15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

11:56 24-08-2019 | icon 1878 | Şəhidlər və şahidlər
15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

Şəhidlərimizin ruhu o zaman sakitlik tapacaq ki…

 

Cəbrayılın işğalından 26 il ötür. Bu torpağın düşmənə əsir düşməməsi üçün son damla qanına qədər mübarizə aparan və elə o torpağın bağrında uyuyan, yurdu kimi məzarı da işğalda qalan çox kiçik - cəmi 11 yaşında olan, yurd sevgisi ilə uşaqlıqdan kişilik məktəbi yaratmış balaca qəhrəman haqqında danışmaq istəyirəm. Səngərlərdə yurd uğrunda hayqıran, ölməyə hər dəqiqə hazır olan bir oğul haqqında... Samir Tiqana haqqında...

 

Qaracallı Qədirin yeganə oğlu Samir. Hamı onu Tiqana çağırırdı. Saçının, qaş-gözünün zil qaralığı, qarabuğdayı çöhrəsi onu "Tiqana" (Fransa futbolçusuna bənzədiyinə görə Samiri belə adlandırırdılar). Qəhrəmanlar üçün dünyanın bir qapısı olur. Onlar dünyaya gəlir, ancaq getmirlər. Qəhrəmanlıq elə bir yüksək zirvədir ki, o zirvəyə ucalmaq üçün gərək bəşəriyyətin, tarixin və ən əsası məxsus olduğu millətin , xalqın , millətin sınağından mərdanəliklə çıxasan. Bu gün hamı kimi dünyaya gələn körpənin sabah igid olacağını heç kim bilmir. Qəhrəmanı mühit yetişdirir, zaman ərsəyə gətirir, xalq yaşadır, sevir və əfsanələşdirir.

 

Samir də belə əfsanələşən qəhrəmanlardandır. Ali məktəbdə oxuduğum illərdə bu balaca igidin qəhrəmanlığı haqqında çox oxumuşdum. Və onun haqqında nə vaxtsa öz anasının dilindən qəhrəmanlıq tarixi eşitməyi heç zaman fikirləşməmişdim. "Oğlum 15 illik ömrünün 5 ilini rayonumuzun müxtəlif kəndlərində erməni işğalçıları ilə gedən ölüm - dirim savaşının ən qaynar nöqtələrində olub. "Əliyev Samir Qədir oğlu 1977 - ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olmuşdu. Onu 80-ci illərin əfsanəvi futbolçusu, nəhəng sıçrayışlı Jan Tiqanın adıyla çağırırdılar. Döyüşçü dostları üçün Samir Tiqana idi. Çevik, qaynar enerjili görkəmə, güllə yağışı altında ölüm xofuna qalıb gələ bilmək kimi ifadə sahibi olan bir yeniyetmə. Tiqana Cəbrayıl rayonu ərazisində yerləşən "Günəşli", "Quşçular", "Banazur-1", "Banazur -2", "Sur", "Şirik", "Zamzur", "Qazanzəmi", "Qızılqaya" və "Daşbaşı" postlarında hərbçilərlə və polis əməkdaşları ilə ən gərgin döyüşlərdə vuruşmuş, düşmənlə ölüm-dirim savaşında cəbhə yoldaşlarının istər su, istərsə də güllə sarıdan korluq çəkməyə qoymamışdı. Həmin illərin qəzetlərindən götürdüyüm nümunələr:

"Polkovnik Heydər Əliyev onun haqqında deyirdi - Bu ağır döyüşlər zamanı aramızda balaca Tiqananı görərkən, ölümü ağlımıza gətirməyi belə özümüzə ar bilirdik. Əgər mənim Tiqana kimi 200 əsgərim olsaydı, Qarabağ torpağından ən sonuncu erməninin ayağını üzərdim" ("İlham çeşməsi" qəzeti 15 may 2013 ) Tiqana - Samir düşmən arxasına "gedər-gəlməz" xarakterli kəşfiyyatlara gedir, eyni zamanda döyüşlərin ən kəskin məqamında güllə yağışları altında sürünə-sürünə patron, silah-sursatı döyüş meydanlarına əsgərlərə vaxtında çatdırırdı. Tiqana mərmi, silah və texnikalarlarla da səlis davrana bilirdi. "Bir dəfə Tiqana Teymurovun qrupu ilə düşmən arxasına kəşfiyyata çıxarkən, gecə ermənilərin postda yatdığını görüb raket qurğularının məftilini və silahlarını yığışdırıb geri qayıdır. Səhər bizimkilər ermənini geri oturda bilirlər" ("Xudafərin" qəzeti 25 yanvar 1999- cu il). Tiqana dağlara, dağ yollarına yaxşı bələd olduğundan tez-tez düşmən arxasına keçir, məlumatlar toplayır, bəzən də yolları minalayardı. "Gizli yolla Hadruta gedən Tiqana orada rus əsgərlərinin döyüşə hazırlaşdığını görür. Gəlib bu barədə komandanlığa məlumat verir. Qayıdarkən bir neçə at da gətirir.." ( Açıq söz" qəzeti 19 avqust 1994-cü il) Samirin - Tiqananın torpağa, yurda olan sevgisi onu taxta uşaq avtomatını odlu silahla əvəz etməyə sövq edir.

Tiqana Cəbrayıl ərazisinin dağ, meşə yollarını yaxşı tanıdığı üçün kəşfiyyatçılara bələdçilik edirdi. O, eyni zamanda, texniki vasitələrin olmadığı bir zamanda döyüşən əsgər və zabitlərin səhra poçtalyonu idi. Ailələrə, yaxınlarından xəbər tuta bilməyənlərə xəbər gətirib-aparırdı...

Tiqana hərdən evlərinə gedir, valideynləri və bacıları ilə görüşürdü. Bacılarının xatırlamasına görə, hər dəfə Samir gələndə Vətən meşələrinin gözəl ətirli gül-çiçəklərindən onlar üçün gətirərmiş. Hətta, döyüş yoldaşları Samirin daha çox gül-çiçək topladığı Günəşlidə olan kiçik bir meşəni "Tiqana meşəsi" adlandırırdılar.

 

Düşmən tərəfindən işğal olunmuş Cəbrayılın ayrı-ayrı kəndlərin azad olunmasında Tiqananın əvəzsiz xidmətləri var idi. "Şişqaya Hadruta gedən yolun açarı idi. Ermənilər zəbt etmiş olduqları bu postu saxlamaq üçün var qüvvələri ilə döyüşürdülər. Bu zaman Tiqananın göstərdiyi igidlik nəticəsində bizimkilər uğur qazana bildilər. Cəbrayıl polisləri və özünü müdafiə dəstələri onun gətirdiyi silah-sursat sayəsində erməniləri geri oturda bildilər" ("Yeni dünya" qəzeti 18 avqust 1996-cı il).

 

Əsgərlərimizin göstərdiyi əzmkarlığa rəğmən döyüşlər gündən-günə qızışırdı. Düşmən getdikcə daha da quduzlaşır, kəndlərə hücum edərək, camaatı vahimədə saxlayırdılar. Yavaş-yavaş kəndlər boşalır, camaat Arazboyu kəndlərə istiqamət alırdılar. Tiqananın bu gedişə balaca ürəyi dözmür, gedənlərin qarşısını kəsərək, onları kəndlərini qoyub getməməyə səsləyirdi.

Lakin, hər şey Azərbaycanın əleyhinə işləyirdi. Böyük qardaşına arxalanan düşmən, torpaqlarımızı işğal etməkdə irəliləyirdi...

 

1993-cü ilin avqust ayının 15-də Daşbaşıda gedən qanlı döyüş zamanı balaca ürəyində böyük Vətən yaşadan cəsur qəhrəmanın sinəsini düşmən gülləsi parçalayır. Samir Tiqana əbədi olaraq öz yurdunun qeyrət rəmzinə çevrilir.

"Bölük komandiri Əli Məcidov onun haqqında danışarkən gözləri dolur: ən çətin manevrlərdə qorxu hissinin nə olduğunu bilməyən, peşəkar döyüşçülərin belə cəsarət etmədiyi əməliyyatlara hamıdan öndə gedən Tiqananın ölümqabağı dediyi sözlər ürəyimi parçaladı: - "Məni ölməyə qoymayın" ("İlham çeşməsi" qəzeti 15 may 2013-cü il) Lakin, şəhidlər heç zaman ölmürlər. Onlar ölümsüzlük zirvəsinə yüksələrək, sevdiklərinə və onları sevənlərə göylərdən baxaraq gülümsəyirlər.

 

Bu gün Tiqananın döyüşdüyü o dağlarda, uyuduğu o məzarlıqda düşmən gəzsə də, ən müasir silahlarla silahlanmış Azərbaycan ordusunun düşmən tapdağı altında inləyən Vətən yarasına məlhəm olmağa gücü və qüvvəti çatır.

 

2016-cı ilin 4 günlük Aprel müharibəsi bunu bir daha sübut etdi. Samir Tiqanananın doğma torpağı olan Cəbrayıl yaxınlığında yerləşən Cocuq - Mərcanlıda bu gün insanların məskunlaşması, gündəlik həyatlarının davam etməsi, toy-nişan məclislərinin keçirilməsi Cəbrayılın və digər işğalda olan ərazilərimizin xilasının çox yaxın zamanda olması inamını daha da gücləndirir.

 

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamızın və yüzlərlə digər Şəhidlərimizin də ruhu Azərbaycan ordusunun qələbə bayrağını Xankəndinə sancacağı, ləyaqəti ayaqlar altına atılmış qız-gəlinimizin qisasını alacağı gün sakitlik tapacaq. O gün isə uzaqda deyil…

 

MEHRİBAN SADIQ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər