Femida yazmaq istədim…

19:53 31-03-2018 | icon 1199 | Köşə
Femida yazmaq istədim…

Haqq, ədalət, hüquq simvolu da qadın şəklində

 

ÜLVİYYƏ ABIŞOVA

 

Deməli, bir neçə gündür sosial şəbəkədə avtobusdakı olay haqqında qızğın müzakirə gedir. Kim düzdü, kim əyridi - problem mənim üçün bunda deyil. Ona qalsa, polis şöbəsinə tək oğlan deyil, olaya qarışmış digərləri də aparılmalı, hadisə tam araşdırılmalıydı (bəlkə elədir, bilmirəm). Oğlan zatən bu hadisədə oğlan olduğu üçün minus 1 geridədir. Haqlı da olsa, haqsız çıxardarlar. Amma vəziyyəti bu nöqtəyə gətirən başqa səbəbdir - hər kəsin içində birikən aqressiyadır, insanlar illərdir yığılan acıqlarını, acılarını, acizliklərini artıq bir-birinə püskürməklə, biri-birinə tökməklə biruzə verirlər. Və təəssüf ki, bu get-gedə artacaq ki, azalmayacaq...

 

İnsanların üzündən az qala tamamən silinən təbəssüm, biri-birinə münasibətdə hər an "partlamağa" hazır olmaları, günü-gündən artan qətl hadisələri, intiharlar nəticədir. Səbəblərin araşdırılıb aradan qaldırılması üçün addımlar atılmayınca bu hadisələr adiləşəcək, artıq belə müzakirə də doğurmayacaq. "Güvəndiyimiz", "fəxr" etdiyimiz stabillik içəridən çökəcək. Küçədə gəzmək bu qədər rahat olmayacaq. Belə addımların atılacağından da əmin olmadığımdan yaşadığım cəmiyyətin bu baxımdan da gələcəyindən anlayan hər kəs kimi, çox narahatam. Bu belə…


İkinci müzakirə olunan məqam da oğlanların qadınlara yer verib-verməməsidir. Qarşısındakı qadın çox yaşlı, hamilə, xəstə deyilsə, yanında və ya qucağında azyaşlı uşaq yoxdursa, yer verib-verməmək hər kəsin öz işidir. Şəxsən mən kiminsə mənə görə narahat olmasını istəmərəm. Amma yer verilməsini, narazı halda deyil, səmimi olaraq, yer verilməsini təqdir edirəm. Niyə?! Əsla qadın olduğum üçün deyil. (İctimai nəqliyyatdan uzun müddətdir istifadə etmirəm. Yəni hələ ki, maraqlı tərəf deyiləm). Niyəsi çox uzun olacaq.


Get-gedə oğlanların daha zəif, qızların daha güclü olması göz qabağındadır. Tərəzinin bir gözünü ağırlaşdırdıqca, digər gözünün eyni gücdə qalması zatən imkansız. Uzun müzakirələr mövzusu olan mentalitet, qərb mədəniyyəti, inkişaf, bərabərhüquqluluq və sair öz yerində. Yaradılış olaraq eyni gücdə, eyni vəzifədə yaradılmayan iki məxluq heç bir zaman tam eyni - (bərabər) hüquqlu ola bilməyəcək. Hüquqi cəhətdən belə buna az rast gəlmirik. Və mən kişiləri də, qadınları da xislətlərinə uyğun görmək istəyirəm. Nə qızların zərifliklərindən məhrum, nə də oğlanların "centlemen" (sinonimlər sizlikdir) xislətlərindən məhrum olmalarını istəmərəm. Amma bu kəsinliklə birini digərindən üstün qılmaqda deyil, birinin digərini "idarə etməsi"ndə deyil, birinin digərindən asılı olmağında deyil, hüquqi baxımdan tam eyni hüquqdaykən, məsuliyyətdən qaçmaq və ya imkanlardan məhrum olmaqda deyil, biri-birinə qarşı münasibətdə, biri-biriylə davranışda özünü biruzə verməli…


O qadının içindəki "qadın" öldürülməsəydi, özünə o tərz davranışı rəva görməzdi. Ki, qadın da əl qaldırmaqda zatən maraqlıydı, içindəki kini, hikkəni kiməsə tökməyə hazırkən, bu halda da ictimai rəyin (avtobusda yaxın ətrafdakı çoxluğun) də onun tərəfində olacağından əmin olduğundan oğlan onun üçün lap göydəndüşmə oldu…

O oğlanın da içindəki, yaradılışındakı KİŞİLİK (mənən nəzərdə tutulur, sinonim sizlikdir) "öldürülməsəydi", o da bu vəziyyətdən çıxış yolunu əl qaldırmaqda deyil, ən azından fikir verməməkdə görərdi…


Zatən hər kəs digərinin "sərhəd"inə hörmət etməyi bacarsa, haqqını, hüququnu tanısa, bu tərz hadisələr də yaşanmaz. Amma bizdə təəssüf ki, başqasının haqqını tanımaq kimi bir mədəniyyət kütləvi olaraq hələ formalaşmayıb. Və bu gedişlə də hələ uzun zaman da formalaşmaz. Tanımadığımız insanlarla ünsiyyətdə ikinci cümlədə artıq bizə aid olmayan şəxsi suallara keçməyi sevən millətin nümayəndələriyik hələ ki.


Nəsə Femida yazmaq istədim, baxıram, haqq, ədalət, hüquq simvolu da qadın şəklində - NİYƏ?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI