Fuad Əliyev: “Seçkidə bizi geri çəkilməyə məcbur edən sifarişçi...” - MÜSAHİBƏ

10:09 27-03-2018 | icon 1130 | Siyasət
Fuad Əliyev: “Seçkidə bizi geri çəkilməyə məcbur edən sifarişçi...” - MÜSAHİBƏ

“İqtidar qalıb bir kənarda, müxalifətdə gedən çəkişmələrin əlində qalmışıq”

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.az-a müsahibəsi.

 

- Fuad bəy, seçki ərəfəsindəyik və hazırda vaxtilə siyasi proseslərdə aktiv iştirak edən şəxslərin bir-birinə qarşı çıxışları müşahidə olunur. İlk baxışdan seçkinin rəvan keçdiyi nəzərə çarpsa da, qeydiyyata alınmayan müxalifət partiyalarının da qəbul etmədiyi məqamlar var. Sizcə nələr baş verir?

 

“Sanki keçmişdə yaxşı nailiyyət əldə ediblərmiş kimi davranırlar”

 

- Bu gün həm müxalifət, həm də iqtiadar elə bir səviyyəyə gəlib çatıb ki, sanki siyasi mübarizənin nə olduğunu anlaya bilmirlər.  Son vaxtlar iqtidar-müxalifət və müxalifətin öz daxilində olan insanların bir-birlərinə qarşı təhqiramiz davranışları bunu deməyə əsas verir. Bizim siyasilər ən azı qonşu ölkələrdə, son olaraq Rusiyada keçirilən prezident seçkilərinə və namizədlərin özlərini necə aparmalarına nəzər salmalıdırlar. Rusiyada tanınmış siyasətçilər Yavlinskiy və Baburin heç 1 faiz də səs toplaya bilmədilər. Yeni bir siyasi fiqur olan Sobçak 1,5 faiz səs toplasa da, heç kəsə qarşı ittiham irəli sürmədi. Onlar hər çıxışlarında ölkədə normal, demokratik  seçkilərin keçirildiyini deyib qalibi təbrik edirlər. Bizdə isə hətta  müxalifət partiyalarndan kimsə parlamentə düşəndə, kənarda qalan hissə onları satqınlıqda ittiham edirlər. Sonra yerlər dəyişir, bu dəfə onlar bunları satqınlıqda ittiham edirlər. Yəni siyasi müxalifətdə  bir-birinə qarşı məntiqsiz, səviyyəsiz yanaşmalar davam edir. Bu da ondan irəli gəlir ki, bizim bəzi müxalifətçilərin düşüncələri, siyasətə baxışları 80-ci illərdə qalıb. Heç bir irəliləyiş olmayıb. Danışanda da deyirlər ki, biz hərəkatda iştirak etdik və sair. Artıq anlamırlar ki, o dövr çoxdan keçib gedib, artıq 2018-ci ildir. Ortaya yeni bir mübarizə üsulu, düşüncə gətirə bilmirlər, elə keçmişdən danışıb dururlar. Sanki keçmişdə yaxşı nailiyyət əldə ediblərmiş kimi davranırlar. Unudurlar ki, iqtidarı bu hakimiyyətə onların özləri dəvət ediblər ki, gəlin bizi xilas edin. Axı bunlar keçmişdə nə ediblər ki, indi də onun təsirindən çıxa bilmirlər. Bəziləri deyirlər ki, onlar müstəqilliyin əldə olunmasında iştirak ediblər. Amma bu da onların fəaliyyətləri olmayıb. Müstəqilliyi bu xalq əldə edib, onlar yox. Sovet hökuməti dağılırdı və o zaman xalqımız ayağa qalxdı, öz qanı bahasına, şəhidlər verərək müstəqillik qazandı. Onlar isə həmin vaxt kabinetlərində oturub nərd oynayıblar.

 

“Sanki müxalifətçilik bunların mirasıymış...”

 

İndi elə danışırlar ki, sanki qəhrəmanlıq ediblər. Əgər ediblərsə də, artıq bu keçmişdə qalıb. Dövr, ölkənin geosiyasi durumu başqa addımların, yeni mübarizə vasitələrinin işlənməsini tələb edir. Onlar keçmişdən ayrıla bilmədikləri üçün inkişaf edə bilmirlər və yeni fikirlərə qarşı çıxırlar. Kim yenilikçi düşüncə ilə çıxış edirsə, artıq sosial şəbəkə vasitəsilə saxta profillərlə ona qarşı hücuma keçirlər. Əgər mənim fikirlərimə məntiqlə, əsaslandırılmış şəkildə cavab versələr, bunu normal qəbul edərəm. Məsələni polemika ilə həll edə bilərik. Amma yersiz yerə, heç bir fikirləri oxumadan, ittihama keçib insanları satqın adlandırırlar. Belə bir situasiya insanları daha da ümidsizləşdirib və müxalifətə, ümumiyyətlə siyasətdə olanlara inanmsızlığı artırır. Müxalifətdə olanlar bir-birini qəbul etmir, kim qabağa çıxmaq istəsə dərhal onu təhqir edib sıradan çıxarmaq istəyirlər. Sanki müxalifətçilik də bunların mirasıymış kimi davranırlar. Bir sözlə, iqtidar qalıb bir kənarda, müxalifətdə gedən çəkişmənin əlində qalmışıq.

 

- Əksər hallarda daxili problemlərin xarici təsirlərlə  içimizə sızdırıldığı söylənir. Hazırki mövcud neqativlər Azərbaycan ideologiyasına qarşı xaricdən yönələn əks – təbliğatın nəticəsi ola bilərm?

 

- Psixoloqlar həmişə bir misal çəkirlər ki, insan birinci növbədə özü özünü tənqid etməli, öz nöqsanını önə çıxarmalıdır. Öz səhvini başqasının üzərinə atanda artıq bu, insanın psixoloji xəstəliyinə çevrilir. Yəni insan nöqsansız, səhvsiz ola bilməz. Amma bizim bəzi özlərini lider hesab edən müxalifətçilər deyirlər ki, “mən dedimsə, demək belədir”. Amma biz görürük ki, 2016-cı ildən bu günə qədər keçirilən mitinqlər səhv addım idi. Eləcə də boykot taktikası səhv addım idi. Əgər deyilirsə ki, seçkilər saxtakarlıqla keçiriləcək, onu ortaya çıxarmaq üçün məhz seçkidə iştirak etmək lazım idi. Seçkidə iştirak etməyə-etməyə hansı əsasla seçkinin saxtakarlığını üzə çıxaracaqlar. Eləcə də bütün problemləri xariclə bağlamaq düz deyil. Xarici nümayəndələr də seçkidə iştirakı dəstəkləyirlər. Onlar da hesab edirlər ki, istənilən seçkiləri boykot etmək olmaz. Əgər  xaraktersizlik nümayiş olunursa, xaric neynəsin...

 

“Regionçuluğu önə çəkmək siyasi cılızlıqdır”

 

- Namizədliyi qeydə alınanlar bəzi müxalif siyasilər tərəfindən qəbul olunmurlar. Onların hakimiyyətin qərarı ilə qeydiyyata alındıqları söylənir. Məsələn, Razi Nurullayevin məhz AXCP adına iddialı, Sərdar Cəlaloğlunun və digərlərinin naxçıvanlı olduğuna görə qeydiyyata alındıqları vurğulanır. Buna fikriniz nədir?

 

- Mən bu məsələdə regionçuluq faktorunun qabardılmasını istəməzdim. Seçkidə kim iştirak edirsə, o cümlədən Sərdar Cəlaloğlu, Qüdrət Həsənquliyev və başqaları - bizim Azərbaycanın övladlarıdır. Bu prosesdə regionçuluğu önə çəkib siyasi divident qazanmaq siyasi cılızlıqdır. Hesab edirəm ki, belə yanaşmalar düzgün deyil. Çünki bu fikirləri söyləməklə artıq əsas məsələləri bir kənara qoyub regionçuluq məsələsinin ardınca düşürlər. Digər tərəfdən, mən bir dəfə də demişəm ki, debatda müxalifəti Sərdar Cəlaloğlu, neytral mövqeni isə Qüdrət Həsənquliyev təmsil edir. Amma qalanları öz çıxışlarında bəzi məmurların fəaliyyətini tənqid edib, iqtidarın nümayəndəsi İlham Əliyevi dəstəkləyirlər. Yəni bu namizədlərin orada niyə iştirak etməsi məlum məsələdir.

 

- Namizədlərin debatlarda kimlərisə dəstəkləmələri onların öz hüquqları deyilmi. Buna kim müdaxilə edə bilər?

 

- Sözsüz ki, bu onların öz hüququdur. Digər tərəfdən o şəxs İlham Əliyevi dəstəkləyəcəkdisə, gedib onun komandasına qoşula bilərdi. Bu daha yaxşı olardı. Bu zaman seçkiyə ayrılan vəsait 8 nəfərin yox, 3 nəfərin arasında bölünər və daha çox çıxış vaxtı qazanmış olardılar.

 

“Avropaya gedənlər artıq qırmızı xətti keçiblər”

 

- Fuad bəy, bu gün bəzi siyasilərin, eləcə də xaricdə oturub ölkəyə söyüşlər, təhqirlər yağdıranların yaratdığı vəziyyət  az qala seçkini kölgələyib. ALDP olaraq bu cür hallara münasibətiniz nədir?

 

- Biz bəyanat vermişdik ki, Avropaya gedənlər artıq qırmızı xətti keçiblər və bu təhqirlərə son qoyulmalıdır. Bilirik ki, burda iş tapmayanlar, işdən çıxarılanlar, mitinqlərə getdiyinə görə həbs olunub döyülənlər, təzyiqlərə məruz qalanlar Avropaya üz tuturlar. Yəni vətəndaşların öz ölkəsini tərk etməsində ilk addımı hakimiyyət atıb. Amma düşünmürəm ki, bu proses sadə adamlar tərəfindən özfəaliyyət şəklində aparılır. Kimlərsə ölkədə vəziyyəti qızışdırmaqda maraqlı görünür.

Bütün hallarda ölkəsinə qarşı belə hərəkət edənləri müdafiə etmirəm və hesab edirəm ki, təhqirlərə yol vermək olmaz. Sən siyasi mübarizə aparırsansa, onu başqa şəkildə göstər. Kimisə təhqir etmək, kiminsə şəxsiyyətinə toxunmaq yolverilməzdir.

 

“Hamıya satqın kimi baxırlar”

 

- Sizin seçkidə Sərdar Cəlaloğlunu dəstəkləməyiniz Azərbaycan reallığına uyğun olaraq şübhə ilə qarşılandı. Namizəd qeydə alınmadan ona dəstək üçün geri çəkilmənizi “yuxarıdan” alınan tapşırıq kimi dəyərləndirənlər oldu. Etiraf edin, tapşırığı kimdən almışdınız?

 

- Bu fikri söyləyənlərin siyasətdən xəbəri yoxdur. Biz geri çəkilməzdən əvvəl də bəyan etmişdik ki, seçkidə müxalifətdən 4 namizəd iştirak edir və o namizədlərdən biri dəstəklənməlidir. Biz araşdırdıq və təcrübəsinə, intellektinə görə Sərdar Cəlaloğlunu müxalifətin namizədliyə daha şanslı vahid lideri  kimi qəbul etdik. Yenə də deyirəm ki, bu prosesdə Sərdar Cəlaloğlunun qeydə alınıb-alınmamasının bizim bu qərara təsiri olmayacaqdı. Hətta alınmasaydı da belə biz eyni addımı atacaqdıq.

 

- Namizədlikdən geri çəkiləndə göstərişi kimdən almışdınız?

 

- Göstərişi partiyamızın rəyasət heyətinin üzvləri ilə apardığımız müzakirələrdən sonra özümüzdən almışıq.

Bu, dediyim kimi anormal siyasətdir. Kim özü seçkidə iştirak edibsə haqlıdır, başqaları iştirak edibsə satqın? Belə çıxır ki, indi  onlar özləri də seçkiyə kiminsə tapşırığı ilə qatılıb? Yəni siyasi proseslərdə iştirak edib qərarlar veririksə, kimin nə şaiyə deməsinin bizim üçün əhəmiyyəti yoxdur. Bu gün bizim müxalifətdə olan siyasi camiyə intriqadan başqa heç nə düşünmür. Hamıya satqın kimi baxırlar, belə davam edə bilməz.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb