Eldar Namazov Keşikçidağla bağlı Gürcüstan və Azərbaycan rəhbərliyinə təklif edir-MÜSAHİBƏ

11:09 25-07-2019 | icon 177 | Geopolitika
Eldar Namazov Keşikçidağla bağlı Gürcüstan və Azərbaycan rəhbərliyinə təklif edir-MÜSAHİBƏ

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Eldar Namazov Azərbaycan və Gürcüstanın siyasi rəhbərlərinə müraciət edib. O, hər iki ölkənin rəhbərliyinə xitabında Keşikçidağ ətrafındakı gərginliyə son qoyulmasından ötrü konkret təkliflər irəli sürüb. Müraciətinin mahiyyətinə aydınlıq gətirmək və digər suallarımıza cavab almaq üçün Eldar bəyə müraciət etik. Məlum oldu ki, bugünlərdə müalicə məqsədilə qonşu Gürcüstanda olub və baş verənlərlə əlaqədar bir sıra görüşlər də keçirib.

 

-Eldar bəy, elə siz Tiflisdə olduğunuz zaman Gürcüstan-Azərbaycan sərhədində təxribatlar oldu. Gürcüstandan bu gərginlik necə görünürdü? Gürcü tərəfi məsələyə necə reaksiya verdi, nələri müşahidə etdiniz?

-Bu məsələ ilə bağlı Tiflisdə bir görüş də keçirdim. Mənim təklifimlə bir toplantı təşkil olunmuşdu. Azərbaycandan da tanınmış ekspertlər həmin görüşdə var idi. Eyni zamanda Gürcüstanın aparıcı ictimai xadimləri, ekspertləri də tədbirdə iştirak edirdilər. Hiss etdim ki, gürcü tərəfində də bununla bağlı çox ciddi narahatlıq var. Müəyyən təxribatçı qüvvələrin hərəkətlərini onlar da qəbul etmirlər. Açıq-aydın hiss olunurdu ki, xaricdən idarə olunan bir təxribatdır. Əksəriyyət bunu elə qəbul edirdi. Düzdür, onlar etiraf edirlər ki, monastır kompleksi ilə bağlı müəyyən suallar var və o sualların cavabını biz bir yerdə tapmalıyıq. Mən də bu fikirlə razıyam. Çünki sovet dövründən sərhəd elə keçib ki, alban kilsəsi saydığımız - onların da gürcü kilsəsi hesab etdiyi  - bir abidənin böyük hissəsi Gürcüstan tərəfində qalıb, ancaq müəyyən qismi də bizim tərəfdədir. Ona görə də bu məsələni təbii ki, müzakirə edib çıxış yolu tapmalıyıq. Ancaq o təxribatlar ki, sərhəddə törədilir, gürcü tərəfində də onları xaricdən idarə olunan, məqsədyönlü təxribat kimi qəbul edirlər.  

- Sirr deyilsə, Tiflisdə kimlərlə görüşdünüz?

- Vətəndaş cəmiyyətinin çox tanınmış nümayəndələri ilə bir araya gəldik. 3-4 saat bir yerdə bu məsələləri müzakirə etdik.

- Azərbaycanın dövlət rəsmiləri də məsələyə prinsipial münasibətlərini bildirdilər. Təmkinli olmağa, təxribatlara uymamağa çağırış etməklə yanaşı, gürcü tərəfindən təxribatçıların cəzalandırılmasını da istədilər. Hələlik Bakının notasına cavab gəlməyib. Sizin müşahidələr nə deyir, Tiflis təxribatçıları cəzalandırmağa meyllidirmi? 

- Mən rəsmi nümayəndələrlə görüşlər keçirmədim. Görüşlərim vətəndaş cəmiyyətinin tanınmış nümayəndələri ilə oldu. Həmçinin Tiflisdə fəaliyyət göstərən aparıcı Qərb ölkələrinin  səfirlikləri, eyni zamanda beynəlxalq qurumların təmsilçiləri ilə də görüşlərim oldu. Rəsmi Tiflisin mövqeyi ilə bağlı bir söz deyə bilmərəm. Tiflisdə çoxları qeyd edir ki, son dövrlərdə Rusiya mətbuatında çox böyük bir kampaniya başlayıb. O kampaniyanın məğzi Gürcüstanla Türkiyə arasında münasibətlərin pozulmasına yönəlib. Əsas tezis də ondan ibarətdir ki, türklər artıq Batumu, Acariyanı zəbt ediblər, gürcülər də yatıblar, xəbərləri yoxdur. Bununla bağlı Rusiyanın aparıcı ORT, ya da Rossiya-1 kanalında verilişlər gedir. Eyni zamanda Rusiya ilə sıx əlaqədə olan müəyyən marjinal qruplar vaxtaşırı Moskvaya səfərlər edirlər, Rusiya rəsmiləri ilə görüşlər keçirirlər. Onlar da Azərbaycanla sərhəddə, Keşikçidağ kompleksi ətrafında belə bir təxribatçı addımlar atırlar.

“Həm Azərbaycanda, həm də Gürcüstanda ideyanı dəstəkləyən böyük bir qrupun müraciəti hazırlanır”

- Keşikçidağ ətrafında baş verənlərdən, bir qrup gürcü təxribatçının sərhədçilərimizə hücumundan danışarkən əksəriyyət təxribatın arxasında başqa qüvvələrin dayandığını vurğulayır. Burada Rusiya amilindən də bəhs olunur...  

- Bunu başqa cür yozmaq mümkün deyil. Söhbət ondan gedir ki, bu yaxınlarda Rusiya-Gürcüstan münasibətlərində yenidən çox ciddi böhran yarandı. İctimai aksiyalar, etirazlar hələ də davam edir. Buna görə Gürcüstanın parlament sədri, həmçinin xüsusi təyinatlı qoşunlarının komandanı istefaya getməli oldu, etirazçılara qarşı zor tətbiqinə görə. Ancaq etirazlar səngimir və daxili işlər nazirinin də istefasını tələb edirlər. Belə bir məqamda elə bil ki, diqqəti bu problemlərdən yayındırmaq və gürcü cəmiyyətinin rəyində yeni bir “düşmən” obrazını formalaşdırmaq üçün bu cür təxribatlara yol verilir. Həm Türkiyə, həm də Azərbaycanı “düşmən” obrazında təqdim etməklə... Ancaq Gürcüstan cəmiyyəti kifayət qədər bu mənada təcrübəyə malikdir, yekdildir və onlar başa düşürlər ki, açıq-aydın gedən bu təxribatçı verilişlərin və hərəkətlərin məqsədi nədir. Ona görə də mənimlə görüşən tanınmış ictimai xadimlər də bu vəziyyətə daha çox bu hər iki xalqı qane edən, hər iki dövlət üçün xeyirli olan çıxış yolunu axtarmaq mövqeyindən çıxış edirdilər.

- Eldar bəy, sizin Azərbaycan və Gürcüstanın siyasi rəhbərliyinə müraciətinizi oxuduq. Konkret təklifləriniz var. Zəhmət olmasa, bu barədə danışardınız, detalları açıqlayardınız...

- Mən Tiflisə əliboş getməmişdim. Orada olarkən bu təklifləri təqdim etdim. Həmin müraciəti mən ilk növbədə Gürcüstanın çox tanınmış vətəndaş cəmiyyətinin nümayəndələri, çox tanınmış ekspertlərlə müzakirə etdim ki, onların da rəyini öyrənim. Həmçinin o görüşdə iştirak edən azərbaycanlı ekspertlərin də fikirləri ilə tanış oldum. Bu ideya həmin müzakirələrdə kifayət qədər dəstək qazandı. Biz qərara gəldik ki, bu sahədə birgə addımlar ataq. İndi bununla bağlı müxtəlif sənədlər hazırlanır və yaxın zamanda hazır olacaq. Mənim də həmin ideyanı təqdim etməkdə məqsədim bu idi ki, ictimai rəyi də öyrənim. Çox maraqlı nəticələr əldə olundu. Azərbaycan mətbuatında bu ideya çox oxundu və böyük maraqla qarşılandı. Ancaq mənim üçün daha çox neytral informasiya meydanında verilən reaksiya idi. EADaliy informasiya portalında - o, nə Azərbaycanın, nə də Gürcüstanındır, rusdilli portaldır - orada bu müraciət yayıldı və facebookda müzakirəyə çıxarıldı. Çox maraqlı nəticələr alındı. Səsvermə prosesi getdi və bəlli oldu ki, gürcülərin 80 faizi bunu çox müsbət və əla ideya kimi qəbul etdi. Azərbaycanlıların da 80-85 faizi bunu çox müsbət və əla qarşıladı. Bu, onu göstərdi ki, mənim təqdim etdiyim ideya ekspertlər tərəfindən müsbət qarşılanıb.

- Rəsmi qurumlardan, şəxslərdən necə, reaksiya varmı?

- Hələlik reaksiya yoxdur. Ötən cümə, günün birinci yarısı bu təklifləri mətbuatda çap etdirdim.

- Rəsmi təşkilatlara rəsmi şəkildə yollamısınızmı?

- Hesab edirəm ki, müraciəti ayrıca göndərmək düzgün deyil. Ancaq bu yaxınlarda həm Azərbaycanda, həm də Gürcüstanda ideyanı dəstəkləyən böyük bir qrupun müraciəti hazırlanır. Bu işi davam etdirəcəyik. Ona görə ki, bu, vəziyyətdən ən ağlabatan çıxış yoludur.

“İdeyam məbədin təkcə Azərbaycan tərəfdə yerləşən və gürcülər tərəfindən iddialar irəli sürülən hissəsinə aid deyil”

- Elə isə çıxış yolunu oxucularımıza bir az açıqlayaq. Düzdür, mətn genişdir, amma qısaca bunu demək olar ki, siz Keşikçidağ məbəd kompleksinin hər iki ölkənin vətəndaşları üçün açıq elan edilməsini təklif edirsiniz, elə deyilmi?

- Bəli. Orada bir vacib məqam var. Mənim təklifim məbədin təkcə Azərbaycan tərəfdə yerləşən və gürcülər tərəfindən iddialar irəli sürülən hissəsinə aid deyil. Kompleksin 75 faizi Gürcüstan ərazisində yerləşir. Mənim təklifimin məğzi budur: necə ki, məbədin bizim tərəfimizdəki hissəsi gürcü vətəndaşlar üçün açıq olacaq, Gürcüstan ərazisindəki 75 faiz hissə - biz oranı alban kilsəsi sayırıq - ora bizimçün də açıq olmalıdır. Bizim də alimlərimiz ora getməlidir, tələbələr üçün ekskursiyalar təşkil olunmalıdır, həmçinin Azərbaycana gələn turistlər təkcə bizim tərəfimizdəki hissəni yox, o cümlədən Gürcüstan tərəfdəki hissəni də ziyarət etməlidir. Biz məsələni belə qoymayanda qəribə bir vəziyyət yaranır. Elə bil ki, böyük bir kompleksin yalnız Azərbaycanda qalan hissəsini alban kilsəsi sayırıq. Bəs o biri tərəfi? Biz o biri tərəfə də vahid alban kilsəsinin bir hissəsi kimi yanaşmalıyıq. Mənim də təklifim buna yönəlib ki, hər iki ölkə ərazisində yerləşən hissələri bir kompleks kimi birləşdirib, qoruq elan etmək lazımdır. Orada inzibati işlərə rəhbərlik etmək, qanun-qaydalara riayət etmək, kompleksin təmirini, digər işləri həyata keçirmək üçün iki tərəfdən ora təyin olunan, birgə fəaliyyət göstərən administrasiya olmalıdır.

- Bəs sərhəd xətti haradan keçməlidir?

  • Müvafiq komissiya bugünkü sərhədləri təsdiq etməlidir. Faktiki olaraq indiki sərhəd kimi qalacaq. Sadəcə olaraq, sərhəd postları qoruğun ətrafında olmalıdır, qoruğun içində yox. Sərhədçilər üz-üzə dayanmalı deyil. Ora keçən insanlar, hərəsi öz sərhədçilərinin yanından məbədi ziyarət üçün keçməlidir, sonra da geri qayıtmalıdırlar. Dünya təcrübəsində iki ölkənin sərhədində qalan obyektlərə - fərqi yoxdur, bu, iqtisadi obyektdir, təbiətlə bağlı bir şeydir, ya da mədəniyyət abidəsidir - adətən belə məsələlərdə dövlətlərarası razılaşma imzalanır ki, bundan necə istifadə edək. Elə Xəzər dənizi ilə bağlı nümunə ortadadır. Biz ona görə Xəzərlə bağlı sənədi imzaladıq ki, Azərbaycan tərəfdə işlər görülsə və Xəzərə zərər dəysə, hamı zərər görəcək. Həmçinin digər ölkələr tərəfindən. Ona görə də əvvəlcədən razılaşdırmaq lazımdır. Yaxud Azərbaycanla Gürcüstan sərhədində yerləşən Candargöl var, onun yarısı o tərəfdə, yarısı da bu tərəfdədir. Yəqin ki, onun qorunması üçün müəyyən işləri görmək, yaxud qadağalar etmək lazımdır. Biz bunu da birlikdə etməliyik. Yaxud Qarayazı meşəsinin böyük hissəsi bizim ərazimizə düşür. Ancaq Gürcüstan ərazisində də tuqay meşəsi ilə davam edir. Təbiəti belə bölmək olmaz. Təbiət siyasi sərhədlərə bölünmür. Gərək hər iki tərəf, Azərbaycan və Gürcüstan dövləti sərhəddə yerləşən, yarısı bu tərəfdə, digər yarısı o tərəfdə olan bütün obyektlərin, göllərin, meşələrin, monastır kompleksinin qorunması, saxlanması üçün birgə səylər göstərsin. Mənim təklifim bundan ibarətdir./Yeni Müsavat/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

Bu xəstəlik də "cavanlaşıb"

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

Burda evlər bir avroya satılır - FOTO

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"

Gələcəkdə xərçəngə çevriləcək poliplərdən necə xilas olmalı – Ən ucuz RESEPT

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"