“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

12:42 17-09-2019 | icon 179 | Siyasət
 “Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Əlisahib Hüseynov: ""Mühacir müxalifət" ölkədə zorən inqilabi situasiya formalaşdırmağa çalışır”

 

Demokratik Azərbaycan Dünyası Partiysının (DADP) sədri Əlisahib Hüseynovun “Üç nöqtə” qəzetinə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Əlisahib müəllim, istər daxildə, istərsə də xaricdən ölkəmizə yönəlik proseslərə nəzər salsaq, bugünkü ictimai - siyasi durumu necə dəyərləndirmək olar?

 

- Bugünkü ictimai-siyasi durumda qeyri-adi və fövqəladə nəsə görmürəm. Sadəcə olaraq yay fəslinin spesifikliyindən irəli gələn ənənəvi durğunluqdan sonra, indi də siyasi proseslərdə bir qədər fəallıq, dinamika  hiss olunur. Bu da, heç şübhəsiz ki, yeni siyasi mövsümün başlanması ilə əlaqədardır. Hər ildə olduğu kimi bu il də “siyasi payız"ın hərəkətli, hərarətli keçəcəyi gözlənilir və bu da çox normaldır. Amma xaricdən ölkəmizə yönəlik cərəyan edən proseslərə nəzər salsaq, əlbəttə, situasiya bir qədər fərqli və ya subyektiv görünə bilər. Çünki Avropada və ABŞ-da məskunlaşan "mühacir müxalifət" və ya "söyüş bloggerləri" sosial şəbəkələr üzərindən Azərbaycana süni surətdə "inqilab" ixrac etməyə, ölkədə zorən inqilabi situasiya formalaşdırmağa çalışırlar. Başqa sözlə desək, onlar hazırda nəlbəkidə fırtına yaratmaqla məşğuldur. Odur ki, siz bu sualı onlara versəniz, onlar heç şübhəsiz ki, dərhal bəyan edəcəklər ki, bəs bu gün Azərbaycanın ictimai-siyasi durumunda inqilab ab-havası hiss olunur. Ancaq halbuki bu belə deyil. Çünki bu gün Azərbaycanda klassik inqilabi vəziyyətin şərtləri, simptomları müşahidə edilmir. Biz sadəcə olaraq kənardan ölkəmizin ictimai-siyasi həyatına "məxməri inqilab" elementlərini transfer etmək cəhdlərini görürük, müşahidə edirik. Bu isə hələ inqilabi durum demək deyil.

 

- Son günlər sosial şəbəkələrin də siyasilərin mübarizə meydanına çevrildiyi müşahidə olunur. İstər iqtidar partiyası, istərsə də müxalifətin özündən "Mühacir müxalifəti" deyilən  qruplardan sızan söyüş ritorikası narahatlıqla qarşılanır. Nə baş verir?

 

- Bəli, indi siyasi mübarizə prosesləri real siyasi platformalardansa daha çox məhz sosial şəbəkələrdə qızğın xarakter almağa başlayıb. Bunu həm iqtidar, həm də müxalifət düşərgəsində sezmək mümkündür. Hakim Yeni Azərbaycan Partiyasının önəmli simaları əvvəlki dövrlərlə müqayisədə indi sosial şəbəkələrdə, xüsusən də Feysbukda xeyli dərəcədə fəal görünürlər. Elə müxalifət qüvvələri də indi öz ənənəvi mübarizə məkanlarını - meydanları sosial şəbəkələrə dəyişiblər. Hər iki düşərgənin "mühacir müxalifəti"nin söyüş ritorikasına mənfi yanaşması isə anlaşılandır. Çünki ənənəvi müxalifətin bəzi isimlərini, personalarını çıxmaq şərtilə hər iki düşərgənin nümayəndələri ölkə siyasətində sivil mübarizənin tərəfdarı kimi çıxış edirlər. Xaricdəki "mühacir müxalifəti" isə əsas etibarilə marginallardan və qeyri-intellektuallardan ibarət olduğu üçün, onlar söyüşdən başqa bir təsirli mübarizə vasitəsi də görə bilmirlər. Bununçün onların sadəcə olaraq ağılları çatmır. Onlar sivil qaydalar çərçivəsində mübarizə aparmağa qadir deyillər.

 

Birdə, siyasətdə hər kəs öz qabındakını nümayiş etdirir. "Mühacir müxalifəti" dediyimiz dırnaqarası "siyasətçi"lərin, "inqilabçı"ların qabında isə söyüşdən, tərbiyəsizlikdən başqa heç nə yoxdur. Günün 24 saatını söyüşlə yatıb söyüşlə duran marginal təbəqənin xaricdə bir araya gəlməsi, vahid cəbhə yaratması və həm Azərbaycana qarşı, həm də mövcud hakimiyyətə qarşı mütəşəkkil qüvvə kimi mübarizə aparmağa cəhd göstərməsi şübhəsiz ki, ən ciddi xarici təhdidlərdən biridir. Onu da nəzərə alsaq ki, bu mütəşəkkil siyasi cinayətkar təbəqə heç də özbaşına deyil, onları yönləndirən və maliyyələşdirən anti-Azərbaycan mövqeli güc mərkəzləri, maliyyə fondları var, o zaman bu təhdidlərin nə dərəcədə ciddi təhdid olduğu da bütün çılpaqlığı ilə göz önünə gəlir, aydın olur.

 

“DADP-ın də belə bir dialoq təşəbbüsü ilə çıxış etməsi planlaşdırılır

 

- Əlisahib müəllim, bu günlərdə "Azərbaycanda siyasi proseslərə xarici müdaxilələrin yolverməzliyi" mövzusunda baş tutan dəyirmi masanı, həm də "iqtidarın müxalifətlə dialoq"a, həmrəyliyə yönəlik addımı hesab etmək olarmı və sizcə nəyə görə bəzi müxalif siyasi partiyalar bu görüşün dialoq adlandırılmasını doğru hesab etmədi? Ümumilikdə bu tədbir cəmiyyətə hansı vədlərini verir?

 

- Bəli, “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda baş tutan "dəyirmi masa"nı öz-özlüyündə həmrəyliyə yönəlik addım hesab etmək olar. Və bu toplantını kimin necə təqdim və xarakterizə etməsindən asılı olmayaraq hakim partiya və iqtiaryönümlü partiyalarla müxalifət partiyaları arasında bu cür görüşlərin, toplantıların keçirilməsi olduqca müsbət haldır. Mən Ana Vətən Partiyasının bu təşəbbüsünü alqışlayıram. O ki qaldı sözügedən tədbirin "dəyirmi masa" yoxsa "iqtidar-müxalifət dialoqu" adlandırılmasına, bəzi müxalif siyasi partiyaların bu görüşün dialoq adlandırılmasını doğru hesab etməmələri ilk növbədə onların öz subyektiv mülahizələrindən irəli gəlir. Amma bu tədbiri "iqtidar-müxalifət dialoqu" hesab etməyənlər yalnız müxalifət partiyaları deyil ki. Biz də həmin tədbiri "iqtidar-müxalifət dialoqu" hesab etmirik. Hərçənd ki, hakim partiya o tədbirdə ən yüksək səviyyədə təmsil olunmuşdu. YAP sədrinin birinci müavini - icra katibi Əli Əhmədov şəxsən özü həmin tədbirə qatılmışdı. Amma format baxımından, texniki anlamda bu tədbir həqiqətən də "iqtidar-müxalifət dialoqu" yox, sadəcə olaraq siyasi partiyaların "dəyirmi masa"sı idi. Çünki bu tədbiri hakimiyyətin özü yox, iqtidaryönümlü Ana Vətən Partiyası təşkil etmişdi və adından da göründüyü kimi bu bir ümumi toplantı idi, "dəyirmi masa" formatında fikir mübadiləsi görüşü idi. Odur ki, bu toplantını geniş planda "iqtidar-müxalifət dialoqu" kimi qələmə vermək yanlışlıq olardı. Yeri gəlmişkən, siyasi partiyaların bu görüşünün "iqtidar-müxalifət dialoqu" kimi təqdim edilməsində sizin jurnalist həmkarlarınızın, elektron KİV-lərin də müəyyən qədər rolu oldu. Ümumən götürdükdə isə, mən bu tədbiri siyasi mühitimiz üçün də, cəmiyyət üçün də olduqca faydalı hesab edirəm. Həm iqtidar, həm də müxalifət nümayəndələrinin iştirakı ilə keçirilən bu cür "dəyirmi masa"lar, toplantılar siyasi iqlimin mülayimləşməsinə, iqtidarla müxalifət arasında dialoq prosesinin formalaşmasına, cəmiyyətdə isə konsensus və barış ovqatının ərsəyə gəlməsinə təkan verir. Cəmiyyətin sərt siyasi qütbləşməsinin, antoqonizmin güclənməsinin, parçalanmanın qarşısını alır. Cəmiyyət bütöv bir orqanizm halına gəlir. Odur ki, bu cür toplantılar nə qədər çox keçirilərsə, cəmiyyətimiz, xalqımız  üçün də bir o qədər faydalı olar. AVP-nin təşkil etdiyi bu "dəyirmi masa"ya kimlərinsə dəvət edilməməsini isə az qala dünyanın sonu kimi, Apokalipsis kimi qiymətləndirməyə də ehtiyac yoxdur. Axı o tədbirə dəvət edilməyənlər bir tək AXCP liderindən ibarət deyildi. Sözügedən tədbirdə Ümid Partiyasının, KXCP-nin, REAL-ın  və bir sıra başqa partiyaların da liderləri gözə dəymirdi. İndi onlardamı tədbirin təşkilatçısının - Fəzail Ağamalının yaxasından yapışıb, "şaxsey-vaxsey" məclisi qurmalı və Fəzail bəyi linç etməlidir? Nəzərə alaq ki, həmin "dəyirmi masa" bu formatda keçirilən nə ilk, nədəki son tədbir deyil. Gələcəkdə yenə də bu cür toplantıların keçiriləcəyi gözlənilir. Yeri gəlmişkən, qarşıdakı aylarda DADP-nin də belə bir dialoq təşəbbüsü ilə çıxış etməsi planlaşdırılır. Odur ki, hər kəsin bu cür toplantılarda iştirak etməyə fürsəti olacaq. Yetər ki, hər bir siyasi partiya bu "dəyirmi masa"lar, "iqtidar-müxalifət dialoqları" olmadan da cəmiyyətimiz üçün faydalı işlər görsün, dövlətçiliyimizin qorunub saxlanması üçün öz töhfəsini verməyə çalışsın. Necə deyərlər, məsələ "dəyirmi masa"ya dəvət edilib-edilməməkdə deyil.

 

- Müxalifət partiyaları iqtidarın özünün fəaliyyətində kifayət qədər nöqsanlar buraxdığı üçün müxalifətdən çəkindiyini iddia edir. Belə qeyd olunur ki, ölkədə hər an inqilab ola bilər, çünki "qazan qaynayır". Müxalifətin indiki durumunu nəzərə alsaq, reallıq nədir?

 

- Bilirsiniz, müxalifət hər şeyi öz arşını ilə ölçməyə bir növ adətkərdə olub. Söhbət əlbəttə ki, AXCP-nin, Müsavat Partiyasının, "Milli Şura" adlı amorf qurumun təmsil olunduğu radikal müxalifət kəsimindən gedir. Ancaq reallıq isə heç də radikal müxalifətin təsəvvür və təsvir etdiyi kimi deyil. Yəni ki, "iqtidarın özünün fəaliyyətində kifayət qədər nöqsanlar buraxdığı üçün müxalifətdən çəkindiyini" iddia etmək əslində tamamilə absurddur. Əlbəttə, mən demirəm ki, iqtidarın nöqsanları yoxdur. Xeyr, mövcud iqtidar gündəlik iş prosesində, idarəetmə məsələlərində müsbət tendensiyalarla yanaşı, bu və ya digər səhvlərə, nöqsanlara da yol verir. Bu da tamamilə təbiidir. Məgər dünyanın elə bir ölkəsi varmı ki, orada iqtidar ölkənin cari idarəetmə məsələlərində hər hansısa bir qüsurlara, əyər-əskikliklərə yol verməsin? Heç kim belə bir ölkənin mövcudluğunu misal göstərə bilməz. Qüsursuz hökumətlərə yalnız şairlərin və filosofların ədəbi-fəlsəfi əsərlərində, utopik traktatlarında rast gəlmək olar. Gerçəklik isə tamam başqa şeydir və bugünkü gerçəklik də onu göstərir ki, İlham Əliyev iqtidarı müxalifətdən əsla çəkinmir. İqtidar sadəcə olaraq müxalifətə təmkinlə, hörmətlə yanaşır. İqtidar konstruktiv, sağlam tənqidlərə də açıqdır. Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Rossiya 24” kanalına müsahibəsində “Mən tənqidə tamamilə normal yanaşıram. Siyasi sistemdə və ümumiyyətlə, həyatda olduğu kimi, hər şeyin hamının xoşuna gəlməsi mümkün deyil. Aydındır ki, hansısa obyektiv məqamlar, çoxlu subyektiv tənqid var” fikrini dilə gətirməsi hazırki iqtidarın müxalifətin tənqidlərinə anlayışla yanaşmasının göstəricisidir. Biz bunu məlum "dəyirmi masa"da Baş nazirin müavini, YAP təmsilçisi Əli Əhmədovun müxalifət liderlərinə qarşı təmkinli münasibətində də bir daha aydın şəkildə gördük. Odur ki, kimlərinsə bunu iqtidarın müxalifətdən çəkinməsi və ya qorxması kimi dəyərləndirməsi sadəcə olaraq reallığı düzgün qiymətləndirə bilməməsinin nəticəsidir.

 

- Beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe, separatçı rejimin referendum məsələsinə yanaşması işğala məruz qoyulan Azərbaycan tərəfini hansı addımlar atmağa vadar edir?

 

- Beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqeyini birmənalı surətdə pisləyirik. BMT kimi ən mötəbər, nüfuzlu bir qurum öz qətnamələrinə Ermənistan tərəfindən saymazyana münasibətə bu gün susur. ATƏT-in Minsk qrupu Qarabağ probleminin həllinə deyil, əksinə, problemin həllinin uzadılmasına çalışan bir qurum təəssüratı bağışlayır. Görünən budur ki, həmsədrlər bir tərəfdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "status-kvo" vəziyyətinin davam etdirilməsinə, münaqişənin dondurulmuş vəziyyətdə qalmasına çalışırlar, digər tərəfdən isə işğal olunmuş Dağlıq Qarabağın erməni icmasını ayrıca xalq kimi təqdim edərək, ermənilərə öz müqəddəratını təyinetmə imkanı vermək istəyirlər. Bu isə ATƏT-in Minsk qrupunun həmsədrlik missiyasına, fəlsəfəsinə tamamilə ziddir. Odur ki, ya biz həmsədrlərin vasitəçilik xidmətindən imtina etməliyik, yadaki həmsədrlik formatının tərkibinin təcili surətdə genişləndirilməsi tələbi ilə çıxış etməliyik. Həmsədrlərin sayı 3-dən 5-ə qaldırılmalı və Türkiyə ilə Polşaya da həmsədrlik statusu verilməlidir. Separatçı rejimin istər referendum məsələsi ilə bağlı tutduğu mövqe, istər qondarma qurumun yerli özünüidarəetmə orqanlarına keçirilən "seçki"lərlə bağlı atdığı addımlar, istərsə də müxtəlif xarici ölkələrin tanınmış mədəniyyət, elm xadimlərinin, parlamentarilərinin, bloggerlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə imkan yaratması təxribatdan başqa bir şey deyil. Bütün bunlar işğala məruz qalan tərəf kimi Azərbaycanı təkcə diplomatik planda deyil, həm də hərbi müstəvidə də addımlar atmağa vadar edir. Biz bütün hallarda öz torpaqlarımızı azad edəcəyik. Mən bunu bir Qarabağ qazisi kimi qəti əminliklə deyirəm! Qoy ermənilər də bunu eşitsinlər!

 

- Əlisahib müəllim, partiya olaraq bələdiyyə və qarşıdan gələn parlament seçkilərində hansı mövqenin sərgilənməsinin tərəfdarısız və seçki ilə bağlı bir çox müxalif partiyaların indidən sərgilədiyi mövqeləri necə dəyərləndirirsiniz?

 

- Hesab edirik ki, seçkilər hər bir partiyanın, eləcə də müstəqil siyasətçi kimi çıxış edən hər bir vətəndaşın da öz gücünü, potensialını həm rəqiblərinə sübut etmək, həm də topluma nümayiş etdirmək üçün əlverişli şərait yaradır. Seçkilər ən optimal mübarizə vasitəsidir. Seçkilərin alternativi yoxdur. Hər bir siyasi qurum öz hədəflərinə, iddialarına məhz seçki yoluyla nail olmağa çalışmalıdır. Bütün başqa yollar qeyri-adekvatdır və qeyri-konstitutsiondur. Vətəndaşları üsyana, inqilaba, siyasi çevrilişə çağırmaqla hakimiyyətə gəlmək cəhdləri birmənalı şəkildə yolverilməzdir. Çünki bu kimi cəhdlər son nəticədə xaosa, anarxiyaya, vətəndaş müharibələrinə gətirib çıxarır. Biz bunu  Yaxın və Orta Şərq ölkələrində də, Ukraynada da gördük. Odur ki, onların səhvlərini qətiyyən təkrarlamamalıyıq. Kim özünü həqiqətən də güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun, öz gücünü sandıqda (seçki qutularında) göstərsin. Mən bəzi müxalif partiyaların seçkilərə münasibətdə indidən sərgilədiyi mövqeləri, yanaşmaları diqqətlə izləyirəm. AXCP lideri Əli Kərimlinin seçkiləri boykot etmək çağırışları kökündən yanlışdır. Zənnimcə, elə hazırki seçki sistemi və qanunvericilik bazası ilə də mükəmməl seçkilər keçirmək mümkündür. Bu mənada, REAL partiyasının mövqeyini daha konstruktiv və doğru mövqe kimi dəyərləndirirəm.

DADP olaraq biz də həm bələdiyyə seçkilərində, həm də parlament seçkilərində iştirak etməyi nəzərdə tuturuq. Təki Vətənə, Millətə xeyirli olsun!

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib

Prorektor “Musa Carullah Bigiyevin düşüncə sistemində “Təcdid” konsepsiyası” adlı məruzə ilə çıxış edib

BDU-da “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib

"Vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an silaha sarılmağa hazırıq"

Qoşunların təmas xətti yenidən monitorinq ediləcək

YAP-da icazəsiz aksiya ilə bağlı tədbir keçirilib

Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür

Nazir Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib

Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi! /VİDEO/

Əli Kərimli qanun qarşısında cavab verməlidir - RƏYLƏR

"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

ALDP-dən polis zorakılığına qarşı bəyanat

Etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

Qəzaya görə avtomobildə sıxılı qalan şəxs xilas edilib

Qadın qılıncoynadanımız beynəlxalq turnirdə qalib olub

Xocavənddə 2 ədəd top mərmisi tapılıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

ALDP sədri avropalı diplomatla görüşüb

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

Füzulinin Soyuqbulaq Xatirələrindən 

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

"Bu məsələdə Türkiyəyə dəstək verməyimiz səhv addım idi"