İqtidar-müxalifət görüşü - REPORTAJ

09:24 12-09-2019 | icon 124 | Siyasət
İqtidar-müxalifət görüşü - REPORTAJ

“Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda dəyirmi masa keçirildi, qarşılıqlı tənqidlər səsləndi.

 

Sentyabrın 11-də “Park İnn” hotelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə siyasi partiya, vətəndaş cəmiyyəti təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan deputat F.Ağamalı bu və digər səbəblərdən xaricə gedən, anarxist mövqe nümayiş etdirən, “mühacir müxalifət” adlandırılanların Azərbaycana qarşı mübarizə apardığını bildirdi. Onun sözlərinə görə, bu şəxslər ümidsizlik və qorxu hissi yaratmağa çalışırlar: 

“Ermənistandan Gəncəyə qədər tunel açıldığını deyirlər, ağızları köpüklənə-köpüklənə Azərbaycandakı müxalifəti aşağılayaraq, özlərini həqiqi müxalifət elan edirlər. Onlar bu dağıdıcı fəaliyyətləri ilə Ermənistanın dövlət maraqlarına xidmət etməkdədilər. Sizin hər biriniz zaman-zaman Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutmusuz. Bu məsuliyyət hissindən çıxış edərək, öz iradəmizi ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin yanında olmalıyıq”.

 

YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov çıxışında bildirdi ki, ayrı-ayrı ölkələrin təcrübəsində bu və ya digər ölkələrin daxili işlərinə qarışmaq olub. Onun sözlərinə görə, bu, siyasi proseslər və seçkilər formaları içərisində daha çox tətbiq olunan hallardan biridir:

 “Bu proses ölkə vətəndaşlarının, fiziki və hüquq şəxslərin maliyyəsi əsasında ola bilər. Ölkədə cərəyan edən bütün siyasət ancaq ölkə vətəndaşlarının iradəsi ilə reallaşa bilər. Bütün ölkələrdə bu normalar mövcuddur. Azərbaycana qarşı son dövrlər ərzində xaricdə mühacir qismində geniş fəaliyyət göstərən şəxslər peyda olub. Youtube kanallarının maliyyə qazanması imkanları onların izləyiciləri bir neçə milyon olandan sonra mümkün olur. Bir neçə on min izləyici hesabına maliyyə imkanları əldə edilməsi nağıllardır. Bu, əldə etdikləri vəsaitlərin mənbəyini gizlətmək üçün vasitələrdir”.

 

“Tədbirə iştirakçıları dəvət edəndə ayrı-seçkilik salınmamalıdır”.

Bu sözləri isə AXP sədri Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, bütün siyasi-ictimai nümayəndələr vaxtında dəvət olunmalı idi: 

“Bunun müxalifətin daxilində bölücülük kimi qəbul edilməsinin qarşısı alınmalı idi. Azərbaycanda dövlət qeydiyyatından keçmiş bütün partiyalar dəvət olunmalı idi. İştirak etməyənlərin də məsuliyyəti öz üzərində qalsın. Azərbaycanda bir çox problemlər var. İqtidar tərəfindən qaldırılan problemlərdən biri iqtidaryönlü texnoloqların - ölkədə radikal müxalifətin olmasıdır. Amma mənim fikrimcə, hazırda ölkədə radikal iqtidar problemi var. İqtidarın müxalifətə, ictimai təşkilatlara qarşı neqativ mənada radikal münasibətindən danışmaq lazımdır. İndi haqqında danışdığınız, söyüş müxalifəti adlandırdığınız problemin kökündə iqtidarın apardığı radikal siyasət dayanıb. Bu görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar. Bu problemin kökündə uzun illərdən bəri yeni müxalifət yaratmaq təbliğatının aparılması dayanır. Buyurun, bu da sizin yeni müxalifətiniz. Hamını narahat edən, mövcud olan o problemi siz yaratmısız. Yeni müxalifətiniz budur...”

 

P.Hüseyn bildirdi ki, daha öncə köklü islahatlarla dəyişiklik layihəsi hazırlayarkən YAP rəsmilərini, Əli Əhmədovu, Siyavuş Novruzovu, Aydın Mirzəzadəni dəvət ediblər:

“Əvəzində sıfır reaksiya aldıq. Təklif etdik YAP qərargahına gəlib, müzakirə edib, araşdıraq. Etinasızlıq göstərildi. Nəticəsi onların apardığı siyasətin zərərinə oldu. Azad sözü onların üzünə bağlayacaqsız? Onlar da bir vasitə tapacaqlar. Qapıları alternativ fikirlərin üzünə açmaq lazımdır. Ölkədə sosial-iqtisadi islahatlar dərinləşməlidir”.

F.Ağamalı P.Hüseynin fikrinə cavab olaraq bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən başqa hamıya dəvət göndərib.

ADP sədri Sərdar Cəlaloğlu tədbirin adı ilə bağlı məsələyə münasibət bildirdi. Dedi ki, seçki kimi siyasi proseslərə xarici qüvvələrin müdaxiləsi müsbət haldır.

 

“Heç bir dövlətə, beynəlxalq təşkilata dövlətin işinə qarışmaq səlahiyyəti verilməyib”.

Bu sözləri Ə.Əhmədov S.Cəlaloğlunun fikirlərinə etiraz olaraq səsləndirdi. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar seçkilərə müdaxilə edə bilməzlər:

“Bəli, müdaxilə edə bilməz, müşahidə edə bilər. Bütün məsələləri müzakirə etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. Qəlbimizdə olan bütün məsələləri bura tökmək istəyiriksə, bu, başqa məsələdir. 90-cı illəri hamımız xatırlayırıq. 30 il əvvəlki Azərbaycan indiki kimi idi? Neft pullarının xərclənməsi deyirsiniz. Bakının gözəlləşməsi, ölkənin inkişafı üçün sərf edilən vəsaitlər var”.

 

Azəri Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı isə bəzi insanları itirməyin yolverilməzliyini, onları vətənə qazandırmağın vacibliyini bildirdi:

“Sosial media çirkabdır. Son 6 ayda ağzını açıblar bir kranın, Azərbaycanın əleyhinə yönləndiriblər. Tənqidin hamı tərəfdarıdır. Amma bu, təhqir mərhələsinə çatmamalıdır. Azərbaycandan kənarda bir cərəyan var. Əslində hədəf Azərbaycandır. Bunun üçün ən çirkli yollardan istifadə edirlər. Biz də buna etiraz edirik”.

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ölkədə azğın məmurlara qarşı mübarizə aparılmalıdır:

“Onlar prezidentin reallaşdırdığı yaxşı işlərə kölgə salırlar. Siyasi məhbus məsələsi üzündən həmişə Azərbaycana təzyiq edirlər. Buraxın, getsin də onlar... Onlar üzündən ölkəmizə söz deyilməsin”.

 

Hüquq müdafiəçisi qeyri-hökumət təşkilatlarının millətlə işlədiyini, hökumətin verdiyi qanunlar barədə rayonlarda danışdıqlarını bildirdi:

“O qrantları bağladınız. İndi xalqla necə işləyək? Xarici müdaxilə deyirsiz. Bir səfirlik bura dəvət edilməyib. Gəlsəydilər, görərdilər ki, iqtidar-müxalifət bir araya gəlib, ölkənin taleyüklü məsələlərini müzakirə edir. Xaricdən qrantları bağladınız. Getdilər, oradan söydülər. Buradan kim verir o məlumatları? Sizin içərinizdə olan insanlar. Biz haradan bilirdik ki, kimin harada nəyi var? Bu sirləri bilmirdik. Onlara pul verən, məlumatları çatdıranlar  Azərbaycandakılardır”.

 

AĞ Partiyanın lideri Tural Abbaslı isə bildirdi ki, iqtidar-müxalifət arasında uçurumu təhlil etmək əvəzinə, hansısa blogerin təhqirini müzakirə etmək faydasız işdir. 

 

İctimai fəal, “Hilal” təşkilatının rəhbəri Arzuman Abdulkərimov da bildirdi ki, bəzi insanların iqtidarı dözümsüzlükdə ittiham etməsinə baxmayaraq, özləri müxalifəti tənqid edənlərə qarşı dözümsüzdülər:

“Etdiyim tənqidlərə görə məni blok ediblər. Niyə özləri tənqidə bu qədər dözümsüzdürlər? Ən çox tənqidlərə mən məruz qalmışam. Çünki ölkə prezidentini müdafiə edirəm”.

 

Real TV-nin rəhbəri Mirşahin Ağayev isə 11 sentyabr tarixində terrorun ildönümü ilə üz-üzə olduğumuzu dedi:

“O hadisələr içində Azərbaycana qarşı xaricdən aparılan kampaniyanın adını terror elan etmişik. Burada siyasi terror var. İnterneti olan şəxslər mənə, ailəmə qarşı təhqirlərdən xəbərdardır. Onların nümunə götürəcəyi şəxs Məhəmməd Əmin Rəsulzadədir”.

 

“Bu müzakirənin keçirilməsi vaxtında verilmiş bir qərardır”.

Bunu isə “Teleqraf Holdinq”in rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı deyib. O bildirib ki, Azərbaycana hər zaman xarici hücumlar olub:

“Məncə, müzakirələrdən sonra ümumi qəbul edilən istiqamətlər üzrə birgə hərəkət planımızın da müəyyənləşməsi çox yaxşı olardı”.

A.Camalqızının sözlərinə görə, xaricdəki anti-Azərbaycan qüvvələrin körüklədiyi bəlli blogerlər, yutuberlər ölkəmizə qarşı hücumları artırıblar.

 

Əməkdar jurnalist qeyd edib ki, ilk növbədə Azərbaycan həqiqətlərinin işğalına cəhdin qarşısını almaq lazımdır:

“Ölkəmizə ənənəvi yollarla müdaxiləyə imkan tapmayanların virtual müdaxilələrinə qarşı informasiya siyasətimizi qura biləcək kifayət qədər kadr potensialına sahibik”.

 

Sonda Dəyirmi masanın nəticəsində yekun sənəd qəbul olunub. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

Milli Məclisin adı dəyişdiriləcəkmi?

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

2 həftə ərzində 90% xərçəng hüceyrələri məhv olur

Babamın mədəsini sağaldan -RESEPT

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib