrimiz bizi belə böyütdülər. Yadımdadır, 8-9 yaşlarımızda deyirdik ki, biz Osmanlı torunlarıyıq (nəvələriyik). Suriyadan, İrandan olan türk qardaşlarımızın bəziləri ilə tələbəlik illərindən başlayan dostluğumuz, əlaqələrimiz, çalışmalarımız bu gün də davam edir. Hələ o dönəmdən türk coğrafiyasında yaşayan qardaşlarımızın həyatı bizi çox maraqlandırırdı. Eləcə də, Sovet Rusiyasında yaşayan soydaşlarımızın, yəni, keçmiş Sovetlər Birliyinə daxil olan türk respublikalarının.

Universitet illərində Ankaradakı dərnəyimizin üzvü idim. Kərkük, Türkməneli mücadiləmiz davam edirdi. İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya, eləcə də digər dəyərli abilərimizlə həmin vaxt Ankarada tanış olduq. Onlar da tələbə idilər, Riyaz abi Trabzon universitetində təhsil alırdı. Mən və digər dostlarım Kayseri universitetində və Türkiyənin digər universitetlərində. Biz onlardan çox şeylər öyrəndik”.

 

“Türkmən gənci olaraq hər addımda mənə olan etimadı doğrultmağa çalışdım”

 

Yunus Bayatlı universiteti bitirəndən sonra il yarım Türk telekom da mühəndis işləyir. Sonra öz istəyi ilə Ankaradan Antalyayay təyinat  alır:

 

“Çünki həyat yoldaşım Şəngül xanımla yeni tanış olmuşduq və ailə qurmaq qərarına gəldik. 1988-ci ildə Antalyaya köçdük, düyünümüz oldu və düzənimizi qurduq. Təbii ki, Ankara ilə, dostlarımızla əlaqələrimi kəsmədim. Düzdür, o vaxt  əlaqələr bu qədər asan deyildi, texnologiya inkişaf etməmişdi, mobil telefon, internet yox idi. Tələbəlik illərindən indiyə qədər dostluq etdiyimiz, gözəl əlaqələr qurdugumuz insanlar var. Amma Suriyadan olan türkmən arkadaşlarımızın çoxundan xəbər ala bilmədik, bəzilərinin savaşda şəhid olduqları xəbərlərini aldıq. Eləcə də, İrandan olan bəzi qardalarımızdan xəbər tuta bilmədik. Yuxarıda qeyd etdiyim kimi, nə olur olsun, Turan ruhu bizim içimizdədir, qəlbimizdədir. Son nəfəsimizə qədər də belə olacaq.

 

Türk telekom da otuz il çalışdım. Bir türkmən gənci, Kərkük, Türkməneli torpaqlarının gənci olaraq çalışdım ki, mənə olan etimadı dogruldum, türkmənləri layiqincə təmsil edim. Türktelekom - da mühəndislikdən, baş mühənis, müdir yardımçısı olaraq bir yol keçdim və iyirmi iki il Antalyanın bir çox yerində müdir olaraq çalışdım. Bundan başqa Rizə, Trabzon, Mugla, Hatay, Antep və digər fərqli yerlərdə işlədim. Çox şükür, 1987-də işə başladıgım Türk telekomdan 2015-ci ildə öz istəyimlə əməkli oldum.  Əməkli oldugum da, artıq oglum Yavuzcan da böyümüşdü, inşaat mühəndisi olmuşdu və bir gənc olaraq qarşısına qoydugu çox gözəl hədəflər vardı, ona yardımçı olmaga başladım”.

 

Yunus abi bildirir ki, Türk telekomda çalışdığı vaxtlarda Antlyada yaşayan Kərkükdən gələn türkmən ailələrinin sayı elə də çox deyildi. Qərara gəldik ki, bir yerdə türkmənləri təmsil edən dərnək quraq. 1999-cu ildə həmin dərnəyi qurduq və çox gözəl işlər gördük:

 

“Qeyd edim ki, Sovetlər Birliyi də dagılmışdı, həmin dönəmdə biz Azərbaycandan, Bakıdan gələn qardaşlarımızla tanış olduq. 1990 –cı ildə baş verən 20 yanvar faciəsi, Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işgalı, Xocalı soyqırımını bizə çox təsir etmişdi. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında biz də bacardıgımız qədər əlimizdən gələni etməyə çalışırdıq və bu istiqamət də çalışmalarımız davam edir. Eləcə də burada Qırgızıstandan, Özbəkistan, Qazaxıstandan gələn qardaşlarımızla tanışma fürsətimiz oldu. Bu gün Antalyada tatar, qaqauz qardaşlarımız, türkmənlər, Suriya türkmənləri, Axısxa türkləri, Kıbrıs türkləri və digər türkdilli cografiyadan olan qardaşlarımızla qaynayıb, qarışdıq. Bunların hamısından öyrənəcəyimiz çox şeylər var, istər tariximiz, istər mədəniyyətimiz, istərsə də digər sahələrdə. Bir – birimizin problemlərini daha yaxından təqibə aldıq, fikir alışverişi etdik, müzakirələr apardıq. Ümumiyyətlə aramızda çox gözəl əlaqələr qurulub və bu əlaqələrin daha da möhkəmləndiriləsinə çalışırkən özümüzü Türk Dünyası federasiyasının içində gördük. Anladıq ki, bizim bir araya gəlməmiz, qarşımız qoydugumuz hədəfləri həyata keçirməyimiz üçün bu platformun qurulması vacibdir. Çox sahələrdə bir araya gəlmək istəyirik, bunların arasında təhsil, səhiyyə, turizm, iqtisadi əlaqələr, sosial layihələr  və s. var. İnanırıq ki, Turan çatısı altında çox böyük işlərə imza atacagıq, bu bizim türkçülük, qardaşlıq yeminimizdir, borcumuzdur. Azərbaycan, qırgız, qazax, özbək, türkmən, tatar, qaqauz... heç fərq etməz, bizim ruhumuz birdir”.

 

““Yurdum Türkməneli Dərnəyi” olaraq Türk Dünyası adına işlər görmək istəyindəyik”

 

Yunus abi gördüyü işlərdən danışmağı sevmir. Nə ediriksə, Türk Dünyası adına börcumuzdur deyir. Amma çalışmaları, gördüyü işlər dediklərindən qat-qat çoxdur:

 

“Yuxarıda da qeyd etdiyim kimi, biz 1999-cu ildə Antalyada dərnək qurub, türkmən ailələri bir araya gətirdik. Dərnəyimiz on dörd, on beş il fəaliyyət göstərdi. Amma dünya, şərtlər dəyişir. 2016-cı ildə nizamnaməmizdə dəyişiklik etdik, səbəbi də daha genişmiqyaslı fəaliiyyətə başlamagımız idi. Qarşımızda qoydugumuz məqsəd dərnəyimizin Türkiyənin müxtəlif şəhərlərində, eləcə də, xarici ölkələrdə təmsilçiliklərimizin fəaliyyətinə yönəldi. Dərnək olaraq da, federasiyalarda təmsil olunaq. Biz İraqdakı partiyaların da nizamnamələrini gözdən keçirdik. Əlbəttə, Kərkük, Türkmənelində dərnəyimizin nümayəndəliyinin olması bizim öncəliyimiz idi. 2016-cı ilin sonunda 2017-ci ilin əvvəlində abilərimizlə birlikdə “Yurdum Türkməneli Dərnəyi”ni qurduq. İlk hədəfimiz Kərkükdəki soydaşlarımızın problemlərinin, eləcə də türkmənlərin tarixinin, mədəniyyətinin, ədəbiyyatının, yaşayışının digər türk toplumlarına tanıdılması, çatdırılması idi, dəstək alması idi. Antalyada təxminən 60 türkmən ailəsi var. Onların arasında yaşlılar, gənclər var və çox fəaldılar.

 

Kərkükdə təmsilçiliyimizi açdıq, onları da tanıyırsınız. Sizi tanıdıqdan sonra da Azərbaycan təmsilçiliyini açdıq. (Onu da qeyd edim ki, “Yurdum Türkməneli Dərnəyi”nin Azərbaycan təmsilçisi olmaqdan qürur duyuram – A.S). Hazırda rəsmi olaraq əlli nəfərə yaxın üzvümüz var. Amma çox sayda könüllülərimiz var ki, sevə-sevə bizimlə əməkdaşlıq edir, layihələrimizə mənəvi dəstək verirlər. Onlar həm Türkiyədə, həm də xarici ölkələrdə yaşayan qardaşlarımızdı. Aksarayda Ziya Salihi qardaşımız dərnəyimizi təmsil edir. Qismət olursa, dərnəyimiz adına Azərbaycanda da gözəl işlər, layihələr həyata keçirmək istəyirik. 1918-ci ildə Bakının qurtuluşunda Nuru Paşa ilə birlikdə mücadilə verib, şəhid olan türkmən əsgərlərimiz də var. İnşALLAH qismət olursa, Bakıda Şəhidlər Xiyabanını, Türk şəhidliyini ziyarət edib, tədbir keçirməyi planlayırıq. Dərnəyimiz adına Fevzi Çakmakçı abimiz Bakıda onların məzarlarını ziyarət edib.

 

“Yurdum Türkməneli Dərnəyi” olaraq digər türk toplumlarından olan qardaşlarımızla birlikdə Türk Dünyası, türklük adına gözəl işlər görmək, tariximizlə, dilimizlə, dinimizlə, mədəniyyətimiz, adət - ənənələrimizlə, ədəbiyyatımızla, onların tanıdılması ilə baglı işlər görmək, layihələr həyata keçirmək istəyirik. Neçə vaxtdır ki, “Yurdum Türkməneli Dərnəyi” Antalyada fəaliyyət göstərən Qırgızeli Dərnəyi ilə birlikdə Türk tarixində önəmli yeri olan  Manas dastanı ilə baglı böyük bir tədbir keçirməyə hazırlaşır. Eyni zamanda da, Azərbaycan, İran türkləri və Kərkük, Türkməneli ilə birlikdə böyük  Məhəmməd Füzuli adına projemiz var. Bundan başqa Antalyada Nəsiminin 650 illik yubiley tədbirini gerəkləşdirmək istəyirik, bu layihə üzərində də işləyirik, Əbülfəz Elçibəyin anım mərasimi və digər tədbirlər keçirməyi planlaşdırırıq. Antalyada Turan insanlarını bir araya gətirən federasiya qurmaq istəyirdik, bir ildir çalışırıq və işlərimizi sonlandırdıq. Bu arada dərnəyin Kərkük, Türkməneli təmsilçisi Mehmet Kuzəçioglunun,  Mehmet Haşim bəy, Ali Kasapoglunun, Antalyadakı abilərimiz, dəyərli türkmən qardaşlarımız  Fuat Türkmənin, Fevzi Çakmakçının, İhsan Kuzəçioglunun, Adnan Yolçunun, Adil Yolçunun, Ziyadın adlarını çəkmək istəyirəm. Dərnəyimiz bir vəsilədir, bizim məqsədimiz Antalyada yaşayan bütün türk toplumları arasında möhkəm bag yaratmaq, Turan ruhunu yaşatmaqdır. Var güçümüzlə buna çalışırıq, Turan adına, Türk Dünyası adına az da olsa, hansısa işlərə imza atırıqsa, nə mutlu bizə”.

 

Ağanisə Sultan
/Antalya, Türkiyə/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı