“Xalq Cəbhəsini sonradan götürənlər “KQB” agenturasıdır” - LAYİHƏ

15:33 01-05-2018 | icon 3668 | Layihə
“Xalq Cəbhəsini sonradan götürənlər “KQB” agenturasıdır” - LAYİHƏ

 QƏZAN MÜBARƏK

 

Zərdüşt Əlizadə: “Primakovun 20 yanvar qırğını və İsa Qəmbərlə bağlı gizli mesajı

 

 

(Layihənin bundan öncəki DÖYÜŞÇÜləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri

- Sabir Rüstəmxanlı, Arif Paşa 1-ci2-ci)

 

İdeologiyanın əsas funksiyalarından biri siyasi hərəkətdə müəyyən xəttə bəraət qazandırmaq olduğundan göstərilən arqumentlər həmin ideologiyanı daşıyanların siyasi iradəsindən çox asılıdır. Siyasi gerçəkliyin ideoloji yozumu da bir çox hallarda həmin ideologiya tərəfdarlarının mənafelərinə uyğun olaraq öz “həqiqətləri” donunda ortaya qoyulur. Və beləliklə, həqiqət olsa belə əks tərəfin özünün təqdim etdiyi praqmatik düşüncəsinə görə ortaya siyasi gerçəkliyin təhrif olunmuş forması çıxır. Bu baxımdan istənilən halda tərəflərin öz diliylə danışaraq öz “mən”lərini bəyan etmələri və səslənən ittihamlara müqabil tutarlı arqumentlə çıxış etmələri vacib elementlərdəndir. Ki, həqiqətlər ortaya çıxsın...

 

“Xalq Cəbhəsini yaradan” və sonrakı yanlışlıqlara görə Cəbhədən istefa verən siyasətçi, müstəqil politoloq Zərdüşt Əlizadə də Versus.Az-a verdiyi müsahibədə gerçək siyasi sistemin təsvirini belə anladır.

Beləliklə, Versus.Az-da Sözünün Gücüylə Cəng Meydanına çıxan növbəti Döyüşçü Zərdüşt Əlizadədir.

 

“Bakı Alimlər Klubu” Xalq Cəbhəsini yaradır

 

- Zərdüşt bəy, hərəkat dövrünün ən fəal üzvlərindən biri də siz olmusunuz. O zaman doğrudanmı 5-6 nəfər olan sizlər yığışıb Xalq Cəbhəsini yaratdınız, yoxsa özünüz xalqın cəbhəsinə qoşulub xalqın adından istifadə etdiniz?

 

1988-ci ildə Xalq Cəbhəsi yox idisə, onun adından necə istifadə etmək olardı? Xalq Cəbhəsi ideyası Elmlər Akademiyasında işləyən bir qrup ziyalının ağlına gəlmişdi. Qarabağ prosesi başlamışdı, Azərbaycan Kommunist Partiyası ölkənin problemlərini həll etməkdə aciz idi. SSRi-də yeniləşmə getdiyi bir şəraitdə Azərbaycanda “köhnə hamam, köhnə tas” idi. Biz hesab edirdik ki, Mərkəzi Komitəni xalqın iradəsinə tabe etmək üçün SSRİ-ni yıxmaq yox, rəhbərliyi xalqın iradəsinə tabe etmək üçün bir xalq hərəkatı olmalıdır. AXC ideyası da bundan yarandı. Bununla bağlı o ideya necə yaranıb, necə demişəm, necə həyata keçirmişəm, adamları necə yığmışam, ilk özəkləri necə yaratmışam, təşkilatın yığıncaqlarını necə keçirmişəm bütün bunlar haqqında yazdığım kitabda ətraflı məlumat verilib.

 

- Primakov yazdığı kitablardan birində respublikalardan dəvət olunan “gənc alimlər klubu”ndan danışıb. Azərbaycandan o klubun işində iştirak edən kodlaşdırılan elm adamları olubmu. Bununla bağlı bilginiz varmı? Kim olub, həmin “alimlər”, nədən bu alimlər kodlaşdırılıblar?...

 

- Primakov orda yazıb?

 

- Gənc alimlərlə bağlı yazıb.

 

- Bir dəqiqə dayanın. Bu, mümkün olan şey deyil...

 

- Anlamadım. Söhbət Primakovdan gedir, onun əvəzində siz cavab verirsiniz.

 

- “Gənc alimlər klubu” sözünü 1988-ci il fevralın sonunda Elmlər Akademiyasının foyesində Tofiq Qasımov, Mirbaba Babayev, Leyla Yunus, Zərdüşt Əlizadə dillərinə gətirəndən sonra bunun yaradılmasına çalışıblar. Bunun Nizamnaməsi yazılıb. Ağacavad Salamov, Hikmət Hacızadə bunu qeydiyyatdan keçirmək üçün Oktyabr rayon partiya komitəsinə gediblər. Deyiblər ki, “Bakı alimlər klubu”nun fəalları Xalq Cəbhəsini yaradır deyə bunu qeydiyyata alıblar. Primakov deyilənləri necə yaza bilər?..

 

- Primakovun yazdıqları 1984-85-ci illəri əhatə edir, sizin söhbətsə 88-ci ildə cərəyan edib...

 

- Hüquq elmləri doktoru, general-mayor, Rusiya interpolunun keçmiş sədri Vadim Semyonoviç Ovçinin yazır və deyir: “MVD və KQB bir çox yerlərdə Xalq Cəbhəsi yaradırdı, o cümlədən Pribaltikada da, Ukraynada da, Cənubi Qafqazda da”....

 

- Aha, deməli Ovçininin məlumatına əsaslansaq, onda “Xalq Cəbhəsini yaradan Zərdüşt Əlizadə” “keqebeşnik” olub, eləmi!?

 

- Xalq Cəbhəsini ilk yaradan mən olmuşam, amma sonradan gəlib o təşkilatı götürənlər məhz Ovçininin dediyi “KQB” agenturasıdır.

 

- Deyirsiz ki, Cəbhəni mən yaratmışam. Axı 88-ci ildən qabaq leqal olmayan bir çox birliklər fəalyyət göstərib. Məsələn, “Çənlibel”...

 

- “Çənlibel” hara, Xalq Cəbhəsi ideyası hara. “Çənlibel” daha çox türk folklorunun üzə çıxarılmasıyla məşğul olan birlik olub. Cəbhə ideyalarının buna heç bir aidiyyatı yoxdur. O, Əbülfəzin, Nemət Pənahlının xətti idi. Biz folklor deyildik. Biz hüquq, insan haqları, demokratik islahatlar, iqtisadiyyat, düzgünlük, xalq təmsilçiliyi - biz belə şeylərlə məşğul olurduq..

 

- Yəni, cəbhə ideyalarının oturuşmasında həmin birliklərin heç bir rolu olmayıb?..

 

- Heç bir rolu olmayıb.

 

- 1989-cu ildə Əbülfəz Elçibəy, Zərdüşt Əlizadə və rəhmətlik Nəcəf Nəcəfov Laçına gedirlər. Laçında hansı fövqəladə hal baş vermişdi ki, Cəbhənin “ağır artilleriyası” bu rayona yön almışdı?

 

Oleynikin səfəri zamanı Nəcəf Nəcəfovla Leyla Yunusun oynadıqları rol

 

- Xeyir, mən olmamışam. Bircə dəfə rayona getmişəm. O da yazıçı Boris Oleynikin qrupu Qorbaçovun riyakar tapşırığıyla Qarabağ problemini öyrənmək üçün gələndə olub.

 

- Nəyi öyrənməyə gəlmişdilər və bu konuda siz neyləyəcəkdiniz ki?

 

- Sənin dövlət quruluşun var, dövlət quruluşunu dağıdan qüvvə var, bu vəziyyət öyrənmək üçün Boris Oleynik göndərilir....

 

- Nə vaxt olub bu?

 

- 1989-cu ilin avqustunda..

 

- Oleynikin qrupu əvvəl Xankəndinə gəlib ermənilərlə görüşür, sonra gəlirlər Şuşaya. Mənim şəkillərim də var. Biz də bilirdik Şuşada vətənini sevən adamlar olsa da, amma demokratik hərəkat səviyyəsində savadı, biliyi olan adam yoxdur. Onda biz bir qrup yığışıb getdik Şuşaya...

 

- Kimlər var idi o qrupda?

 

- O qrupda guya “şuşalı” olan Nəcəf Nəcəfov, o qrupda guya “Şuşa orta məkətb müəlliməsi” olan Leyla Yunus var idi. Danışdıqca həm Qorbaçovu, həm Moskvanı həm də erməni hərəkatını söküb dağıtdılar, qoydular böyrü üstə. Və açıq dedilər ki, bu, SSRİ-ni dağıdan cinayətkar bir hərəkatdır. Komissiya deməyə söz tapmırdı. Ondan sonra mən Şuşa klubunda camaata Xalq Cəbhəsi haqqında ətraflı məlumat verdim. Oradan böyürdən Rəhim Qazıyev çıxıb dedi ki, Əbülfəz bəy deyir Xalq Cəbhəsi haqqında sən danışmayasan. Dedim Əbülfəz bəy kimdir ki? Onun ağzı nədir gəlib mənə deyə ki, sən Xalq Cəbhəsi adından danışma. Sonra mən Kərkicahana getdim, ora camaat qarpız göndərmişdi. Məktəb müəllimlərilə danışdım...

 

Zərdüşt Əlizadə “milli kart”la bağlı Arif Paşaya nə söyləmişdi?

 

- Bu olub 1989-cu ilin iyul-avqust aylarında. Bəs Laçına nə zaman getmisiniz?

 

- Şuşadan sonra olub bu. Mən gələndə dedilər ki, bəy, səni İdarə Heyətinin qərarıyla təhkim edirik Qarabağa. Sarı adlı sürücü və Hürriyyət adlı qara, cındır bir jurnalist gəlmişdi. Dedi ki, səni Cəbrayıla dəvət edirəm. İdarə Heyətinə bununla bağlı məlumat verəndə mənə dedilər ki, Vaqif Səmədoğlunu da özünlə apar. Və beləcə biz 4 nəfər Cəbrayıla yol aldıq. Ondan sonra biz Cəbrayıldan olan Məmmədəli, Asif adlı comərd insanlarla Zəngilana yol aldıq. Mincivanda dayandıq, dayaq dəstəsini yaratmaq üçün. Ondan sonra gəldik Laçına, orada Ariflə görüşdük. Arif dedi ki, partokratlar milli kartdan Xalq Cəbhəsinə qarşı istifadə edib türk, kürd məsələsini qabardırlar. Onların bu çirkin oyunlarının baş tutmaması üçün mən Arif bəyə müəyyən izahatlar verdim. Üstündən bir neçə ay keçəndən sonra məni Bakıda görəndə Arif bəy göstərdiyim yolun effektivliliynə görə mənə öz təşəkkürünü etdi. Ondan sonra Şuşada da belə mövzular haqqında danışdım. Qayıdanda Zəngilanda polis bizi saxladı....

 

“Qaçaq Nəbinin nəvəsi Qərib Mirimli dedi ki...”

 

- Nə istəyirdilər sizdən?

 

- Səhv etmirəmsə, “partkom”un adı Şəfaət idi. Polis bizə dedi ki, katib sizi çağırır. Etiraz etdim. Mənim etirazıma polis də etirazla cavab verdi. Qaçaq Nəbinin nəvəsi də bizimlə idi - Qərib Mirimli. Qərib məndən soruşdu ki, bəy, getmək istəyirsən? Dedim mən Bakıya getmək istəyirəm. Qərib milisi əlləriylə göyə qaldırıb havada saxladı və mənə dedi ki, siz buyurun, gedin.. Biz Cəbrayıla dəyəndən sonra Bakıya qayıtdıq..

 

- Deməli, səfərlərinizin məqsədi Cəbhənin struktur formalaşmasını həyata keçirmək olub, eləmi?

 

- Bəli. Sonrakı səfərlərimiz Füzuliyə, Bərdəyə, Ağcabədiyə oldu. Və nəhayət, 5 oktyabrda bizi qeydə aldılar.

 

“Etibar, Becan, Pənah dağıdıcılıqla məşğul olurdular”

 

- Cəbhə rəsmən bəyan olunmamışdan “Azərbaycan Yenidənqurma Tərəfdarlarının Xalq Cəbhəsi” adıyla yeni birlik formalaşdırmaq istəyən qüvvələr olub. Kim olub bu ideyanın müəllifi, tərəfdarı?

 

- Biz idik o ideyanın müəllifi. Yenidənqurma nə idi ki, hakimiyyətin xalqa verilməsi idi də...

 

- Bəs niyə onda bu ad öz təsdiqini və tərəfdarını tapmadı?

 

- Yenidənqurmanı istəməyən, xalq hakimiyyətini istəməyən, hakimiyyəti əlində saxlamaq istəyən mürtəce partokratlar öz əlaltılarını saldılar Xalq Cəbhəsinin içinə və Xalq Cəbhəsi döndü oldu zorakı, vuran-yıxan bir təşkilat.

 

- Onda siz də həmin “vuran-yıxan Xalq Cəbhəsi”nin İdarə heyətinin üzvlərindən idiniz, eləmi?

 

- Bəli, mən də İdarə Heyətinin üzvü idim.

 

- Onda İdarə heyətinin nə qədər üzvü var idi?

 

- 15 nəfər.

 

- Deməli, siz Cəbhənin İdarə heyətində olmusunuz. Həmin İdarə heyətində həm də Əlikram Hümbətov olub!! Həmin İdarə heyətində həm də Leyla Yunus olub!!!.... Bu gün həmin adamlardan Azərbaycanın dövlət maraqlarıyla daban-dabana zidd olan fikir səsləndirənlər var...

 

- İdarə heyətinin buna nə dəxli. Orada Həcəf də olub, orada Rəhim də olub..

 

- Bu 15 nəfərin içərisindən neçəsi sizin təklifinizi qəbul etmişdi, kimlər sizi müdafiə edirdi?

 

- Onda Cəbhədəki millətçilər yenidənqurma ideyasına qarşı açıq çıxa bilmirdilər. Hələ kifayət qədər qüvvə toplamamışdılar...

 

- Necə qüvvə toplamamışdılar ki, sizin ideyanızın həyata keçirilməsini tam şəkildə əngəlləyiblər?

 

- Onlar de-fakto dağıdıcılıqla məşğul olurdular..

 

- Zərdüşt bəy, lütfən, “onlar” adı altında mücərrəd isimlərlə danışmayın. Kimdi “onlar”?

 

- Mən sizə deyim də. Etibar, Becan, Pənah və digər millətçi qanad...

 

- Sabir Rüstəmxanlı orada idi?

 

- Sabir Rüstəmxanlı hələ onda Xalq Cəbhəsində yox idi. Yanvarın 7-də mən Xalq Cəbhəsindən çıxdım. 1990-cı ilin 8 yanvarda Məclis keçirildi. Sabir Rüstəmxanlı ayın 9-da İdarə heyətinə daxil oldu.

 

- Təzələrdən daha kim seçildi İdarə heyətinə?

 

- Fürudin Səməndərov, Dilarə Əliyeva, Əlikram Əliyev. Sabir Rüstəmxanlı Meydan Hərəkatında iştirak etmişdi, o zamana qədər Sabir bəyin Xalq Cəbhəsinə aidiyyatı yox idi.

 

“Sərhəd sökənlər 20 Yanvar qırğınına icazə verənlər idi”

 

- Üstündən bir az keçməmiş Şimali Azərbaycan Demokrat Pespublikası yaratmaq istəyənlər oldu... Kim idi bunlar və sizcə belə düşüncə Azərbaycanın bütövləşməsi baxımından düzgün idi, yoxsa zərərli?

 

- 20 Yanvardan sonra İsa və onun tərəfdarları fikirləşdilər ki, Xalq Cəbhəsini məhv edəcəklər, buna görə də özləri üçün siyasi sığınacaq kimi ŞADP yaratmaq istəyirdilər. Amma sonradan gördülər ki, yox Xalq Cəbhəsinə toxunan yoxdur və bu da unudulub getdi. Azərbaycan naminə belə qurumun yaranmasının, belə düşüncə tərzinin ortaya qoyulmasının heç bir əhəmiyyəti yox idi.

 

- 20 Yanvardan qabaq sərhəd olayları yaşandı Azərbaycanda..

 

- Xalq Cəbhəsini məhv etmək istəyən dağıdıcı qüvvələr dekabrın 31-də gedib SSRİ-nin dövlət sərhəddini sökdülər Naxçıvanda, Cəlilabadda, Astarada və bununla da mərkəzin Azərbaycana cəza verməsinə icazə vermiş oldular. Qorbaçovun Malta görüşündən sonra AXC 17 rayonun birinci katibini devirdi. Hansı ki, bizim Nizamnaməmizdə hakimiyyətin belə yolla ələ keçirilməsi yox idi.. Gic-dic addımlar atırdılar. Bərdədə Kərim var idi, “arvadı ermənidi” deyib devirdilər. Xaçmazın katibi Çingiz Nəcəfov var idi, onu devirdilər, axırıncı da Cəlilabad oldu. Cəlilabadda ixtişaş törətdilər, yandırdılar, öldürdülər. Bütün bunları öz kitabımda yazmışam..

 

- Sonra növbə nəyə gəldi?

 

- Sonra növbə siz dediyiniz sərhəd olaylarına gəldi. Xalqa yalandan deyirdilər ki, bəs xalqımız birləşəcək. Özü də bunu birbaşa Əbülfəzin göstərişilə edirdilər. Dekabrın ortalarından başıpozuq dəstələr Bakıda gəzişirdilər..

 

- “Başıpozuq dəstələr” deyəndə kimləri nəzərdə tutursunuz?

 

- “Maşennik” Tahir Qarabaği, Xəlil Rza Ulutürk, Məhəmməd Hatəmi Tantəkin, başqaları da var idi. Məhz bunların təkidiylə oyunlar oynanılırdı. Allah rəhmət eləsin, şairdu, Ulutürk başdanxarabın biri idi...

 

- Bəlkə emosional deyəsiniz, Zərdüşt bəy.

 

- Yox e, bu adam meydanda qışqırırdı ki, ermənilərə ölüm. Tutub Moskvaya apardılar 20 Yanvardan sonra. Gəldi Bakıda məhkəmədə “Silva Kaputikyan mənim bacımdır, Silva xanım mən xəstə olanda başıma kompres qoyub” deyirdi.

 

- Siz o məhkəmədə olmusunuz?

 

- Mən onun ictimai vəkili olmuşam və həmin məhkəmədə də iştirak etmişəm. Onu buraxandan sonra yenə başladı ki, ermənilərə ölüm. Milisin özü də bu işin içində idi. Zəng eleyib deyirlər ki, bəs bizi hədələyirlər. Milis deyir ki, bizə deyiblər ki, qarışmayın. Mən açıqca görürdüm ki, bu zorakılığın arxasında bir oyun var. Elə ona görə də apaydın şəkildə yanvarın 7-də dedim ki, bəylər, mən zorakılıqdan, qandan, məğlubiyyətdən qorxuram. Əbülfəzin əlaltıları qışqırdılar ki, sən qorxaqsan. Əbülfəz əlini Lenin kimi qaldırıb “azadlıq yolunda demokratiya ilə yanaşı qan da tökülməlidir” dedi. Hamı da əl çaldı. Mən dedim ki, qan ləkəsini üzərimə götürə bilmərəm və beləliklə Cəbhədən çıxdım.

 

- O zaman sizdən başqa daha kimlər uzaqlaşdı Cəbhədən?

 

- Leyla Yunus, Arzu Abdullayeva və başqaları. Ayın 13-də təşkil olunan mitinq dağıdıcı xarakterdə olub..

 

- Onda siz harada idiniz?

 

- Mən onda Tallində idim.

 

- Maraqlıdır, Cəbhədən çıxan kimi üzü Avropaya səmt götürmüşdünüz?

 

- Tallində SSRİ sosial demokaratiyasının təsis konfransına getmişdik.

 

- Kiminlə getmişdiniz?

 

Leyla Yunusla. Leyla xanım da seçkilər assosiasiyasının rəhbərliyinə daxil idi.

 

- Bakıya nə vaxt gəldiniz?

 

- Ayın 15-də. Ondan sonra Bakıya Millətlər Şurasının sədri Yevgeni Primakov, daxili işlər naziri Vadim Bakatin, KQB sədrinin birinci müavini, müdafiə naziri Dmitri Yazov, Girenko hamısı yığıldı Bakıya. Və Primakovla görüşlər başlandı. Onda Nemət Pənahlı deyirdi ki, “mən deyirdim gəlin Primakovu girov götürək, Rəhim Qazıyev qoymad”. Gör bunlar nə qədər başları boş idi ki, SSRİ-nin üçüncü adamını girov götürmək istəyirmişlər...

 

- “Bunlar” deyəndə, dediyinizə istinad etsək, təklif Nemət bəydən gəlibmiş..

 

İsa Qəmbərlə bağlı gizli mesaj

 

- Bəli. Bu arada Primakov Əbülfəz və İsayla görüşür və deyir ki, camaatı küçəyə çıxarmayın. İsa bəy deyir ki, “nümayiş və mitinq xalqın konstitusion hüququdur”. Bu görüşdən sonra Primakov Azərbaycan Sovet rəhbərliyinə bildirmişdi ki, İsanın qədrini bilin, onu saxlayın, çox yaxşı kadrdır. Mənsə o zaman dedim ki, sənə Primakov kimi bir kəşfiyyatçı deyir ki, xalqı küçələrə çıxarmayın, sənsə durub konstitusion hüquqdan danışırsan. Bu bilirsiz nəyə oxşayır, siz uşağı gəzməyə çıxarmaq istəyirsiniz, mən də sizə deyirəm ki, küçədə bandit var, küçəyə çıxma. Sizsə cavabında “küçəyə uşaqla çıxmaq mənim konstitusion hüququmdur” deyirsiniz və çıxırsınız. Çıxdılar da.

 

- Yolları bağlayan maşınları da Cəbhə çıxarmışdı, bəy?

 

Yox, elə indinin özündə də olduğu kimi, onda bu işin təşkili Nazirlər Kabinetinin göstərişilə olub..

 

- Kim idi Nazirlər Kabinetinin rəhbəri?

 

- Ayaz Mütəllibov.

 

- Və bu, həmin Ayaz Mütəllibovdur ki....

 

- Ayaz Mütəllibov miskin adam idi. Ona da əmr vermişdilər ki, yolların hamısını bağlamalısan və bağlandı da. Mənim bir yoldaşım var - Sadəddin Əfəndiyev, elmlər namizədidir, riyaziyyatçıdır. Deyir ki, ayın 19-da axşam saat 6-da indiki 20 Yanvarda mitinq idi, camaat yığışmışdı....

 

- Axı yanvarın 19-da cəbhəçilər o zaman deyirdilər ki, bütün küçə və meydanlar bağlıdır, bircə indiki Prezident Aparatının qarşısını boş saxlayıb o zamankı hakimiyyət. Və mitinq də elə həmin yerdə gedirdi. Sizin dostunuzsa fərqli çıxış edir...

 

- Həmin yoldaşım deyir ki, 20 Yanvarda Əbülfəz bəy gəlib çıxış eləyib: “Ay camaat, möhkəm durun, uşaqlar və qadınlar getsin evə, ancaq kişilər dursun”..

 

- Siz hansı mitinqdən danışırsınız, o zaman şəhərdə bildiyim qədərində bir mitinq var idi, o da indiki Prezident Aparatının qarşısında. O dediyiniz şüarlar da həmin mitinqdə səslənib, özü də saat 6-da yox. Saat 10-dan sonra.

 

- 11-ci Qızıl Orduda da olub, Salyanski kazarmanın yanında da olub. Qalan söhbətlər hamısı boş şeylərdir... Camaatı meydanlara səsləyəndən sonra özü də maşına mindi getdi Yasamalda Becanın evində yatmağa...

 

- Bəs o günü Zərdüşt Əlizadə harada idi?

 

- Mən evdə idim. Axşam saat 10-11 arası qardaşımla birgə Mərkəzi Komitənin qarşısına getdik. Gördük ki, bir tanış səs danışır. Baxdım ki, bu Vəkil Hacıyevdir.

 

- O kimdi elə?

 

- Bu, həmin Vəkil Hacıyev idi ki, 88-ci il hadisələrində kepkasını çıxardıb başına qoymağıyla camaatı da oturub durmağa çağırırdı. Zaur Məhərrəmovun bununla bağlı sənədli filmi də var.....

 

“Mütəllibovun siyasəti milli xəyanət idi, cındır kimi durmuşdu”

 

- Zərdüşt bəy, 20 Yanvar mövzusu böyük bir araşdırmanın predmetidir. Sizin dedikləriniz də bu mövzu kontekstində bir nüansdır... Məsələlərə kompleks yanaşanda sizcə o zaman hansı sahədə xəyanətlər, yanlışlıqlar daha çox idi: hərbi, yoxsa siyasi?

 

- Əgər Azərbaycanın rəhbərliyində naşı, savadsız adam oturursa, xarici siyasəti, dövlət siyasətini səhv qururlarsa, xəyanətlərin və yanlışlıqların olması da labüddür. O zaman bütün sahələrdə cahil, naşı, bacarıqsız adamlar idi. Hər şey alınıb satılırdı..

 

- Nə alınıb, nə satılırdı?

 

- Vətən torpağı satılırdı...

 

- 90-cı ilin hakimiyyəti Vətən torpağını satırdı?

 

- 90-cı ilin hakimiyyətində...

Ayaz Mütəllibov da satırdı, Xalq Cəbhəsi də satırdı...

 

- Xalq Cəbhəsi hakimiyyətdə deyildi axı?

 

- 1991-ci ildə prezidentliyə namizəd idim. Canlı efirdə yayımlanan ikinci çıxışımda dedim ki, Mütəllibovun Qarabağ siyasəti milli xəyanət siyasətidir. Çıxanda mənə dedilər ki, səni Qeysər Xəlilov çağırır. Dedim o kimdir. Dedilər ki, “Qosticarət”in sədri. Gəldim onun yanına. Dedi, sən nə ağzına gələni danışırsan. Dedim bura bax, mən respublikada ən ali məqama iddia edən adamam. Siz haradan bilirsiniz ki, xalq mənə səs verməyəcək və siz prezident Zərdüşt Əlizadənin qəbul otağında durub müqəddaratınızın həllini gözləyəcəksiniz? Qorxdu, xırp səsini kəsdi. Dedim, çıxdım. Mütəllibovun axmaq siyasəti bu idi, maskanın qabağında əyilmişdi, cındır kimi durmuşdu, Xalq Cəbhəsi gəldi, ondan da betər.

 

“Biz Rusiya ilə yaxınlığa məhkumuq”

 

- Azərbaycanı Rusiyanın təsir dairəsinə sürükləyənlər kimlər idi?

 

- Bu çox bəsit bir fikirdir. İmperiyalar obyektiv olaraq dağılır, amma tarixin də hökmü var. Əksər müstəmləkələr uzun illər dominyonların təsir dairəsində olurlar. Biz Rusiya ilə yaxınlığa məhkumuq. Sora mənimçün deyirlər ki, ruspərəstdir... Mən də deyirəm ki, ay ...., iki vur iki dörd eləyir.

 

- Bu kontekstdə Türkiyə faktorunu necə dəyərləndirirsiniz?

 

- Türkiyə? Türkiyə daim Rusiya tərəfindən döyülən, torpaqları alınan dövlətdir..

 

- Siz Osmanlının nəzarəti altında olan torpaqları nəzərdə tutursunuzsa, o da bir imperiya idi və siz demişkən, obyektiv olaraq dağılmalı idi. Məsələyə belə yanaşılırsa, onda Rusiya da Avropadan, Pribaltikadan sıxışdırılıb çıxarılıb, Yaxın Şərqdən və Karib hövzəsindən demək ki, çıxarılıb, forpostu Ermənistan istisna olmaqla Cənubi Qafqazda yoxdur, bir imperiya olaraq o da məhvə doğru gedir. Belə olan halda Rusiya faktorunun qabardılmasına zatən ehtiyac yox..

 

- Siz qarışdırmayın, burada başqa məqamlar var, bunun ayrıca izahata ehtiyacı var. Baxın, Rusiya Serbiyanı aldı, Makedoniyanı aldı, Yunanıstanı aldı, Albaniyanı aldı, Moldovanı aldı. Kırımı aldı. Türklər qorxusundan qaçıb girdilər NATO-ya ki, ruslar gəlib boğazları da almasınlar. İndi sən də deyirsən ki, mən Türkiyəyə gedirəm, sən hələ bir türkdən soruş, o səni müdafiə edəcək?

 

Süleyman Dəmirəlin “Boris paşa” kodu

 

- Axı, Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu və olacağını açıq mətnlə bəyan edir.

 

- Baxın, Ayaz Mütəllibov hakimiyyəti devriləndən sonra prezidentliyə 6-7 namizəd var idi. Dəmirəl gəldi, elə bil Mərkəzi Komitədən komissiya gəlib, hamısı bunların qəbuluna getdi: Nizami Süleymanov da, Tamerlan Qarayev də, Etibar Məmmədov da, Əbülfəz Elçibəy də. Onda bu adamları dinləyən müdrik qoca canavar bunlara dedi: “Siz gedin Boris paşanın yanına, mən də gedim Amerikaya danışım, görüm bunu neyləmək olar”. Qoca canavar başa düşürdü ki, burada iki ağa var - biri Boris paşa, biri də Amerika.

 

- Dəmirəlin “Boris paşa” koduna onunla görüşənlərin münasibəti necə oldu?

 

- Anlamadılar Dəmirəlin dediklərini. Baxmayaraq ki, o yazıq özü Amerikaya gedib danışdı. Mən Ərdal İnönünün Sosial Demokrat Xalqçı Partiyasının qurultayında iştirak etmişəm. Ərdal 91-ci il avqustun əvvəlində öz çıxışında demişdi: “Sovetlər birliyi dağılmağa başlayanda Türkiyə üçün müsəlman türk şərqində gözəl imkanlar yaranır. Amma biz bu imkanları yalnız və yalnız Amerika ilə birlikdə həyata keçirə bilərik”...

 

- Azərbaycan Sosial Demokrat Partiyası nə vaxt yarandı?

 

- 1989-cu ilin dekabrında biz artıq qərara almışdıq ki, bu təşkilatdan gedək. Leyla Yunus “Azadlıq” radiosunda bəyan etdi ki, Azərbaycanda Sosial Demokrat partiyası yaranıb. Buna irad tutanda, dedi ki, əşi dedim də, onsuz da bu partiyanı biz yaradacağıq. Nəhayət 20 Yanvardan sonra 7 nəfərlik bir heyətlə yığışıb 20 Yanvarı müzakirə etdik. Araz pul ayırdı, üçcə günə qəzetin maketini hazırladıq...

 

- O zaman Bakıda qəzet çap etmək mümkün idimi?

 

- Xeyir, elə ona görə adam göndərdik Estoniyaya çap eləmək üçün 16 min nüsxə ilə. Sonra Moskvada Azərbaycan həqiqətlərini demokratik düşərgəyə çatdırdıq. O zaman “Şit” adlı bir təşkilatı var idi, 20 Yanvarı tədqiq etdikdən sonra ordunun xalqa qarşı münasibətini qəti pislədi.

 

- Hakimiyyətə gəlmək və hakimiyyətdən getmək xalqın maraqları çərçivəsində olur, yoxsa ayrı məqamlar var?

 

- O ölkədə xalq mütəşəkkil və savadlıdırsa, hakimiyyətə gəlməyi xalq həll edir. Amma bunu Azərbaycan, Rusiya və Ermənistana şamil etmək qətiyyən mümkün deyil.

 

- 1992-ci ildə AXC-nin hakimiyyətə gəlməsi hansı kontekstdə oldu?

 

- Gəlin sizin üçün belə bir master-klass verək. Bu adamların nümayəndəsini çağıraq, onlara siz sual verin...

 

Azərbaycanı Əbülfəz Elçibəyin vasitəsilə Heydər Əliyev idarə edirdi

 

- Zəhmət çəkməyin, biz sizdən də qabaq cəbhəçilərə müraciət etmişik, çağırmışıq ki, buyurun, bir yığın suallara aydınlıq gətirin, hələ ki, gəlməyiblər və deyəsən qəbul edəcək halları da yox..

 

- Bax görürsünüz, həmin adamlar yenə də öz əvvəlki amplualarındadılar. Bax onların başçılarına inqilabi proseslə bağlı sual verin. Biz universitetdə belə bir şey keçirmişdik. Mən də ora sosial demokratların nümayəndəsi kimi gəlmişdim. Pənah Hüseyn də dövlət katibi olaraq Xalq Cəbhəsinin nümayəndəsi kimi gəlmişdi. Orada ona müəllimlərdən biri sual verdi ki, Pənah bəy, necə oldu ki, siz belə cəsarət edib gəlib hakimiyyəti götürdünüz? Dedi “adə, oturduq gördük ki, bu partokratlar hər şeyi özəlləşdirib mənimsəyəcəklər. Xeyir ola, bəyəm biz asfaltda yatmalıyıq, onlar yorğan-döşəkdə, niyə hər şey onlara çatmalıdır”.

Düşüncə budur. Xalq Cəbhəsi güclü olub hakimiyyəti götürməmişdi. Xalq Cəbhəsini danışdıran qüvvə zamanı gələndə onları öz auditoriyalarına yola saldı. Azərbaycanı Əbülfəz Elçibəy vasitəsilə Heydər Əliyev idarə edirdi.

 

“Xalq Cəbhəsi hakimiyyətə gəlsə, 1,5 ildən sonra devriləcək”

 

- 1993-cü il hadisələrinə münasibətdə Zərdüşt Əlizadənin konkret olaraq mövqeyi necədir?

 

- Zərdüşt Əlizadə 1992-ci il 2 iyunda yazmışdı ki, Xalq Cəbhəsi hakimiyyətə gəlsə 1,5 ildən sonra devriləcək. Yazı 3 iyunda qəzetdə çıxıb. Bir ildən sonra 4 iyunda Gəncədə qiyam başladı..

 

- Onda sizə Zərdüşt Peyğəmbər deyə müraciət edək də...

 

- Niyə ki, mənə Zərdüşt Əlizadə yetər. Sadəcə olaraq mən hadisələri analiz edir və qarşıya çıxa biləcək məqamları görürəm. Siz içib-çəkən uşağa baxıb “bu uşağın axırı yoxdur, tutulacaq” deyəndə və dedikləriniz öz təsdiqini tapanda, sizə Peyğəmbər deyirlər?

 

- Təbii ki, yox, gedişat özü bunu diktə edir...

 

- Bunun axırı belədir də. Mən onların savadsızlıqlarını, cəhalətə yuvarlanmalarını, tamahkarlıqlarını, siyasətdən baş çıxara bilmədiklərini öz danışıqlarına, öz hərəkətlərinə istinadən bəyan edirdim. Təzə dövlət qurub, hələ ayaq üstə dayana bilmir, durub deyir ki, ayə, İranı dağıdacam, Altayları ələ keçirib, sərhəddimi Çinə qədər çatdıracam, Uyğurustanı xilas edib böyük Türküstan quracam, daha nə bilim nələr... Ayə, İranın 2500 il yaşı var e. Hindistan dağılacaq, Çin dağılacaq, Rusiya dağılacaq....ona kəllə atırsan, buna kəllə atırsan. Əyə, Rusiya sənin ciyərini çıxarar e.

 

- Bir qisim insanlar tərəfindən tez-tez işlədilən “xəyanətkar” kəlməsini Xalq Cəbhəsinə aid etmək olar?

 

- Yox. Savadsız, qətiyyətsiz, məzlum mağmun..

 

- Zərdüşt Əlizadə “savadsız, qətiyyətsiz, məzlum mağmun” Xalq Cəbhəsindən uzaqlaşıb sonradan öz təbirinizcə desək, “torpaq satan, cındır kimi dayanan Ayaz Mütəllibov”un təbliğatıyla məşğul olan sosdemə üz tutdu. Belə görüntüdə adamın lap qaşlarının çatılması gəlir e, “bu nədü, alə” qışqırmaq istəyirsən?

 

- Boş-boşuna qaşları çatıb, boş-boşuna qışqırmaqdansa, gerçəkliyi olduğu kimi dilə gətirmək və hər şeyi olduğu kimi təqdim etmək lazımdır. Biz onun yanında olmamışıq. Onu müdafiə etmək üçün bizdə hansı imkan var idi ki?...

 

- Ən azından təbliğatıyla məşğul olurdunuz..

 

- Biz deyirdik ki, bu adam pis deyil, düşmən deyil...

 

- “Torpaq satmaq” nə vaxtdan “pis olmamağın”əlamətinə çevrilib, Zərdüşt bəy?

 

- Mən hər zaman və hətta özünə də dəfələrlə demişəm ki, Ayaz Mütəllibov qətiyyətsiz adamdır. Və hakimiyyəti dönəmində də nə baş veribdisə, həmin qətiyyətsizlikdən üz çıxıb. İki dəfə ona açıq məktub yazdım. Birində 13, o birində 14 bənd olan məktub. Heç birini etmədi. Bircə onu etdi ki, 1992-ci il fevral ayında fərman imzaladı: hansı adam orta sahibkarlıqla məşğul idisə, bu, onun mülkiyyəti olur. Ayaz bu fərmanı verdi, Əbülfəz gələndən sonra ləğv elədi. Dedim ki, Əbülfəz bəy, niyə ləğv elədin. Dedi ki, “əşi bu nədi e, partokratlar hərəsi bir yeri qapazlayıblar”. Özləri gələndən sonra həmin obyektləri baş qat bahasına satdılar.

 

- Torpaqlarımızın itirilməsi məsələsində AXC-Müsavat cütlüyünün suçu nə qədərdir?

 

- Bu məsələləri dünyada böyük güclər oynayır. Onlarla müqayisədə onların gücü, miqyası nə qədərdirsə, bunların da suçu o qədər. AXC-Müsavat cütlüyü Qarabağı qaytarmaq və qorumaq üçün heç bir iş görməyib....

(davamı var...)

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin