Vağazində vətən əmanətini qoruyan şəhid qəbirləri

15:47 26-07-2019 | icon 2575 | Şəhidlər və şahidlər
Vağazində vətən əmanətini qoruyan şəhid qəbirləri

Əmirov Səmədlə Qiyasov Müzəffərin əsgər andı

 

Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması erməni daşnaklarının uzun illərdən bəri apardıqları məkrli siyasətin tərkib hissəsi olub. Ermənilər bu çirkin niyyətlərini gerçəkləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə edib, rusun, farsın, ingilisin, fransızın bu və ya digər şəkildə etdikləri köməkdən maksimum şəkildə bundan yararlanıblar.

 

Çox təəssüflər olsun ki, baş verən proseslərə daha çox ikili standartla yanaşılan bu dünyada həm də xristian faktoru əsas götürülərək maraqlı qüvvələrin ermənilərə dayaq durmasıyla Azərbaycanın tarixi torpaqları işğal faktıyla üz-üzə qalıb. “Sivil dünya”nın görüntü xatirinə atdığı addımlar kağız üzərindən o yana keçməyib...

 

Amma bütün bunlara baxmayaraq Azərbaycanın mərd oğul və qızları hər zaman dədə-baba yurdlarımızın azadlığı uğrunda bir an belə geri çəkilməyiblər. Bu mənada hansısa döyüşü uduzsaq da, ancaq müharibə bu gün də davam etmədədir.

 

Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə 713 saylı hərbi hissənin keçdiyi yol bütövlükdə müharibə tariximizin şanlı səhifələrindəndir. Baxmayaraq ki, ayrı-ayrı zamanlarda bu hərbi hissənin özünə qarşı o dövrün həm siyasi, həm də hərbi rəhbərliyi tərəfindən laqeydlik ortaya qoyulub, amma bütün bunların qarşılığında adı çəkilən bu hərbi birləşmə heç zaman Vətən əmanətini, əsgər andını  unutmayıb. Laçın və Ağdər uğrunda gedən qanlı döyüçlərdə 30-dan artıq şəhid verən 713 saylı hərbi hissənin qəhrəmanları arasında ƏMİROV SƏMƏD AYDIN OĞLU və QİYASOV MÜZƏFFƏR ƏFQAN OĞLU da var.

Öncə Şəhidlərimizin qısa həyat yoluna nəzər salaq.

 

ƏMİROV SƏMƏD AYDIN OĞLU:

 

1972-ci ildə Laçın rayonunun Bozgüney kəndində anadan olub.

1979-1991-ci illəırdə Laçın rayon Vağazin kənd orta məktəbində oxuyub. Orta təhsillidir.

12.07.1992-ci il tarixdə müstəqil Azərbaycanın ordu sıralarına çağırılıb. 713 saylı hərbi hissənin ikinci potasında xidmətə başlayıb. 30.07.1992-ci ildə Laçın rayonu, Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə Şəhid olub. 

Şəhidimizin qəbri Laçın rayonu Vağazin kənd qəbiristanlığındadır.

Şəhidimizin üç qardaşı, iki bacısı var.

 

QİYASOV  MÜZƏFFƏR  ƏFQAN OĞLU:

3 mart 1970-ci ildə Laçın rayonu, Bozgüney kəndində anadan olub.

1978-1988-ci illərdə Laçın rayonu, Vağazin kənd orta məktəbində oxuyub.

1988-1990-cı illərdə sovet ordusu sıralarında xidmət edib.

13.07.1992-ci ildə 713 saylı hərbi hissəyə daxil olur. 30.08.1992-ci ildə Laçın rayonu, Hocaz yüksəkliyi uğrunda gedən döyüşdə Şəhid olub.

Şəhidimiz Laçın rayonu Vağazin kənd qəbiristanlığında dəfn edilib.

Atası Qiyasov Əfqan Müzəffər oğlu

Anası Qiyasova Qönçə Növbəti qızı

Bir qardaş və bir bacısı var...

 

Doğmaları Şəhid qardaşlarımızla bağlı keçmişin diliylə danışa bilmirlər. Onlar üçün Səməd də, Müzəffər də hər zaman diridirlər. Amma nə qədər ağrılı olsa belə bu gün Səməd də, Müzəffər də cismən bizim aramızda yoxdular. onlar da başqa Şəhidlərimiz kimi daha yüksək zirvələrdə qərar tutub, Şəhidlik Zirvəsinin əbədiyaşar qəhrəmanlarına çevriliblər...

 

 

 

Əmirov Mürvət Aydın oğlunun qardaşı Səməd haqqında söylədiklərindən:

 

“Səməd yurdsevərliyi, gülərüzlüyü, mehribanlığıyla el arasında yaxşı tanınırdı. Şux zarafatları var idi Səmədin. Dörd qardaş, iki bacı arasında da elə ən sevimlimiz Səməd idi”.

 

 

 

Laçın rayonu Kalafalıq kəndindən olan Qasımov Mirələm Əhliman oğlu Əmirov Səmədin sinif yoldaşı olub:

 

“Məktəb illərinin müəyyən mərhələsində mən Səmədlə bir yerdə oxumuşam. Sinifdə uşaqlar arasında çox hörməti var idi Səmədin. Bu da ilk növbədə onun vətənpərvər olmasından irəli gəlirdi. Bu xüsusiyyətinə görə Səmədin müəllimlərin yanında böyük hörməti var idi. Biz bu gün də onu hörmətlə yad edirik, Səməd hər zaman bizim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin”.

 

 

Elə doğmaları kimi Şəhidlərimizin döyüş yoldaşlarından olan MÜRSƏLOV BAKİR və İSAYEV MƏMMƏD də Səməd və Müzəffərlə bağlı danışmağın onlar üçün də çətin olduğunu bildirdilər.

 

 

Amma Şəhidlərimizdən danışmağın özünün bir şərəf olduğunu bidirən Mürsəlov Bakir Səməd və Müzəffərlə bağlı xoş xatirələrini bizimlə bölüşdü:

 

“Şəhid Əmirov Səməd Aydın oğlu haqqında danışmaq mənim üçün çox ağır və kədərləndiricidir. Ona görə ki, mən Səmədi uşaqlıqdan tanımışam. Onun xasiyyətinə, mərdliyinə, şücaətinə bələd olmuşam. Səməd belə insan idi ki, həyatda heç kimin xətrinə dəyməzdi. Öz səmimiliyi, mülayim və zarafatcıllığı ilə hamının hörmətini qazanmışdı. Bütün bu xasiyyətləri ilə keçdiyi qısa və şərəfli döyüş yolunda da bir sıra fədakarlığı və vətənpərvərliyi ilə bir döyüş yoldaşı kimi mənim də qəlbimdə əbədi olaraq qaldı. Səməd Laçın rayonu ərazisində şəhid olduğu günə qədər bütün döyüşlərdə şücaətlə iştirak etdi. Vağazin, Ərdəşəvir, Bozgüney və bir sıra kəndlərin azad edilməsi ilə bərabər Kalafalıq, Fərraş-Meşəli avtomobil yolunun düşmən tərəfdə partladılmasında şəxsən iştirak etdi. Bir sıra döyüşlərdən sonra 30.07.1992-ci ildə Hoçaz dağı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu. Allah rəhmət eləsin. Səməd bir döyüş yoldaşı kimi həmişə qəlbimizdə yaşayacaq”.

 

 

Qiyasov Aqil qardaşı Müzəffərin torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmasından qürur duyduğunu bildirir:

 

“Müzəffər təkcə bizim xatirimizdə deyil, bütöv Azərbaycanın yaddaşında bir qəhrəman olaraq daim xatırlanacaq. Ümumiyyətlə təkcə Müzəffər deyil, bu yurdun azadlığı uğrunda canını fəda etmiş hər kəs millətimizin qan yaddaşına çevrilib. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin”.

 

Qiyasov Müzəffər haqqında bir həmkəndli kimi deyil,  sıradan bir yoldaş kimi danışan Bakirin bizə vurğuladığına görə “Müzəffər uşaqlıq illərindən yoldaşları, tay-tuşları arasında qürurlu, etibarlı və səmimi bir oğlan kimi sayılıb seçilmişdir. Qismət elə gətirdi ki, biz döyüş yolunu da bir yerdə keçirtdik. O, döyüş vaxtında mərdliyi,igidliyi ilə də döyüş yoldaşları arasında seçilirdi. Müzəffər şəhid olduğu günə qədər Laçın rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə iştirak etmiş bilavasitə Laçın ərazisinə girəndən Şamkənd, Çöyürman, Vağazin, Bozgüney və bir sıra kəndlərin azad olunmasında iştirak etmişdir. 30.07.1992-ci ildə birinci Hoçaz döyüşündə birinci şəhid məhz Müzəffər olmuşdur. Biz onunla bərabər Səməd  Əmirovun meyidini də öz doğma kəndi Vağazin kənd qəbristanlığında dəfn etdik. Müzəffər həmişə qəlbimizdə yaşayacaq. İnşallah canını fəda etdiyi torpaq erməni quldurlarından təmizlənər  və  Müzəffər kimi bütün şəhidlərimizin də ruhu şad olar. Allah rəhmət eləsin”.

 

 

Səməd və Müzəffərin timsalında bu iki  Şəhidimiz haqqında döyüş yoldaşlarından olan İSAYEV MƏMMƏD də fəxrlə danışır:

 

“Bu gün hər iki qardaşımızın hətta qəbirləri belə yurdun keşiyində dayanıb. Səmədin çox gözəl yoldaşlığı var idi.  Uşaqlıq illərindən yaddaşlarımızda acılı şirinli xatirələr qalsa da, ancaq sonrakı dövrlərdəki yaşantılarımız Səməd haqqında mənə çox şeyləri xatırladır. Mən onu yuxarı siniflərdən daha çox yaxşı tanımışam.  Çoxundan fərqli olaraq Səməd yoldaşlarıyla tez bir zamanda ünsiyyət qurur  və insanlarla münasibət quranda da içindən gələn səmimilik nümayiş etdirirdi.
Xarakterinə görə Səməd həm də bir az çılğın idi. Çılğınlığıyla bərabər atdığı addımlarda hər zaman bir mərdlik duyulurdu. Hər zaman həqiqətin tərəfində olardı. İstər fikirlərini olsun, istərsə də bir loxma çörəyi olsun hər zaman bütün bunları yoldaşla bölüşməyi bacarırıdı. Tale elə gətirdi ki, torpaqlarımızın ermənilərdən azad edilməsi uğrunda gedən döyüşlərdə də mən Səmədlə bir səngərdə çiyin-çiyinə oldum. Hər ikimiz 713 saylı hərbi hissənin ikinci rotasının tərkibində torpaqlarımızın erməni işğalçılarından təmizlənməsilə məqsədilə keçirilən hərbi əməliyyatlarda birgə iştirak etdik. Səməd döyüş zamanı da hər zaman fərqlənirdi. Saçını hər zaman qırxardı, uzun saqqal saxlamışdı, özünü Kərbəlayıya oxşatmışdı. Elə biz də hər zaman Səmədi “Kərbəlayi”  deyə çağırırdıq. Əslində o, özünü Kərbəlayıya oxşatmaqla, nəyin uğrunda döyüşdüyünü çox gözəl bilirdi.
Biz Səmədlə bir çox istiqamətlərdə gedən döyüşlərdə iştirak etmişik. Vağazin, Bozgüney, Təzəkənd, Haxnəzər, Pircahan, Alxaslı, Mişni, Sonasar və Hoçaz istiqamətlərində erməni işğalçılarına qarşı birgə mübarizə aparmışıq. Bu kəndlər azad ediləndə itkilərimiz də oldu. 7 nəfər şəhid verdik, bax həmin şəhid qardaşlarımızdan biri də Səməd oldu. Səməd 30.07.1992 ci ildə şəhid oldu. Həmin döyüş bizim üçün çox ağır və kədərli oldu. Biz yeddi qardaşımızı, yeddi igidimizi itirmişdik. Amma neyləmək olar. Bu da bir tale, bu da bir qismətdir. O igidlər yurdumuzun azadlığı uğrunda canlarını fəda etdilər. İnşəAllah tezliklə o yurd yerlərimizi işğaldan azad edib Şəhid qardaşlarımızın uğrunda can qoyduqları Vətən torpağına öz qələbə bayrağımızı sancarıq”.

 

Onu da xatırladaq ki, Şəhidimiz Əmirov Səmədin xatirəsi əbədiləşdirilib. Laçın rayonu, 2 nömrəli məktəb bu gün Şəhidimizin adını daşıyır.

 

Məmməd deyir ki, Müzəffər onunla qonşu kənddən olub:

 

“O dağlar bizi hələ uşaq yaşından bir-birimizə isinişdirmişdi. Bizim kəndlərimiz ayrı olsa da amma heyvan otardığımız yerlər eyni idi. Müzəffər yoldaşlıqda çox dürüst və mehriban , səmimi, mülayim, sakit bir oğlan idi.  Çox vətənpərvər və qayğıkeş idi . Ermənilər bizə qarşı torpaq iddiası qaldıranda  biz birgə vətənin müdafiəsinə qalxıb, hərbi birləşməyə qoşulmuşuq. Qismət elə gətirdi ki, dünən bir yerdə qoyun quzu otardığım  Müzəffərlə bu gün həmin yamacları, həmin dağları ermənilərdən təmizləmək missiyasını birgə daşımalı olduq. Biz 713 nömrəli hərbi hissədə artıq səngər yoldaşı, qan qardaşı olaraq bir yerdə idik.  Müzəffərlə mən 713 nömrəli həbi hissənin ikinci rotasında birgə döyüşlərə qatıldıq. Kəlbəcər istiqamətindən  Laçın rayonunun kəndlərini erməni işğalçılarından azad etməyə başladıq . Vağazin, Bozgüney, Təzəkənd, Haqnəzər, Pircahan, Alxaslı istiqamətində hərəkətə başladıq, oradan Mişni,Sonasar və Hoçaz istiqamətində döyüşlər keçirdik. Bu döyüşlərdə itkilərimiz oldu. 7 şəhid verdik. Onlardan biri də Müzəffər oldu 30.07.1992 ci ildə Müzəffər ana yurdumuzun torpağını öz qanıyla suvardı, ŞƏHİD oldu. Həmin döyüş bizim üçün ağır və kədərli oldu”.

 

 

Onu da vurğulayaq ki, bu gün Ağcabədi regional mədəniyyət idarəsi Laçın MKS Bozgüney kənd kitabxanası Şəhidimiz Qiyasov Müzəffəri adını daşımaqdadır.

Bu gün də Şəhidlərimizin qəbri Vətən əmanətinin keşiyindədirr. Allah rəhmət eləsin!...

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı