Jurnalistlər Novruz Məmmədovla bağlı xatirələrdən yazdılar

17:33 08-10-2019 | icon 114 | KİV
Jurnalistlər Novruz Məmmədovla bağlı xatirələrdən yazdılar

Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi üçün Prezident İlham Əliyevə ərizə ilə müraciət edib.

 

Məlumatlara görə, o, təqaüdə çıxmaq məqsədilə belə bir addım atıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında məsələ həllini tapıb.



Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb və Milli Məclis buna razılıq verib.



Baş nazir postundan yola salınan Novruz Məmmədov hələ Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyərkən hər zaman jurnalistlərə açıq məmur kimi tanınıb.

Media nümayəndələri sosial şəbəkədə Novruz müəllimlə bağlı xatirələrini paylaşıblar. Versus.Az Modern.az-a istinadən "Facebook"dakı həmin paylaşımları təqdim edir.

 



“Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə:

"2002-ci il ya da 2003-cü ilin əvvəli olardı, o zamankı Prezident Aparatına Novruz Məmmədovla müsahibəyə getmişdim. Kabinetə keçdim, görüşdük, oturmaq üçün yer göstərdi, masanın üzərində və əlində kağızlar vardı. Dedi ki, prezident təcili olaraq hansısa sənədi hazırlamağı tapşırıb, bir qədər gözləyəcəyimi söylədi, üzrxahlıq elədi.

 


Köməkçi çay gətirdi, çayımı içə-içə masanın üzərindəki qəzet-jurnalları vərəqlədim, televiziyaya da baxdım, CNN dünyanın qaynar nöqtələrindən xəbərlər verirdi, amma ingilis dilində olduğuna görə bir şey başa düşmədim.

 


Bu arada Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev də Novruz Məmmədova zəng elədi. Zəng edənin Ramiz Mehdiyev olduğunu biləndə, əl işarəsi ilə otaqdan çıxmaq istədiyimi bildirdim, amma şöbə müdiri razı olmadı, o da əl işarəsi ilə oturmağımı istədi. Söhbət qısa çəkdi, Ramiz Mehdiyev də Novruz Məmmədovun hazırladığı sənədlə maraqlanırdı.


O zaman Prezident Aparatının Xarici əlaqələr şöbəsinin müdiri olan Novruz müəllimin əlindəki işini bitirməsi çox çəkmədi. O, sənədləri götürüb, yenə üzrxahlıq edib kabinetdən çıxdı, bir qədər sonra geri qayıtdı.

 


Bir xeyli də söhbət elədik, nəhayət müsahibəyə başladıq. 2-3 dəqiqədən sonra baxdım ki, diktafon işləmir. Bu dəfə mən üzrxahlıq elədim, diktafonu bir az qurdalayandan sonra belə qənaətə gəldim ki, batereyası bitib. Dedim ki, aşağı düşüb batereya alıb gəlim. Razı olmadı, köməkçini çağırıb batereya olub-olmadığını soruşdu, köməkçi bir qədər sonra geri qayıdıb batereya olmadığını çatdırdı.

 


Yenə batereya almağa getməyimi təklif etdim, amma Novruz müəllim bu dəfə də razılaşmadı. Dedi ki, stulu ayağının altına qoy, çıx divardan saatı düşür, batereyasını çıxar, yoxla gör onunla işləyər? Etiraz etmədim, saatı düşürdüm, batereyasını çıxardım. Amma saatın bateryası da "inadkar" diktafonu işlədə bilmədi.


Artıq batereya almağa getməkdən başqa variant qalmadı. Bunun üçün isə metronun "İçərişəhər" stansiyasının qarşısına qədər gələsi oldum.


Geri qayıdanda yenə üzrxahlıq elədim, Novruz müəllim də dedi ki, belə şeylər olur, narahat olma. Beləcə, müsahibə baş tutdu.

 

P.S. Sonralar Novruz Məmmədovla mənim aramı jurnalist dostlardan biri vurdu”.

 


“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:

 


“Elə o tarixlərdə məndə də belə hal yaşanmışdı.

 

Novruz müəllimlə müsahibəyə təzə başlamışdıq ki, diktafon dayandı. Ha cəhd etdim, alınmadı. Novruz müəllim televizorun pultunun batereyasını çıxarıb verdi, müsahibəyə davam etdik.

 

O müsahibədən sonra həmişə üstümdə ehtiyat batereya gəzdirməyə başladım”.



DOSYE:
 Novruz İsmayıl oğlu Məmmədov 1947-ci ildə anadan olub.
1964-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olub.


1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə İnstitutda müəllim vəzifəsinə təyin edilib.


1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.


1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.


1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub.
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.


2002-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.


2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olub.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilib.
2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilib.


Ölkə Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib.


Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür.


Azərbaycan, fransız, rus, ingilis və türk dillərini bilir.


Evlidir. Üç övladı və nəvələri var.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

"2020-ci il seçkiləri oğurlanır"

“Azərbaycan dini liderlərin sammitini keçirə biləcək nadir ölkələrdəndir”

Arif Hacılı jurnalistlərdən qorxdu?

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq