QÜRBƏT HƏYATI YAŞAYAN ŞAİR

15:44 13-09-2019 | icon 2140 | Ədəbiyyat
QÜRBƏT HƏYATI YAŞAYAN ŞAİR

Bu gün poeziyamızın enişli-yoxuşlu yollarında inamla addımlayan, poetik sözün qüdrətini dəyərləndirən, öz novatorluğu və orjinallığı ilə diqqət çəkən, şeirimizin müasir üslub əlvanlığına yeni rənglər qatan istedadlı şairlərimizdən biri də Məmməd İsmayıldır.

Keçən əsrin 60-ci illərində ədəbiyyata gələn şair yüksək mənəvi-əxlaqi dəyərlərə söykənən əsərlər yaratmaqla, nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda özünə geniş oxucu kütləsi toplaya bildi. İllər ötdükcə zamanın tələblərinə uyğun olaraq poeziyanın ictimai-siyasi və bədii-estetik çəkisi də durmadan davamlı şəkildə artmağa başladı.


Belə bir dövrdə şairin yazmış olduğu şeirlər yüksələn bir xətt boyunca inkişaf edərək ən ümumi məzmun çalarlarını özündə birləşdirməklə ümumbəşəri səviyyəyə qalxmış oldu. Məhz bu səbəbdən də yüksək emosionallıq, dərin obrazlı təfəkkür, poetik düşüncə tərzi, bədii fəlsəfi ümumiləşdirməyə meyl, real həyat hadisələrini mənalandırmaq bacarığı onun şeirlərinin aparıcı meyarlarından birinə çevrildi.
Ümumiyyətlə, hər hansı bir həyat hadisəsini canlandırmaq, əyaniləşdirmək, bədii detala çevirib təsvir etmək onun şeirlərinin əsas leymotivini təşkil edir. Vətən məhəbbəti, torpağa bağlılıq, təbiətin ürək açan gözəlliklərinin bədii təsviri, anaya- ataya olan müqəddəs sevgi hissləri, bəzən təklikdən, tənhalıqdan doğan yanıqlı bir kədər, unudulmuş bir sevginin acı göz yaşlarında boğulan şairin dərin mənəvi sarsıntıları onun şeirlərinin əsas qayəsini təşkil edir.


Versus.Az yerli medianın apardığı qısa araşdırmalara əsasən yazır ki, M. İsmailin yaradıcılığında Vətən mövzusu başlıca yerlərdən birini tutur. Şair “Uzun bir cümlədir Vətən torpağı”, “Niyə beləsən, Vətən?”, “Ay Vətən, nə tez unutdun”, “Vətənin bütün yadları”, “Ay bulud”, “Savalanda yatan igid”, “Vətənə can atan ümid işığı”, “Vətən seçilməz” və s. şeirlərində Vətənin müqəddəsliyini önə çəkir. Onun şeirlərində Vətən nəinki coğrafi məkan anlayışı bildirir, o həmçinin mənəvi dəyərdir, əxlaq və əqidədir. Şairin poeziyasında Vətən daha geniş, əhatəli bir anlayışdır. Bu cəhətdən “Vətən seçilməz” şeiri öz məna tutamına, ideyasına və estetik dəyərinə görə daha çox diqqəti cəlb edir:

Dostu bu dünyada seçib taparlar,
Dost- düşmən seçilər, Vətən seçilməz.
Qayanı yonarlar, dağı çaparlar,
Dağ- qaya kiçilər, Vətən kiçilməz.
Keçilməz qaladır Vətən, keçilməz…

Vətən ucalıqdır, bütövlükdür, qeyrətdir, namusdur! Vətən”keçilməz bir qaladır!” Göründüyü kimi M. İsmayılın poeziyasında Vətən həm də ümumiləşdirilmiş metaforadır.Vətən qarşısındakı borc isə bu şeirdə özünü Vətənə, xalqa, torpağa, onun tərəqqisinə həsr etmək kimi mənalandırılır.
Vətən hissi, ona qəlbən bağlılıq şairin vətəndaşlıq təfəkkürünün hərəkətverici qüvvəsidir. Biz bunu onun keçən əsrin 80-ci illərində Cənubi Azərbaycan mövzusu ilə bağlı yazdığı “Savalanda yatan igid” şeirində aydın şəkildə görə bilirik. Bu şeirdə şair Azərbaycan torpaqlarının ikiyə bölünməsini ən dəhşətli, amansız tarixi fakt kimi qələmə alır:

Sabaha səsləyir zaman yolları, 
Yollar gah ayrılıb, gah calanıbdır.
Girib nağıllarda yatar oğullar,
Bu Vətən ikiyə parçalanıbdır.

M. İsmayılın yaradıcılığındakı bu qeyri-adi həsrətin ağrı və acıları, real həyat həqiqətləri bizə də təsirsiz ötüşmür. Oxucu onun hiss və həyəcanlarına şərik olur. Çünki şair bu hissləri yaşayaraq, onu öz düşüncəsinin süzgəcindən keçirərək misralara hopdurur:

Min yel atına, 
Arazı qınından çəkib sıyır gəl:
Cənublar, Şimallar bir ola bakə,
Ayrılan mahallar bir ola bəlkə,
Məqsədlər, amallar bir ola bəlkə!

Bu misralarda çağırış əhval-ruhiyəsi ilə yanaşı incə, kövrək bir lirizm duyulur. Bu vətəndaşlıq yanğısından doğan lirizmdir. Şair Cənub dərdlərini, Cənub həsrətini geniş ictimai-mənəvi konteksdə mənalandırdığına görə, bu onun poeziyasına yeni bir rəng çalarları qatır, onu özünəməxsus bədii boyalarla zənginləşdirir.
Şair “Hər sözün doğrusu” şeirində yenidən bir daha bu mövzuya qayıtmış olur. Onun qəlbi narahatdır. Aradan illər ötüb keçsə belə Savalanda “yatan igidin yuxusu ağır” olduğundan o hələ “qalxıb oyanmaq” həvəsində deyil:

Qalx ki, Qaf dağında donan ümidin
Şimal küləyinin önünü kəsmir.
Orada-Savalanda yatan igidin
Qalxıb oyanmağa hələ tələsmir.

Ancaq buna baxmayaraq, millət öz içində dəhşətli bir “tufan bəsləyir”. O tufanın nə vaxt qopacağı gün isə hələ bəlli deyil. Onsuz da şairin candan artıq sevdiyi Vətəni parçalanaraq ikiyə bölünüb. Şair qürbət ömrü yaşasa belə, onun qəlbində Vətən hissi o qədər güclüdür ki, o, “haydı”-deyib irəli atılmağa çoxdan hazırdır:
O mən, parçalanan o mənim ölkəm,
Bu qürbət, bu da ki Məmməd İsmayıl.
Məndən ayrılmağa gün gəzir kölgəm,
Haydı, arzudakı Məmməd İsmayıl!

M.İsmayıl öz Vətənini, torpağını, xalqını dərin bir məhəbbətlə sevən şairdir. O, özünü Vətəndən ayrı hesab etmir, əksinə özünü Vətənin bir parçası hesab edir. Vətən onun varlığında ikinci bir candır. Çünki Vətən torpağı doğma ana qucağı qədər əziz və müqəddəsdir:

Mənim ilk yatağım – ana qucağı, 
Mənim ilk yatdığım oda beşikdir.
Önümdə güzarım- Vətən torpağı, 
Sonunda məzarım – o da beşikdir.

Hələ qürbətə köç etməzdən çox-çox əvvəl şair “Ağacdələn, döy qapımı” şeirində ürək ağrısı ilə yazırdı:

Eldən ayrı ömür olmaz, gün olmaz,
Eli sevən ürəklərdə kin olmaz.
Nədən Araz arzularım çin olmaz,
Haçanacan yuxularda çay görüm?

Tale elə gətirdi ki, şair uzun illər sonrası qürbət həyatı yaşamağa məcbur oldu. Bu şairin qaysaq bağlamış yaralarının yenidən qopardı. Buna baxmayaraq, onun ürəyi yenə də Vətən həsrətilə döyünür. Qürbətdə keçən bu ömür-gün onun həyatının işıqlı keçən günlərinə qaranlıq bir kölgə salır. Onun yanan qəlbi Vətən həsrətilə çırpınır. Şair qürbət eldə baharın gəlişini hiss etmir. Çünki onun yurduna gələn bahar heç vədə qürbət elə gedib çata bilmir. Şair “Vətənə can atan ümid işığı” şeirində yazır:

Yox, daha əriməz quzeydə qarlar,
Sən gəzən baharlar heç vədə gülməz.
Vətəndə açılıb solan baharlar
Nə illah etsəndə qürbətə gəlməz…

Biz şairin ən kədərli, ağrılı günlər yaşadığının bir daha canlı şahidi oluruq. O hər dəfə köks ötürdükcə, onun nəfəsi təngiyir, həyatının cavanlıq çağları gözləri önündən bir lent yazısı kimi gəlib keçir. “Göylə əlləşdiyi”, “ yerlə süprüşdüyü” günlər yaddaşında canlanır. Ancaq zaman öz axarından qalmır. Onun saralmaqda olan “ömür bağçasının son yarpaqları” daha tökməyə hazırlaşır. Şair “dişlərini bir-birinə sıxaraq” ağrı-acılar içində Vətən həsrətilə yanıb yaxılır:

Nə qədər dişimi dişimə sıxım,
Ağrı buxarlansın can həvəsindən.
Vətənə can atan ümid işiğım,
İşarır qürbətin pəncərəsindən.

Öz ömrünü Vətənin taleyinə bağlayan şair Vətənin ayrılmaz bir hissəsi kimi oxucunun gözləri önündə mənən yüksəlir, nəcibləşir. Onda gələcəyə ümid dolu inam hissini daha da qüvvətləndirir.
Müraciət formasında yazılmış “Ay bulud” şeiri də şairin qürbət şeirləri arasında önəmli yerlərdən birini tutur. Şair bu şeirdə “qaralmış buluddan” “yasının nə vaxt olacağını” soruşur. Ondan göz yaşlarımı silmək üçün “qara yaylığını borc” istəyir. Hətta “özünü asmaq üçün” buluddan “yağmur kəndirini” də istəməyi unutmur. “Nolar, mən ölüm, sən ağla” – deyərək, sanki buluda yalvarır:
Vətən Vətəndi, ha deyim..
Bəndəyə, Allaha geyim..
Qürbətdən daha nə geyim,
Daha nə yazım, ay bulud?

Şair buludu insaniləşdirərək onunla yaxın bir dost, sirdaş kimi danışır. Vətəndən uzaqlarda qürbət həyatı yaşayan bir insan üçün bundan ağır dərd,əzablı günlər ola bilərmi? Budur, şair ömrünün yaddaşlara əbədi həkk olaraq qalmış kədərli anları, insan qəlbini odsuz-köksüz yandıran ağrı, acıları…
Şair qürbət şeirlərinin demək olar ki, hamısını qəlbinin hərarəti, ürəyinin odu, yanğısı ilə qələmə almışdır. Bu fəallıq, kəskinlik və mübarizlik ruhu şairin müraciət etdiyi bədii ifadə və forma üsullarında da özünü aydın bir şəkildə göstərir. Onun qürbət şeirlərinin hamısı lirik monoloq səpkisində yazılmışdır. Bu şeirlərdə şairin lirik “mən ”i çox fəal şəkildə təzahür edir və bu “mən” adi ifadə vasitələrindən biri deyil, onun şeirlərində bir sistemdir, bütöv bir üsul, vahid poetik mübarizədir.Bu cəhətdən “Laçınım” şeiri öz aktuallığı ilə fərqlənir:

Laçınım, Laçınım kəsilən əlim,
Düşmən caynağında yetim gözlərim.
Yolmu var, yanına hayandan gəlim?!
Laçınım, Laçınım, yaralı quşam,
Kimin var, halını kimdən soruşum?!

Bu şeirdə “mən” geniş ictimai məna kəsb edir. Düşmən tapdağı altında inləyən, Vətənimizin bir parçası olan Laçın şairin ən böyük dərdlərindən biri kimi yaddaşlara həkk olub qalır. Burada lirik “mən” az qala bütün dünyanı, varlığı özündə ehtiva edir. Şair bu şeirdə Vətənə olan sonsuz məhəbbətini “Laçınım, kəsmə şikəstəm”-deyərək onu göz yaşları içərisində yanıqlı bir dillə vəsf edir.
M. İsmayılın yaradıcılığında təbiət gözəlliklərinin bədii boyalarla təsviri onun ecazkar qüdrətinin insanla vəhdətdə estetik amil kimi dəyərləndirilməsi şairin təbiət lirikasında əsas yerlərdən birini tutur. “Bahar yağışları”,“Bu yaz idi”,“Salam, payız xəzəlləri”, “Qışdır” və s. şeirlərində həm füsnkar, həm düşünən, həm də fəlsəfi bir obraz olan təbiət eyni zamanda bu günkü şeirimizdə ictimai lirik bir obrazdır.

Bu yaz idi… Gəlişindən xəbər tutmamış,
Novruz gülü qar altında çiçək açırdı.
Gün vurduqca zirvələrə çəkilirdi qış,
Ətəyini dəstələyib kənddən qaçırdı.

Təbiətin baharı və qışı, gecəsi və gündüzü kimi fəsil və mövsüm baxımından geniş bir estetik tutum kəsb edir. Çünki bu gözəlliklərin özü də əxlaqı bir meyardır:

Mart gecəsi….
Təbiətin ovçu vərəsi….
Çiçəklədi çağalalar, çöl ərikləri.
Dünən qışdı, bu gün bahar çıxdı səhərə,
Bir gecədə yarpaq basdı pöhrəlikləri…

Bir vaxtlar şair baharla əbədi dost idi. O, qoynunda doğulub boya-başa çatdığı kəndlərində uca yaylaqların belinə qalxar, oradan təbiətin füsnkar gözəlliklərinin seyrinə dalardı. Döşlərə yayılmış tər çiçəklərdən dəstə bağlar, yamac boyu yüyürüb qaçardı.
Bu gün qürbət həyatı yaşayan şairin şeirlərində baharın ürək açan bu gözəllikləri indi kədər notları üstündə köklənib. Şairin isti göz yaşları ilə yoğrulmuş “Sən indi kiminçün gəlirsən, ey yaz?!” şeiri öz Vətənindən ayrı düşmüş bir şəxsin qəmli taleyindən, yanıqlı dərdlərindən xəbər verir:

Əkiz qardaş idik bir sürə sən, mən,
Gizli sirdaş idik bir sirrə sən, mən
Hanı gəlişinə tir-tir əsən mən.-
Sən indi kiminçün gəlirsən, ey yaz?!.

Təbiətlə birliyi və onunla vəhdətdə olması, təbiətin özü ilə danışan şairin monoloqunu acı bir fəryad şəklində duyub hiss etməmək mümkün deyil:

Məni də dilləndirən dillər var idi,
Mənə də açılan güllər var idi,
Mənə də gəldiyin illər var idi…
Sən indi kiminçün gəlirsən, ey yaz?!

Ana təbiətin insan və bəşər həyatımdakı əxlaqu-estetik dəyərləri şairin şeirlərində günümüzün reallığı baxımından özünü daha qabarıq şəkildə təzahür etdirir.Çünki, bu təbiət lirikası ilk növbədə humanizm və vətəndaşlıq lirikası kimi oxucuların diqqətini daha yaxından özünə cəlb edə bilir. Həm düşünən, həm də düşündürən bu müdrik və ecazkar təbiət obrazı ictimai bir obraz kimi canlandırılmışdır.
M. İsmayılın poeziyası onun özü qədər sərt və kövrəkdir, sakit və çılğındır, təbii və məğrurdur. Onun varlığında palıd vüqarı, dağların əzəməti yaşayır. O, bulaq suyu qədər saf və təmiz, kükrəyib-coşan dağ çaylar qədər əsəbidir.Bu isə onun şeirlərilə şəxsiyyətinin bir vəhdət təşkil etməsindən xəbər verir. Onun poeziyası saflıqdan yoğrulmuş inam və etibar poeziyasıdır. Bunların hamısının əsasında şairin keçirdiyi ağır həyat tərzi, hiss və həyəcanları, duyğu və düşüncələrilə yanaşı tarixi keçmişimizlə bağlı onun, “qan yaddaşı” na əbədi olaraq həkk olub qalmış və bu günümüzə qədər gəlib çatmış həyatda üzünü belə görmədiyi ata nisgili, ana dərdidir:

O kədər ki, nənəmin üzündə saralıbdı,
O kədər ki, anamın gözündə qaralıbdı,
O kədər ki, ev yıxıb, neçə qapı bağlayıb,
O kədər ki, neçə il baxışlarda ağlayıb,
O kədərdən başlayır yaddaşımın əvvəli.

Bu o illər idi ki, kəndin bütün cavanları və orta nəslin nümayəndələri səfərbər olunaraq cəbhəyə yola salınmışdı. Seyrələn kəndlər qocaların, qadınların və bu dünyanı dərk etməyən körpə uşaqların ümidinə sığınaraq hələ də yol gözləyirdi.Aclıq insanları əldən salmış, onlar bir tikə çörəyə möhtac qalmışdı. Müharibəyə gedənlərin isə çoxunun “qara kağızı” gəlirdi. Tale dünyaya təzəcə göz açmış bu zavallı körpələrin üzünə gülmürdü. Şair nəinki ata üzünə həsrət qalmışdı, heç onu xatırlaya bilmirdi:

Necə xatırlayasan görmədiyin insanı,
Yaddaşını araşdır, hafizəni işə sal,
Gətir göz qabağına görmədiyin dünyanı.
Açılmaz düyün olub, həlli çətin bu misal.

“Qorda” düyünündən də çətin olan bu düyünü açmaq indi bir müşkülə çevrilib. Dərdini kimə deyəsən, kədərini kiminlə yarı böləsən. Atasızlıq dərdi onun qaysaq bağlamış yaralarını qana döndərir. O isə yanıqlı bir fəryad qoparıb, atasını görmək istəyir.

Yox, ata ayrı kəsdir, onun özü gərəkdir.
Övlad quru bədəndir, ata, ata ürəkdir.

Şairin qəlbi kədərlidir. Ata həsrəti onun qəlbində qübar bağlayıb. O heç olmasa həyatda bircə dəfə də olsa, atasının üzünü görə bilsəydi heç bir dərdi olmazdı. Şair öz “əvvəlini”, “kimliyini” axtarır. Ancaq onu tapa bilməyib odlu göz yaşları axıdır, ürəkləri qana döndərir:

Hanı mənim əvvəlim, kimin oğluyam, kimin?
Elə-belə yalandan, təsəlliycin göstərin.
Lap kar olsun, kor olsun, şil olsun, topal olsun,
Bir yol görüm üzünü, sonrası xəyal olsun…
Bilim kimin oğluyam…

Şair öz şeirlərində müharibəyə, onun törətdiyi dəhşətli fəlakətlərə nifrət edir, yer üzündə yaşayan bütün insanları azad görmək istəyirdi. Çünki o qanlı-qadalı illəri öz gözlərilə görmüş, onun ağrı-acılarını yaşamışdı. Şair yazırdı:

Döyüş illərində dünyaya gəlmək,
Bizim nəsillərin payına düşüb.

Aradan xeyli vaxt ötməsinə baxmayaraq, şair o ağrı-acılı müharibə illərinə, onun vurduğu sağalmaz yaralara, xüsusilə ata mövzusuna bir daha yenidən qayıtmış olur. Atasızlıq dərdi bir an olsun belə onu tərk etmir. Budur, cəbhəyə yola düşənlər dəmir yol vağzalına toplaşıb. Aramsız yağan qarı külək göyə sovurur. Bir azdan “ayrılıq” başlanacaq. Cəbhəyə yola düşənlərin yanında “iyirmi yaşlı” bir gəlin ana ilə onun qucağında “yaşyarımlıq” bir oğlan uşağıda var. O bu dünyadan xəbərsiz kimi mışıl-mışıl yatır. Bir azdan qatar yola düşəcək. Amma bu uşa bir daha atasının üzünü görməyəcək. Bu körpə şirin yuxudan oyanıb gözlərini açsaydı, bəlkə də, son anda atasının əksi onun gözlərinə əbədi həkk olub qalacaqdı.Ancaq uşaq ayılmır. Ata isə cəbhəyə yola düşür. Ondan övladına bir xatirə belə qalmır. “Ata şəkli” şeirində şair bunu belə mənalandırır:

O qatar gedirdi dərd çəkə-çəkə,
Yatan körpənin də yuxusu qardı…
Açsaydı kor olmuş gözünü, bəlkə 
İçində bir ata şəkli qalardı…

Ata haqqında yazılmış bu şeir hər şeydən öncə öz orijinallığı ilə fərqlənir. Körpə və müharibə, bu körpənin dünyadan xəbərsiz kimi şirin yuxuya getməsi, yağan qarın ətrafa səpələnməsi, “çəkilməz dərdləri çəkən qatarın” ucada eşidilən aramsız fit səsləri, qadınların yanıqlı fəryadı təzadlarla dolu bu şeirin ideya mündəricəsini kəskinləşdirir və zənginləşdirir.
Şübhəsiz, müharibə dedikdə faşizm anlayışı yada düşür. Vətənin, xalqın, ordunun o dövr üçün faşizimlə müharibəsi çoxdan sona yetib. Lakin poeziyanın faşizmlə müharibəsi hələ də davam edir. İndi müharibənin mənəvi ibrət dərslərinin dərki poeziyada əsas mövzuya çevrilib. Müharibənin Vətənimizə, xalqımıza vurduğu sağalmaz ağır yaralar isə bu gün lirik-psixoloji təhlildən keçirilir.

Müharibə vaxtı “İməkləyən uşaqlar” indi şeir, sənət aləmində öz sözünü çoxdan demiş, ona sənətkarlıq möhrünü vurmuş şairlərdir. Bu gün “müharibə dövrünün uşaqları” nı indi barmaqla saymaq olar. Onlar poeziyaya qüvvətli bir “ata harayı” gətirənlərdir.
Bəs müharibə dövrünün anaları necə? Onlar bu ağır, keçməkeşli illərdə öz körpə övladlarını necə böyüdüb ərsəyə yetirmişlər? Şair “Aman, təklik əlindən” poemasının proloqunda özünün dünyaya gəlməsini, çox çətinliklə böyüməsini belə təsvir edir:
Biz dörd nəfər idik,
Təpəl qoyun idi, 
Gözəl alma idi, 
Anamdı, məndim.
Gələcək həyatın xatirəsinə 
Bizi atmışdılar yer kürəsinə…
Anam gözəlliyin gəlinliyiydi,
Alma müşələrin pöhrəliyiydi,
Mən isə bəşərin körpəliyiydim.
Vaxtınız olanda bir sıxın məni 
Görün bir nəyəm ?!
Ana çörəyiyəm, alma şirəsiyəm, qoyun südüyəm…

Bəli, ana ümidinə böyüyən uşaqlar müharibənin gətirdiyi aclıq və səfalət içində böyüyərək bu dünyaya göz açmışdılar. Övladların əli hələ çörəyə çatmamış anaların çoxu əbədiyyətə qovuşumuşdu:

Çıxdımı qəhət Allah adamı,
Uzaqdan-uzağa ala sədamı.
Tale qürbət elə atdı atamı,
Anamın yerini saldı Tovuzda.

İndi onların adı Vətənlə qoşa çəkilir. Ana –Vətən sözləri eyni tamın hissələri kimi birlikdə götürülür. Biz Ana deyəndə Vətəni, Vətən söyləyəndə isə o müqəddəs varlıq olan Ananı gözlərimiz önündə canlandırırıq:

Çəkər bu kədərin xəritəsini
Alnımın qırışı, saçımın dəni.
Öldün, ölümünlə yer kürəsini
Eylədin ömrünün ana Vətəni!…

“Analar”, “Adım-ünvanım”, “Ay ana”, “Evinin yanında ev tikdim, ana”, “Ana Vətən”, “Tovuzda”, “Ana, ana” və s. şeirləri anaya olan sonsuz məhəbbətin ifadəsidir. Eyni zamanda bu şeirlərdə gerçəkliyin təzahürü ana obrazının poetik şəkildə bədii boyalarla təsviri fonunda öz əksini tapmış olur.Bu şeirlər içərisində “Yaman darıxmışam sənin üçün, ana” şeiri öz axıcılığı, orijinallığı, məzmun və forma gözəlliyi oxucuların dərin hörmətini qazanmışdır:

Nəfəsin üzümə dəymir nə vaxtdır,
Əllərin qapımı döymür nə vaxtdır.
İntizar qalmışıq gör bir nə vaxtdır,
Yaman darıxmışam sənin üçün, ana !

Səni bu həftələr, aylar istəyir,
Saçın tək ağarmış çaylar istəyir.
Dünyanın özü də layla istəyir,
Yaman darıxmışam sənin üçün, ana!..

Bu şeirdə ana ömrünün poetikləşdirilməsi, anaya olan ülvi məhəbbət hisslərindən yaranır. Eyni zamanda analığa olan sonsuz bir hörmət və nəvaziş hissi kimi ümumbəşəri xarakter daşıyır.
M.İsmayıl həm də lirik şairdir. Bu lirikanın əsasını insanı dərindən duyğulandıran və düşündürən, onu öz dünyasından qoparıb başqa bir aləmə aparan pak və təmiz, ülvi və müqəddəs, zərif və kövrək məhəbbət şeirləri təşkil edir. “Harda qaldı bu məhəbbət, məhəbbət”, “Deyil ki”, “Gəlməz”, “Bir ildir”, “Məhəbbət”, “Sənin nə vecinə, a Tərtər çayı”, “Sevdim”, “Gözəldir” və s. şeirləri məhz bu qəbildəndir. Bu şeirlər insan qəlbini saflaşdıran, onun kövrək duyğularını ehtiraza gətirən, könül dünyasını fəth edən, həzin bir poeziyadır. Şair lirik qəhrəmanın hiss və həyəcanlarını yaşadığımız dünya ilə, təbiətlə vəhdətdə bədii təsvirini verməklə onun ecazkar qüdrətini bir daha artırmış olur. Biz bunun parlaq nümünəsini şairin “Gözəldir” şeirində daha aydın görə bilirik:

Gözlərin çağlayan sevgi dənizi,
Görənin açılır bəti-bənizi.
Qaldır kirpiyini gülsün dan üzü,
Ağ-qara üstündə halə gözəldir.

Səhərin şehində gəz ayaqyalın,
Meh əssin, çiyninə sürüşsün salsın.
Ayrı aləmi var yaşılla alın, 
Zəmilər içində lalə gözəldir.

Metaforalarla zəngin olan bu şeirdə şair təbiətin konkret hadisələri vasitəsilə lirik qəhrəmanın fikirlərini ifadə edir, məhəbbəti təbiətin bir parçası hesab etməklə dərin bədii ümumiləşdirmələr aparır.Eyni zamanda sevginin müqəddəsliyini önə çəkmiş olur. “Qara gözlərinin qadası mənəm” deməklə, sanki şair sonrakı bəndə zəmin hazırlamış olur. Şeirdəki əsas fikir, ieya da məhz bu bənddə öz təsdiqini tapır:
Yar ol dilbilənə yar olanda da,
Yoluna göz diksin yorulanda da.
Eləsinə vurul, vurulanda da,
Desinlər, ay Məmməd əla gözəldir.

Şeirdə vahid bir hissi , fikri, əhval-ruhiyyəni əvvəldən axıra kimi inkişaf etdirmək çətindir. Çünki, bu şairdən böyük məharət tələb edir. M. İsmayılın “Gözəldir” şeiri məhz belə bir istedadın məharətlə qələmə aldığı poetik, yadda qalan gözəl bir nümünəsidir.
Məhəbbət onun şeirlərində ən yüksək, ən ülvi, bəşəri bir hiss kimi tərnnüm olunur, mənalanır. Çünki, onun şeirlərinin mayası bütünlüklə saf insani hisslərdən yoğrulmuş bir poeziyadır. Bu şeirlər ruhi ehtirasların tələbindən deyil, hər şeydən öncə insanın özünüdərkidir, mənəvi gözəlliyin təsdiqidir. Bu məhəbbət insanı nəcibləşdirən, daxilən təmizləyən, müdrikləşdirən duyğudur:

Bu gecə yer ilə göy arasında,
Dünyaya bir təzə sevgi gəlirdi.
İki sevən qəlbin macəracında,
Ay qanad açırdı, ay yüksəlirdi.

Nələr baş verirdi bu kainatda,
Küləklər bir ucdan xəbər yayırdı.
Dəniz bu gecənin yorğanı altda
Körpə uşaq kimi çabalayırdı.

Şairin şeirlərində məhəbbət iki şəxsin, iki taleyin, iki sevən qəlbin hekayətidir, insani münasibətlərin həyəcanıdır. Lirik “mən” və onun sevdiyi, həsrətini çəkdiyi, sevinc və iztirabları ilə yaşadığı gözəl bu poeziyanın əsas qəhrəmanıdır; şairin poetik dünyası sevincli-kədərli, vüsallı-hicranlı, təzadlarla dolu bir dünyadır:

Sən hardan biləydin, nədən biləydin,
Quruca kağızda söz gül açarmış,
Söz közə dönərmiş, könül açarmış.
Sən hardan biləydin, nədən biləydin

Sözün də qocanı cavan etməyi,
Sözün də ilahi qüdrəti varmış…

Müraciət formasında yazılmış bu şeirdə lirik qəhrəman özünü məhəbbət həyəcanlarında axtarır.Bütün bunlar onun hiss və duyğularının, fikir və düşüncələrinin daxili çarpışması və mübarizəsidir. İnam və şübhə, sevinc və kədər, güman və ümidsizlik bu lirikada üz-üzədir, bir-birindən ayrılmazdır. Lirik qəhrəmanın baş tutmayan bu sevgisi və mənəvi iztiribaları onun həyatının ayrılmaz bir hissəsidir:

Sən hardan biləydin, nədən biləydin
Bir ana oğluyam, mənim ucumdan 
Gedib gəlinliyi, gedib qızlığı,
Sən ki, görməmisən anasızlığı.
Olub xəstəliyim qayğı azlığı,
Sən ki, görməmisən atasızlığı.

Budur, şair qəlbinin dərin sarsıntıları, ümidsizlikdən doğan mənəvi iztirabları. Və bütün bunların mərkəzində tərk edilməsi, unudulması qeyri-mümkün olan gözəlin öz vədinə dönük çıxması… Lakin lirik qəhrəman öz sevgilisinə son anda müraciət edərək:

Bir ömür istərəm mənalı, qısa,
Dilsiz duyğularım köçər kağıza,
Sən məni ürəkdən duyub anlasan,-deyir…

M. İsmayıl məhəbbət mövzusunda yazdığı şeirlərində yığcamlıq, fikir və hissi obrazlı şəkildə mənalandırmaq kimi keyfiyyətlər üstüdür. Onun şeirlərində məhəbbət həzin və kövrək, düşüncəli və qayğılı, kədərli və qüssəli olsa da, ömrün ən gözəl, təkrarolunmaz anı olaraq canlandırılır. Biz şairin “Ömür oxunmamış tale əsəri” şeirində bunun bir daha canlı şahidi oluruq:

Özün də bilmədən axı neylədin,
Bir gözəgörünməz axın eylədin…
Qürbəti qürbətə yaxın eylədin
Gözümü yollara dikərək, qadın.

Şairin yaradıcılığında məhəbbət lirikasının yenidən parlaması, onun real insani hissləri önə çəkmək səyləri poeziyada ənənəvi mövzuya yenidən qayıdışı zəruriləşdirdi:

Adı bilinməzdin, yad qızı yaddın,
Bəxtimi oyadıb savaba batdın.
Sonra da hicrətin oduna atdın 
Yaxanı kənara çəkərək, qadın

Bəs bu şeirin əsas qayəsi nədir? Bunu hər şeydən əvvəl şairin müasirliyində, qarşıya qoyduğu problemin həllində, lirik qəhrəmanın həyəcanlarında axtarmaq lazımdır. Məhəbbətdə təmizlik, həssaslıq, təmənnasızlıq, fədakarlıq bu şeirin əsas ideyasını, bədii xüsusiyyətlərini təşkil edir.
Poetik fikrin birbaşa yox, obraz vasitəsilə, peyzaj və konkret həyat lövhələri vasitəsilə, pridmetin emosional təsviri vasitəsilə ifadə etmək M. İsmayıl şeirlərinin başlıca xüsusiyyətlərindən biridir. Biz şairin “Bu dünya deyilən nə gözəl imiş”, “Bənzəyib”, “Gəlin ocağa gələr”, “Qızların” və s. şeirləri insan mənəviyyatını saflaşdırır, onu daxilən gözəlləşdirir, lirik qəhrəmanın qəlbində kövrək duyğuları dilə gətirir:

Toyun ilk səhəri gözlər mürgüdə,
Qoymaq dodaqları üz verib südə.
Bir gözəl özünə baxır güzgüdə,
Bu dünya deyilən nə gözəl imiş…

Poeziyada keçən ömrü yolu həm çətin və əziyyətli, həm də şərəfli və ləyaqətli bir ömür yoludur. O şairdən mərdlik və mübarizlik, mətanət və dözüm, səbr və iradə, əqidə saflığı və mənəvi bütövlük, cəsarət və sədaqət tələb edir. Bu poeziyanın spesifik xüsusiyyətlərini dərindən mənimsəyən şair öz şeirlərini daha canlı təqdim etməyə, onun psixoloji həyəcanlarını, mənəvi və fəlsəfi düşüncələrini açıb göstərməyə çalışır. Bu da onun şeirlərinin lirik-emosional məzmununu xeyli zənginləşdirmiş olur. Şair tədricən həyat faktlarını və təzahürlərini daxili düşüncələrdən, öz hisslərinin süzgəcindən keçirərək onu daha da mənalandırır. İndi şairin özünə, öz daxili aləminə dalması, özünü təhlil etmə üsulu oxucuda maraq hiss doğurur. Budur, “Çöpləri boş qalan kibrit qutusu” şeirində şair öz cavanlıq çağlarını axtarır. Onun “qocalmış canında” gənclikdən heç bir əsər-əlamət qalmayıb. Bu zaman ərzində şair nəyin dəyişdiyini dərk etmək istəyir:

Ah, cavan vaxtlarım, cavan vaxtlarım,
Aynalara baxsan, xəbər-ətər yox.
Qocalan canımda gəncliyə yer yox,
Hardasan, mən səni harda axtarım?

Yazın gəliçinə əriyən qarımı? 
Getsən də yolların mənzilə çıxmaz
Əriyən qarlardan qalxan buxarmı?
Nə qədər boğusan, səs zilə çıxmaz.

Göründüyü kimi, şair poetik sözün vəzifəsini düzgün başa düşərək şeiri bədii sualla bitirir və bununla da şeirin izahını, açılmasını oxucunun öhdəsinə buraxır. Şair dərindən dərk edir ki, poeziya öz yaradıcısından bütünlüklə özünü ona həsr etmək istəyir. Bunsuz həqiqi mənada bəşəri poeziya yoxdur:
Ata yox, ana yox, bir oğlu birdir,
Yorğunluq yolunu sarmış bu ömrüm.
Sən otuz səkkizə çatmaz deyirdin,
Yetmiş səkkizi də vurmuş bu ömrüm…

Bu, şairin öz qarşısına qoyduğu yaradıcılıq vəzifəsinin yetkinliyini, poeziyanı insanın qayğılarına və problemlərinə daha da yaxınlaşdırmaq, poeziyada insanın ən mühüm, ən vacib həyəcalarından söz açmaq səylərinı ifadə edir.
Sevindirici haldır ki, Məmməd İsmayılın kitabları indiyə kimi Avropanın səkkizdən çox ölkəsində tərcümə olunaraq çap edilmişdir.Şairin 2018-ci ildə Brüsseldə alban dilində nəfs şəkildə nəşr olunan “Unutma,keşikçi” kitabı ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Kitab haqqında həm Albaniya, həm də Kosova mətbuatında bir sıra maraqlı məqalələr dərc olunmuşdur. Şair, Priştina universitetinin professoru, Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü Yeton Kelmendi “Məmməd İsmayılın əsərlərini həyəcansız oxumaq olmur” məqaləsində yazır: “Azərbaycanlı şair Məmməd İsmayıl mükəmməl şeirlər yazmaq və ölkəsinin ən yüksək ədəbi səviyyədə təmsil etmək üçün doğulmuşdur. Onun şeirə yanaşması yalnızca xəyali bir yanaşma deyil, eyni zamanda ölümsüz sənət əsərləri yaratmaq və əbədiyyətə mesaj göndərməkdir. Bu isə, fikrimcə, hər bir böyük sənət adamlarının mahiyyəti və özəlliyidir…
Bir neçə ildir yaxından tanıdığım, alban və fransız dilində kitablarını oxuduğum Kosovanın ən önəmli dövlət mükafatına layiq görülmüş Məmməd İsmayılın həyatı və əsərləri mənə düşünməyə cəsarət verir deyəm ki, o, həqiqətən böyük şair və ziyalıdır. Və içimdə belə arzu da baş qaldırır ki, üzümü Azərbaycan millətinə və onu idarə edənlərə tutub deyəm ki, millətinin poetik və intellektual düşüncəsinin belə bir bel sütununa malik olduqlarına görə, onunla qürur duysun, o buna layiqdir.”
Şair Kosova Milli Kitabxanasının direktoru Angel İ.Berisa isə “Təsəvvürəgəlməz ağrı xatirəsi” məqaləsində şairin Boqdani nəşriyyatında “Unutma, keşikçi” kitabının çapı haqqında danışarkən onun orijinaldan tərcümə olunduğunu söyləyir. Kitabda şairin şeirlərilə yanaşı, onun “Həyat hekayəsinə” də yer ayrıldığını diqqətə çatdırır. M.İsmayıl elə bir şairdir ki, “hətta alban dilinə tərcümədə belə “dünya standartları ilə yarışır”. “Şairin ölkəsi –Vətəni dünya konteksində hardasa onun bütün şeirlərinin başlıca leymotividir”.
Angel İ.Berisa yazır: “Əsrimizin ən böyük bəlası olan miqrasiya şairin ən böyük acısıdır, iddialara qarşı münaqişələr və sistemlərin gərginliyi, tez-tez yaradıcılıq zəncirlərindən çıxan bir eqo gücünü yaradır. Bu poetik durum onun şeirlərində sıx-sıx qarşımıza çıxır. Bu şeirlərdə ağrı, acı var və bu əzici tonu gizlətmək və ya idarə etmək elə də asan deyil. İtirilmiş şəhərdə qrotesk bir adamın bayğınlığı var. İtirdiyini zənn etdiyi küçələrdə tərk edilmişliyin qoruyucusu kimi istəsən də səsini qaldıra bilməzsən…”
Məmməd İsmayıl haqqında ayrı-ayrılıqla yazılmış hər iki məqalədə onun öz Vətənini, xalqını dərin bir məhəbbətlə sevdiyinin biz bir daha şahidi oluruq. Bu gün şair qürbət həyatı yaşasa da, onun qəlbi yenə də Vətən eşqi, Vətən həsrəti ilə alışıb yanır.
Şairin şeirləri öz orijinallığı, mövzuların rəngarəngliyi, aktuallığı, estetik gözəlliyi,məna dərinliyi və müasirliyilə diqqəti cəlb edir. Onun poeziyasında bədii söz düzümü, poetik sintaksis özünü aydın şəkildə əks etdirir. Oxucunun zövqünü oxşayan polifonik düşüncə tərzi ,müxtəlif ritmik vahidlər və formalar, bənzətmə və metaforalar onun şeirlərinin təsir gücünü daha da artırır, kəskinləşdirir. Yüksək dərəcədə yığcamlıq, təbiilik və səmimiyyət, poetik nitqin çalarları, dinamik bir düşüncə tərzi onun şeirlərinə xüsusi bir gözəllik verir.
Bu gün M.İsmayıl Vətəndən uzaqlarda qürbət həyatı yaşayır. Bu il ustad şairimizin səksən yaşı tamam olur. Biz də bu münasibətlə vətəndən çox-çox uzaqlarda belə oxucu məhəbbəti qazanmış gözəl şairimizə mənalı ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Vəliyulla Novruz

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin