Meyvə-tərəvəzin qiymətini necə endirmək olar - təklif

14:03 27-08-2019 | icon 443 | Sosial
Meyvə-tərəvəzin qiymətini necə endirmək olar - təklif

Baş nazirin müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı “Yaşıl bazar” və paytaxtdakı supermarketlərdən birinə baxış keçiriblər. Baş nazirin müavini satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə maraqlanıb, satıcıları və alıcıları dinləyib. Satıcıların birindən kartofun qiymətini soruşub. Satıcıdan “iki manat” eşidincə  Ə.Əhmədov qiymətin baha olduğunu deyib: “Yayın ortasında iki manata kartof olmaz,  bahadır, çox bahadır. Qiyməti endirmək lazımdır”.

 

Qeyd edək ki, “Yaşıl bazar” və supermarketlər meyvə-tərəvəz məhsullarının ən baha satıldığı bazarlardır. Paytaxtda kənd təsərrüfatı məhsullarının daha ucuz satıldığı yerlər də var. Ə.Əhmədov bəzi qiymətlərdən razı qalsa da, ümumilikdə mövsümə uyğun olmayan qiymətlərin endirilməsini tapşırıb.

Bəs görəsən, bazarda hazırda kartofun və digər kənd təsərrüfatı məhsullarının qiyməti necə dəyişir? Yüksək qiymətlərin səbəbləri nədir?

Nicat Nəsirli ile ilgili görsel sonucu

Versus.Az “Yeni Müsavat”a istinadən xəbər verir ki, iqtisadçı ekspert Nicat Nəsirli bildirib ki, “Yaşıl bazar”da olan qiymətlər bütün ölkə üzrə qiymətləri tam ifadə etmir: ““Yaşıl bazar” hələ sovet dövründən ən bahalı bazarlardan biri olub. Dünyanın hər yerində əhalinin aztəminatlı təbəqəsi üçün də bazarlar var, bahalı bazarlar da var. Mən o fikirlə razı deyiləm ki, biz qiymət məsələsinə, süni qiymət artımı məsələsinə sırf ”Yaşıl bazar" kontekstindən baxaq. Elə bazarlar var ki, orada kifayət qədər seçim imkanları var. İldə bir neçə dəfə biz bazarda qiymətlərin heç bir əsas olmadan qalxmasını görürük. Bəzən də heç bir əsas olmadan kəskin ucuzlaşma görürük. Bu, normal qiymətləndirilə bilməz. Bazar üçün optimal bir qiymət olmalıdır. Bunun zərbəsi dolayısı ilə fermerlərə dəyir. Çünki hamı bilir ki, bu məhsul fermerdən kifayət qədər ucuz qiymətə alınır. Səbəb odur ki, bizim kifayət qədər bazar iştirakçıları var və müxtəlif mövsümlərdə torpaq əkilərkən gedib “sahənin başını bağlayırlar”, yəni müəyyən məbləğdə avansı verərək məhsulu öncədən satın alırlar. Nəticədə fermerin onlardan iqtisadi asılılığı yaranır. Məhsul torpaqdan çıxandan sonra gəlib qiyməti diqtə edirlər ki, mənim səndə pulum var və filan qiymətə mənə satmalısan. Fermerlərin bazara  çıxış imkanları kifayət qədər olmadığına görə, məhsul sahədə kütləvi olaraq yetişəndə əsasən də tez xarab olan məhsulları alverçiyə  istənilən qiymətə verməyə məcburdur. Hər iki halda zərbə fermerə dəyir".

Ekspertin sözlərinə görə, qiymətlər optimal olmalıdır ki, ilk növbədə biz fermerin iqtisadi maraqlarını təmin edək: “Buna görə də ilin başında məhsulun qiyməti standart olaraq müəyyən olunmalıdır. Sonra da mövsüm dəyişəndə bazara iqtisadi baxımdan müdaxilə etmək lazımdır. Mən dövlətin bazara sərt müdaxiləsinin tərəfdarı deyiləm. Çünki bunun zərbəsi  son nəticədə istehsalçıya dəyə bilər. Dövlət bazarda rəqabəti artırmalıdır, bazarda alıcılıq səviyyəsi aşağı olanlar üçün də ucuz qiymətə məhsullar çıxarılmalıdır. Bazarda 2 manata da kartof ola bilər, 1 manata da olmalıdır, 50 qəpiklik də olmalıdır. Hər istehlakçı öz imkanına uyğun məhsul ala bilməlidir. Ancaq bazarda bir qiymət olmamalıdır. Son nəticədə bu, süni qiymət artımına gətirib çıxarır. Süni qiymət artımı ifadəsi bəzən müzakirəyə səbəb olur. Ancaq bilirik ki, məhsul sahədən bazara gələnə kimi təxminən 4-5 alverçinin əlindən keçir. Onlar da öz risklərini həmin məhsulun üzərinə qoyurlar. Tez xarab olan pomidor-xiyar kimi məhsullarda itkilər də olur. Havalar istidir, daşınma zamanı məhsul zədələnir. Yəqin ki, qarpız kimi tez zədələnən məhsulun hansı maşınlarda daşındığını görmüsünüz. Burada itkilərin olması mütləqdir. Bütün bunlar son nəticədə məhsulun qiymətinə təsir edir, süni qiymət artımı ortaya çıxır”.

N.Nəsirlinin sözlərinə görə, ümumilikdə məsələyə sosial baxımdan yanaşsaq, istehlakçının hüquqları müdafiə olunmalıdır: “Ancaq yaxşı olar ki, hökumət iqtisadi alətlərlə bazara müdaxilə edərək qiymətlərə təsir etsin. Burada söhbət bazar intervensiyalarından, istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsindən gedir. Bu gün alternativ yarmarkaların açılması süni qiymət artımına qarşı ən effektiv vasitə ola bilər. Hazırda mövsümün sonudur və artıq məhsul tam olaraq yetişib. Ona görə də məhsul sahədə qalıb xarab olmasın deyə fermerlər  dəyər-dəyməzinə satıb bitirmək istəyirlər. Ona görə də, sahələrdə qiymətlər ucuzdur. Məsələn, qarpızın kiloqramı sahələrdə 12-14 qəpikdən hesablanır. Söhbət Sabirabad, Saatlı kimi rayonlardan gedir. Badımcan sahələrdə 7 qəpikdən alınır. Ancaq bazara 70 qəpiyə gəlib çıxır. Problemin kökünü də məhz elə bu mərhələdə araşdırmaq lazımdır”.

İqtisadçı onu da diqqətə çatdırdı ki, məhsulun sahədən yığılıb daşınması ilə məşğul olan, onu bazara gətirib satıcılara təklif edən şəxslərin də öz problemləri, riskləri var: “Mən bazarda qiyməti diqtə edən ”əjdaha"larla söhbət eləmişəm. Onların da özlərinin problemləri var. O 70 qəpiyin necə formalaşması ilə bağlı deyə bilərəm ki, bu insanlar da böyük investisiya qoyublar, maşınlar alıblar, həmçinin əlaqələr qururlar. Elə insanlar var ki, eyni vaxtda ölkənin 20 rayonunda mal axtarır, yığır, daşıyır. Bu daşınma zamanı yollarda olan problemlər, maşının problemi, insan faktoru,  məhsulda itkilər və sair nəzərə alınır. Məsələn, bir maşında 5 ton qarpız daşınırsa, onun içindən 400-500 kq qarpız zədələnir. Bu da sahədə məhsul yığılarkən nəzərə alınır və fermerə şərt qoyurlar  ki, 400 kq artıq at maşına. Fermer isə imtina edə bilmir, çünki məhsulu sahədə batacaq, məcbur qalıb razı olur. O baxımdan bu mərhələdə baş verən prosesləri öyrənsək, süni qiymət artımlarının da necə baş verdiyini görə bilərik".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin