Versus.Az xəbər verir ki, bu sözləri Lent.az -a açıqlamasında itkin düşmüş pilot Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli deyib. O bildirib ki, təyyarənin düşdüyü ehtimal olunan əhatə dairəsinin eni 20 km, uzunluğu 25 km müəyyənləşdirilib:
"Ehtimal edilən yerin xeyli hissəsi axtarılıb və iş görülüb. Bəlkə də obyektin düşdüyü yerə yaxınlaşılıb. Əgər bu gün belə təyyarə tapılsa, onun çıxarılması 2-3 gün vaxt alacaq. Çünki təyyarə qumun içərisinə girib və üstü qum ilə örtülüb. Bu samanlıqda iynə axtarılan kimi bir şeydir”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.