“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

09:04 15-08-2019 | icon 2974 | Siyasət
“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

İqbal Ağazadə: “Mən hakimiyyətə gəlməliyəm ki, bütün bunları edə bilim...”

 

(əvvəli birinciikinci linkdə)

 

 

- Deyin, ucundan, qulağından, biz də tanıyaq o satqın məşuqları...

 

 - Darıxmayın, zaman gələcək, kimin kimliyini özünüz də görəcəksiniz.

 

- Mən onu görəndə artıq zaman faktoru da əlimizdən çıxacaq, bəy. Heç olmasa, eskiz formasında baş verənləri qoyun ortaya...

 

“Azərbaycan 300 minlə 300-ün arasında qalıb”

 

- Külli Azərbaycanda Azərbaycan iqtidarının 300 min təbliğat adamı var. Bunlar rəy adamlarıdır və bu adamların içərisində cəmiyyətin bütün təbəqəsindən olan nümayəndələr var. Bunlar hakimiyyətin dəstəkçisi kimi çıxış edirlər, ictimai rəy formalaşdırırlar cəmiyyətdə. Bizim müxalifətin də bəlli olan 300 adamı var. Onlar da Qərb institutları qarşısında fikir formalaşdırırlar ki, müxalifət kimdir, nə istəyir, kimə qrant vermək olar, kimə qrant vermək olmaz, kim daha yaxşı müxalifətçidir, kim daha yaxşı qərbçidir. Bax, beləcə, Azərbaycan cəmiyyəti 300 minlə 300-ün arasında qalıb. Bunun 300 mini iqtidarın, 300-ü də müxalifətindir. Biz bunu mütləq dəyişəcəyik...

 

- Məişət səviyyəsində deyil, qlobal miqyasda bu gün iqtidarın atdığı addımlar içərisində hansı addımlar konkret olaraq İqbal Ağazadəni qane etmir?

                                                                    

- Siz Azərbaycan kinolarına baxırsınız?

 

- Baxıram..

 

- “Uşaqlığın son gecəsi” filmində Davud deyir “yaz ki, uşaqlar yıxılıb ölürlər”. Deyir, “bəlkə yıxılıb əzilirlər” yazaq, deyir “yox, yıxılıb ölürlər yaz”. Niyə? Çünki Davud pilləkəni dəyişmək istəyir. Pilləkəni dəyişmək istədiyinə görə də daha sərt ifadə işlədir... Biz hakimiyyəti dəyişmək istəyirik, çünki iqtidar Azərbaycan problemlərini həll edə bilmir. Bu səbəbdən məni bu iqtidarın hakimiyyətdə olması qane etmir.

 

- Niyəsini deyin də, bəy.

 

- Deyim də. Əvvəla, dəyişmək şərtdir. Biz geyimimizi dəyişirik, evimizdə əşyaların yerini dəyişirik, gündəlik yeməyimizi dəyişirik. Bütün bunlar dəyişirsə, qos-qoca hakimiyyət nədən dəyişməməlidir? Avropada, dünyada inkişaf etmiş ölkələrə baxın. Hamısı 8-10 ildən bir dəyişən hakimiyyətlərdir. Kimlər geridə qalıb, kimlər dünyanın inkişaf tarixində axsayıb, ləngiyib, kimlər bu gün zəlil-zəkat içində yaşayırsa, bunlar dəyişməyən ölkələrdir.

Hərdən iqtidar nümayəndələri bizi qorxudurlar ki, İraq, Liviya dəyişməmişdən əvvəl sakit idi, dəyişəndən sonra xaos oldu. 8-10 ildən bir seçki yolu ilə dəyişiklik olsaydı, heç vaxt o ölkələrdə indiki vəziyyət olmazdı. Qəbul etmək lazımdır ki,  25-30 il dəyişməyəndən sonra vəziyyət bu hala gəlib çatıb. O dəyişmədiyinə görə belə oldu. Gərək dəyişəsən. Lap tutaq ki, hakimiyyət düşünsün ki, İqbal Ağazadə bizi istəmədiyindən, özü hakimiyyətə gəlsin deyə belə danışır. Onda papağını qoysun qabağına fikirləşsin: Görəsən dəyişməyən ölkələrdə vəziyyət necə olur? Biz istəyirik ki, iqtidarı da bu problemdən qurtaraq. Vallahi-billahi, o dəyişmələr olmayacağı təqdirdə problemin çoxunu elə o iqtidarda olanlar yaşayacaq. Biz istəyirik ki, onlar da normal dəyişmələr mərhələsinə qədəm qoysunlar. Beş ildən sonra yenə ver də namizədliyini..

 

- O dəyişmələr dediyiniz məsələyə münasibətdə bu gün Azərbaycan cəmiyyətində fərqli çağırışlar var. Birini elə siz vurğuladınız ki, qorxu sindromu yaradılır, başqa bir qisim radikallar var ki, hansısa inqilabi çağırışlarda bulunurlar. Bir qisim var ki, elə indiki durumu daha optimal variant kimi ortaya qoyub, müdafiə edirlər. Ümid Partiyasının sədri bu çağırışlardan hansını məqbul variant kimi dəyərləndirir?

 

- İnqilab son çarədir, araşdırmaq lazımdır ki, insanlar niyə inqilaba çağırır...

 

- Niyə çağırırlar, nələri çatışmır bu insanların?

 

- Ona görə çağırırlar ki, bu insanların hər şeydən əlləri üzülüb. Hər şeydən ümidləri kəsilib. Cinayətkar da bəzən o halda cinayət törədir ki, artıq başqa əlacı qalmır. İnqilab da belə bir şeydir. Başqa yol qalmır, başqa yol qoymurlar. Mən arzu etməzdim ki, inqilab Azərbaycan cəmiyyətinin son yolu olsun, heç arzu etməzdim...

 

 “Dəyişmənin ən ideal yolu seçkidir”

 

- Sizə görə dəyişmənin ideal yolu hansıdlr?

 

- Mənə görə dəyişmənin ən ideal yolu seçkidir. Mənə görə bu hakimiyyət mütləq dəyişməlidir. Təkcə Azərbaycan xalqı üçün deyil, həm də özü üçün. Hər kəs gəlməyi bacardığı kimi, getməyi də bacarmalıdır. Nədən Azərbaycan iqtidarı gedəndə növbəti prezidentin yanında indiki prezident dayanmamalıdır!? Nədən bu adamlar Azərbaycanın problemlərinə birlikdə yanaşmamalıdırlar!? Bizim elə alnımıza yazılıb ki, prezidentlərimizin hamısı bir-biriylə düşmən olmalıdır!? Elə hökmən hakimiyyətlər dəyişəndə qan tökülməlidir, hamı bir-birindən qisas almalıdır, o bunu qovmalıdır, bu başqa ölkəyə qaçmalıdır?!.

 

- Niyə elə deyirsiniz ki? Rəhmətlik Elçibəy hakimiyyəti idarəolunmaz hala gələndə rəhmətlik Heydər Əliyev paytaxt Bakıya dəvət edilib. Heydər Əliyev də gəlib, hətta öpüşüb ayrılmalarıyla bağlı kadrlar da var...

 

- Bax, həmin Kələki hadisələrindən sonra görüşüb ayrılmayıblar...

 

- Görüşüb ayrılmayıblar, kadrlardan da görünür ki, çox səmimi bir şəkildə öpüşüb ayrılıblar..

 

- Yox, yanlışsınız...

 

- Nə yanlışlıq, İqbal bəy? Hətta rəhmətlik Elçibəy xəstə olanda belə prezident təyyarəsilə Türkiyəyə yola salınmadımı? Bu, arzuladığınız nümunələr kateqoriyasından deyilmi?

 

- Bir dəqiqə, dinləyin. Mən öləndə məni zər-zibada basdırmağa heç bir ehtiyac yoxdur. Həmin Əbülfəz Elçibəy 1993-cü ildən 1997-ci ilə qədər Kələkidə sürgün həyatı yaşayıb. Nə Kələkidə adamların yanına gedə bilməyib, nə də o adam Bakıya gələ bilməyib. Mütəllibov da bu gün Bakıdadır. Amma Mütəllibovla bağlı dünənə kimi neçə dəfə cinayət işi qaldırılıb? Adamı bütün növ məhrumiyyətlərlə üz-üzə qoyandan sonra “hə, buyur gəl” demək nəyə lazımdır? Mən də deyirəm ki, hər şey əvvəldən yaxşı münasibətlər sistemində olsun. Nədən olmasın ki? Nədən birini xəyanətdə, birini vətəni satmaqda, birini hakimiyyəti qəsb etməkdə ittiham edək. Biz də deyirik ki, bu olmasın. Növbəti demokratik seçkidə namizədliyini versin, bəlkə qazanacaq elə. Qoy cəmiyyət də alışsın ki, onun problemlərini həll edə bilməyən adamı dəyişmək mümkündür. Cəmiyyət yeni düşüncə, yeni təfəkkür tərzinə keçsin...

 

- Məgər indi cəmiyyətdə o dediyiniz yeni təfəkkür tərzi yoxdur ki?

 

- İndi o var ki, hakmiyyət bütün dəyişikliklərin yolunu qapatmış kimi görünür. Adamlar fikirləşir ki, bunları seçkiylə yola salmaq mümkün deyil. Seçkilər saxtalaşdırılır. Hətta bələdiyyə, parlament seçkilərində hakimiyyət “udur”. Belə olan halda xalq da deyir ki, tək yolum inqilaba qalıb, mənə başqa yol saxlamayıblar.

 

- Demək İqbal Ağazadə sabah hakimiyyətə gələndə heç kimi cəzalandırmayacaq, insanları bu vaxta qədər etdikləri yanlışlara görə bağışlayacaq, böyük bir amnistiya verəcək, eləmi?

 

- Azərbaycan qanunlarını pozmayan kimsə....

 

- Mən bunu ictimai münasibətlər fonunda deyirəm.

 

- Mən də ictimai münasibətlər fonunda deyirəm ki, kimsə bu ölkədə cəzalanmayacaq.

 

- Bu gün müxalifətin daha çox tənqid etdiyi Siyavuş Novruzovu necə mükafatlandıracaqsınız?

 

- Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında qalacaqsa, ona şərait yaradacağıq ki, bu partiyada qalsın...

 

- Onda Siyavuş bəyin hakimiyyətdə təmsil olunma şansı olmayacaq?

 

- Yox..

 

- Niyə?

 

- Biz başqa komandayıq, Siyavuş Novruzov başqa komanda..

 

- Aha, deməli, siz fərdləri potensialına görə deyil, siyasi baxışlarına görə qiymətləndirəcəksiniz, eləmi?

 

- Mən Siyavuş Novruzovun potensialını yaxşı bilirəm, ondan yaxşı müxalifətçi olar.

 

- Bir anlığa təsəvvür edək ki, İqbal Ağazadə ölkənin birinci şəxsi, Ali Baş Komandandır. Mənə maraqlıdır, belə olan halda İqbal bəyin imzalayacağı ilk fərman hansı olacaq?

 

- Konstitusiya dəyişiklikləriylə bağlı referenduma gedəcəyik. İlk fərman bu olacaq...

 

- Konstitusiyamızda sizi qane etməyən məqamlar hansılardır ki?

 

- Birinci şərt kimi prezidentin 2 müddətdən, həm də 5 ildən artıq olmayaraq görəvdə qalması olacaq. Hər kəs biləcək ki, 2 müddətdən artıq heç kim prezident seçilə bilməyəcək. Bunu xalqın müzakirəsinə çıxaracağıq.

 

- Bəs Qarabağ probleminin həlliylə bağlı ilk atacağınız addım nə olacaq?

 

- Qarabağı azad edəcəyik.

 

- Hüquqi müstəvidə?

 

- Bütün müstəvilərdə Qarabağ problemini həll edib, əzəli torpaqlarımızı erməni işğalçılarından azad edəcəyik. O yurd yerlərimizdə Azərbaycan bayrağı dalğalanacaq və siz ora bir jurnalist kimi səfər edəcəksiniz.

 

- Elə olan halda bəy, biz ora jurnalist kimi deyil torpaqlarımızın azadlığı uğrunda döyüşçü olaraq yollanacağıq. Döyüşçü missiyamızı başa vurduqdan sonra haqqımızı tanımayan və tanımaq istəməyən dünya birliyinə döyüşdə şimşək kimi çaxan Azərbaycan Əsgərinin obrazını təqdim etmək üçün siz deyən formatda qələmə və sözə sarılacağıq.

 

- İnşəAllah.

 

- İqbal bəy, elə bu yaxınlarda siz Qarabağ probleminin həlli istiqamətində partizan müharibəsi modelinə münasibətdə dəyərli fikirlər səsləndirmişdiniz..

 

- Mən o fikirlərimdə olduğu kimi indi də bəyan edirəm ki, partizan müharibəsinin əleyhinəyəm. Mən diversiya qruplarının fəaliyyətindən danışmışdım. Çünki partizan müharibəsi mümkün deyil.

 

- Nə mənada?

 

- Partizan müharibəsi o mənada mümkün deyil ki, insanlar orada yaşamır. Partizan müharibəsinin fəlsəfəsi odur ki, gündüz öz işləriylə məşğul olur, gecələr partizan müharibəsi aparır. Bütün ərazilərimiz boyu orada bir insanımız yaşamır, hansı partizanlıqdan danışmaq olar?! Biz Qarabağı çox qısa bir zamanda azad edəcəyik, indi bizə Qarabağ lazımdır, onun uğrunda aparılacaq mübarizə formatı  yox. Və bu, çox qısa bir zamanda baş verəcək və atılacaq addım da situasiyadan asılı olacaq. Bir də görəcəksiniz ki, Azərbaycan bayrağı Laçında, Şuşada, Kəlbəcərdə dalğalanır...

 

- İnşəAllah. Amma situasiyadan danışırsınız. Situasiyanın mövcudluğu 27 ildir ki, bəllidir də...

 

- Əzizim, o situasiya mən olmayan situasiyadır. Mən olduğum situasiya bir başqa olacaq...

 

- Dilqəmgil o situasiyanı dərhal qiymətləndirib heç bir təmas xətti tanımadan, heç bir düşmən gücünü nəzərə almadan, hətta ölümün özünü belə adlayıb çaqıl daşlı çayları da basıb keçdilər. Amma İqbal Ağazadə üstündən 27 il ötüb, hələ də situasiyanın qiymətləndirilməsindən danışır. Nə qərar verirsiniz, indi?

 

- Müxalifət olaraq?..

 

- Bəli...

 

- İndi müxalifət olaraq hakimiyyətə gəlməliyəm ki, Qarabağı azad edim. Ordu mənim deyil, qərar mənim deyil, sərəncam mənim deyil, indi necə azad edə bilərəm Qarabağı? Mən hakimiyyətə gəlməliyəm ki, bütün bunları edə bilim...

 

“Mənim fərdi haqqım vətənimin haqqından böyük ola bilməz”

 

- Demək Qarabağın azadlığı sizin hakimiyyətə gəlişinizdən keçir?

 

- Mən hakimiyyətə gəlməsəm, bu, necə mümkündür ki? Mən hakimiyyətə gəlməmiş imkanlarımı, iddialarımı, istəklərimi necə səfərbər edib ortaya qoya bilərəm?

 

- Siz imkanlarınızı səfərbər edəndə 27 ildir ki, haqqı tapdanan döyüşçü sizinlə bir yerdə olacaqmı?

 

- (bir az susur)..Çətin sualdır. Amma Vətən üçün harada məsləhət bilsələr, orada dayanmağa hazıram.

 

- Bütün haqlarınız tapdansa belə..

 

- Nə olsa belə. Vətəndən böyük haqmı var? Mənim fərdi haqqım Vətənimin haqqından böyük ola bilməz.

 

- İqbal bəy, öncə hansı olmalıdır: vətəndaş dövlətinə sahib çıxmalıdır, yoxsa dövlət vətəndaşına?

 

- Bu bir az belə toyuq-yumurta məsələsini daha çox xatırladır...

 

- Hər halda qayğanağın dadını bilirik axı..

 

- Qayğanağın dadını bilmək üçün onun əvvəl, ya da sonra olmasını bilməyə ehtiyac yoxdu. Amma dövlət, vətəndaş vahid orqanizmdir. Onu bir-birindən ayırmaq düzgün deyil. Dövlət baba olmalıdır, vətəndaş da övlad. Dövlət babalığını etməlidir ki, vətəndaş da övlad olmalıdır. Naxələf övladları babalar necə cəzalandırırsa, elə də cəzalandırmalıdır.

 

- Bu 27 ildə İqbal Ağazadə haqqı tapdanan döyüşçülərlə heç “salam-aleykum”da olub?

 

- (bir az susandan sonra çox təəssüf və ironiya ilə bildirir)... Yooox, heç onları görməmişəm belə!!! Ya, İgid bəy, gəldiyiniz ünvanı heçmi xatırlamırsınız ki, hara gəlmisiniz?! Bu ölkədə o döyüşçülərə kimsə bir otaq verməyəndə, bir adam qapısını açmayanda onlar illərdir ki, mənimlə bir yerdədirlər. İllərdir ki, bu pilləkənə ayağı, əli, gözü olmayan insanlar mənimlə eyni gündə, eyni saatda qalxıb gəlmirlərmi!? Baş qazimiz Etimad Əsədov uzun illər idi ki, burada deyildimi!? Bu gün də bizim otaqlardan onun qoxusu gəlir. Necə o sualı mənə verirsiniz..?

 

- Allah Etimad bəyə rəhmət eləsin. Allah sizə də cansağlığı versin ki, belə humanist davranışlarınız olub. Və elə bütün bunların fonunda bilmək istəyirəm. İqbal bəy, elə Etimad Əsədov kimi Vətən sevdalı oğlanların cəm olduğu 713 nömrəli hərbi hissə olub. O hərbi hissənin əsgərləri, hərbi hissənin keçdiyi döyüş yoluyla bağlı hansı bilgiyə sahibsiniz?

 

- 713 saylı?

 

- Bəli..

 

-Bəlkə nəyisə desəniz, xatırlayaram.

 

- Bu hərbi hissə ilə bağlı nəsə yox, çox şey deyə bilərəm, bəy. Öncə deyim ki, nədən fikrimi “salam-aleykum” məsələsi üzərində qurmağa yönəltdim. Çünki söhbət burada cəmiyyətin hansısa sıravi bir üzvündən getmir. Söhbət 15 il millət vəkili statusuyla fəaliyyət göstərən insandan, söhbət cəmiyyətdə kifayət qədər çəkisi olan bir müxalifət partiyasının sədrindən, söhbət Azərbaycanın ictimai-siyasi sfersında özünün sözü, sözünün çəkisi olan siyasətçidən, 54 siyasi partiya rəhbərləri arasında yeganə Qarabağ Qazisi olan bir döyüşçüdən gedir. Ona görə sualı bu tərzdə sizə ünvanladım...

 

- Mən də sizə gəldiyiniz ünvanı xatırlatdım...

 

- İndi mən də sizə haqqında bilmədiyiniz, salam vermədiyiniz hərbi hissə haqqında həqiqətləri xatırladacam, bəy...

 

- Buyurun..

 

- Laçın rayonunun mərkəzinə qədər gedib çıxan, Laçın rayonunun 40-dan artıq kəndini azad edən, Ağdərənin 2 kəndini azad edən, 36 Şəhid verən 50-dən artıq yaralısı olan, erməninin iki batalyonunu Hoçaz yüksəkliyində bircə həmlə ilə məhv edən, neçə-neçə tankını, digər texnikasını ələ keçirən, onlarla erməni əsirini götürüb hərbi rəhbərliyə təhvil verən, strateji əhəmiyyətli Hoçaz yüksəkliyini götürəcəyi təqdirdə....

 

- Zaur Rzayevi nəzərdə tutursunuz?...

 

- ...Strateji əhəmiyyətli Hoçaz yüksəkliyini götürəcəyi təqdirdə Ermənistanın prezidenti olacağı vəd edilən, sovet ordusunun peşəkar zabiri Yuri Kasparyanı döyüşə atıldığı andaca elə təpəsinə gülləni vurub sonsuz və sərsəm iddialarının qan çanağında boğan möhtəşəm 713 nömrəli hərbi hissənin döyüşçülərindən söhbət gedir...

 

- Komandiri kim olub, hərbi hissənin nömrəsini bilməyə bilərəm...

 

- ...Və yuxarıda sadaladığım müsbət keyfiyyətlərə malik İqbal Ağazadə də Etimad Əsədov timsallı bu Vətən fədailəri haqqında heç bir məlumata malik deyil, heç biriylə də bircə “salam-aleykum”da bulunmayıb!?

 

- Komandiri kim olub, deyin, bəlkə mən komandirini tanıyıram...

 

- ...Və bu, o hərbi hissədir ki, üstündən 27 il keçsə də, hələ də haqqı tam tanınmayıb...

 

- Komandirini de...

 

- ...Tapdanan döyüşçü haqqına münasibətdə ictimai-siyasi kəs olaraq susmusunuz, millət vəkili olaraq susmusunuz, aparıcı müxalifət partiyasının sədri olaraq susmusunuz, prezidentliyə namizəd olaraq susmusuniz, Qarabağ Qazisi olaraq susmusunuz....

 

- Bir dəqiqə, bir dəqiqə. Xahiş edirəm, ittiham etməyin. Fərz edək ki, mən həkiməm, siz də evinizdə yatan xəstə. Mən haradan bilim ki, sizin probleminiz var, haranız ağrıyır?...

 

- Bəs bayaq deyirdiniz ki, cəmiyyət bir orqanizmdir. Orqanizmimizin ağrıyan yerini necə bilməmisiniz?

 

- Siz əvvəlcə bir mənə müraciət edin ki, mən də sizin dərdinizi bilim. O döyüşçülərdən kim belə müraciətdə bulunub?

 

- Amma o döyüşlərin, o döyüşçülərin haqqında yazılar gedib? Rəhmətlik Əbülfəz Elçibəylə rəhmətlik Heydər Əliyev arasında belə bir söhbət olub...

 

- Mən orada olmamışam...

 

- Heç mən də olmamışam, bəy. Bunu rəhmətlik Heydər Əliyev o zaman televiziya ilə canlı olaraq yayımlanan Milli Məclisin iclaslarından birində söyləyirdi. Deyirdi ki, mən Elçibəydən “sənin xəbərin var ki, filan yerdə filan hadisə baş verib” soruşanda belə cavab verirdi: “Buna görə cavabdeh şəxslər var, mənim niyə xəbərim olmalıdır”. Deyirdim bəs sən necə prezidentsən ki, ətrafda baş verənlərdən xəbərin olmur. Belə olan halda Elçibəy mənə xitabən “hə, lap xəbərim var idi, mənmi cavab verməliyəm baş verənlərə görə?”. Mən də deyirdim ki, sən necə prezidentsən ki, bir hadisə haqqında xəbərin ola-ola heç bir tədbir görmürsən?

..İndi, dəyərli İqbal bəy, əgər sizin kimi bir insanın bu hərbi hissədən xəbəriniz olmayıbsa, onda yerdə qalan qayğanaq dadını bilənlərdən heç inciməyinə dəyməz ki....

 

- İgid bəy, mən müdafiə naziri deyiləm, mən sosial təminat naziri deyiləm, mən arxiv müdiri də deyiləm. Mən mənə olan müraciətlərlə bağlı bilgili ola bilərəm....

Mən sizdən neçə dəfədir ki, soruşuram, komandir kim olub, mən bəlkə hərbi hissəni nömrəsilə yox, komandiriylə tanıyıram. Amma siz elə yapışmısınız ki, 713. Mən 713-ü tanımıram da. Mənim heç özüm olduğum batalyonun da nömrəsi yadımda deyil...

 

- Bu, həmin 713-dür ki, Rəhim Qazıyev də onu tanımadı!. Bu, həmin 713-dür ki, Laçın özünümüdafiə batalyonunun komandiri olmuş Arif Paşa da bunu tanımadı! Qaldı ki, komandirə... 713 nömrəli hərbi hissənin komandiri sözünü Bakıda deyil, döyüş meydanlarında deyən rəhmətlik Süleyman Əhmədov idi. Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə də qəhrəmancasına həlak olub. Tanıyırsınızmı?

 

- Tanımıram...

 

- Zaur Rzayevin komandiri olduğu 701 saylı briqadanın tərkibində olan 713 nömrəli hərbi hissə.

 

- Zaur Rzayevi tanıyırdım..

 

- Hərbi hissənin komandiri o idi, hərbi hissənin qərargah rəisi də indi AVMVİB sədri olan Füzuli Rzaquliyev....

 

“Güclü olmayacaqsan, hər kəs səndən öz maraqları üçün istifadə edəcək”

 

- İqbal bəy, çoxları o iddiadadı ki, Amerika idealizmi 250 ildir ki, günəş kimi parlayır. Siz də bu qənaətdəsiniz?

 

- Amerika dövləti yaranışından bu günə kimi bir şüar üçün çağırış edir, bir şüar üçün mübarizə aparır...

 

- Hansı şüardır o?

 

- O şüar “hər şey Amerika üçün”dür. Amerika insanı gözəl yaşayır, ölkə içində demokratiya var. Hə, indi kimsə fikirləşirsə ki, Amerika bizim üçün də mübarizə aparmalıdır, yanılır. Amerika öz maraqlarını fərqli şəkildə qorumalıdır. Onda yanılır. Bəzən deyirlər ki, Amerika getdi İraqda belə etdi. Biz bilmirik ki, Amerikanın İraqda maraqları nə idi, nə götürə bilərdi. Güclü olacaqsan, hesablaşacaqlar, güclü olmayacaqsan, hər kəs səndən öz maraqları üçün istifadə edəcək.

 

- Çoxmu istəyirsiniz millətimizi?

 

- Hər şeyimdən keçəcək qədər.

 

- Rusiyanın gömrük xidməti tərəfindən geri qaytarılan Azərbaycana məxsus “insan sağlamlığına zərərli olan kənd təsərrüfatı məhsulları” sonradan hara yönləndirilir, heç maraqlandınızmı?

 

- Bilirəm. Bir dəfə bununla bağlı danışmışam da. Onların çoxu heç də iddia olunduğu kimi heç də zərərli məhsullar da deyillər. Burasını da mən deyim, siz biləsiniz. Bazarda olan ayrı-ayrı iş adamlarının bazara nəzarəti əldə saxlamaq üçün Rusiya gömrük xidmətiylə oynadığı oyunlardır.

 

- İqbal Ağazadə üçün səngər anlamı nədir?

 

- Səngər mübarizənin hər yerində var....

 

- Dövlətçilik maraqları prizmasında...

 

- Mənim üçün dövlətimin səngəri yoxdur. Mənim üçün dövlətimin səngərinin qazılacağı yer var. Ora çox uzaqdır və ora gedəcəyik.

 

- Səngərdən qaçanlarımız çoxdumu?

 

- Var. Azərbaycan siyasətçilərinin böyük hissəsi səngərdən qaçıb. Elə ona görə də Qarabağ işğal olunub.

 

- İqbal bəy, dərdlərimizin fonunda səbirsiz olacaq qədər cəsarətə, cəsur olacaq qədər səbrə yiyələnə bilmişikmi?

 

- Mən toplum adından qərar verə bilmərəm..

 

- Öyləsə, siz özünüzdən danışın..

 

- Mən fərd olaraq çalışıram ki, prinsip və dəyərləri bu millət, bu xalq üçün lazım olacaq addımları atacaq qədər qoruya bilim.

 

- Bayaq real situasiyaya uyğun olaraq atılacaq addımların vacibliyindən danışdınız. Necə bilirsiniz, Keşikçidağda real situasiyaya uyğun addım atılmışdı, yoxsa bu, bir rüsvayçılıq idi? Bu, Azərbaycanın, Azərbaycan Əsgərinin aşağılanması idi?

 

- Bu, rüsvayçılıq idi. Lakin bu rüsvayçılıqdan Dövlət Sərhəd Xidməti dərhal xilas olmanın yollarını aramalı idi. Baş verən insident dövlətin əleyhinə işləməsin deyə, baş verən insidentə görə vətəndaşların kini, qəzəbi, nifrəti və başqa dövlətlərin bundan istifadə halları güclənməsin deyə dərhal DSX bildirməliydi ki, biz Keşikçidağda baş verən hadisənin provakasiya olduğunu bilərək məsuliyyəti öz üzərimizə götürdük və əsgərimizə silahı təhvil verməyə qədər addım atmağı rəva gördük. Məsuliyyət bizim idi, çünki gerisini bilirdik. Yoxsa mənasız-mənasız mövqelər ifadə etdilər. Azərbaycan Əsgərini kiçiltdilər, psixoloji baxımdan durumumuz pis bir vəziyyətə düşdü. Bu məsələdə ciddi yanlışlığa yol verilməsi etiraf edilməli idi...

 

- "Dövlət müdafiəsi haqqında" ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi Qanunda sərhəddi pozan mülki təyyarəni vurmaq qadağan edilir. Bunun bizə nə aidiyyatı var ki, sizə Ümid kimi, Ümidə də sabahın partiyası kimi baxanlar bərk əndişələniblər?

 

- Həmin qanunun müəllifləri ermənipərəst senatorlardır. Və bu, məhz Qarabağ üçün nəzərdə tutulmuş dəyişiklikdir. Və onu da çox rahatca ifadə edirlər ki, Xankəndinə uçan təyyarələr heç bir halda vurula bilməz...

 

- Deyirsiniz ki, "Qarabağda düşmən tərəfindən tikilən evlər dərhal bombalanmalıdır". Məgər bu iqtidarın strateqləri İqbal Ağazadənin dediklərini düşünmək və dərk etmək səviyyəsində deyillər ki, bu səpkidə də çıxış etmirlər?

 

- Əndrəbadi sualdır...

 

- Əndrəbadi sual deyil, lap gözəl sualdır.

 

- Siz bu sualla onlara müraciət edin....

 

- Sizin düşüncənizə görə...

 

- Sualı onlara ünvanlayın...

 

- Paralellər aparanda şahidi oluruq ki, bizimkilərlə müqayisədə xaricdə yaşayan ermənilər daha çox öz dövlətlərinin maraqlarından çıxış edirlər. Bizimkilərsə hakimiyyətin ünvanına deyingən qarı kimi elə hey qarğış etməkdədirlər. Bu bizik, biz deyilik?

 

“Mühacirləri buradan cəlayi-vətən edən Azərbaycan iqtidarıdır”

 

- Bilirsiniz, bizim Avropada yaşayan mühacirlərimizin bəlli bir kəsimi müasir Azərbaycan iqtidarının bu cür idarəetməsinin nəticəsində mühacir edib ora köçənlərdir. Bu adamları hansı əsaslarla mühacir ediblərsə, elə o əsaslara da iqtidara qarşı çıxış edirlər. Mən inanıram ki, müəyyən bir zaman keçəndən sonra bu mühacirlər ölkəyə qayıtmasalar və orada yaşayası olsalar, onlar da artıq iqtidarı söyən yox, Azərbaycan dövlətini müdafiə edən mühacirlər olacaqlar. Amma indiki zamanda onların da mövqeyinin haqlı tərəfləri var. Çünki onları da cəlayi-vətən edən, onları da buradan getməyə məcbur edən Azərbaycan iqtidarıdır. Ona görə də bu adamlar həmin ritorikanı seçirlər. Yanlışdır, səhvdir, mən bununla bağlı dəfələrlə demişəm. Amma hər halda müasir dövrdə yaşadıqları mühacirlik həyatının məhz bu iqtidarla bağlı olduğuna görə fikirlərini də bu cür ifadə edirlər - bəzən sərt,bəzən qeyri-etik...

 

- Osman Mirzəyev Ayaz Mütəllibov hakimiyyətini mədh edən şəbəkə mətbuatının nümayəndəsi olub. Bu necə olur, Mütəllibov hakimiyyəti bütövlükdə topa tutulur, amma o hakimiyyəti mədh edən şəbəkə mətbuatının nümayəndələrindən qəhrəman obrazı yaradılır. Sizcə belə yanaşma normaldırmı?

 

- Mən dünyasını dəyişənlər barədə fikir yürüdə bilmərəm....

 

- Cəmiyyətdə baş verənlərin sizlərə aidiyyatı yoxdur?

 

- Əzizim, mənim cəmiyyət anlayışım o məsələlərdən çox-çox yuxarıda dayanır. Bütün bunlar epizodik məsələlərdir....

 

- Azərbaycanda bunca beynəlxalq tədbirlər və bunca beynəlxalq yarışlar keçirilib. Heç şübhəsiz ki, bütün bunlar nəyəsə hesablanıb. Bu kontekstdə itirdiklərimiz çoxdur, yoxsa qazandıqlarımız?

 

- Hər bir hadisənin pozitiv və neqativ tərəfləri var. Bu gün dediyiniz tədbirlərin, yarışların pozitiv və neqativ tərəflərini hesablamaq çətindir. Hə, elə tədbirlər var ki, ona maliyyə resursları olduqca çox xərclənilib, dövlət büdcəsinə ziyan olub, bundansa əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində addımların atılması daha yaxşı olardı. Elə tədbirlər var ki, onları fərqli şəkildə həyata keçirmək mümkün olardı. Amma belə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın xeyrinədir, ziyanına deyil. Sadəcə, belə tədbirlər keçiriləndə maliyyə imkanları nəzərə alınmalı, şəffaflıq və dürüstlük təmin edilməlidir. Yoxsa, kimsə elə istədiyi tədbiri gətirib Azərbaycanda keçirir və onun da maliyyəsi xalqın cibindən, büdcədən oğurlanaraq on qat, on beş qat bahasına həllini tapırsa, bu, çox yanlış bir siyasətdir. Və buna görə də hər kəs cavab verməyi bacarmalıdır...

 

- Keçmiş döyüşçülər “biz bu gün nə edə bilərik ki, ermənidən alınacaq qisasın iştirakçısı olaq?” deyə sual edirlər.. Buyurun, siyasət meydanının komutanı, nə cavab verək?

 

- Müharibə edəcəyik...

 

- Nə vaxt, mən qocalıb əlimə əsa götürəndə?...

 

- İcazə verin, deyim. İstər kütləvi informasiya vasitəsi kimi təbliğat müharibəsinin aparılması, istərsə də gerçək savaş meydanı olsun – bu müharibə davam edir və mütləq olacaq da. O zaman hansı cəbhədə lazım olarsa, orada da vuruşarsınız....

 

- Qocalandan sonra?

 

- Qocalandan sonra. Siz elə bilirsiniz ki, qocalandan sonra vətəndaşlıqdan çıxırsınız...

 

- Vətəndaşlıqdan çıxmıram, amma illərin ağrısı, acısı adamı adamlıqdan çıxarır, bütün fiziki imkanlar tükənir...

 

- Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməm üçün siz də yardımçı olun. Birləşin, yığışın, gəlin Ümid Partiyasına. Hərəniz bir görəv üstlənin, hərəniz bir vəzifə tutun, kömək edin, gələk. Gələk ki, Azərbaycan xalqının mənafe və mövqelərini müdafiə edən bir hakimiyyət formalaşsın...

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları