DADP bəyanat yayıb

22:09 30-03-2018 | icon 759 | Gündəm
DADP bəyanat yayıb

Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Versus.az-ın məlumatına görə, bəyanatda deyilir:

 

"Hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan Respublikasında faciəli tarix kimi rəsmən qeyd edilir. Bu il 31 Mart Soyqırımının 100 ili tamam olur.

Bildiyimiz kimi 2 əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş bu soyqırımı aktına uzun illər boyu heç bir siyasi-hüquqi qiymət verilməyib. Azərbaycanda XIX əsrin əvvəlindən başlayaraq xalqın kütləvi şəkildə həm çar Rusiyası, həm də erməni-daşnak quldurları tərəfindən müxtəlif işgəncələrə, basqılara məruz qalması və Azərbaycan torpaqlarının işğal edilməsi ilə müşayiət olunan bütün faciəli hadisələr tarixin yaddaşına həkk olunub. Lakin bu gün vaxtilə məxfiləşdirilmiş faktların üzə çıxarıldığı, əvvəllər qapalı sayılan mövzuların qaldırıldığı bir vaxtda, Azərbaycan xalqının tarixi keçmişinin həqiqi mənzərəsini yaratmaq və əvvəllər təhrif olunmuş hadisələrə obyektiv qiymət vermək imkanı yaranır. Son illərdə Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmələr haqda həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çox iş görüb.

Tarixi faktlardan da göründüyü kimi 19-cu əsrin 70/80- ci illərindən etibarən azərbaycanlılara qarşı soyqırımı təşəbbüsləri planlı xarakter alıb. Bu məqsədlə “Qnçak” (1887), “Daşnaksütyun” (1890), “Erməni vətənpərvərlər ittifaqı” (1895) kimi ekstremist qurumlar yaradılıb. 1905-1907-ci illərdə Bakıda başlanan ilk qanlı hadisələr Azərbaycanın çoxsaylı kəndlərini əhatə etdi. Həmin illərdə minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Həmin dövrdə Rusiyada baş verən inqilabi proseslərdən istifadə edən ermənilər Azərbaycanın onlarla kənd və şəhərlərində etnik təmizləmələr apardılar, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Eçmiədzin və başqa bölgələrdən azərbaycanlıları qovdular.

1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Stepan Şaumyanın Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin olunması isə ermənilərin azərbaycanlılara qarşı etnik düşmənçiliklərinin zirvə nöqtəyə çatmasının təməlini qoydu. Çənubi Qafqazın, o cümlədən Azərbaycanın da sovetləşdirilməsi siyasətinin həyata keçirilməsi üçün Vladimir Lenin tərəfindən Şaumyana fövqəladə səlahiyyətlər verildi. Mart qırğınları ərəfəsində Bakı soveti və Daşnaksutyun Partiyası əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi altında Bakı və ətraf ərazilər boyunca azərbaycanlıları məhv etmək planını hazırladı. Məhz həmin plana əsasən Şaumyan rusları və erməniləri qızışdıraraq azərbaycanlıların üzərinə açıq surətdə qırğına göndərdi və beləliklə Bakıda müsəlman əhalisinin qətlə yetirilməsi başlandı.

Martın 30-da səhər erməni-bolşevik dəstələri şəhəri hərbi gəmilərdən atəşə tutdular. Artilleriya atəşindən sonra silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq, onları amansızcasına qətlə yetirirdilər. Martın 31-dən aprelin 1-nə keçən gecə azərbaycanlı əhaliyə qarşı qırğın kütləvi xarakter aldı. 3 gün ərzində Bakıda 20 min nəfər öldürüldü. Şaumyanın dəstələri Bakı sakinlərini qarət edirdi. Onlar Bakı sakinlərinə 400 milyon rubl həcmində maddi ziyan vurdular. Bundan əlavə, müsəlmanların ziyarətgahlarının çoxu dağıdıldı. Ağır toplardan Təzəpir məscidinə atəş açan daşnaklar və bolşeviklər Bakının möhtəşəm memarlıq abidələrindən biri olan “İsmailiyyə” binasını da yandırdılar.

Martın 30-dan aprelin 2-dək Şamaxıda törədilmiş qanlı qırğın nəticəsində 8 mindən çox azərbaycanlı, o cümlədən 2,5 mindən çox qadın və 1,3 minə yaxın uşaq öldürüldü. Azğınlaşmış daşnaklar Quba qəzasında 162 kəndi yerlə-yeksan etdilər, 16 mindən çox dinc sakini öldürdülər. Dağlıq Qarabağda azərbaycanlıların 160 yaşayış məntəqəsi tamamilə dağıdıldı, Şuşada qanlı qırğın törədildi. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlı öldürüldü, 10 mindən çox adam doğma yurdundan qovuldu. Şamaxıda 58 kənd dağıdıldı, 7 min dinc sakin məhv edildi. Ermənilər Azərbaycan torpaqlarına iddialarını bolşevik bayraqları altında gerçəkləşdirirdilər. 1918-ci ildə əksinqilabi mübarizə şüarı ilə Azərbaycan xalqını kütləvi şəkildə qırmağa başladılar. Həmin günlərdə Azərbaycanın minlərlə dinc sakini yalnız milli mənsubiyyət əlamətinə görə məhv edildi. Evlərə od vurulur, adamlar diri-diri yandırılır, məscidlər, məktəblər, kitabxanalar, memarlıq abidələri dağıdılırdı. Ermənilər Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda azərbaycanlı əhaliyə xüsusi amansızlıqla divan tutdular.

Ermənilərin vəhşiliyinə siyasi qiymət verməyə ilk dəfə ötən əsrin 20-ci illərində, Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra cəhd göstərildi. O vaxt martın 31-i matəm günü elan edildi. Lakin Xalq Cümhuriyyətinin süqutu 31 Mart Soyqırımına siyasi qiymət verilməsi prosesini uzun müddətə dayandırdı.

Ötən əsrin 80-ci illərinin sonlarında azərbaycanlılara qarşı etnik təmizləmələrin yeni mərhələsi həyata keçirildi. Bu mərhələ Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləriylə başlandı. Heç bir beynəlxalq normaya məhəl qoymayan Ermənistanın şovinist-millətçi rəhbərliyi Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün yerli ermənilər arasında separatçılıq əhval-ruhiyyəsini qızışdırdı. Təəssüf ki, 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsinə o zaman SSRİ rəhbərliyi tərəfindən siyasi qiymət verilmədi. Bu da yeni qurbanlara və növbəti dəfə yüz minlərlə azərbaycanlının Qərbi Azərbaycandakı tarixi torpaqlarından kütləvi şəkildə qovulmasına, Dağlıq Qarabağdakı soydaşlarımızın məcburi köçkünə çevrilməsinə gətirib çıxardı. 1991-ci ilin yayında Ermənistan-Azərbaycan münaqişəsi açıq müharibə mərhələsinə keçdi. Erməni silahlı birləşmələrinin hərbi əməliyyatları nəticəsində Şaumyan, Hadrut, Mardakert, Əskəran, Martuni rayonlarının sakinləri öz evlərini tərk etməyə məcbur oldular. Bəzi kəndlər erməni işğalçılar tərəfindən tamamilə yandırıldı. Bir sıra hallarda dinc əhaliyə qarşı amansız zorakılıqlar törədildi.

1992-ci ilin fevral ayında ermənilər azərbaycanlılar yaşayan Xocalı şəhərinin əhalisinə vəhşicəsinə divan tutdular. Azərbaycan xalqının tarixinə Xocalı soyqırımı kimi daxil olmuş o qanlı qırğın iki yüzil ərzində zülmə və etnik təmizləmələrə məruz qalmış Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciə oldu. Ermənilərin Xocalıda azərbaycanlı əhaliyə qarşı törətdiyi qanlı qırğın bu gün dünyanın bir sıra ölkələrində soyqırımı kimi tanınıb.

Azərbaycan xalqının həyatında faciəli hadisələr barədə tarixi həqiqəti ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyev bəyan etdi. O, 1998-ci il martın 26-da bu əlamətdar tarix – Azərbaycanlıların Soyqırımı Günü haqqında Fərman imzaladı. Bu sənəd uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqladı, xalqın yaddaşını təzələdi, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, vətənə məhəbbət duyğularına qaytardı. Bu gün Azərbaycanın elmi ictimaiyyəti 31 Mart qırğınları ilə bağlı tarixi həqiqətləri qətiyyətlə bərpa edir, Heydər Əliyevin həmin Fərmanı isə bu işi daha tam və ardıcıl surətdə həyata keçirməyə imkan verir.

Bu gün bütün dünya azərbaycanlıları ilə bərabər, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) üzvləri də bütün dövlətlərə və dünya təşkilatlarına müraciətlə iki əsr ərzində Azərbaycan xalqına qarşı törədilmiş milli ədalətsizlik, terrorizm, soyqırımı, etnik təmizləmə faktlarını pisləməyə çağırır. Hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq hər bir normal insan, hər bir ədalətli siyasətçi öz vicdanının səsinə qulaq asmalı və Azərbaycan xalqının üzləşdiyi bütün qanlı qırğınların təşkilatçıları və bilavasitə icraçıları layiqli cəzalarını almalarına kömək etməlidir. Əgər dünyanın mütərəqqi qüvvələri planetimizin müxtəlif guşələrində bundan sonra da bu cür amansız qətliamların törədilməsini istəmirlərsə, o zaman Azərbaycanın haqq səsinə səs verməlidirlər!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol