Əlilliyi olan şəxslərin rahat yaşaması üçün tikintidə nə kimi yenilik olmalıdır?
Dünyanın bir sıra inkişaf etmiş ölkələrində inşa edilən hündürmərtəbəli binalara xüsusi tələblər irəli sürülür. İşıq, istilik sistemi, su, kanalizasiya, telefon və internet kimi əhəmiyyətli tələblər sırasında həm də əlilliyi olan insanların da problemlərin nəzərə alınması məsələsi durur.
Müasir tipli tikililərdə əlil arabası ilə hərəkət edən şəxs heç bir əlavə kömək olmadan yaşadığı mənzilə qalxıb düşə bilməlidir. Ya da görmə problemi olan insanın liftin xüsusi düymələrinin köməyi ilə öz mərtəbəsinə getmək imkanı olmalıdır.
Azərbaycanda inşa edilən binalarda bu kimi məsələlərə bəzən barmaqarası münasibət göstərilir, inşaatçı şirkət xərcləri azaltmaq üçün məhz bu faktorların üstündən ötür. Bir tərəfdən qanunun müddəaları pozulur, digər tərəfdən isə nə vaxtsa belə tikilidə yaşayacaq fiziki məhdudiyyətli insanlar üçün narahatlıq yaranır.
"Report" “Əlilliyi olan şəxslərin müasir meqapolisdə rahat yaşaması üçün tikintidə nə kimi yenilik olmalıdır” sualını ekspertlərə yönləndirib.
Memar Söhrab Rəhimov inşaat sektorunun layihələndirməsi və təşkilində yeni texnologiyaların tətbiqi fəlsəfəsini dəstəkləməklə əlilliyi olan insanların cəmiyyətin ayrılmaz hissəsi olduğunu bildirib:
“Əlilliyi olan insanların cəmiyyətin bir hissəsi olduğunu, ilk növbədə, dərk etməli, daha sonra bunu onlara hiss etdirməli, problemlərini hər sahədə nəzərə almalıyıq. Onların mümkün olduğu qədər sərbəst və öz gücləri ilə hərəkət imkanı olmalıdır. Əlilliyi olan insanların maraqlarını qoruyan, onların həyat şəraitini asanlaşdıran amillər bir çox standartlarda əksini tapıb. Bu standartları dövlət qurumları sıx nəzarətdə saxlamalıdırlar".
Onun sözlərinə görə, Azərbaycanda əlilliyi olan şəxslərin hündürmərtəbəli binalarda necə yaşayacağı, hansı çətinliklərlə rastlaşacaqları inşaat sektorunda çalışan şirkətləri sanki maraqlandırmır:
"Ancaq bunu bütün inşaat şirkətlərinə şamil etmək doğru olmaz. Burada əsas yük inşaat şirkətinin deyil, layihələndirmə şirkətinin və müəllif nəzarətinin üzərinə düşür. Layihəçi şirkət də, öz növbəsində, yerli normativlərə uyğun hərəkət edir. Qaydalara riayət edilməməsinin səbəbi çoxdur, ən başlıcası biganəlikdir”.
Memarın fikrincə, bu məsələdə maliyyə yox, insan faktoru daha önəmlidir:
“Əlilliyi olan şəxslərin bütün ehtiyaclarının nəzərə alınması layihəni bir qədər bahalaşdırsa da, bu göstərici bütün maliyyənin bir faizini aşmaz. Standart yerinə yetirilmədikdə isə bina natamam sayılmalıdır. Təsəvvür edək ki, o binada əlilliyi olan insan yaşamır, ancaq ora hər hansı bir səbəbə görə gələrsə, ciddi çətinlik çəkəcək və ya kiminsə köməyinə ehtiyac duyacaq. Həmin insan kimdənsə asılı olmaq istəmədiyindən bu onda psixoloji travma yarada bilər. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası bu cür insanların bir binada cəmlənməsi ilə antaqonizm təşkil edir. Dünyada belə bir fikir var ki, çətin olsa da, əlilliyi olan şəxslər təcrid halında yaşamamalıdır. Deməli, hər inşa edilən binada bu qrupların maraqları nəzərə alınmalıdır. Bir çox ölkədə belə insanlar tamhüquqlu və özlərini təmin edə bilən vətəndaşlardır. Onları da xoşbəxt edən amil özlərini cəmiyyətin natamam deyil, tam hissəsi olaraq hiss etmələridir”.
Fərdi inkişaf və əlillik sahəsi üzrə ekspert Murad Məmmədov bina tikintisində əlilliyi olan şəxslərin maraqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayıb:
“Yeni tikililərdə müyəssərlik baxımından əlilliyi olan şəxslər də nəzərə alınmalıdır. Müyəssərlik dedikdə əlilliyi olan şəxsin, binanın ətrafında və daxilində müstəqil şəkildə hərəkət edə bilməsi üçün yararlı şərait nəzərdə tutulur. Bəzən binanın inşası zamanı beynəlxalq inşaat standartları və universal dizayn anlayışı nəzərə alınmır. Nəticədə əlilliyi olan insanlar kifayət qədər çətinliklə üzləşir. Bir çox hallarda yeni tikilən binalarda, əlilliyi olan şəxslər üçün müyəssərliyin yaradılması, yüksək məbləğdə əlavə vəsait tələb etmir. Əlilliyi olan şəxslərin sərbəst hərəkət etmək ehtiyaclarını qarşılayan vasitələr, əslində, yaşlı insanlar və körpəsi olan valideynlərin ehtiyacı ilə eynidir. Məsələn, pilləkənlə yanaşı, pandusun quraşdırılması uşaq arabası gəzdirən valideyn üçün də vacib məsələdir. Ya liftin mütləq olması yaşlı insanın da ehtiyacıdır”.
Ekspert bir sıra detalların tikintidən öncə düşünülməsinin ümumi işə yaxşı təsir edəcəyini deyib:
“Ən başlanğıcda binanın inşası zamanı bunlar nəzərə alınarsa, sonradan nəyisə dəyişərək əlavə xərcin yaranmasının qarşısını almaq olar. Bəzi məqamlarda sırf əlilliyi olan şəxslər üçün xüsusi avadanlığa ehtiyac var, yəni qaldırıcı kranların quraşdırılmasına. Əgər bina inşa edən qurum dövlət qurumu deyilsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya xeyriyyə fondları ilə əməkdaşlıq etmək olar. Eyni zamanda əlilliyi olan şəxslərin də kütləvi şəkildə, hər hansı bir layihə çərçivəsində ianə etmələri üçün kampaniya keçirmək olar. Qeyd edim ki, həm BMT-nin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiyasında, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tikilən bütün binalarda əlilliyi olan şəxslər üçün müyəssərlik olmalıdır, yəni sahibkarın birbaşa öhdəliyi kimi qəbul etmək olar. Əks təqdirdə, bu, ayrı-seçkilik kimi qəbul olunaraq qanun pozuntusu hesab edilə bilər. Yüksək reytinqli əksər otellərdə, xüsusi “müyəssər otaqlar” var. Adətən, belə otellərdə minimum iki belə otaq olur. Əlilliyi olan şəxslərin sayı ölkə əhalisinin, təxminən, 5-6 faizini təşkil edir. Bunların da içərisində heç də hamının xüsusi müyəssərlik ehtiyacı yoxdur. Deməli, yaşayış binalarında da, ən azı, 2-3 mənzili xüsusi şəraitlə tikmək mümkündür. Bu evlərdə lazım olan əsas məqamlar nəzərə alınmalıdır. Avadanlıq və qurğuların hündürdə deyil, nisbətən aşağıdan quraşdırılması, hamam-tualetin əlil arabası istifadəçisi üçün uyğunlaşdırılması tələb olunur”.
Ekspert Murad Məmmədov
Murad Məmmədovun fikrincə, ümumi müyəssərliklər, yəni pandus və liftlər, təkcə əlilliyi olan şəxslərə yox, yaşlı və körpə övlada sahib insanlar üçün də əhəmiyyətlidir:
“Yaşayiş binasının avtomobil dayanacağında isə bir neçə yeri sırf əlilliyi olan şəxslər üçün ayıraraq ora fərqlənmə nişanı vurmaq, kənar şəxslərin istifadəsini qadağan etmək kifayətdir. Ən çətin görünəni, bir qədər bahalı olanı, liftlərin qalxa bilmədiyi və ya olmadığı yerlərə bir neçə pilləkəni qaldırmaq üçün qaldırıcı kranların, quraşdırılması lazımdır. Eyni zamanda yaşayış binalarında, görmə məhdudiyyətli şəxslər üçün, yerin döşəməsində çıxıntılı naviqatorlar, bənzər xırda əlavələr etməklə, onlar üçün də nisbətən müyəssər şərait yaratmaq mümkündür. Sonradan yarana biləcək əlavə xərclərin aradan qaldırılması üçün tikintinin lap əvvəlində, əlilliyi olan şəxslər və ya aidiyyəti sahədə çalışan qurumlarla əməkdaşlıq mütləqdir. Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 8-ci fəslinin 38.3. maddəsində qeyd olunub ki, əlilliyi olan şəxslər və onları təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi prosesində iştirak edə bilərlər”.
Versus.Az