Tərtərdən, Vağazindən və Şəhidlər Xiyabanından görünən Hoçaz yüksəkliyi

20:22 01-08-2019 | icon 2472 | Şəhidlər və şahidlər
Tərtərdən, Vağazindən və Şəhidlər Xiyabanından görünən Hoçaz yüksəkliyi

Döyüşdə şimşək kimi çaxan 713 nömrəli hərbi hissənin  şəhidləri yad edildi

 

“Torpaq uğrunda ölən varsa Vətəndir”. Amma nə yazıq ki, uğrunda can qoyduğumuz Vətənlə birgə o torpaq uğrunda can qoyan Şəhidlərimizin də Ruhu didərgindir, Şəhidlərimizin də Ruhu məcburi köçkün həyatı yaşamaqdadır. Bu gün bütöv Azərbaycanı Şəhid harayı bürüyüb, bu gün bütöv Azərbaycan özü böyda Şəhid qəbiristanlığına çevrilib.

 

Şəhid qəbirləri bu gün bütöv Azərbaycan üçün bir vətənə çevrilib. Şəhid qəbirlərindən duyulan iniltilər, sızltılar Vətən ağımıza çevrilib. Üstündə gəzdiyimiz torpaq da bizi qınayır. Şəhid övladına qucaq açan torpaq şəhidini toxdada bilmir. Çünki o Şəhidin uğrunda can qoyduğu Vətən parçası hələ də tapdaq altındadır. 27 ildir ki, qara bürünüb dərdinə yas saxlayan Vətən adlı anamızın başını sülh göyərçinlərini pərvazlandıranların şirin vədləriylə qatırlar...

 

Əgər bütün bu itkilər sülh yoluyla həll olunacaqdısa, xəyanətkar ermənilər danışıqlar yoluyla işğal etdikləri Azərbaycan torpağından çıxacaqdısa, onda Şəhid qardaş və bacılarımızın can fəda etmələri nə üçünmüş!? Və bu canlar fəda edilibsə erməniyə hansı güzəştdən danışılmalıdır!?

 

Bu gün qəbirləri də didərgin düşən Şəhid qardaşlarımızın Ruhu qarşısında adam utanır, xəcalət çəkir. Amma neyləmək ki, o Şəhid qəbirlərini ziyarət etmək, o Şəhid qəbirləri qarşısında sanki bir hesabatla çıxış etmək, o Şəhid qəbirlərinin qulluğunda dayanmaq həm də bir vətəndaş olaraq bizlərin boyun borcumuzdur...

 

Bu gün 713 nömrəli hərbi hissənin Hocaz kəndi uğrunda apardığı döyüş zamanı Şəhid olmuş Asəflə Kamil qardaşlarımızın günüdür. 27 il bundan öncə 1992-ci il 1 avqustda 713 nömrəli zabit və əsgər heyəti strateji əhəmiyyət kəsb edən Hoçaz yüksəkliyi uğrunda qanlı döyüşə atıldılar. Texniki təchizat baxımından düşmənlə müqayisədə həddindən artıq çox aşağı bir səviyyədə silahlanmasına baxmayaraq 713 saylı hərbi hissənin qurd ürəkli döyüşçülərinin əlində Vətən sevgisindən, yurd sevgisindən cilalanan ölüm saçan, düşməni vahiməyə salan qorxunc bir silah var idi. Düşmənin böyük texnikaya malik olmaları 713 saylı hərbi hissənin döyüşçülərinə vız gəlirdi. Bu hərbi hissənin döyüşçüləri dədə-babalarından qalma “türklər döyüşdə quş kimi uçuyor, şimşək kimi çaxıyorlar” həqiqətini ortaya qoymuşdular.

 

O döyüşdə 713 saylı hərbi hissə 7 Şəhid versə də bir həmlə ilə düşmənin 40 nəfərindən çoxunu məhv edib. Şəhid qardaşlarımızdan olan ASƏF QƏNİ OĞLU (1971-1992) MƏMİYEV  və KAMİL QƏNİ OĞLU (1965-1992) MƏMİYEVin döyüş zamanı göstərdikləri şücaət bu gün də öz döyüşçü yoldaşları tərəfindən fəxrlə yad edilir.

 

713 saylı hərbi hissənin bir qrup döyüşçüsünün Tərtər rayonunun Ələsgərli kəndinə olan səfəri də elə bu qəbildən idi. Xatırladaq ki, Hoçaz uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan yeddi Şəhidimizdən ikisi bu gün Tərtər rayonunun Ələsgərli kənd qəbiristanlığında uyumaqdadır. Digər beş şəhidimizin ikisi SƏMƏD və MÜZƏFFƏR Laçın rayonunun Vağazin kənd qəbiristanlığında, digər üç Şəhidimiz ROLAD, VÜQAR və QASIMsa Şəhidlər Xiyabanında dəfn edilib. Bu Şəhidlərimizin timsalında həm Vağazindən, həm Tərtərdən, həm də Şəhidlər Xiyabanından bir Hoçaz yüksəkliyi görünür.

 

Şəhidlərimizi ziyarət edən 713 saylı hərbi hissənin döyüşçülərindən olan DAŞQIN PAŞAYEVin bildirdiyinə görə bu gün istər şəhidlərimizə olsun, istər əlillərimizə olsun, istərsə də veteranlarımıza olan münasibətdə yol verilən nöqsanlar dərhal aradan qaldırılmalıdır:

 

“Hətta dövlət başçımız, Ali Baş Komandanın özü də bunu aidiyyatı strukturlardan, bu məsələyə münasibətdə yükümlü olan kəslərdən təkidlə tələb edib. Amma nə yazıq ki, nə qədər acınacaqlı olsa da, demək məcburiyyətindəyəm.

 

Asəflə Kamilin timsalında bu Şəhidlərimizin qəbirlərinin üstü torpaqlarımız uğrunda canını fəda etmiş qandaşlarımızın atası QƏNİ MƏMİYEV tərəfindən götürülmüşdür.

 

Rəhmətlik Tavat xalanın göz yaşları ilə sulanıb o qəbir daşları. Övladlarının ağır dərdinə dözə bilməyən Tavat xala 2016-cı ildə, ataları Qəni dayısa 2019-cu ildə Haqqın dərgahına qovuşublar”.

 

Onu da vurğulayaq ki, keçmiş döyüşçü olan Daşqın və Azər Paşayevlərin də ataları məhz bu qəbiristanlıqda uyuyur. Qəbiristanlıqda məzarlarla danışan Daşqın Paşayev o ruhlar qarşısında əsgər andı içib bütün mümkün vasitələrdən istifadə edib dövlətimizin torpaq itkisiylə barışmayacağını bəyan edir:

 

“Bizim qəbirlərimiz də didərgin düşüb. Düzdür, Vətənin o başı, bu başı olmaz. Amma istər-istəməz sanki hər kəsdə bir ilahi yaddaş var, ilk dəfə göz açdığın yurdun hənirtisi, istisi, soyuğu, sazağı, şaxtası elə bil insanın canına hopur, Hara gedirsənsə,, get, o ağrı, o acı, o isti, o soyuq hər zaman sənin içindədir. Bax o qəbir daşlarına həkk olunan şəkillər var haa, onlar da bunu deyir. Bizim övlad borcumuzdur ki, itirilmiş yurd yerlərimizə sahib çıxıb ilahi yaddaşımızı özümüzə qaytaraq. Asəf də, Kamil də, digər Şəhidlərimiz də o yaddaşın daşıyıcıları idilər. Asəfgillə mən həm də qohumam. Bir epizod deyim. Bir dəfə mən Kamilə döyüş zamanı dedim ki, sən bunun böyük qardaşısan. Ona de ki, getsin evə, burda biz varıq yetər. Bilirsən mənə nə dedi? Kamil mənə dedi dedi ki, sabah torpaqlarımızı alandan sonra bax bu məktəbin qarşısında toplaşıb hərə öz döyüş xatirələrini danışacaq. Asəfə dəyməyək, qoy onun da sabah danışmağa sözü olsun. Yeri gəlmişkən, Asəf sovet ordusundan imtina edib, yurd savaşına qoşulan oğlanlardan idi. Çox qəhrəman oğlanlar idi bu qardaşlar. Kamil döyüşlərin birində mənə söylədi ki, mən ölsəm məni haradasa basdırmayın, cismimi aparıb qoyarsınız bax o Hoçaz qayasının başına. Sonra sözünü mənə şerlə dedi:

 

Əcəl yaman qovur məni,
Mən öləndə çevir məni
Üzü dağlara, dağlara...

 

O zaman mən də ona mərhum dayım İlyasın “Dağlar” şeriylə cavab verdim.

 

Haraylaram sizə çatmaz
Mənim səsim, ünüm, dağlar!
Hər nə keçib sizdə keçib
Yaxşı, yaman günüm, dağlar!..

 

O zaman rəhmətlik dayım bu şerində “yönüm bir də sizə sarı düşəydi” demişdi. Bax bu gün biz keçmiş döyüşçülər olaraq o fikirdəyik ki, yönümüzün o səmtə düşməsinin yolu ancaq və ancaq müharibədən keçir”..

 

Bu qəbiristanlıqda qərib məzarlar yoxdur. Ancaq bütün qəbirlərdən bizə sarı boylanan Ruhların baxışlarında bizə yönəli öz yerimizdə qərib kimi yaşamağın tənəsi var. O ruhlar adama sual edir ki, sən bu gün niyə Şuşaya, niyə Ağdama, niyə Kəlbəcər, niyə Laçına gedə bilmirsən? Axı biz qorxaq millət deyildik. Orda o ruhlar sanki bir-birilərinin keşiyini çəkmədədilər. İndi o Şəhidlərimiz öz valideyinlərilə birgə səngər yoldaşı olub. Ələsgərli kəndində bu gün həm də bir Laçın var və laçınlaşan Məmiyevlər var. Haqqın dərgahına qovuşmazdan öncə Tavat xalayla Qəni dayı övladlarının qəbir daşlarına öz ağrılarını, öz acılarını beləcə həkk ediblər:

 

Dərdi daşa deyərəm,
Coşa-coşa deyərəm
İki əzizim ölüb
Qoşa-qoşa deyərəm.

 

İndi o qoşalaşmış qəbirlərin yanında Tavat xalayla Qəni dayının özü də Laçın həsrətiylə uyuyurlar...O qəbiristanlıqdan indi bizim qürur yerlərimizdən olan Hoçaz yüksəkliyinin əksi görünür. O qəbirlər bu millət üçün həm də bir aynadır – özümüzə baxmaq, özümüzü tanımaq üçün hər gün baxmalı olduğumuz ayna     

Asəflə Kamilin döyüş yoldaşı olan ÇİNGİZ NOVRUZOVUN söylədiklərindən:

 

“Mən bu qardaşlarala bir səngərdə döyüşmüşəm. Qəhrəman oğlanlar idilər. Bütövlükdə qəhrəmanlarımıza xas olan xüsusiyyətlər bu qardaşlarda var idi. Qorxmazlıq, zamanında düzgün qərar çıxarma, vətənə, millətə olan sevgi, qələbəmizə inam daim onların içində var idi. Hoçaz əməliyyatında bizim qrup 12 nəfər idi. Bu qardaşlar da bizə bələdçilik edirdilər.

 

Biz Hoçaz qayasından enib, Laçın tərəfdən erməniləri mühasirəyə aldıq. Orada biz 40-a yaxın ermənini məhv etdik. Çox təəssüf ki, qeyri-bərabər olan döyüşdə bu qəhrəmanlarımız da Şəhid oldular. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin”.

 

Bu gün harada olmasından asılı olmayaraq Şəhid qəbirləri bütöv millət üçün bir ziyarətgah olmalıdır. 713 nömrəli hərbi hissənin keçmiş döyüşçülərinin etdikləri ziyarət də, öz qan qardaşlarının, öz səngər yoldaşlarının xatirəsinə daim sayğıyula yanaşmaları da buna köklənib.

 

Asəflə Kamilin döyüşçü yoldaşlarından MÜŞFİQ RƏHİMOVun fikrincə bu gün Şəhid qəbirləri bizim Məkkəmizdi, bizim Mədinəmizdir:

 

“Allah qatında ən uca Zirvədə dayanan Şəhidlərə münasibətdə hansısa icra strukturunun, hansısa bələdiyyənin laqeyd münasibəti, şəhid qəbirlərinin baxımsız halda olması bütövlükdə genefondumuza vurulan zərbədir, bütövlükdə sabahımıza çalınan baltadır.

Bu gün Laçın uğrunda gedən döyüşlərdə canını fəda edən qardaşlarımızın qəbirləri Azərbaycanımızın müxtəlif bölgələrindən bizim nankorluğumuzu seyr etmədədlər.

 

Mən çox təəssüf edirəm ki. o qəbirlərə münasibətdə həm Laçın rayon isra strukturu, həm də yerli icra hakimiyyətləri, bələdiyyələr bir çox hallarda yetərincə diqqət ayırmırlar.

 

Biz bölgələrə etdiyimiz səfərlərdə də bunun şahidi oluruq. Çox istərdim ki, ən azından yetişən nəslə görk olsun deyə o Şəhid qəbirləri daim diqqət mərkəzində saxlanılmalı, Şəhidimizin ailəsi dövlətimizin yürütdüyü siyasət, göstərdiyi qayğı çərçivəsində bütün mümkün güzəşt və imtiyazlardan yararlanmalıdır”.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi