Prezidentliyə namizəd Razi Nurullayevin seçki proqramı - II

18:46 31-03-2018 | icon 1078 | Siyasət
Prezidentliyə namizəd Razi Nurullayevin seçki proqramı - II

Sosial siyasət

Qeyri neft sektoru - Strateji yol xəritələri

 

2016-cı ilin dekabrında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı olub. 12 yol xəritəsi təsdiq edilib.

Bu 12 strateji yol xəritəsini həyata keçirməklə Azərbaycanı İsveçrəyə çevirmək olar. Lakin hazırda bu yol xəritələrinin həyata keçirilməsi qənaətbəxş deyil. Biz dünya ekspertlərinin də cəlb olunaraq hazırlanan bu xəritələrin ölkəni tam olaraq böhrandan çıxara biləcəyi düşüncəsindəyik və bunun üçün də onun həyata keçirilməsinə nəzarət etmək üçün Beynəlxalq Maliyyə, Audit, Nəzarət təşkilatlarının, Dünya Bankının, o cümlədən xarici mütəxəssislərin, yerli vətəndaş cəmiyyəti təşkilatlarının, yerli bank, özəl sektor nümayəndələrinin, İqtisadiyyat Nazirliyinin və Prezident Administrasiyasının iştirakı ilə Nəzarət Şurası yaradılacaq. Nəzarət Şurası yol xəritələrinin gecikmədən və keyfiyyətlə həyata keçirilməsinə nəzarət funksiyasını həyata keçirəcək və 2025-ci ilə kimi Azərbaycanda neftdən asılılıq tam olaraq aradan qaldırılacaq, bununla da ölkədə işsizlik səviyyəsi real olaraq 2%-ə düşəcək.

 

 Yeni şəhərin salınması

 

Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və azad ticarət zonasının yaradılması Azərbaycanın ən böyük uğurlarından biridir. Ələt qəsəbəsinə şəhər statusu veriləcək və onun böyük, müasir, dünyanın ən gözəl, təmiz, texnoloji cəhətdən inkişaf etmiş bir şəhərə çevrilməsi həyata keçiriləcək.

Bu şəhərdə 1 milyon insanın yaşaması üçün bütün vacib infrastruktur yaradılacaq. Şəhərin 100,000 əhalinin yaşaması üçün birinci mərhələsinin tikintisi üç il ərzində yekunlaşacaq, ikinci mərhələsi 500 min adamın yaşamasını əhatə etməklə, dörd il ərzində tamamlanacaq.

Üçüncü mərhələdə isə 1 milyon insanın yaşayacağı və əlavə olaraq bir milyon insanın da işləməsi və səyahəti üçün də lazımi infrastruktur yaradılacaq.

Layihə özəl sektor, beynəlxalq maliyyə qurumları və xarici sərmayəçilərin iştirakı ilə maliyyələşdiriləcək. Dəniz Limanının birinci mərhələsinin işə düşməsi və Azad ticarət zonasının fəaliyyətə başlaması ilə xarici sərmayəçilər çox asanlıqla cəlb ediləcək və burada Azərbaycan vətəndaşları üçün ən azı 100 min iş yeri yaradılacaq.

 

Hər ailəyə 10,000 min manat verilməsi

 

Hər ailəyə öz ailə biznesini yaratmaq üçün 10,000 AZN veriləcək. Hökumət hər bir ailəyə biznes planın yaradılması və tövsiyyələrin verilməsi üçün hər bir rayon və şəhərdə məsləhət və inkişaf mərkəzləri yaradacaq. Burada işləyən ekspertlər, mütəxəssislər ailələrə yatırım etmək üçün köməklik göstərəcək.

Məqsəd bundan ibarətdir ki, insanlar aldıqları pulu real iqtisadiyyatın sahələrinə qoyub biznes qura, 10,000 manatlarını 20,000, 50,000 və 100,000 manata çevirə bilsinlər. Bu işlərin həyata keçirilməsi üçün xarici mütəxəssislər və beynəlxalq maliyyə qurumları, bank sindikatlaır ilə brilikdə yeni bri bank yaradılacaq və ya mövcud etibarlı banklardan biri seçiləcək. İdarəçilik isə xarici mütəxəssislərə tapşırılacaq.

Bu sosial layihə nəticəsində Azərbaycanda kasıbçılıq 100% aradan qaldırılacaq və əhalinin 80%-i orta təbəqəyə çevrilə biləcək. Bu yatırım həm də ölkə qitisadiyyatını yeni mərhələyə daşıyacaq.

 

Kreditlərin bağışlanması

 

Azərbaycan əhalisinin dollarla olan bank kreditləri ucbatından çox çətinlik çəkdiyinin fərqinə vararaq, hökumətin vətəndaşın yanında durmasını əsas götürərək, manatın dəyərdən düşməsində hökumətin də məsuliyyətini göz önünə alaraq, əhalinin yığılan bank borclarını ödəyə bilməməsini görərək:

1000 ABŞ dolları məbləğində borclar sosial cəhətdən ağır şəraitdə yaşayan əhali üçün tam olaraq bağışlanacaq.

1000 ABŞ dolları məbləğində borcları olan, amma hazırda işləyən vətəndaşlar isə borclarını manatın borc götürən zaman olan kursu ilə ödəyəcəklər. Əgər o kursla borc ödənişi tamamlanmışsa, o zaman kredit tam olaraq bağlanacaq.

1000 ABŞ dollarından – 5000 ABŞ dollarına kimi olan borclar manatın 0.78 kursu lə ödəniləcək. Əgər aparılan ödənişlər bu kurs ilə ödənib qurtarmışsa, borclar bağlanacaq.

5000 ABŞ dollarından – 10,000 ABŞ dollarına kimi olan borclar isə 1.05 AZN kursu ilə ödəniləcək. Əgər bu kurs nisbətində indiyə kimi edilən ödənişlər bank borcunu ödəyibsə, borc silinəcək.

Azərbaycanda, xüsusən Bakı şəhəri və Abşeron yarımadasında qanunsuz, plansız tikilən, yol, su, gaz, işıq problemli olan evlər

  1. Bütün qanunsuz tikilən fərdi evlər sənədləşdiriləcək. Baş plana uyğun tikilməyən evlər söküləcək, dəyəri vətəndaşı narazı salmadan ödənəcək.
  2. Azərbaycan ərazisində plansız və qanunsuz tikililər dayandırılacaq. Dövlət tərəfindən infrastruktur yaradılmış və planlaşdırılmış, fərdi evlərin tikilməsi üçün nəzərdə tutulmuş məhəllələr yaradılaraq, dövlət qiymətinə vətəndaşlara satılacaq.
  3. Vətəndaşlara verilən pay torpaqlarında evlərin tikintisinə qanuni şəkildə istisnalar olmaqla icazə veriləcək. Amma, bu ərazilər dövlət tərəfindən yenidən planlaşdırılacaq, plansız tikililərin qarşısı alınacaq. Ərazidə dövlət tərəfindən yol, su, qaz və kanalizasiya infrastrukturu yaradılacaq.
  4. Qanunsuz tikililərin aparılmasına rüşvət alaraq göz yummuş məmurlar, ən sərt şəkildə cəzalandırılacaqlar.

 

Sosial evlərlə təminat

 

Hazırda görülən tədbirlər gənclərin, gənc alimlərin sosial mənzillərlə təmin olunması üçün kifayət deyil. Onun üçün də ölkə boyu bütün rayon və şəhərlərdə sosial evlərin tikintisi davam etdiriləcək və 7 il ərzində bu problem birdəfəlik həll ediləcək. Özəl sektor, dövlət büdcəsi, Neft Fondunun vəsaiti və xarici kreditlərlə bu məsələ birdəfəlik həllini tapacaq.

 

Daş karxanalarının qadağan edilməsi

 

Seçki platformamda yer alan məsələlərdən biri də daş karxanalarının bağlanması, bəzi yerlərdə isə qismən bağlanmasıdır. İcazə verilən karxanalar isə ciddi dövlət nəzarəti altında fəaliyyət göstərəcək, nə insan əməyi istismar olunacaq, nə də ekoloji vəziyyət insan sağlamlığına səbəb olacaqdır.

Minlərlə insan sağlamlığını bu daş karxanalarda itirib. Karxanalarda qul əməyindən istifadə olunur.

Mişar daşlarının istismarı ekoloji disbalans yaradır. Digər yandan ekoloji təmizliyə və sağlamlığa da fikir verilmir. Mişar daşının tozu, Bakı və ətrafında yaşayan insanların ağ ciyərinə az qala bir sm qalınlığında hopub.

Mişar daşı ekoloji təmiz məhsul deyildir. Vətəndaşlar evlərini bu daşlardan tikir və qışda isə qızdıra bilmir.

Daş karxanaları real iqtisadi sektorun inkişafına maneçilik törədir. İndi bütün dünya qazobeton materialından istifadə edir. Ucuz, ekoloji təmiz və çox yüngül. Bakıda bir milyard dəyərində zavod tikilib, onun uyğun şəkildə istifadəsi dövlət tərəfindən tənzimlənəcək və kömək olunacaq. Ekoloji təmiz məhsul istehsal edən fabriklər yaradılacaq. Ən azından xalq arasında dediyimiz qırmızı bişmiş kərpic istehsalı daha sağlam və ekoloji cəhətdən daha təmizdir. Daş karxanalarında bağlanan iş yerləri əvəzinə 10 dəfə çox yeni iş yerləri yaratmaq mümkündür və bunu edəcəyik.

Mişar daşları Bakını və Azərbaycanın hər regionunu eybəcər hasarlara bürüyüb. Balaca ölkəmiz ancaq və ancaq mişar daşlarından ibarətdir və şəhərin görkəminə ciddi xələl gətirir.

 

Hər bir rayonda sənətkarlıq və yaradıcılıq guşəsi

 

Azərbaycanın hər bir rayon və şəhərində 10-15 hektar ərazidə sənətkarlıq və yaradıcılıq güşəsi salınacaq. Bura şairlər, yazarlar üçün Yaradıcılıq Evi, rəssamlıq emalatxanaları, İxtira evi, sərbəst çıxışlar məkanı, kinozal və sinema klubu, sənətkarlıq emalatxanaları, kulinariya məkanı, musiqi evi, Rəqs klubu, Yaşlıların təhsili mərkəzi, xarici dil öyrənmə mərkəzi və digər xidmətlər yerləşdiriləcək. Məqsəd rayon və kəndlərdə yaşayan insanların asudə vaxtlarını səmərəli keçirmələrinə yardımçı olmaqdır.

 

Azərbaycan Əlillər Cəmiyyəti nəzdində Xidmətlər şəbəkəsinin yaradılması

 

Azərbaycanın hər bir rayonunda və şəhərində özəl sektorun iştirakı və payçılığı ilə ancaq əlillərin çalışacağı restoran, kafelər və bir sıra turizm obyektləri yaradılacaq. Dövlət özəl sektor üçün əsaslı güzəştlər tətbiq edəcək ki, bu da onları ciddi sərmayə yatırmağa sövq edəcək. Ümumilikdə yalnız bu şəbəkədə 150 restoran və kafenin açılması nəzərdə tutulur ki, hesablamamıza görə burada 10,000 əlilin işlə təmin edilməsi mümkün olacaq. Illik gəlirlərin isə 25-30 milyon manat arasında olacağını təxmin edirik və bu vəsaitlər isə digər əlillərin sosial problemlərinin həllinə yönələcəkdir.

 

Dövlət qəzetinin bütün evlərə çatdırılması

 

Azərbaycan xalqının formalaşması, oxuması və dünyagörüşünün artması üçün onun mütaliə etməsi vacibdir. Insanlarda oxuma mədəniyyətinin formalaşdırlmasına zərurət var. Dövlət qəzetlərindən birinin tirajının artırılması yolu ilə hər bir Azərbaycan ailəsinə günaşırı nəşr olunan qəzetin çatdırılması təşkil ediləcək. Bu nəşrin içərisində ədəbiyyat, mədəniyyət, siyasət, sosial həyat, qanunlar, hüquqi məsləhətlər, dövlət siyasəti, sağlamlıq və sair bölmələr olacaq. Bu nəşrin, əsasən reklamlar vasitəsilə maliyyələşməsi nəzərdə tutulur.

Bu xidmət həm də ölkə boyu poçt xidmətinin daha da inkişaf etməsinə, dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin daha da yaxşılaşmasına səbəb olacaq. Bu xidmət vasitəsilə 2500-ə yaxın iş yeri açılacaq.

 

Daş hasarların sökülməsi

 

Dəniz heç kimin deyil. O, uca Allahın insanlara bəxş etdiyi nemətdir. Prezident seçiləcəyim halda ilk işlərimdən biri ekskavatorun sükanına şəxsən əyləşib dənizi hasarlayan kim olursa olsun, bir an belə tərəddüd etmədən onun hasarını, əgər mülkü də dəniz ərazisinə düşürsə, mülkünü də uçurmaq olacaq. Qanun hasar və mülk tikib dənizə çıxışı bağlamağı qadağan edir.

Bundan başqa ölkə üzrə yolların kənarı boyunca tikilən hasarları sökdürəcəm. Bu hasarlar ona görə tikilib ki, yolboyu miskin tikililər və abad olmayan yerlər görünməsin. Eybəcərliyi, pintiliyi, miskin tikililəri hasarlarla gizləmək yox, aradan qaldırmaq gərəkdir. Çünki, hasarlara çəkilən xərclərlə həmin yerləri abadlaşdırmaq və yaşıllaşdırmaq mümkündür.

Əlavə olaraq söz verirəm ki, bütün icra hakimiyyətlərinə hasar çəkməyi qadağan edəcəm və çəkdiklərini də özlərinə və öz şəxsi hesablarına sökdürəcəm.

 

Toy və yas mərasimləri qanunu

 

Toy və yas mərasimləri haqqında qanun hazırlanacaq. Yas məclislərində yemək tam yığışdırılacaq, 3 və 7 mərasimləri birləşdiriləcək, adına axşamlarında isə süfrə açılması qanunla qadağan ediləcək.

Şadlıq evlərindəki cah-cəlal yüksək vergiyə cəlb ediləcək. Əgər bir vətəndaş toy etmək istəyirsə və onun toy xərci adam başına 30 manatı keçirsə, o zaman hər artım yüz faizlik vergiyə cəlb olunacaq. Bu nə deməkdir? Əgər adambaşına stol 200 manatdırsa, 200 manat da vergisi edəcək. Bu məsələdə vergidən yayınma, vergi məmurunu aldatma isə yüksək cərimə ilə cəzalandırılacaq. Nəzərdə tutduğumuz cərimə rəqəmi isə 100,000 manatdan başlayan rəqəmdir. Mənim üçün bu sosial ədalətin bərpası və sosial dövlətin qurulması istiqamətində atılan addımdır.

 

Turizm sənayesi

Siyəzəndə turizm kompleksinin yaradılması

 

Sumqayıtdan başlayaraq Dəvəçiyə qədər Xəzərsahili ərazi turizmin inkişafı üçün çox əlverişlidir. Standartlara cavab verən turizm infrastrukturu yaratmaqla ildə iki milyon turistə xidmət göstərmək mümkündür. Bunun üçün sahilboyu ərazidə dövlət sərmayəsi ilə turizm infrastrukturu yaradılacaq və 10 il müddətinə həmin ərazidə olan bütün sahibkarlar bır sıra vergilərdən azad ediləcək.

Sahələr su, işıq, qaz və kanalizasiya sistemini özündə birləşdirən turizm infrastrukturu ilə hazır paket şəklində simvolik - 1 ABŞ dolları məbləğində sərmayəçilərə təqdim ediləcək və onlar heç bir idarənin qapısını döyməyəcəklər. Onların işi sadəcə turizm kompleksini tikmək, iş yeri açmaq və pul qazanmaq olacaq. Burada yaradılan turizm xidmətləri və obyektləri sayəsində ən azı 100 (yüz) min iş yeri yaradılacaq və dövlət böyük gəlir əldə edəcək.

Eyni zamanda Siyəzəndə turizmin inkişafı bütöv olaraq şimal bölgəsində onlarla yeni istehsalat müəssisələrinin yaradılmasını, kənd təsərrüfatının və yüngül qida sənayesinin də inkişafını sürətəndirərək, əlavə iqtisadi və sosial sahələrin şaxələnməsinə şərait yaradacaq. Bu da, əlavə olaraq 30 (otuz) min iş yerinin yaradılmasına təkan verəcək.

Layihənin maliyyələşdirilməsi üçün özəl sektor, dövlət büdcəsi, Neft Fondunun və xarici maliyyə-kredit təşkilatlarının vəsaitləri sərf ediləcək.

 

Müalicə sanatoriyalarının bərpası və yenilərinin yaradılması

 

Bütün rayon və şəhərlərdə mövcud müalıcə-istirahət mərkəzlərinin bərpası və hər bir inzibati rayon ərazisində yenilərinin yaradılması proqramımıza daxildir. Sanatoriyaların bərpası və yenilərinin yaradılması hər il iki milyondan çox vətəndaşımızın xarici sanatoriyalara getməsinin qarşısını alacaq, o cümlədən yaxın beş il ərzində, əlavə olaraq yarım milyondan çox əcnəbinin də ölkəmizə gəlməsinə imkan imkan yaradacaqdır.

Ilk ilin prioritetlərinə Bakının Pirşağı qəsəbəsindəki "Qızıl-qum" sanatoriyası, Kürdəmir rayonunda yerləşən Mollakənd Ulusu sanatoriyası, Masallıda yerləşən və hazırda cəmi 200 nəfərə xidmət göstərə bilən İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasının tutumunun 10 (on) min nəfər turustə çatdırılması, Qubanın son yaşayış məntəqəsi olan Xaltan kəndi yaxınlığındakı meşəlikdə, Çarxaçu çayı dərəsində istisu sanatoriyasının tikintisi və infrastruukturun yaradılmasıdır. Hər il 3 minə qədər turist qəbul edən Xaltan kəndin sanatoriya tikilərsə, 50 minə qədər insanın burada müəlicəyə gələcəyi şübhəsizdir.

Bu sahələrin maliyyələşdirilməsi, əsasən özəl sektorun vəsaiti ilə reallaşdırılacaq. Onlar üçün xüsusi vergi güzəşti yaradılacaq və infrastruktur isə dövlət büdcəsi və kreditlər vasitəsilə həyata keçiriləcək.

 

Nabran

 

Azərbaycanın əsas turizm məkanlarından biri sayılan Nabrana normal infrastrukturla bir il ərzində ən azı əlavə 200 min, növbəti illər ərzində isə yarım milyon və daha çox turist cəlb etmək mümkündür. Bunun üçün proqramımıza Nabranın abadlaşdırılması, onun dəniz kənarı bataqlıqdan, qamışlıqdan və çirkab sulardan təmizlənməsi, dənizboyu ərazinin normal çimərlik qumu ilə üzlənməsi daxildir.

Turizm infrastrukturunun modernləşdirilməsinə nəzarət dövlət tərəfindən həyata keçiriləcək və dövlətin maliyyəsi ilə yerinə yetiriləcək. Özəl sektor isə xüsusi vergi və güzəştlərdən faydalanaraq turizm obyektlərini tikəcəkdir. Nabranda turizmin inkişafı ilə əlaqədar 50 (əlli) min iş yerinin yaradılması hədəfimizdir.

 

Yüngül və ağır sənaye

İnnovasiyalar, Texnologiyalar və İxtiraçılıq İnstitutu

 

Bu gün Azərbaycanda onlarla innovasiya və ixtiraçılıq sahəsində fəaliyyət göstərən mərkəzlər, ictimai birliklər və institutlar var. Amma, onların fəaliyyətinin konkret nəticələri yoxdur. Bunun üçün də İnnovasiyalar və İxtiraçılıq İnstitutunun yaradılması və mövcud mərkəzlərin və digər qurumların bu çətir altında birləşdirilməsi vacibdir.

Əlavə olaraq, texnologiya sahəsində ən yaxşı şirkətlər, laboratoriya, universitetlər və ölkə boyu yaradılmış sənaye və texnologiya parkları ilə də birgə konsorsiumlar yaradilaraq bu və ya digər texnoloji brendin yaradılması və istehsalı üzərində iş aparılması günün tələbidir.

Məqsəd rəqabətə davamlı və yüksək texnologiyalara əsaslanan məhsulların Azərbaycan brendi altında dünya bazarına çıxarılmasıdır. Problemin həllinə gedən yollardan biri kimi adı çəkilən institutun yaradılmasını və bu işə müxtəlif ölkələrdən xarici mütəxəssislərin də cəlb edilməsini həyata keçirəcəyik.

 

Özəlləşmiş müəssisələrin təkrar özəlləşməyə çıxarılması

 

Özəlləşmiş müəssisələrə baxış keçirilməsi, qapısına qıfıl vurulmuş və ya qanunsuz olaraq istiqaməti dəyişdirilmiş müəssisələrin yenidən özəlləşməyə çıxarılacaq. Bu, ciddi iş adamları üçün çox böyük stimuldur və bunu qətiyyətlə həyata keçirəcəyik. Ölkədə minlərlə belə istehsalat fabrik və zavodları var.

Hər bir bölgədə sənaye parklarının və məhlələrinin yaradılmasının davam etdirilməsi

Ölkə boyu bütün rayon, şəhər və qəsəbələrdə sovetlər dönəmində mövcud olmuş bütün fabrik və zavodların yenidən dəyərləndirilməsi, qiymətləndirilməsi və mövcud potensialın araşdırılması işi aparılacaq. Hazırkı dövrdə ehtiyaclara və ixrac potensialına cavab verən bütün fabrik və zavodlar yenidən qurularaq, iş yerləri yaradılacaq. Bu o deməkdir ki, Azərbaycanın hər bir rayon, şəhər və potensialı olan qəsəbəsində sənaye, texnologiya və digər sahələrə aid park və məhlələr yaradılacaq.

Bu işin həyata keçirilməsi üçün ən azı 50-60 nəfər xarici mütəxəssislərin ölkəyə dəvət edilməsi reallaşdırılacaq. Bü mütəxəssislərin köməkliyi ilə həm yaradılan parkların məhsullarının xaricə çıxarılması, həm də xarici sərmayələrin cəlb edilməsi asanlaşdırılacaq. Hökumət olaraq, həmin mütəxəssislərə ölkədə ən yüksək iş və əmək haqqı şəraiti yaradılacaq. Gözləntimizə görə altı ay ərzində bütün rayon və şəhərlər üzrə ehtiyaclar tam öyrəniləcək, bir il ərzində isə işlərə start veriləcək. Bu fəaliyyətin həyata keçirilməsi nəticəsində yeddi il ərzində ən azı 300,000 yeni iş yeri yaradılacaq.

Kəndlərin inkişafı ilə bağlı tərəfimizdən ayrıca proqram işlənilib və onun da həyata keçirilməsi nəticəsində 400,000 mindən artıq əlavə iş yeri yaradılacaq.

Sənaye və Texnologiyalar Parklarında idarəçilik sisteminin dəyişdirilməsi, xarici mütəxəssislərə vətəndaşlıq verilməsi

Hər bir rayonda yaradılmış və yardılacaq sənaye və texno parkların idarə edilməsinin təmamən dəyişdirilməsi mexanizmlərini nəzərdən keçirəcəyik.

Hər bir rayonun potensialı və xammalı nəzərə alınaraq sənaye və ya texno-park yaradılsa da, yerli icra hakimiyyətləri bu işdə səriştəsizdir və xarici sərmayələr cəlb etmək üçün bacarıqsızdırlar.

Işin uğurlu alınması üçün yaradılan texno və sənaye parklarına rəhbərliyin Yaponiya, Sinqapur, Malayziya, Cənubi Koreya, Kanada, ABŞ, Fransa, İngiltərə, Almaniya və digər inkişaf etmiş və inkişaf etməkdə ölkələrdən gətirilməsini həyata keçirəcəyik. Mütəxəssislər və rəhbərlik dünya maliyyə institutlarını, bankları, sərmayəçiləri və məsul edildiyi sahə üzrə aparıcı şirkət və mütəxəssisləri yaxşı tanımalıdır. Azərbaycana nou-hau gətirə biləcək və ölkənin sənayeləşməsində rol ala biləcək aparıcı xarici mütəxəssislərə Azərbaycan vətəndaşlığı da veriləcəkdir.

 

Ağır sənaye üzrə “Simurq” Texnologiya Korporasiyasının yaradılması

 

Xarici idxalı azaltmaq və ölkənin xarici ixrac potensialını gücləndirmək üçün “Simurq” brend adı altında dövlət korporasiyasının yaradılmasını həyata keçirəcəyik. Bu korporasiya yüksək texnoloji məhsullar hazırlamaq üçün yüzlərlə xarici və yerli ekspertləri işə cəlb edərək ən yüksək keyfiyyətli yerli məhsullar buraxacaq.

“Simurq” mobil telefon, paltaryuyan maşın, soyuducu, müxtəlif ölçülü televizor brendləri və digər bütün məişət texnikası avadanlıqlarının yerli istehsalı ilə məşğul olacaq.

Azərbaycan brendi altında texnoloji istehsal korporasiyasının yaradılması ölkə iqtisadiyyatına əvəzolunmaz töhvə olmaqla yanaşı, ölkənin xarici idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaltmış və ixrac potensialını artırmış olacaq.

Bu strateji müəssisənin açılması və xarici mütəxəssislərin cəlb edilməsi üçün Neft Fondunun vəsaitlərinin xərclənməsi məqbul hesab edirik.

 

Yerli Avtomobil brendi

 

Bu gün Azərbaycanda Gəncə, Naxçıvan və Neftçala avtomobil zavodları fəaliyyət göstərsə də, bu istehsal sadəcə xaricdən gətirilən komponentlər hesabına yığılır və istehsal olunan avtomobillər Azərbaycan brendi deyildir. Hazır komponentlərdən yığıldığı üçün də işçi qüvvəsi azdır.

Buna görə də, tam Azərbaycan brendi olan və keyfiyyəti ilə xarici analoqlarından geri qalmayan avtomobil brendinin yaradılması üçün bütün yerli və xarici qüvvələr səfərbər ediləcək. Sonrakı mərhələdə isə yerli brend olan yük maşınlarının, kənd təsərrüfatı texnikasının və minik avtobuslarının istehsalını həyata keçirilməsi həyata keçiriləcək. Azərbaycanda maşınqayırma sənayesi olub və təcrübə də var. Onlarla xarici mühəndislərin, yerli və xarici ixtiraçı və mütəxəssislərin cəlbi edilməsi ilə bu milli ideya uğurla həyata keçiriləcək.

Mütəxəssislərin ölkəyə gətirilməsi və maşınqayırma sənayesində yerli brendlərin yaradılması üçün Neft Fondunun vəsaitlərinin xərclənməsi özünü doğruldan sərmayə olacaqdır.

Bu işlərə yeni yaradacağımız İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu da cəlb ediləcək. Daha ətraflı məlumat üçün İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu bölümünə baxın.

 

Kəndlərin inkişafı proqramı

 

  1. Kənd təsərrüfatına dövlət dəstəyi

1.1. İri şirkətlərə rayonlarda ətçilik, meyvəçilik və digər sahələr üzrə böyük müəsisələrin yaradılması üçün dövlət dəstəyi göstərilməlidir:

- Rayonlarda və kəndlərdə yaradılan iri şirkətlərə vergi güzəştləri edilməlidir;

- Kəndli fermer təsərrüfatı mallarının böyük bazarlara daşınması üçün yerlərdə karqo şirkətlər qurulmalı, daşınmanın ucuz təşkilinə dövlət dəstəyi göstərilməlidir;

- Bölgələrdə yaradılan müəsisələrin bütün işçi qüvvəsinin həmin regiondan olması əsas şərtə çevrilməli, bu bölgədən ali məktəblərdə təhsil alan tələbələr həmin şirkətlər tərəfindən himayəyə alənmalı və sonradan mütəxəsis kimi işlə təmin edilməlidir;

1.5. Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Fond yaradılmalı bu Fondun dəstəyi ilə kəndlərdəki orta fermerlərlə bir tərəfi dövlət olmaqla şərikli inkişaf proqramları həyata keçirilməlidir.

1.6. Aqrar Fond eyni zamanda qrant proqramları da həyata keçirməli və ən yaxşı layihələr dəstəklənməlidir.

  1. Kəndlinin həyat tərzinin yüksəldilməsi
  2. 1. İnsanları yaşadığı yerdə də mədəni xidmətlər alması günün tələbidir. Kəndlərdə məişət evləri yaradılmalı. Kəndlinin kiçik xidmətlər üçün rayon mərkəzinə və ya şəhərə getməsinə səbəb qalmamalıdır:

- Kəndlərdə yaradılan Məişət Evləri dövlət tərəfindən tikilib istifadəyə verilir;

- Kənd Məişət Evlərinin maddi, texniki təhcizatı və gələcək fəaliyyəti regionlardakı dövlətin güzəştli şərtləri əsasında yaradılan və inkişaf edən şirkətlərə tapşırılır;

- Kənd məişət evlərində qadın və kişi bərbəri, dərzi, ayaqqabı təmiri, elektronik mallar təmiri emalatxanası, rəssamlıq emalatxanası, toxuculuq emalatxanası fəaliyyət göstərəcək.

2.2. Kəndlərdə internet klubları yaradılmalı, bu klublarda vətəndaşların inernet biliklərinnin artırılması, həmçinin müəyyən kompütür və internet xidmətlərinin göstərilməsi həyata keçirilməlidir.

2.3. Kəndlərdə idman və əyləncə mərkəzləri yaradılmalı bu mərkəzlərdə kəndlilərin mədəni istirahəti təşkil edilməlidir. (idman və əyləncə mərkəzlərində şahmat və digər oyun kabinetləri, idman meydançaları, mini sinemaklublar, yaradıcılıq kabineti, kitabxana fəaliyyət göstərəcək)

- İdman və əyləncə mərkəzlərinin yaradılması bələdiyyələrin büdcəsinin imkan verdiyi halda mərhələlərlə həyata keiçirilir.

2.4. Kəndlərdə hər bir bələdiyyə ərazisində İnkişaf Məhəllələri yaradılmalıdır.

- Kənd İnkişaf Məhəlləsində kənd məhsullarının inkişafı üçün dövlət tərəfindən tikinti-quraşdırma işləri həyata keçirilir. Kənd sahibkarları burada yağ, pendir, süd də daxil omaqla kənd məhsulları istehsal edirək, həm daxili təlabatı təmin edir, həm də ölkə üzrə daxili bazara çıxarırlar.

2.5. Hər kəndin ərazisində sakinlərin istirahət etməsi üçün ən azı iki hektar ərazidə bələdiyyə tərəfindən park salınır və ictimai-iaşə obyektləri tikilməlidir (kafelər, kiçik satış köşkləri və s.).

2.6. Hər bir kənddə yüksək şəraitə malik kənd hamamlarının tikilməsi

  1. Kəndlərin boşaldılmasının qarşısının alınması

3.1. Böyük şəhərlərdə vətəndaşların müvəqqəti və daimi qeydiyyatına nəzarət gücləndirilməli, heç bir halda gecəqonduların artmasına imkan verilməməlidir.

3.2. Kəndlərin torpaq-katastr xəritəsi yenidən nəzərdən keçirilməli və yeni qurulan ailələrə ev tikintisi üçün dövlət tərəfindən torpaq sahələri hədiyyə olaraq verilməlidir.

3.3. Şəhər qeydiyyatında olan vətəndaşların ailəsi ilə birlikdə kəndə köçməsi müraciətləri kənd bələdiyyələrində qeydə alınmalı və dövlət tərəfindən onlara dəstək proqramı həyata keçirilməlidir.

3.4. Kəndlərdən olan ali məktəb məzunlarının xüsusi qeydiyyatı aparılmalı və onların dövlət, yaxud özəl müəssisələrdə işlə təmini təşkil edilməlidir.

  1. Malİyyələşmə

4.1. Həyata keçirilən layihələrin maliyyələşməsi bələdiyyə büdcəsi, Dünya Bankının, Asiya İnkişaf Bankının, digər beynəlxalq maliyyə agentliklərinin və korporasiyaların, özəl kapıtalın və imkanlı fərdlərin hesabına yerinə yetirilir.

  1. İdarəçilik

5.1. Kənd yerlərində yuxarıda adı çəkilən sahələrin idarəçiliyi, mülkiyyətçiliyi və bir sıra sahələr istisna olmaqla biznes yönümündə inkişaf etdirilməsi bələdiyyələrə həvalə edilir. Əldə edilən gəlirlər də bu təsisatların müstəqil inkişafına sərf edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol