Sabah məktəb zəngi çalınacaq

18:53 15-09-2019 | icon 578 | Gündəm
Sabah məktəb zəngi çalınacaq

Yeni tədris ilində respublikanın ümumtəhsil müəssisələrində 1525016 şagird təhsil alacaq

 

 

Versus.Az sabah Azərbaycanda yeni dərs ili başlayır. 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin birinci sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyacaq.

 

Bilikli, savadlı, təhsilli cəmiyyətə malik dövlət də qüdrətli olur. Elə buna görədir ki, ölkəmizdə də təhsil sahəsində ardıcıl uğurlu islahatlar, dövlət proqramları həyata keçirilir.

 

Xüsusilə son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin xüsusi diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilən proqramlar, layihələr təhsildə əldə edilən uğurların sayını artırır. Elə təkcə bu il Prezidentin iki böyük sosial paketi çərçivəsində təhsil işçilərinin əməkhaqlarının artırılması Azərbaycanda müəllimlərə hər zaman göstərilən yüksək qayğı və diqqətin bariz nümunələrindən biridir. 260 minə yaxın təhsil işçisini əhatə edəcək artımda ödəniş sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən keçənlər və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar. Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. Birinci qrup üzrə orta aylıq əməkhaqqı 20, ikinci qrup üzrə 40 faiz artırılıb. Əməkhaqqı artımları təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı, eyni zamanda, təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək. Bu günlərdə isə 2019-2020-ci tədris ilində yüksək balla ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin sərəncamı təhsil ictimaiyyətinin daha bir sevincinə səbəb oldu və 102 gənc tələbə bu təqaüdə layiq görüldü.

 

 

Heydər Əliyev Fondu bu il də birinciləri sevindirdi

 

 

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.

Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb”, "İnternat məktəblərinin inkişaf proqramı”, "Təhsilə dəstək” kimi layihələri də uğurla davam etdirir. Elə bu il də fondun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Fondun sifarişi ilə 17 min aztəminatlı ailələrin övladlarına, uşaq evləri və internat məktəblərində məskunlaşan şagirdlərə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə verilib. Qeyd edək ki, fond tərəfindən "Təhsilə dəstək” layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları verilir.

 

 

Hazırda respublikada ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir

 

 

Respublikada ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir. Onlardan 322-si ibtidai, 3 307-si tam orta, 795-i isə ümumi orta məktəbdir. 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya var.

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılaraq 43 məktəb binası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.

2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.

 

 

5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün imkan yaradılıb

 

 

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümum-təhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alacaq. Qurumun tabeliyində 279-u tam orta məktəb olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.

Bakıdakı 271 ümumtəhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir. Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur. 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb. Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır.

Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq”, V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq. Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələrinin, müharibə iştirakçılarının, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb. /Azərbaycan qəzeti/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...