ZİYASIZ ZİYALILAR...

19:27 10-07-2019 | icon 1696 | Köşə
ZİYASIZ ZİYALILAR...

...GENETİYİ DƏYİŞDİRİLMİŞ AYDINLAR

 PAKİZƏ BABAYEVA

 

"Bir xalqın qəmli, qəbiristanlığa çevrilmiş vücuduna ruh üfləyəcək hansı İsrafildir? Şübhəsiz Ziyalı".

Hörmətli Ə.Şəriətinin bir xalqın qurtuluş ümidinin carçısı, ziyası ilə yol göstərən kimi tanımladığı aydın insanlar... Ona görə bu Ziya daşıyıcılarının bəşəriyyətin onların omuzuna yüklədiyi ən böyük görəvi; "... xalq kütləsinin donub qapanmış qulaqlarına qurtuluşu səsləmək, doğru yön göstərmək... ölgün cəmiyyətdə hərəkətə öndərlik etmək, hərəkətsiz cəmiyyətdə yeni bir iman atəşini alovlandırmaqdır..." və. s.

 

İlk öncə kimdir bu Ziyalı deyilən insanlar? Onu deyim ki, ziyalı, aydın insan deyilən kimi ilk öncə ağıla intellektul kəsim olan alımlər, yazıçı və şairlər, sənətçilər gəlir. Amma əslində arada böyük fərq var. Hər hansı bir alim məsləyində çox bilgili, böyük kəşflərə imza atan biri, ya da bir sənətçi çox yetənəkli, istedadlı ola bilər, amma aydın, ziyalı sayılmaya da bilər. Çünki ziyalı, xalqın yol göstərən mayakı, qəlbini, zehnini aydınlatan, sığındığı limanı olmalı...ki, hər intellekt sahibi bunu bacarmır.

 

Alışılmış təfəkkür baxımından cəmiyyət həmişə elitar, ziyalı və kütlə kimi təbəqələşdirilir ki, ziyalı təbəqəsinə mahiyyətinə varılmadan əsasən yüksək təhsillilər aid edilir.

Təbii ki, hər təhsillini ziyalı, hər alimi aydın sanmaq olmur. Bütün bu məziyyətlər ziyalı, aydın olmağa yetməyir. Aydın insan doğruluğun, ləyaqətin, ərdəmin, ədalətin simvolu, mənsub olduğu xalqın, içində yaşadığı toplumun vicdanı olmalı, düşüncə dərinliyinə, fikir, əqidə özgürlüyünə sahib, avtoritar rejimə qarşı gəlməyi bacaran biri olmalıdır.

 

Basqının, təzyiqin günü-gündən artdığı bugünkü ortamda özgür düşünən, düşüncəsini qorxmadan söyləyə bilən, şəxsi çıxarları uğruna topluma arxa çevirib, sorunlarını görməzdən gəlməyən neçə Ziyalı qaldı məmləkətdə?

Sartıra görə əsl ziyalı "heç kim tərəfindən görəvləndirilməyən, tutduğu mövqeyi heç bir otoriteyə borclu olmayan"dır. Və onun fikrincə, həm də aydın insan "əzilənlər tərəfindən şübhə ilə baxılan, əzənlər tərəfindənsə xor görünən kəsim"dir.

 

Məhz bu baxımdan da ziyalının işi həmişə cox çətin, məşəqqətli olmuşdur. Həm kütlə, həm də hakimiyyət öz baxış acısından ziyalıya yanaşmış, hər biri öz tələbləri doğrultusundan ondan seçim istəmişlər.

Və Sartırın "egemen sinif tərəfindən bilərək təzadlı olmağa məhkum edilmiş" bir çox ziyalı yol ayrıcında qalaraq yolunu secməkdə qərarsızlıq göstərmişdir. Təbii ki, bu kimi durumlarda çelişkili düşüncəli "ziyalı"lardan olmayan, öz yolunun məqsəd və görəvini qəti şəkildə seçən ziyalılarımız həmişə olmuş, bütün ömrünü, fəaliyyətini xalqın rifahı, azad, müstəqil yaşaması üçün fəda etmiş, daim əzilənlərin səfində yer almışdır.

 

Yuxarıda qeyd etdik ki, ziyalıya münasibət həmişə ziddiyyətli olmuş, əzən də, əzilən də ona öz istəkləri doğrultusunda yanaşmışdır. Bu yanaşmada ziyalı zaman-zaman haqsızlığa da uğramış, iftira, böhtana da məruz qalmışdır. Yalnız əqidəsi möhkəm olan, tutduğu yolun məşəqqətini bilib də bu yolda qərarlı olanlar zamanın sınağından alnıaçıq, üzüağ çıxmışlar.

 

Gənc nəsil bilməsə də, milli mübarizə illərinin şahidi olanlar o illərdəki hadisələri unutmamışlar. Milli təəssübkeşlik duyğuları yüksək, əqidə sahibi ziyalılarımız daim xalqın önündə olmuş, ona yol göstərən, fikirlərini aydınlatan ideoloq kimi həyatlarını ortaya qoymuşlar.

 

Əsl ziyalı kimi xalqa mübarizə yolunda sağduyulu olmağı, düz yoldan sapmamağı, provakasiyalara uymamağı önərən ziyalılarımız, çox təəssüf ki, kütlənin ona xas olan "zəif damarı"ndan istifadə edən, pafoslu hərəkat fəalları onları sıxışdırıb meydandan uzaqlaşmalarına səbəb oldular. Təbiətləri etibarı ilə çox həssas olan ziyalılarımız təzyiqlərə məruz qalaraq "qınlarına" çəkildilər...

Zaman-zaman haqsızlığa uğradılar, yanlış dəyərləndilər... Çoxusu mövcud ictimai-siyasi həyatın ədalətsizliyinə, ölkənin məruz qoyulduğu faciənin çəkilməz yükünə dayanmayıb, işıqlı ömürlərini alıb da "getdilər"…

 

Gedəməyib qalan bir ovuc da, Jül Renarın təbirincə desək - "zibillikdə parlayan qlzıl pul" kimi parıldayaraq, miras aldıqları "ziya"nı sönməyə qoymurlar...

 

"Mənim düşüncəmə görə ziyalılar o zaman ziyalı adına layiq olurlar ki, onlar əqidəli olsun, əqidə, ideyalılıq isə ziyalılığın mühim atributudur, yoxsa o ziyalı deyildir" - deyən böyük mütəfəkkirimiz Ə.Ağaoğlu özünün ziyalılardan bəhs edən yazısında "öz-özümdən soruşuram; bizdə ziyalı varmı?" - ədib sualının cavabında qeyd edir ki, nə qədər paradoksal olsa da, təəssüf ki, mövcuddur və çoxları üçün bu, təsdiq olunmuş faktdır və bu "çoxları" əminlıklə deyirlər ki, bizdə istənilən qədər ziyalı var...hətta o qədər çoxdular ki, özlərinə yer tapa bilmirlər.

 

O "çoxları" doğru olaraq qeyd etmişlər, qəsd etdikləri "ziyalı"lardan həqiqətən də heç vaxt korluq çəkmədik, onlar bu gün də ölkəmizdə bolluca mövcuddular. Amma o "çoxları"nın bu fikri ilə razılaşmaq olmaz ki, bu bolluca "ziyalı"lar özlərinə yer tapa bilmirlər. Əksinə, lap ürəkləri istəyən yerlərdə qərar tutublar. Kimi dırmana-dırmana, kimi elə kvantum sıçrayışı ilə ən verimli, ən əlverişli, xalq dili ilə desək "yağlı" yerlərdə lövbər salıblar. Bunun üçün elə də böyük zəhmətə qatlaşmaq lazım gəlməyib. Bir az məddahlıq, bir az (bəzən həddi keçsə də) yaltaqlıq, bir az əyilmək, lazım gələndə bir azca bükülmək, yerləri öpmək… Uzağı alışıncaya qədərdir, sonrası ləzzət verir belə... Özünə yer tapa bilməyən o bir ovuclardır ki... elə bir ovuc "ziya"ları belə millətin qaranlıq yollarını işıqlandırmağa yetər...

 

Ziyalı... Aydın İnsan... Toplumun vicdanı, fikir müəllimi... Yol göstərəni olmalı. Öz əqidəsi, şəxsi keyfiyyətləri ilə seçilməli, fərqli düşündürücü fikirləri, önəriləri olan, bunları qorxmadan, çəkinmədən dilə gətirməyi bacarmalıdır. Ziyalısı öz "mən"inə sadıq olmayan, şəxsi çıxarı uğruna mənəvi dəyərləri heçə sayan, "ailim"i yaltaq, sənətçisi məddah olan toplumun boynuna boyunduruq keçirmək çox asandır.

 

Bu gün Azərbaycanda sözün həqiqi mənasında təfəkkürün məhvi prosesi gedir. Vicdanlı, əqidəli elm, sənət, ədəbiyyat insanına bu gün heç yerdə yer yoxdur.

Məqsədli şəkildə maddi-mənəvi sıxıntılara məhkum edilmiş, qorxudulmuş azərbaycan ziyalısı bu gün istər-istəməz ictimai-siyası proseslərdən kənarda qalmış, topluma səsini duyuramayacaq hala gətirilmiş, xalqla arasında bir divar hörülərək az qala görünməz edilmişdir. Önlərinə iki seçənək qoyulmuş: - ya saray məddahı olmalı, zülmün, zalımın yanında yer almalı, özbaşınalığa, talançılığa göz yummalı, ya da SUSmalı... əks təqdirdə....

 

Prussiya kralı olmuş Böyük Frederikin söylədiyi gözəl bir fikir bizim bu günkü halımızla gözəl səsləşir:

"Bir ölkədə bilim, ağıl və sənətdən çox sərvətə dəyər verilirsə, bilinməlidir ki, orada kisələr şişmiş, qafalarsa boşalmışdır."

 

Bu gün ekran - efirlərdən hər gün qulağımızı sağır edən boş qafalardan çıxan boş gurultular, yaltaq sürüsünün ağılalmaz məddah şouları bu məmləkətin "ziya"sının sönüklüyünün, getdikcə daha çox içinə sürükləndiyimiz qaranlığın vahiməli səsinin göstəricisidir.

 

Ziyalı zümrəsinin öncüllərindən olan sənət insanları həmişə öz sənət nümunələri ilə millətin görən gözü, eşidən qulağı olmuşlar. Sənətçi mənsub olduğu millətə, içində olduğu topluma qarşı sorumluluq duyar. Bu sorumluluq ona gerçəkləri görə bilmə və bu gerçəkləri ifadə etmə görəvini yüklər. Haqqın, ədalətin, özgürlüyün carçısı olar.

Bu gün bu sənətçilər varmı, varsa hardadırlar? Əvəzində hər gün efirlərdən həyasızcasına evlərə soxulan, mənəviyyatsız, səviyyəsiz, ədəb-ərkan nə olduğunu bilməyən, özündən müştəbeh, yaltaqlığı, məddahlığı "sənət" sayan "əhilləşdirilmiş sənətçi"lər mədəbulandırmaqda, abırsızca at oynatmaqdadırlar.

 

Bu arada böyük Sartr bizləri də unutmamışdır: "Ziyalı tarixin ürünüdür. Heç bir toplum özünü günahlandırmadan ziyalılardan şikayət etməməli, çünki nə əkdiysə, onu da biçir."

 

Bu gün genetiyi dəyişdirılmiş, keyfiyyəti gedib, təkcə adı üstündə qalmış ucuz qidalara necə alışıb, qəbul etdiksə, genetiyı dəyişdirilmiş, yalnız adı dəyişməmiş saxta ziyalıların bolluğunun da ən böyük günahkarı elə özümüzük!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər