“Azərbaycan iqtidarı çalışır ki, onları hakimiyyətə gətirən qüvvələr səhnədən getməsin” - MÜSAHİBƏ-1

17:08 31-07-2019 | icon 1755 | Siyasət
“Azərbaycan iqtidarı çalışır ki, onları hakimiyyətə gətirən qüvvələr səhnədən getməsin” - MÜSAHİBƏ-1

İqbal Ağazadə: “Yeni düşüncə tərzinin qarşısını əski müxalifətçilərlə aldılar”

 

 

Bu gün ölkə daxilində baş verən proseslərə, həmçinin Azərbaycanın tale yüklü məslələrinə münasibətdə nə qədər üzücü olsa belə cəmiyyətimizdə letargiya dalğınlığı hiss olunmaqdadır. Bunca problemlərin, bunca olayların qarşılığında böyük bir kəsim demək olar ki, tam seyirçi mövqedə dayanmaqdadır. Qarın psixologiyası təfəkkürlərə hakim kəsilib. Dövlət maraqlarımızın təmin edilməsində, millət maraqlarımızın ortaya qoyulmasında çoxları çəkməli olduğu yükün fərqinə varmır və bütün bunları mövcud hakimiyyətin vəzifəsi kimi qabartmaqla əslində öz totalitar düşüncəsini ortaya qoyur.

 

Hər kəsin bu dövlət, bu millət qarşısında bir cavabdehlik və məsuliyyət missiyası var ki, mən bu dövlət üçün nə etmişəm, nə edirəm. Şübhəsiz ki, bu kontekstdə siyasi partiya rəhbərlərinin, ictimai-siyasi sferada tanınmış xadimlərin fəaliyyəti daha çox diqqəti cəlb edir. Nəzərə alsaq ki, bu adamların bir çoxu özlərini sabah Azərbaycanı yönləndirəcək birinci şəxs kimi cəmiyyətə təqdim edirlər, onda onların indiki durumda dərdlərimizə, problemlərimizə münasibətdə seyirçi mövqedə dayanmaları heç şübhəsiz ki, əllərinə fürsət keçərsə o kəslərin Azərbaycanı uçuruma yuvarlayacaqlarından xəbər verir. Əli Kərimli, Etibar Məmmədov, Tahir Kərimli, Nemət Pənahlı kateqoriyasından olan adamlar bu gün Versus.az-da Sözün Cəng Meydanında həqiqəti dilə gətirə bilmirlərsə, onda bu adamların böyük-böyük iddialardan danışmalarına da bir əl-fatihə...

 

Amma cəmiyyətimizdə baş verən proseslərə tam zamanında reaksiya verən, ən böyük problemimiz olan Qarabağ itkisini heç zaman unutmayan, bunun üçün yollar arayan siyasətçilərimiz də az deyil. Bu mənada Qarabağ Qazisi, ÜMİD PARTİYASInın sədri, keçmiş millət vəkili İQBAL AĞAZADƏnin atdığı siyasi addımlar, məsələlərə münasibətdə sərgilədiyi əsil vətəndaş mövqeyi təqdirəlayiqdir. Digər siyasi partiya rəhbərlərindən fərqli olaraq İqbal bəy kiminsə şəhadət barmağının əsiri deyil, gərəkəndə tam zamanında qəlbinin diktəsilə qəti qərar vermək qabiliyyətinə malikdir. Cəmiyyət bu adamlardan yol gözləyir, bunların fikrini bilmək istəyir, bunlar da özlərini etibarlı limana verib sığınmaqla işlərini bitmiş hesab edirlər. Amma Azərbaycanın maraqları fırtınalara tuş gələndə Ümid Partiyasının sədri İqbal bəy heç zaman bu adamlar kimi öz “mən”ini qorumağa çalışmır, bizim mübarizəmizə qoşulub bizim uğrumuzda da sözünü deyir. Necə ki, adam 54 siyasi partiya rəhbərləri arasında da yeganə şəxsdir ki, hələ siyasi kluarlara gəlməzdən öncə Qarabağın azadlığı uğrunda döyüşə atılıb...

 

İqbal Ağazadə bu gün də döyüşür, adları sadalanan və sadalanmayan Sözün Cəng Meydanının fərarilərindən deyil. Beləliklə, bizi maraqlandıran suallara və son olaylara ÜMİD PARTİYASInın sədri İQBAL AĞAZADƏ belə aydınlıq gətirir.

  

Vətən sevgisindən doğan axirəti qazanma şansı

 

 - İqbal bəy, cəmiyyətimizdə bunca səngərdən qaçan siyasi meyidlər var ikən amma dədə-baba qaydasıyla vəsiyyətini elan edən sizin timsalınızda Qarabağ Qazisi oldu. Nə baş verir? Torpaq o meyidləri götürmür, yoxsa Qarabağ Qazisi problemlərin fonunda aciz qalıb son variant olaraq ölən cismi boyda Vətəni böyütmək istəyir?

 

- Yox, əslində Qarabağ Qazisi bu addımıyla üzərinə yeni məsuliyyət götürür. İtirilmiş torpaqlarımızın geri alınması üçün götürülən bu məsuliyyətdə bunu etməmiş axirətimizi qazana bilməyəcəyimiz haqda bir mesajdır. Dəfn olunmaq üçün bizi çiynində aparanlar da bilsin ki, o torpaqları geri almayacağımız təqdirdə bizim halallığımız da yoxdur.

 

- Zamanında o məsuliyyəti dərk edərək yazdıqlarına görə, əməllərinə görə Axundovun da meyidi sonda ortalıqda qalmışdı, heç vəsiyyət də etməmişdi. Amma siz əvvəlcədən vəsiyyət etdiniz, bəyəm əməl sahibi deyilsiniz? Belə davranış təvazökarlıqdan, yoxsa siyasətin söz oyunundan irəli gəlir?

 

- Amma Axundov bu gün də yaşayır. Cismin ortalıqda qalması heç də həyatın sonu deyil. Azərbaycan dramaturgiyasının banisi Axundovun bu gün Azərbaycan ədəbiyyatında, Azərbaycan fəlsəfi fikrində yaşaması onu deyir ki, adam ömrünü boşa verməyib. Demək ki, Axundovun öz üzərinə götürdüyü məsuliyyət müəyyən mənada bəhrəsini verib. Bu baxımdan əgər siz paralellər aparırsınızsa, mən də üzərimə götürdüyüm məsuliyyətin yükünü dərk edirəm. Müqəddəs kitabımızda da vurğulanır ki, axirətinizi bu dünyada qazanın. Bu mənada mən də vurğulayıram ki, əgər o yurd yerlərimizi işğaldan azad etməsək, axirət bizə haramdır...

  

“Təxribatın arxasında Azərbaycanı sevməyən qüvvələr dayana bilər”

 

 - Belə həqiqətlərin dilə gətirlməsi üçün bizdən bir addım öndə gedən seçilmişlərimizin sözünə cəmiyyətin böyük ehtiyacı var. Öyləsə, 24 iyulda qəzaya uğrayan Azərbaycan qırıcısıyla bağlı bildiyiniz həqiqətləri də söyləyin. Sizcə bu qəza hansısa texniki nasazlıq ucbatından baş verə bilərdimi? Yoxsa iddia olunduğu kimi bu məsələdə hansısa qüvvələrin marağı, hansısa qüvvələrin müdaxiləsi baş verib?

 

- Mən ilkin istintaq materialları ilə tanış deyiləm. Amma o qəza ilə bağlı araşdırmalar gedir. Bu araşdırmalardan sonra hər şey aydın olacaq. Hansısa nasazlıq ucbatından bir qəzanın baş verməsi də istisna deyil. 2019-cu ilin yanvarından bu yana baş verən hadisələri analiz etsək, bu, heç də təsadüfə oxşamır. Bununla bağlı bir parlament çıxışımı xatırlatmaq istərdim...

 

- Hansı çıxışınızı nəzərdə tutursunuz?

 

- Zamanında vurğulamışam ki, Rusiyadan, Ukraynadan işlənmiş və digər köhnəlmiş hərbi texnikanı alıb Azərbaycana gətirməyin heç bir mənası yoxdur. O xərclənən pullarla biz həmin texnikanı daha müasir dünyadan ala bilərik ki, bunun da satışına heç kim qadağa qoymayıb. Alınan texnikalar müasir dünyanın hərbi gücüylə rəqabətə girə biləcək səviyyədə deyil. Mən bu hadisənin içində təxribat ola biləcək ehtimalını da rədd etmirəm. Təbii ki, istintaq buna da susacaq. Azərbaycanın hüquq-mühafizə orqanları hətta bu, təxribat olsa belə deməyəcəklər.

 

- 18 iyuldan 7 avqusta qədər Xəzər dənizində Rusiyanın Cənub Hərbi Dairəsinin Radio Elektron Mühafizə Qoşunlarının hərbi təlimlərinin keçirildiyi bir vaxtda belə bir qəzanın baş verməsinin üst-üstə düşməsi hansı ehtimalları üzə çıxara bilər?

 

- Mənim ehtimallar üzərində dayanıb ictimai fikri çaşdırmaq niyyətim yoxdur. Lakin əgər bu təxribatdırsa, bunu törədən qüvvənin kimliyi, bunu törədən dövlətin adı açıq şəkildə ictimaiyyətə bildirilməlidir ki, dövlət bundan xəbərdar olduğu kimi vətəndaş da bundan xəbərdar olsun. Mənim ehtimalıma görə bu, bir təxribatdır və bu təxribatın arxasında Azərbaycanı sevməyən dövlətlər dayana bilər. Amma bütün hallarda bu bir ehtimaldır, dəqiqlik olmadığına görə mən ad çəkmək istəməzdim.

  

“...Rusiyadan çəkinib və məcburən bu addımı atıb”

 

 - İqbal bəy, Qarabağın işğalında Rusiya faktorunun iştirakı danılmazdır. Və Rusiyanın bu məsələdə tutduğu mövqe də bəllidir. Belə olan halda bütün texniki imkanları, bütün zəif nöqtələri özünə bəlli olan silah-sursatın Rusiyadan alınması nə dərəcədə düzgündür?

 

- Cənubi Qafqazda Rusiyanın yeri və rolu, o cümlədən konfliktlərin Rusiya tərəfindən əmələgəlmə və idarəolunma forması hər kəsə bəllidir. Bu gün təkcə Qarabağ münaqişəsi deyil, o cümlədən Abxaziya, Osetiya məsələsi də bilavasitə Rusiyanın maraqlarına xidmət edən konflikt kimi dünyanın ciddi politoloqları tərəfindən rəsmən təsdiqini tapıb. Bu gün də Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasında, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin arxasında Rusiyanın dayandığı şəksizdir. Belə olan halda hərbi texnikanın Rusiyadan alınması təkcə Azərbaycanın öz istəyinə bağlı məsələ deyil. Rusiya təkcə keçən il ətraf dövlətlərə 15 milyard dollara yaxın qiymətində silah-sursat satıb. Burada Azərbaycanın da öz payı var. Bəzən leqal, ya da qeyri-leqal formada ölkələr buna məcbur edilir...

 

- Müstəqil dövlətə bu məcburiyyət hansı formada ola bilər və olur?

 

- Müstəqil dövlət anlayışında hakimiyyətin Rusiyadan asılı olmaması, Rusiyadan qorxmaması, Rusiyadan çəkinməməsi vacib faktordur. Ancaq Azərbaycan hakimiyyəti tarixin müxtəlif dönəmlərində Rusiyadan çəkinib və məcburən bu tipli addımlar atıb. Belə münasibətlər sistemi kökündən yanlışdır. Rusiya ilə münasibətlər MDB çərçivəsində deyil, daha çox ikitərəfli müqavilələr formatında həyata keçirilməli idi...

   

- Çox vaxt sizin fikirləriniz populistlər tərəfindən başqa istiqamətə yönləndirilir. Bax elə bu fikrinizə münasibətdə də həmin populistlər sual edə bilərlər ki, sən Rusiya ilə hansı maraqlar çərçivəsində danışacaqsan ki, o da sənin maraqlarını bir dövlət kimi nəzərə almağa məcbur olsun...

 

- Ola bilər. Amma bunun da müxtəlif yolları, müxtəlif xətləri var. Bəzən Saakaşvilini çox qınayırlar ki, Rusiya ilə konfliktə çox gedib ki, bu gün də Rusiya-Gürcüstan münasibətləri olduqca bərbad bir vəziyyətdədir. Abxaziya və Osetiya tam şəkildə işğal olundu və sair. Guya biz Rusiya ilə Saakaşvili kimi davranmadan siyasət yürütdük, hətta Azərbaycan və Rusiya hökumətinin bəyan etdiyi kimi strateji müttəfiqlik səviyyəsində münasibətlər qurduq, bütün bunların qarşılığında bizim qazancımız nə oldu ki? Qeyd etdiyim kimi, MDB çərçivəsində yox, fərdi qaydada Rusiya-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində ciddi addımlar atmaq mümkün idi. Amma mövcud hakimiyyət bu imkanları əldən buraxdı. İndiki Azərbaycan hakimiyyətinin bu istiqamətdə edə biləcəyi nəsə yoxdur, o imkanlar əldən verilib...

 

- Dediyiniz münasibətlərin tənzimlənməsi hansı zamanda mümkün idi ki, Azərbaycan hakimiyyəti bunu əldən verib?

 

- Bu münasibətlər daha çox 1996-1997-ci illərdə, Putinin ilk hakimiyyət illərində, 1999-cu ildən sonra, Çeçenistan-Rusiya münasibətləri gərgin vəziyyətdə olanda, bu münasibətlər aktiv müharibə fazasında olanda Azərbaycan fərqli şəkildə öz münasibətlərini qura bilərdi. Və o zaman Rusiyanın da buna böyük ehtiyacı var idi. Təəssüf ki, Azərbaycandakı siyasi hakimiyyət bu imkandan istifadə edə bilmədi...

 

- Qarabağ probleminin həlli istiqamətində necə, o dövrdə əsaslı irəliləyiş əldə etmək mümkün idimi?

 

- Mən demirəm Qarabağ probleminin həlli istiqamətində ciddi addımlar atmaq mümkün deyildi. O dövrdə bu da mümkün idi. 1996-1997-ci illər Qarabağ probleminin həlli üçün ən optimal dövr idi. Amma həmin dövrdə tərəflərə neft kontraktları və bu kontraktlarının nəticələri daha maraqlı gəldi. Bu məqsədlə atəşkəs rejiminin  pozulmaması üçün də daha çox Bişkek protokoluna istinad edərək prosesin dəyişməməsinə start verdilər. Azərbaycan da bu siyasətlə razılaşmalı oldu..

 

- Neft kontraktları dövlət, yoxsa hakimiyyət üçün maraqlı idi?

 

- Hakimiyyət üçün...

  

“...susdurulmaq üçün lazım olan ünvana çatdırılıb”

 

 - Kifayət qədər informasiyalı bir adam olduğunuzu nəzərə alaraq soruşuram, ümumiyyətlə Radio Elektron Mühafizə Qoşunlarının müdaxiləsi ilə qırıcıların havada “ölü vəziyyətinə salınması” sizcə mümkündürmü?

 

- Çox təbiidir. Sistem olaraq bunun hamısı Rusiya xüsusi xidmət orqanlarında var. Satan tərəf bu sistemin bütün gizlinlərini bilir. Hesab edirəm ki, son günlərdə baş verən qəzada da belə bir müdaxilə ola bilər.

 

- Lap öncədən Qarakənd faciəsi, sonradan 29 yanvar 2008-də “MİQ-29”, 3 mart 2010-da SU-25, 3 fevral 2011-də SU-25 və indi də 24 iyul 2019-da “MİQ-29” qəzaya uğradı. Araşdırılması üçün Rusiyaya göndərilən “qara qutu”lar dillənmədi, həqiqətlər ört-basdır edildi. İqbal Ağazadənin məntiqiylə bütün bunlar nələri deyir?

 

- Heç Polşa prezidentinin Moskva ətrafında qəzaya uğraması zamanı da qara qutu dillənmədi. Qara qutular sükut üçündür, susmaq üçündür. Adətən bu tipli məsələlərdə qara qutular kimlərə lazımdısa onlara çatdırılır. Hesab edirəm ki, baş verən hadisələrdə bizim qara qutular susdurulmaq üçün lazım olan  ünvana çatdırılıb...

 

- Kimin susdurulması üçün?

 

- Rusiya ordan olan informasiyaların kimsəyə verilməməsi üçün...

 

- Hesab edirsiz ki, baş verən qəzalarla bağlı informasiyalar Azərbaycan hakimiyyətinə çatdırılıb?

 

- İnanmıram...

 

- AVMVİB sədri Füzuli Rzaquliyevin bir sözü var. Füzuli bəy deyir ki, atəşkəs dövrünün ən böyük silahı informasiyadır, mətbuatdır. Necə bilirsiniz bizlər bu dövr ərzində həmin silahdan yetərincə istifadə edib müharibə təbliğatını apara bilmişikmi?

 

- Müharibə etmək istəməyən hakimiyyət olmayandan sonra təbliğatın heç bir əhəmiyyəti yoxdur. O təbliğat iflasa uğrayar, yaxud da artıq enerji olaraq hakimiyyətin özünə qarşı çevrilə bilər...

 

- Elə isə bu konuda mövcud hakimiyyətin də istəyini qiymətləndirmənizi istərdim...

 

- Bu hakimiyyət müharibə etməyəcək.

 

- Bəs xalq necə, müharibəyə hazırdımı, xalq müharibəni istəyirmi?

 

- Müharibəni də, sülhü də hakimiyyətlər həyata keçirir. Hakimiyyət elə bir xətt yürüdə bilər ki, hamı “müharibə” deyə bilər. Hakimiyyət elə bir xətt yürüdə bilər ki, hamı sakitcə “sülh”ün nə verəcəyini gözləyə bilər. Toplum hər zaman onun iqtidarları tərəfindən atılacaq addımlara hazırlanır. Biz hələlik müharibəyə hazırlanan cəmiyyət deyilik...

 

- Mən bir hərbçi ilə söhbət edəndə bildirdi ki, əgər Ali Baş Komandan bilsə ki, bu gün biz bir xalq olaraq avtomatı 5 saniyə ermənidən tez söküb yığmağı bacarırıq, elə həmin dəqiqə “Müharibə!” əmri verər.

 

- ...(bir az susur). O hərbçi bilmirəm kimdi. Amma xalqlar avtomat söküb yığmağa görə müharibə etmirlər...

 

- Şübhəsiz ki, o hərbçinin dediklərini də hərfi mənada təftiş etmək düzgün deyil. Amma burada müəyyən məsələlərə münasibətdə bir eyham var...

 

- İndi mən sual edirəm ki, siz hakimiyyət olaraq xalqı müharibəyə hazırladınızmı? Hakimiyyət olaraq siz xalqı torpaqların işğaldan azad edilməsi uğrunda səfərbər edə bildinizmi? Apardığınız siyasət nəticəsində Azərbaycan vətəndaşı əlilə, qaziyə, şəhid ailəsinə verilən dəyəri gördümü? Və bu torpaq üçün şəhid olmağa hazır oldumu!? Bütün bunların fonunda hakimiyyət bunca səhvlər buraxıbsa, bu dediyim kateqoriyaya uyğun olaraq sən necə deyə bilərsən ki, avtomatı tez söküb yığmağı bacarın ki, mən müharibə edim?..

 

- Hakimiyyəti bildik. Bəs siz necə, bir müxalifət partiyasının rəhbəri olaraq bu istiqamətdə hansı addımları atıbsınız? Sosial institutlardan olan QNT sektoru ilə bir olub qüvvələri səfərbər etdinizmi? Siyasət adamı olaraq bu istiqamətdə cəmiyyətlə hansısa bir iş qurdunuzmu?

 

- Cəmiyyətlə bizim quracağımız iş həm də Azərbaycanda Konstitusiya və hüquqların, “Siyasi partiyalar haqqında qanun”un necə yerinə yetirilməsi, o qanuna necə riayət edilməsilə birbaşa bağlıdır. Əgər bu gün siyasi partiyalara “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”a uyğun olaraq kütləvi tədbirlər keçirmələrinə şərait yaradılmırsa, sizcə müharibə təbliğatı aparanda sabah xalqarası düşmənçiliyin qabardılması və milli nifaq salınması, o cümlədən müharibə çağırışı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan maddə ilə o müxalifətə cinayət işi qaldırılmazmı?

 

“Mətbuatımıza sona qədər döyüş ritorikasını mən gətirmişəm”

 

- Bizim ehtimallarımız deyil, atılacaq addımlar buna dürüst cavab verər, bəy...

 

- Həm siyasi partiya rəhbəri, həm də keçmiş qazi olaraq hər zaman demişəm və deyirəm. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması istiqamətində atacağımız addım nə olacaqsa, biz kimsədən çəkinmirik. Təslimçi sülh istiqamətində atılacaq hər hansı bir addımda bizim sona qədər döyüşəcəyimizlə bağlı ritorikanı da Azərbaycan mətbuatına bir partiya sədri olaraq mən gətirmişəm. Qarabağla bağlı mitinqin keçirilməsinə icazə verilmirsə, müharibə ritorikasını necə aparmaq olar?

 

- İqbal bəy, 27 ildir ki, bu mitinqlər keçirilir, Qarabağla bağlı hansı irəliləyiş əldə olunub?

 

- 27 ildir ki, Azərbaycan hakimiyyəti iqtidardadır, Qarabağı ala bilibmi? 27 ildir ki, Azərbaycan iqtidarı hakimiyyətdədir, acınacaqlı sosial vəziyyəti həll edə bilibmi? 27 ildir ki, Azərbaycan iqtidarı ölkədə demokratikləşmə, sərbəst toplaşama azadlığı, siyasi institutların cəmiyyətdəki yeri və rolu haqqında ciddi addım ata bilibmi?...

 

- Ciddi addım atılıb, yoxsa atılmayıb?...

 

- Yox. Siz o adamlardan soruşun ki, niyə bu addımı atmamısınız...

 

- İnşəAllah hakim partiyanın ideoloqları mətbuata açıq olanda soruşarıq. Onlar etibarlı sığınacağa çəkilib seyirçi mövqedə durduqları ol səbəbdən də labirintdən çıxış yolu kimi cəmiyyət sizlərə üz tutur.

 

- Heç kim iddia etməsin ki, müxalifətin görəvi bu idi, müxalifət bunu etmədi. Müxalifət gərəkən informasiyanın hamısını deyir, mövqeyini bildirir, ifadə edir.

 

- Elədirsə, onda seçicilərin seyirçi mövqe tutmaları nə ilə bağlıdır?

 

- Bunun da öz nədənləri var. Bunun nədənləriylə bağlı elə sizin saytda da, digər internet resurslarında da demişəm. Amma bütövlükdə bu sual iqtidara ünvanlanmalıdır. Mən bu gün müxalifətəmsə və 27 ildir xalq məndən hakimiyyəti dəyişmək istəyirsə, müxalifətin hakimiyyətə gəlməsini istəyirsə, onda bütün xalq gedən proseslərdə arxamızda durmağı bacarmalıdır. Təəssüflər olsun ki, yaradılan ictimai-siyasi mühit, düşüncə və fikir gətirib ona çıxarıb ki, seçici laqeyd olur. Bizim nə qədər və nə deməyimizdən asılı olmayaraq seçici prosesə qarışmaq istəmir...

 

 “..rejim  o qədər sərt, amansız və repressiv idi ki..”

 

- Axı buna səbəb nədir?

 

- Buna səbəb olan qeyri-demokratik rejimin olmasıdır. Sovet dönəmində o rejimin dağılmasını istəyən az adam var idimi. Ötən əsrin 60-cı illərinin məşhur dissident hərəkatı buna bir sübut deyildimi? Görürsünüz ki, proseslər zaman gəlib çatanda gerçəkləşdi. Rejim o qədər sərt və amansız, repressiv idi ki, o adamların səsi də az eşidilirdi. Bu gün də həmin situasiyadır. Bu gün də Azərbaycan iqtidarının proseslərə yanaşması fərqlidir...

 

- Amma müxalifətin səhvi yoxdur?

 

- Təbii ki, müxalifətin də bu istiqamətdə kifayət qədər ciddi səhvləri var. Biz o səhvləri də bilir və zaman-zaman da deyirik.

 

- Bu kontekstdə iqtidarın ən böyük “uğuru” nədir?

 

- İqtidarın bu kontekstdə ən böyük uğuru o oldu ki, onlar Azərbaycan müxalifətinə yeni simaların, yeni düşüncə və təfəkkür tərzinin gəlməsinin qarşısını elə əski müxalifətçilərlə ala bildi. İqtidar 26 ildi ki, 1992-1993-cü il müxalifətini Azərbaycan müxalifətinin aparıcı qüvvəsi kimi ayaqda saxlamağı bacarıb. O nəticəsizliyin göstəricisi kimi də Azərbaycan müxalifətinin hakimiyyətə gəlməməsidir. Çünki ən azı seçicidə çox rahat bir fikir formalaşıb. Əgər bunlar idarə etməyi bacaran idilərsə nədən hakimiyyəti Heydər Əliyevə təhvil verdilər, nədən çağırdılar, niyə dəvət etdilər? Azərbaycan iqtidarı çalışır ki, onları hakimiyyətə gətirmiş siyasi qüvvələr səhnədən getməsin. İqtidar çalışır ki, o qüvvələr müxalifətin birincisi olsun, az olsun, amma birinci olsun. Bu iqtidar tarixin bütün dönəmlərində buna çalışıb. Digər qüvvələri də sıradan çıxarmaq üçün metod və yollar aranıb. Təəssüf ki, bu, belədir.

 

- Deməli, bu hakimiyyəti ayaqda saxlayan elə bu müxalifətin özü olub da?

 

- Həm də...

 

- Bəs nədən sağlam müxalifət öncüllüyü ələ almaq üçün problemlərin həlli istiqamətində ortaya alternativ modellər qoymadı ki, xalq da həqiqəti görüb gərəkən addımları atsın?

 

- Alternativ model ortaya qoyulanda nə bu iqtidar, nə də bu müxalifət olmayacaq...

 

- O modeli ortaya kim qoyacaq və indiyə kimi olan gözləntilər nəyə hesablanıb?

 

(ardı var)

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi