Mən sizə belə bir sirr açım...
"Mən biznesimi çoxdan dayandırmışam... "insanlar qorxmaq istəyir"
Versus.Az Modern.az-a istinadən Milli.az saytının baş redaktor müavini Elçin Alıoğlunun müsahibəsini təqdim edir.
Elçin Alıoğlu 1971-ci ildə doğulub. Orta məktəbi medalla bitirib. Təhsil illərində çoxsaylı fənn olimpiadalarında iştirak edib və qalib olub. 5-ci sinifdə oxuyanda Təhsil Nazirliyinin qərarı ilə Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 11 şagirddən ibarət xüsusi qrupda riyaziyyat, informatika və ali riyaziyyatın intensivləşdirilmiş tədrisi ilə bağlı əlavə dərslərə qatılıb. Ali təhsillidir. 26 ildir jurnalistikadadır. "Ayna", "Avrasiya", "7 gün", "Ekspress" qəzetlərində işləyib. Üç övladı var. Səyahətləri, ölkələri dolaşmağı, xalqların etnoqrafiyasını, tarixini tədqiq etməyi maraqlı hesab edir.
- Ənənəvi sualımızdan başlayaq, necə oldu ki, yolunuz jurnalistikaya düşdü?
- Mən əvvəllər jurnalist olmamışam, heç ağlımın ucundan da jurnalist olmaq keçmirdi. Mən bizneslə məşğul olurdum. Bir dostumla mərc etdik ki, görəsən bizdə jurnalistika alınarmı? İkimiz də bu sahədə işə başladıq və ikimizdə də alındı. Jurnalistika indi mənim çox sevdiyim bir peşədir. Bu işdən də həzz alıram.
- Jurnalistikaya biznes mühitindən gəldiyinizi deyirsiniz, bəs biznesə yenə də davam edirsinizmi?
- Bu iki sahəni bir arada davam etdirmək alınmır. Çünki, jurnalistika söz alır, biznes isə satır. Həm alıb, həm satmaq müşkül məsələdir. Ona görə də mən biznesimi çoxdan dayandırmışam, jurnalistika ilə məşğul oluram. Jurnalistikadan işlərimiz də olur, araşdırmalar, təhqiqatlar aparırıq. Ömrümün çox hissəsini yaşamağıma baxmayaraq, yenə də öyrənirəm, araşdırıram. Çünki temp elədir ki, dünən deyilən söz bu gün tarixə çevrilir. Dünənki xəbər bu gün artıq gündəmdə deyil. Zamanla ayaqlaşmaq yox, zamandan geri qalmamağa çalışıram.
- Bir az da Azərbaycan jurnalistikasının vəziyyətindən danışaq, illər ərzində bu sahədə inkişaf gedib, yoxsa geriləmə? Jurnalistikamız kənardan necə görünür?
- Azərbayacan jurnalistikası həm pis görünür, həm də yaxşı. Pis görünür ona görə ki, çağdaş jurnalistikanın çoxdan unutduğu, unutmaq istədiyi və unutmağa çalışdığı məqamlar bizdə hələ də davam edir. Məsələn, Azərbaycan jurnalistikasında press-reliz adlandırılan bir şey var. Press-reliz çoxsaylı dövlət qurumlarının, dövlət təşkilatlarının, hökumət və ya qeyri-rəsmi təşkilatların yaydığı məlumatlardır. Çağdaş jurnalistikada bu press-reliz sevdası 20 il əvvəl ölüb. Hətta inkişaf etmiş ölkələrin əyalət qəzetlərində belə press-relizlər olduğu kimi dərc olunmur. Əfsuslar olsun ki, Azərbaycanda bu davam edir. Bir şeyi bilməliyik ki, press-reliz deyilən bir nəsnə hər hansı bir qurumla vətəndaş arasında tikilən beton divardır. Vətəndaş o divarın üstündən içəri boylanmaq istəyir, lakin həmin press-relizdə olan quru statistika, rəqəmlər, məlumatlar buna imkan vermir. Bu bizdə çoxdan unudulması gərəkən bir məsələdir.
İkincisi, çağdaş mediada, Qərb mediasında, Yaponiya, Koreya mediasında reportaj, müsahibə janrı çoxdan transformasiya olub, dəyişib. Bizdə isə hələ də stenorafiq tipli müsahibələr gedir. Sanki biz mumyalardan qurtula bilmirik, onlar ölü canlardır, biz onları hələ də süni nəfəs aparatı sayəsində həyatda saxlamağa çalışırıq.
Ümumilikdə götürdükdə, Azərbaycan jurnalistikasında müəyyən dərəcədə inkişaf var. Amma əksər sahələrdə biz Qərb mediasından 30-40 il geridə qalmışıq. Səbəb isə bizim gənclərimizə verilən jurnalistika tədrisinin tam keyfiyyətli olmamasıdır. Gənclərimizin əksəyiyyəti hələ də jurnalistikanı gördüyünü yazmaq, eşitdiyini çatdırmaq kimi başa düşür. “Fakt-checking” məsələsi var, yəni faktın yoxlanılması.
Bir fakt bir neçə mənbədən yoxlanılmalıdır, bir adamın dediyini olduğu kimi yazmaq olmaz. Qarşı tərəfin fikri öyrənilmədən xəbər verilməməlidir. Amma, əfsuslar olsun ki, Azərbaycan mediasında bu edilir, sadəcə həmin yazının sonunda “qarşı tərəflə əlaqə saxlamağa çalışdıq, mümkün olmadı”, “qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq” kimi qeydlər edilir. Belə olmamalıdır. Və ən nəhayət, jurnalist nə müəllimdir, nə təşviqatçıdır, nə də təbliğatçı. Jurnalist mentor deyil, bariton tonundan birdəfəlik qurtarmaq lazımdır. Jurnalist sadəcə, baş verənlərə güzgü tutmalıdır. Oxucu özü qərar verməlidir ki, nə yaxşıdır, nə pisdir. Bunlar geniş müzakirə olunmalı məsələlərdir. Belə bir fikir var ki, “həmişə həqiqəti deyən məğlub durumdadır”, çünki ancaq həqiqətin dili ilə yanaşır. Yalan deyən isə daha uğurlu yerdədir, çünki yalanı ən müxtəlif vasitələrlə çatdırmağa çalışır. Yalanın istifadə və istehlak imkanları daha çoxdur. Bu baxımdan jurnalistikanın qarşısında duran əsas məsələ həqiqəti fərqli, rəngarəng, maraqlı dillə çatdırmaqdır. Sadəcə quru statistika ilə, rəqəmlərlə uzağa getmək mümkün deyil.
- Müşahidələr göstərir ki, Azərbaycan mediasında da şou janrına önəm verilir. Bu cəmiyyətin tələbidir, yoxsa jurnalistika bu janrı cəmiyyətə sırımaq istəyir?
- Mən sizə belə bir sirr açım, dünyanın heç bir yerində ciddi xəbərlər oxunmur. Heç bir yerdə mədəniyyət xəbərləri ilk sırada olmur. Britaniyada, Rusiyada və başqa ölkələrdə aparılan eksperimentlərdən məlum olub ki, simfonik musiqiyə, tamaşalara və yaxudda mədəniyyət tipli verilişlərə, proqramlara, yazılara maraq çox azdır. Bu çox normaldır. Yəni bu o demək deyil ki, bilərəkdən şou-biznes xəbərləri verilir. Bütün dünyada reytinqlərdə birinci yeri kriminal hadisələr tutur. İnsanlar həmişə qorxmaq istəyir. İnsan qorxmaq istədiyi üçün qorxu filmləri sahəsi bu qədər inkişaf edib. Çünki insan özü bilərkdən bilet alıb, qorxu filminə gedir.
Reytinqdə ikinci yerdə duran şou-biznes xəbərləridir. Düşünün ki, Londonda Cenifer Lopez və Anjelina Colinin iştirakı ilə bir tamaşa ortaya qoyulur, eyni zamanda, Şekspirin əsəri əsasında Kral Lirın və ya Maqbetin səhnələşdirilməsi olur, orada da məşhur aktyorlar olur. Təbii ki, kütlə Cenifer Lopezin və Anjelina Colinin olduğu tamaşaya gedəcək. Kütlə həmişə başqasının həyatı ilə maraqlanır. Cəmiyyətin ən aşağı tabanlarından olan adamların məşhurlaşma tarixcəsini, həyatını dinləmək, görmək kütlə üçün maraqlıdır. Ona görə də bütün dünyada olan proses Azərbaycanda da gedir. Burada anormal heç bir şey görmürəm.
Sizə bir misal çəkim: mən Çində olanda hər zaman oradakı qəzetləri oxuyurdum. Çinin ən böyük qəzeti Çin Kommunist Partiyasının orqanı olan “Jenmin Jibao”dur. Həmin qəzet çox nəhəng tirajla çıxır, bu rəsmi qəzetdir. Qeyri-rəsmi qəzetlərdə çıxan yazıları oxuyanda başlıq mənə çox maraqlı gəlirdi, məsələn “Juanjoa əyalətində motosikletdən yıxılan oğlan durdu polisə nə dedi? - açıram məqaləni oxuyuram, sən demə həmin oğlan polisə “sağ ol” deyibmiş. Yəni çinlilərdə başlıqların oxuculara daha həyəcanlı çatdırılması, təqdimatı çox inkişaf edib. Bu, dünyanın bir çox ölkəsində istifadə edilir. Dünyanın tələbi budur, Azərbaycan da ümumi məcradan kənara çıxmır. Ona görə mən düşünmürəm ki, şou-biznes oxumaqla insanın zövqü korlansın. Qətiyyən belə deyil. Şou-biznes xəbəri oxuyan şəxs axşam məşhur bir əsəri oxuya bilər. Şou-biznes oxuyanları zövqsüzlükdə ittiham etmək olmaz.
- Qəzetlərdən danışdınız, dünyada hələ də qəzetlər böyük tirajlarla satıldığı halda Azərbaycanda demək olar ki, qəzetlər yoxa çıxır.
- Belə də olmalı idi. Çünki Azərbaycanda qəzetlər dəyişmək istəmədi. Qəzetlər media bazarında ciddi, amansız rəqabətə uyğunlaşmaq istəmədilər, başa düşmədilər ki, saytlar belə dünənki gündür. İndi artıq insanlar saytları yox, saytlar insanları oxumağa başlayıb. Hər bir sayt bilir ki, onun xəbərlərini oxuyanların neçə yaşı var, telefonunda hansı əməliyyat sistemi var, haradan girir, məqalənin hansı hissəsi daha çox xoşuna gəlir. Buna “social engineering” deyilir. Bizim qəzetlər bunları anlamağa çalışmadılar, nəyəsə güvəndilər. Hətta dövlət büdcəsindən illərlə qəzetlərə maliyyə dəstəyi verildi, süni nəfəs verildi, reanimasiya etməyə çalışıldı. Bununla belə, bizim baş redaktorların bir çoxu anlamaq istəmədilər ki, bu gün saytda çıxan xəbəri sabah qəzetə verib, oxucuya təqdim etmək anaxronizmdir. Çünki oxucu artıq xəbəri oxuyub. Bu dəqiqə saytlar sosial şəbəkələrə, messencerlərə üz tuturlar. Məni düşündürən də budur, rəhbərlik etdiyim saytda bununla ayaqlaşmağa çalışıram. Hadisə baş verən anda hamı əlində olan telefonla şəkil, video çəkib sosial şəbəkəyə yerləşdirir. Sayt artıq bu sürətə uyğunlaşmalıdır. Telekanallar belə bu rəqabət mühitində uduzublar. Çünki telekanallarda verilişlər müəyyən intervalda efirə çıxır. Həmin intervalda hadisə innkişaf edir, ölür, yeni hadisə başlayır. Belə rəqabətdə qəzetlərimizin ayaqda qalmasının bircə yolu var, o da baş vermiş hadisələri mümkün qədər geniş, təfsilatlı şəkildə işıqlandıraraq, oxucunun sosial şəbəkələrdən, saytlardan əldə edə bilmədiyi məlumatı çatdırmaqdır. Məsələn, “Nyu-York Times”, “Vaşinqton Post”, “Le Monde” və başqa qəzetlər oxucularına hadisəni təqdim etmir, hadisənin pərdə arxasını, kluarını, təfsilatını təqdim edir xə xəbərini pulla satır. Ona görə də xəbər pulla satılsa belə, onların onlayn tirajları get-gedə artır, çünki təfərrüatı verir, həqiqəti bütün çılpaqlığı ilə çatdırır.
- Azərbaycanda saytların da sayı kifayət qədər çoxdur, bunların sayında hansısa azalma olmaldırmı?
- Elə bil ki, siz bazara girirsiniz, deyirsiniz ki, burada dükanların sayı az olmaldır. Qətiyyən, azalma olmamlıdır. Saytların sayı bundan 10 dəfə, 100 dəfə artıq olmalıdır ki, sağlam rəqabət olsun. Rəqabət olan yerdə keyfiyyətli məhsul olur. Baxın, Bakıda əvvəl 1 və ya 2 taksi şirkəti var idi və qiymətlər çox baha idi. İndi taksi şirkətlərinin sayı artıb, dəfələrlə artdığına görə həm xidmətin keyfiyyəti yüksəlir, həm də qiymət aşağı düşür. Və hətta rəqabət o qədər güclənib ki, qısa məsafələrə gedişdə ağlasığmaz dərəcədə endirimlər təqdim olunur. Sizi gedəcəyiniz məsafədən ayıran telefonuzdakı bir klikdir. Bunun nəyi pisdir? Saytların da sayı mümkün qədər çox olmalıdır ki, insanlar sağlam rəqabətdən yararlanaraq, daha keyfiyyətli xəbəri seçə bilsinlər.
- Biznes sahəsində daha çox uğur əldə etmisiniz, yoxsa jurnalistikada?
- Mən jurnalistikaya idman yarışı kimi gəlməmişəm və uğuru da düşənməmişəm. Sadəcə, çalışmışam. Lao Tzunun bir sözü var: “Heç vaxt döyüşü düşünmə, sadəcə işini gör və qalib gələcəksən”. Mən heç vaxt uğur əldə etməyə, fəxri ad almağa, nəyəsə nail olmağa çalışmamışam. Sadəcə işimi görmüşəm, bunun kimə görəsə, nəyə görəsə etməmişəm. Bu işin vurğunu olduğum üçün Azərbaycandayam. Xarici ölkələrdə yaşamaq imkanım hədsiz dərəcədə çoxdur, yəni istədiyim ölkəni seçə bilərəm, ailəmlə yaşaya bilərəm. Amma mən heç vaxt getmərəm, çünki ikinci Azərbaycan tapmayacam. Bu öz yerində. Amma jurnalistika mənim üçün sınaq meydançası deyil, hər gün xəbər alıram, bundan gözəl peşə bilmirəm. Çünki heç bir peşədə insan hər gün yeni nə iləsə qarşılaşmır. Bu gün sahabkı günə bənzəmir. Bundan gözəl peşə ola bilərmi?!
- Dünyanın bir çox ölkəsində olduğunuzu dediniz, Azərbaycana fərqli ölkələrdən baxanda necə görünür?
- Həddindən artıq çox ölkədə olmuşam, rəqəmi o qədər önəmli deyil. Azərbaycan olduğu kimi görünür, nöqsanları ilə uğurları ilə. Mən Azərbaycanı çox sevirəm, bu oğulun anaya olan sevgisi kimidir. Mən subyektivəm. İnsan ailədə yaşayırsa, ailə üzvlərinin böyüməsini hiss etmir, çünki proseslər gözünün qarşısında baş verir. Azərbaycanda təbii ki, problemlər də var, uğurlar da, inkişaf da. Amma mən Azərbaycanı heç bir ölkəyə dəyişmərəm. Yenə də deyirəm, bir çox ölkədə yaşamaq imkanlarım var, buna rəğmən düşünmürəm ki, Azərbaycanı harasa dəyişim. Azərbaycan kənardan olduğu kimi görünür. Şərq ölkəri Azərbaycana həsəd aparırlar, Azərbaycanı Şərqin İsveçrəsi adlandırırlar, bura gələn turistlərin sayından da bəllidir. Qərb ölkələri isə Azərbaycanı inkişaf etməkdə olan ölkə sayırlar. Saysınlar, vaxtilə Sinqapura, Tayvana, Malayziyaya da yuxarıdan aşağı baxırdılar.Amma indi bilinir kim kimdir və vaxtilə zəif sayılan ölkələr indi dünya iqtisadiyyatında, siyasətində önəmli yer tututlar. Azərbaycanın da belə perspektivləri çoxdur.
- Getdiyiniz ölkələrdən hansını bəyənmisiniz?
- Mən heç bir ölkəni bəyənməmişəm, ölkə qadın deyil ki, bəyənəsən. Ölkə milyonlarla müxtəlif insanın xasiyyəti, yaşayışı, həyatından ibarətdir. Getdiyim yerlərin hər birində özümü fərqli hiss edirəm. Parisdə yaşayanda özümü bir cür hiss edirəm, Londanda yaşayanda başqa cür, Barselonanın, Milanın mənim qəlbimdə öz yeri var, Tokio, Pekin ayrı. Yəni mən bunları bir-birinə qata bilmərəm, çünki bu rəngləri müqayisə etmək kimi bir şeydir. Hər bir rəng özündə başqa bir rəngi ehtiva etdiyi kimi, hər bir ölkə də özündə başqa bir ölkəni ehtiva edir. Nə qədər gəzsəm də, Azərbaycana qayıdanda sevinmişəm. Azərbaycan sanki bir gəmidir, limana dönəndə matroslar necə sevinirsə, mən də elə sevinirəm.
- Övladlarınızla münasibətləriniz necədir? Onlara tərbiyə verərkən nələrə diqqət etmisiniz?
- 3 övladım var. Övladlarıma nəyisə təlqin etməyə çalışmamışam. Onlara demişəm ki, mənim kimi yaşayın, nə az, nə çox. Övladlarıma tam azadlıq vermişəm, həm peşə seçimlərində, həm geyimlərində, həm də düşüncələrdə. Azadlıq ən böyük məsuliyyətdir. Bir insana tam azadlıq veriləndə o insan çalışır ki, elə davransın ki, azadlıq verəni utandırmasın. Mən qətiyyən övladlarıma müdaxilə etmirəm, sadəcə, müəyyən məsələlər var ki, həmin məsələlərdə həyat təcrübəm çox olduğu üçün onlara tövsiyələrimi verirəm. Övladlarıma öz həyatlarını yaşamaq imkanı vermişəm, onlarım mənim həyatımı yaşamalarını istəmirəm. Çünki bu mənim həyatımdı və heç kimlə paylaşmaq istəmirəm.
- Bəs övladlarınızdan hansısa jurnalistikaya maraq göstərib?
- Onlar tamam başqa peşə sahibləridir. Jurnalist olmaq istəmədilər, özləri bilərlər. Jurnalistika yeganə peşə deyil, yetər ki, onlar yaxşı insan olsunlar. Dindar olsunlar-olmasınlar, bu mənim eynimə belə deyil, əsas odur ki, humanist olsunlar, şəfqətli olsunlar, vətəni sevsinlər, insanları sevsinlər. Bu mənə bəs edər.
- Özünüzə kənardan baxanda hansı çatışmayan cəhətləri görürsünüz?
- Özümdə catışan heç nə görmürəm, ancaq nöqsanlar toplusuyam. Ona görə özümdən kənara baxmıram, bu mənim işimə mane olur.
- Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihə varmı?
- Elə bir fikrim yoxdur. Layihələrim mənim işimlə bağlıdır, işlədiyimin yer Milli.az-dı. Enerjimi ona verirəm. Bakıda olarkən bütün fikrim, diqqətim Milli.az-la bağlıdır. .
- Bəzən jurnalistlər deputat olmaqla bağlı fikrə gəlir. Siz də tanınmışsınız, heç deputatlığa namizədliyinizi verməyinizi fikirləşmisiniz?
- Əsla. Jurnalistlik mənim üçün millət vəkilliyindən üstündür. Millət vəkili seçildiyi dairənin adından danışırsa, mən bütün xalqın adından xitab edə bilərəm. Axı mən böyüyü kiçiyə niyə dəyişim? Mənim üçün jurnalist adı nazir və millət vəkili adından qat-qat üstündür.
- İşlərinizin çoxluğundan mütaliəyə zaman ayıra bilirsinizmi? Əsasən hansı hansı janrlarda kitab oxumağa üstünlük verirsiniz?
- Bütün janrları oxuyuram. Heç sevmədiyim, yaxın durmadığım janrlar var, bunlar fantaziya, dedektiv, qadın romanlarıdır. Bunları oxumağı zaman itkisi hesab edirəm. Kitabları həm ənənəvi (kağız) formatda oxuyuram, həm də elektron variantda. Telefonlarımda ən azı 800 kitab var. Bu kitabları onlayn alıb mütaliəmə davam edirəm. Hər gün kitab oxuyuram. Yol gedəndə belə oxuyuram, buna görə heç vaxt avtomobil almamışam. Çünki avtomobil məni ünsiyyətdən və kitablardan ayırar. Oxuduğum dillər də fərqlidir. Əfsuslar olsun ki, Azərbaycan dilində çox az oxuyuram. Bu mənim nöqsanlarımdan biridir.
- Hansı dillərdə oxuyursunuz?
- İngilis, rus, fransız, ərəb, fars dilində, maraqlı kitab olanda Çin dilində, İspan dilində oxuyuram. Mən heç bir zaman çalışmıram ki, dil bilgilərimi göstərim.
- Azərbaycan siyasətində vəziyyət necədir? İllər ərzində irəliləmə var, yoxsa geriləmə?
- Azərbaycanın daxili, siyasi arenasında irəli gedən bir partiya var, bunu bəyənsələr də, bəyənməsələr də deyim: Yeni Azərbaycan Partiyası. Əfsuslar olsun ki, Azərbaycan müxalifəti iflic durumdadır. Mən çox istərdim ki, Azərbaycanda güclü, konstruktiv, demokratik müxalifət olsun. 26 ildir dəyişməyən ritorika, dəyişməyən şüarçılıq, dəyişməyən yalanlar, iddialar davam edir. Bütün bunlar məni çoxdan usandırıb, çünki mən bu siyasətin içində olmuşam, iştirakçısı olmuşam. Bilirəm ki, Azərbaycan müxalifətindən vədlərdən başqa heç nə gözləmək olmaz. Amma Azərbaycanda real işlər görülür, gerçəkdən də inkişaf gedir. Bunun müqabilində sadəcə tənqid naminə tənqid etməyi absurd sayıram. Çox istərdim ki, Azərbaycanda real, gerçəkdən iş bacaran, nəyisə təklif edən, konsturuktiv işlər görməyə çalışan bir müxalifət olsun. Azərbaycandakı müxalif partiyalar canlı ölüdürlər. Fəaliyyətlərini mən görmürəm.
- Sizin “Politşou” adlı verilişiniz var, bu verilişlə nəyə nail olmusunuz? İzlənmə sayı sizi qane edirmi? Hədəfiniz nədir?
- Veriliş mənim şəxsi təşəbbüsümdür O veriliş çox məhdud maliyyə imkanları hesabına başa gəlir və onu inkişaf etdirəcəyəm. “Politşou” mənim xitabımdır, tribunamdır, baş verənlərə mənim subyektiv mövqeyimdir. Məni baxış sayı narahat etmir desəm yalan olar, lakin mənim prinsipim var ki, saxtakarlıqdan istifadə etməyim. Mən də bir sıra blogerlər kimi reklama böyük məbləğdə pullar xərcləyib saxta baxış sayına, saxta bəyənmə sayına nail ola bilərəm, izlənmə sayını 2-3 milyona çıxardaram. Texnologiyanı onlardan qat-qat yaxşı bilirəm. Amma mən bunu istəmirəm, cəmi bir ay olar bu işə baxlamışam, bu, tamamilə müstəqil bir baxış bucağıdır. “Politşou” kimsədən asılı deyil, Azərbaycan siyasətinə bir az ironik, bir az yumoristik, təhqir olmadan münasibət ortaya qoyulub. Kimin kim olduğunu göstərməyə çalışmışam. İstəmirəm ki, gənclərimiz yalançıların toruna düşsün. 26 ildir çox adamları bədbəxt ediblər.
- Özünüz də sayt redaktorusunuz, Azərbaycanda reklam bazarında vəziyyət necədir? Saytlar özləri özlərini maliyyələşdirə bilirmi?
- Azərbaycanda reklam bazarı qənaətbəxş deyil. Bizim iş adamlarımız hələ də reklamın nə olduğunu başa düşmürlər. Məsələn, mağazanın açılışına elə bir adam çağırırlar ki, həmin adamın “İnstagram”da 100 minlərlər izləyicisi var. Amma bu adam frikdi, anormal bir adamdı. Sahibkar düşünmür ki, həmin anormalın 300 min təqibçisinin həmin reklamı görməsindənsə, kontekt reklamla, ünvanlı reklamla potensial alıcını düşünsü. Biz reklam qiymətlərinin süni şəkildə azalmasına getməmişik. Milli.az-ın reklam kontekti seçilmiş reklamlardır. Biz seçirik ki, kim bizə reklam verə bilər, kim yox. Biz əldə etdiyimiz maliyyənin hesabına fəaliyyət göstəririk, kimsə bizə yardım etmir, kimsədən yardım istəməmişik və istəmək niyyətimiz də yoxdur. Tam müstəqil şəkildə fəaliyyət göstəririk. Şükürlər olsun ki, hələlik gəlirlərimiz xərclərimizi üstələyir. Reklam bazarı ilə bağlı çox danışmaq olar. Bu, həm mentalitetdən, həm təfəkkürdən, həm də düşüncə tərzindən irəli gələn problemlərlə bağlıdır. Problemlər çoxdur, ona görə də problemləri birdəfəlik həll etmək əvəzinə mərhələli həll yoluna üstünlük verirəm.
- Mentalitetdən danışdınız. Mentalitet inkişafa mane olur, yoxsa dəstək verir?
- Mentalitet bizdə bostan müqəvvası kimi təqdim olunur. Özlərini inkişaf etmiş, mütərəqqi ziyalı sayan şəxlər mentaliteti pisləyir. Mən gördüklərimdən danışa bilərəm, məsələn, Yaponiyada bizim dillə desək, ağsaqqallara, ağbirçəklərə hörmət həddindən çoxdur, Koreyada, İtaliyada, Fransa da həmçinin. Mentalitetin inkişafa heç bir ziyanı yoxdur. Əksinə, mental dəyərlər çox hallarda ölkənin inkişafını şərtləndirir. Yaponiyada hər şeyə rəğmən “Samuray” mentaliteti olmasaydı, onlar heç vaxt inkişaf edə bilməzdi. Çində Konfutsi təlimi olmasaydı, Çin heç vaxt inkişafa doğru getməzdi. Dünya Maonu diktator saysa da, çinlilər onu özlərinə rəhbər bilir. Mentalitet əksinə, inkişafa rəvac və təkan verir. Mən bunu geridəqalmışlıq kimi saymıram. Heç bir xalq ideal deyil, kosmik bir varlıq deyil, azərbaycanlılar da o cümlədən. Bizim çox yaxşı adətlərimiz, çox yaxşı xüsusiyyətlərimiz var, bunlarla davam etməliyik. Nöqsanlarla davam etməyə dəyməz, onlardan qurtulmalıyıq, feodal təfəkkürdən qurtulmalıyıq.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"