“Əbülfəz bəy dedi ki, Heydər Əliyev də millətin oğludur” - LAYİHƏ

09:24 18-05-2018 | icon 422 | Layihə
“Əbülfəz bəy dedi ki, Heydər Əliyev də millətin oğludur” - LAYİHƏ

 

 QƏZAN MÜBARƏK - 2

 

 

 Rəhim Qazıyev: “Dedim İsa, de görüm mən kuryerə, poçtalyona oxşayıram?”

 

(Layihənin bundan öncəki DÖYÜŞÇÜləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri

Sabir Rüstəmxanlı, Arif Paşa: 1-ci və 2-ci, Zərdüşt Əlizadə: 1-ci və 2-ci)

 

Bu gün Azərbaycanda bir “mənəm-mənəm”lik duyğusu hökm sürməkdədir: istər iqtidarda olsun, istərsə də müxalifətdə, istər cəmiyyətin sıravi üzvləri arasında olsun, istərsə də bildiyini deməyən, yaxud dediyini bilməyən elit təbəqədə. Bu gün Azərbaycanda hakimiyyət hərisliyi var: istər iqtidarda olsun, istərsə də müxalifətdə - sadə elektorat da bunların qurbanı. Bu gün Azərbaycanda hər şeyə sahiblənmək həvəsi var – istər uydurduqları mifdə, istərsə də real həyatda. Günümüzün mifləri və günümüzün həqiqətləri müsahibin diliylə anladılsa da, bu konuda bizim də razılaşmadığımız məqamlar yetərincə olur. Dil altında gizlənən “mən”in bəyanı, yalanlara həqiqət, həqiqətlərə yalan donu geyindirilməsinin gerçək üzünün təqdimatı baxımından müsahiblərin düşündükləri onların söz haqqı olduğu kimi, bizim də onlara meydan verməyimiz peşə borcumuzdur. Versus.Az alternativ olan və olmayan fikirlərin qovşağıdır. Yetər ki, hər kəs öz fikrinə sahib çıxsın və hər kəsin söylədikləri Versus.Az-ın mövqeyi kimi dəyərləndirilməsin...

 

Ən yeni tariximizin görünən səhnəsində Yer Adamlarından olan RƏHİM QAZIYEVin də hansı manerada olması öz dilinin altında gizlənən “mən”ini bəyan edəndən sonra bilinəcək...

“QƏZAN MÜBARƏK, RƏHİM QAZIYEV!”. Buyur, Versus.Az-dakı “Cəng Meydanı”na...

(əvvəli bu linkdə)

II hissə

 

“Əslində Nemət Əbülfəz bəyi didirdi”

 

- Nemətin ən böyük səhvi nə idi?

 

- Nemətin ən böyük səhvi vəzifəyə getməsi oldu. Nemət səhv edə bilər. Amma kimsə götürə ki, Neməti idarə edəcəm, bu, mümkün deyil. Qoy bir dənə konkret faktı deyim.

 

- Nə faktdı o?

 

- 1989-cu il, dekabrın ortaları idi. Nemət bəylə Əbülfəz bəyin münasibətləri korlanıb...

 

- Bu, fikir haçalanmasının başlanğıcı idi?

 

- Mən onda yalvardım ki, Allah xatirinə, hər ikinizi millət sevir. Əslində Nemət Əbülfəz bəyi didirdi. Əbülfəz bəy onun haqqında bir dənə də olsun minus fikir söyləməyib...

 

- Amma Nemət bəy söyləyib..

 

- Söyləyirdi. Bunu yalvara-yalvara dekabrın 19-20 arası apardım Əbülfəz bəyin evinə. İndi Şərifzadə küçəsiylə gedəndə axırıncı svetaforda benzindoldurma məntəqəsi var idi, orada 9 mərtəbəli panel evin 8-ci mərtəbəsində qalırdı Əbülfəz bəy. Axşam saat 10 olardı, qalxdıq ora. Gəldik evə, deməli, üç otaqlı evdi, girdik, sağa döndük, bir də sağa döndük, Əbülfəz bəyin yatdığı otaq. Bir divar başdan ayağa aşağı sort taxtadan düzəldilmiş şkaf dolu idi kitablarla. Yerdən 15 santımetr hündürlükdə sadədən də sadə bir taxt. Əbülfəz bəy orda yatır. Burada taxtada işlənmiş Mustafa Kamal Atatürkün şəkli, böyründə də Heydər Əliyevin portreti...

 

- 1989-cu ildə?

 

- Bəli, 1989-cu ildə. Bunu gördüm, mən şoka düşdüm. Dedim bəy, Atatürk hara, Heydər Əliyev hara? Dedi, yox, a bəy, Heydər Əliyev də millətin oğludur. Susdum...

 

- Rəsulzadənin şəkli yox idi?

 

- Yox əşşşi, olanı deyirəm. Fikirləşdim ki, mən bunları barışdırmağa gəlmişəm, özüm aranı qatmayım...

 

- O zaman Cəbhədə radikal qanad sizlər idiniz də..

 

- Bəli biz idik – Etibar Məmmədov, Nemət Pənahlı və mən...

 

- Sizi radikallaşdıran səbəb nə idi?

 

- Biz deyirdik ki, qardaş dua oxumaqla donuzu darıdan çıxarmaq olmaz..

 

- Donuz kim idi, dua oxuyanlar kim idi?

 

- Donuz rus imperiyası idi, dua oxuyanlar da Cəbhədə özünü liberal adlandıranlar.. Bir az geri qayıdandan sonra gələcəm Əbülfəz bəylə Nemətin söhbətinə...
İyunun axırında Gürcüstanda yaşayan bölgədə vəziyyət ağırlaşdı. Ermənilərin təsirilə azərbaycanlıları kəndlərdən çıxarmağa başlamışdılar. Biz bir dəstə - Yusif Səmədoğlu, Hikmət Hacızadə, mən, Ağamalı Sadiq, yolda bizə Yaqub Zəlimxan qoşuldu - gəldik Tiflisə kino evinə. Demokratik qüvvələr bura toplanmışdı, içərilərində dəhşətli dərəcədə şovinist olanları da var idi. Qamsaxurdiya da onda orada idi. Hikmət orada Qamsaxurdiyanı dəli elədi. Gör nə dedi. Dedi ki, yaxşı siz bizə də qarşı mübarizə aparırsınız, ruslara da qarşı mübarizə aparırısınız. Sizin bunların ikisinə bir yerdə qalib gəlmək imkanınız, gücünüz var? Bu sözdən qərara gəldilər ki, sabah yerlərə gedilsin və məsələ öz həllini tapsın. Onda bizə dedilər ki, siz kimsiniz, hansı təşkilatı təmsil edirsiniz? Bax bu hadisədən 10 gün keçəndən sonra Xalq Cəbhəsinin təsis konfransı keçirildi. Onda biz xeyli görüşlər keçirdik...

 

- Qaraçöpdən onda silah gətirmişdiniz siz?

 

- Mən yox, mən gətirməmişəm...

 

- Ümumiyyətlə Qaraçöpdən silah-sursat gəlib Azərbaycana?

 

- Eşitmişəm, ancaq orada iştirak etməmişəm. Deməli, orada Yusif Zəlimxanı çağırıb dedi: Zəəəlimxan, məənə bir duuuşavooy tap, mən duuuş qabul eeləməyib yatsam, öööllləm”, Zəlimxan da orada səhərə kimi saz çaldı, şer oxudu, xülasə qayıtdıq..

 

Zərdüşt Əlizadə ilə İsa Qəmbərin iddiası

 

- Qayıtdız, Cəbhə yarandı..

 

- 27 iyulda yığışmışıq Becangilin həyətinə. İdarə heyəti tam tərkibdə iclas edir. Komendant vaxtıdır. Nemət dedi ki, ay qardaşlar, nə fikriniz var, bəy, bu komendant saatı vaxtı götürülməlidir. Biz ondan ötrü meydanlara çıxmalıyıq. İsa Qəmbər də, Zərdüşt də dedilər ki, yox ayə, bizi qırarlar. Dedi ayə nə qırarlar e, qıracaqlar deyə biz oturmalıyıq. Dedi ki, mən ayın 29-na mitinq elan edirəm. O mitinq ideyasını Etibar bəylə mən dəstəklədim. Və sonra da olduq üçümüz radikal.

 

- “Azadlıq” radiosuyla da deyəsən çıxışlar olmuşdu...

 

- Bəli, həmin günün axşamı Etibar bəylə Zərdüşt bəy Mirzə Xəzərə müsahibə verdilər ki, bu, provakasiyadır, Cəbhənin adından deyil.

 

- 15 nəfər İdarə heyətinin üç üzvünün belə çıxış etməsi özbaşınalıq deyildimi?

 

- Bilmirəm nə idi, olanları deyirəm. İndi burada siz mənə istintaq qurmusunuz...

 

- Əsas arqumentiniz nə idi?

 

- Nemətin deməyi bu idi ki, qardaş, biz əgər tutulmaqdan qorxacağıqsa, onda bu rus həmişə bizi minib sürəcək. Nemətin arqumenti bu idi. Üçümüz olduq bu fikrin tərəfdarı...

 

- Bəyanat da verilmişdi..

 

- Bəli, ayın 27-də bunlar bəyanat da verdilər ki, bu, bizlik deyil, bütün məsuliyyət həmin üç nəfərin üzərindədir. Ayın 28-də biz Çapayev-100-də oturmuşduq (indiki Təbriz) Azərbaycanın daxili işlər naziri rus var idi, o gəldi, SSRİ daxili qoşunlarının komandiri, general-polkovnik Şatalin gəldi.

 

- Nəyə gəlmişdilər?

 

- Bizə dedilər ki, sabah çıxmayın, gülləbaran olarsınız. Biz də beləcə Səttarxan adına zavodun yataqxanasının həyətində oturmuşuq. Biz də dedik ki, çıxacağıq.

 

“Qorbaçova itə deyilməyən sözü demişəm”

- Rəhim Qazıyev nə söylədi?

 

- Mən də Şatalinə söylədim ki, siz həmişə yalan danışırsız. O da dedi ki, hardan tanıyıram. Dedim ki, tanıyırsınız. Mən sizə 1989-cu ildə məktub yazmışdım. Yazıçı Oleynikin rəhbərliyilə 1989-cu ildə Şuşaya deputatlar və yazıçılar gəlmişdilər. Biz də buradan getdik, onda Zərdüşt də var idi, o birisi də. Orda Sərvər Hacıyev var idi. Orda evtikmə kombinatında fəhlə işləyən Quşçular kəndindən olan bir vətəndaşı komendant Safronovun adından Stepanakertə aparıb ölümünə döyəndən sonra gətirib kəndin girəcəyində qoyublar. Biz ora gedəndə həmin Sərvər Hacıyev Şuşa xəstəxanasında yatırdı. Mən gedib onunla söhbət elədim. Bunların hamısını yazıb gətirib verdim Şatalinin köməkçisinə....

 

- Reaksiya oldu?

 

- Yox, heç bir reaksiya olmadı. İndi siz bunun cavabını verin. Həmin dövrdə bunlar ancaq söz danışırdılar. Mən onda Qorbaçova məktub yazıb itə deyilməyən sözü ona demişəm. Axşam Nemət rəhmətlik Sirus Təbrizlinin yanına getdi. O da incimişdi, tez-tez inciyən idi, Nemət Sirus Təbrizlini gətirdi və özü kənarda qaldı..

 

- Niyə kənarda qaldı, camaatı mitinqə çağırır, tutulmaqdan qorxmayan özü isə kənarda qalır!?

 

- Axı onda Nemət axtarışda idi...

 

- Şatalinlə görüşənin nəyi axtarışda idi?..

 

- Qərəz, biz ayın 29-u 1000-1500 nəfərlə hərəkətə başladıq. Yolboyu bizə adamlar qoşuldu, Meydana gəlib çıxanda haradasa 7 min nəfər olduq. Səsgücləndiriciylə danışırdıq, Müslüm Məmmədov gəldi. Dedi, tələbiniz nədi? Biz də tələbləri yazıb verdik, dedi ki, buna cavab veriləcək. İkinci mitinq də təyin olundu 5 avqusta...

 

- Nə oldu, bəs Şatalin deyirdi ki, çıxmayın, gülləbaran olacaq. Bəs nə yaxşı elədilər, dua-pitiylə ağızlarını bağlamışdınız?

 

- Eləmədilər də. Nə bilim niyə eləmədilər..

 

- Bəlkə onların da marağı olub bu mitinqdə?

 

- Deyə bilmərəm, mən sadəcə olaraq olan faktı danışıram.  Amma olanın içində nə baş veribdisə mən onu deyə bilmərəm axı. Biz ayın 3-də rəhmətlik Sirusla Müslüm Məmmədovun yanına getdik. Dedik ki, tələblərimizin cavbını verin..

 

- Verdi cavabı?

 

- Dedi ki, mən heç nə deyə bilmərəm. 5-də artıq mitinq yüzminlik oldu. Yuzminlik mitinqi görəndə həmin liberallardan olan İsa da, Zərdüşt də gəlib bizə qoşuldular...

 

“...Axı sən kimsən, “Əbülfəz bəy?”

 

- Bəy, istər liberallar olsun, istərsə də radikallar – danışdıranda bunlar hərəsi öz “həqiqətlərini” söyləyir. Ancaq sizlərin söykəndiyiniz və fəxrlə danışdığınız “həqiqətlərin” sonucunda Azərbaycan da acı bir reallıqla üz-üzə qaldı: 20 Yanvar qətliamı, Xocalı soyqırımı törədildi, Daşaltı faciəsi baş verdi, Laçın, Şuşa işğal olundu. Nədi bu paradoksallıq?

 

Köks ötürəndən sonra əvvəllərdə səslənən sualın cavablandırılmasına qayıdır.
- Əvvəla, qoy qayıdım Əbülfəz bəyin evində olanlara..

 

- Buyurun, davam edin..

 

- Deməli, bu Mustafa Kamal Heydər Əliyevin yanaşı şəklini görəndən sonra Nemətlə Əbülfəz bəy səhər saat 5-ə qədər mübahisə elədilər. Axırda Nemət dedi ki, Bəy, sən kimsən? Mən hamını bilirəm ki, kimdir, bircə səni bilmirəm ki, kimsən.

 

- Nemət haradan bilirdi hamının kimliyini? Kim ötürürdü ona bu informasiyaları?

 

- Onu özündən soruşarsan...

 

- Siz riyaziyyatçısınız, siyasətinizə ən azından ehtimal nəzəriyyəsini çulğalaşdırıb cavab verə bilərsiniz?

 

- Mən ehtimal nəzəriyyəsilə fikir söyləyə bilmərəm, hərif zad deyiləm ki. Onlar bir-birini qat-qat məndən qabaq tanıyırdılar..

 

- Qat-qat qabaq, eləmi!?

 

- Bəli, ehtimal nəzəriyyəsilə danışmaq olmaz. Bu, bir tarixdir və mən də əmin olduğum şeylərdən danışıram.

 

- Nemət axı nə deyirdi ki?

 

- Nemət deyirdi ki, “a bəy, bir-birilə düşmən olan adamları sən zorla birləşdirmək istəyirsən, belə olmaz. Biz vahid olaraq mübarizə aparmalıyıq”...

 

- Nemətin evində necə, olmuşdunuz?

 

- Nemətin evi var idi ki?..

 

- Yataqxanada qaldığı otaqdan danışıram, bilmirsiz bəs onun otağında kimin şəkli var idi?

 

- O yadımda deyil.

 

- Yaddaşınıza kiçicik detallar belə, həkk olunub, hər halda bu məsələdə də yaddaşınız sizi tək buraxmaz...

 

- Vallahi yadımda deyil, fenomen deyiləm ki, hər şeyi yadımda saxlayam...

 

“Sən bu milləti məhvə aparırsan, al tapançanı özünü vur!”

 

- Şəkil məsələsində Rəhim Qazıyevin mövqeyi necə idi?

 

- Mənim də ağlıma gəlməzdi ki, Atatürklə Heydər Əliyevin doğrudan da fəaliyyəti eynidir. Fikrimi də ona görə bildirmirdim ki, bunları barışdırmağa gətirmişəm.

 

- Bəlkə elə Elçibəy Heydər Əliyev siyasi kursunu, onun siyasətini bəyənirmiş?

 

- Onu əvvəldən deyərdi. Doğrudan da, siz haqlısınız, onda sən onu təbliğ elə, qoy gəlsin, biz də onun ətrafında birləşək. Bax bunu mən ona deməmişəm. Axırda Nemət dedi ki, Bəy, sən bu milləti məhvə aparırsan. Üstündən naqanı çıxardı və dedi : “Sən belə elə, ala bunu özünü vur, biz səni aparıb qəhrəman kimi basdıraq. Ya bacarmırsansa, istəyirsən mən səni vurum”, ondan da qurtardı.. Liberallar ancaq nəzəriyyəylə tutulmaq olmaza söykənirdilər. Zərdüşt Əlizadə tutulmaq deyəndə tükləri biz-biz olurdu.

 

- İdarə heyətini 15 senyabrda Ali Sovetin iclasına qonaq kimi çağırmışdılar. Nə bazarlıq edirdiniz onda?

 

- Ayın 14-də gedib bütün dəvətnamələri götürüb gəldim “Azərbaycan” jurnalının redaksiyasına. Yusif Səmədoğlu da baş redaktor idi.

 

“..Ay Zərdüşt bəy, sən dədən Mübariz Əlizadədən danış..”

 

- Orada Zərdüşt bəylə sizin aranızda yüngülvari bir atışma da olub deyəsən..

 

- Hamı orada idi. Birdən Zərdüşt dedi ki, kim sabah parlamentdə çıxış edəcək? Mən də dedim ki, necə yəni, kim? Təşkilatın sədri var, Əbülfəz bəy. Onda Zərdüşt qalxdı pafosla dedi ki, yox, onda bizi tutarlar, sabah orada böyük Yusif Səmədoğlu çıxış eləməlidir. Böyük Səməd Vurğunun böyük adı bizi həbslərdən qoruyacaq. Mən də döndüm dedim ki, ay Zərdüşt əvvəla, Yusif Səmədoğlunun artıq nəvəsi var. İndi onun Səməd Vurğun adının altında gizlənməsi nə ona, nə də bizə yaraşmaz. İkincisi, Əbülfəz bəy Qədirqulunun oğludu deyə danışa bilməz ki? Sən Yusif bəyin dədəsi Səməd Vurğundan danışmaqdansa, dədən Mübariz Əlizadədən, anan Zinyət xanımdan danış. O gündən mənimlə düşmən oldu..

 

- Ümumiyyətlə, o zaman Cəbhə hakimiyyətə gedən yolda vasitə kimi nəyi görürdü? Doğrudanmı o zaman “Ayaz Mütəllibov hakimiyyətini sarsıtmaq üçün 5-6 kənd boşaldaq” fikri səsləndirilmişdi?

 

- Mənə o sözü deyən olsaydı, onun alnından vurmasaydım, mənə haram olsun. Belə söhbətlərin heç biri mənim yanımda olmayıb. O zaman mən daha çox hərbi cəhətdən silahlanmamıza diqqət yetirirdim. Özüm də avtomat söküb yığmağı öyrəndim, silahdan atəş açmağı da öyrəndim, hətta BMP sürməyi öyrəndim..

 

- Onda belə deyək də, Rəhim Qazıyev o dönəmdə hakimiyyətə gedən yolda vasitə kimi nəyi görürdü?

 

Yenə də dərindən köks ötürür...
- 1991-ci ildə Cəbhənin I qurultayını keçirmək qərarına gəlindi. Birinci, mən hərəkata gələndən mənə qarşı böhtanlar səsləndirilib, qoy bunları deyim. 1989-cu ilin axırı idi, bizim bir yerli var idi. Mən iddialı olsa idim, elə 1 partiya da mən yaradardım da...

 

Sadıq Murtuzayevin “etdiyi kömək” və cəbhənin “Quş”u

 

- Rəhim bəy, bir az konkretləşdirək məsələni, hələ ki, ətrafında fırlanırıq..

 

- Ətraflı deyirəm ki, hər şey sizə bəlli olsun. Ümüdov Şəmsəddin var idi, indi də var. Bizdə arxitekturanın axşamında oxuyurdu. Bundan başqa Lütvəli dayı var idi ki, gedəndə hər zaman salamlaşar, mehribanlıqla məni dindirərdi. Bir gün dedi ki, mən səninlə görüşmək istəyirəm. Getdim görüşdüm. Onda Sadıq Murtuzayev Abşeronun katibi idi. Dedi ki, Sadıq Murtuzayevlə mən qudayam. Mənim qızım Sadıq Murtuzayevin oğlundadır. Sadıq müəllim səninlə görüşmək istəyir...

 

- Görüşdünüz?

 

- Bəli, “domsovet”in arxasında onun evi var idi, orada görüşdük.

 

- Nə istəyirdi Sadıq Murtuzayev?

 

- Bizə kömək etmək istəyirdi. Dedi ki, mən açıq kömək edə bilmirəm, ancaq mən də bu millətin oğluyam. Siz mənə əlaqə nömrəsi verin, sizin yanınıza adam gələcək. Üstündən iki gün keçdi, yanıma bir nəfər gəlib dedi ki, Rəhim bəy, sizi Sadıq müəllim urologiyanın yanında gözləyir. Gəldim gördüm “09”da bir adam oturub. Özünü təqdim etdi ki, “mən quşçuluq fabrikinin direktoruyam, adım Abbasdır, məni Sadıq müəllim göndərib, buyurun bu 50 min rus rubludur, yenə gələcəm”. Mən də gəldim birbaşa Əbülfəz bəyin yanına, hər şeyi də olduğu kimi ona danışdım..

 

- Əbülfəz bəy nə dedi?

 

- Dedi ki, qoy bu pul səndə qalsın, silah-sursat almağa sərf edərsən. 50 min də qaldı məndə. Sonra bu Abbasın kliçkasını “Quş” qoyduq ...

 

- “Quş Abbas”la sonra yenə də görüşdünüz?

 

- Üstündən 3-4 gün keçmişdi ki, həmin “Quş” bizə 70 min də gətirdi, bir komplekt sırğa, üzük, 10 dənə də qızıl onluq. Həmin komplektlə onluq qızılları 18 dekabrda Nemət götürüb verdi Cəlilabadlı Miralimə. Guya o İrandan silah gətirməli idi...

 

“Quş”un bəylə görüşü və Rəhim Qazıyevin “Quş”la bağlı təklifi

 

- Miralim bəy silah gətirdi?

 

- Yox silah gətirlmədi, pullar da hara xərcləndi, bilmədim.. Sonra o Nemətə, Nemət də ona bu mövzuda çox şeylər dedilər..

 

- O “Quş” kim idi e?

 

- Həmin “Quş” Abbas Abbasov idi. Sonra prezidentin müşaviri olanda dedi ki, qardaş, axı mən sizə kömək eləmişəm, o pulların hamısı mənim idi, Sadıq müəllim heç bir kömək eləməyib. İndi də Cəbhə məni işdən çıxarıb. Dedim yaxşı, mən həll eləyərəm. Səhərisi günü Bəy məni çağırdı. Mən Bəyin yanına girəndə gördüm “Quş” Bəyin yanından çıxır. Dedim olar bəy, bu bir dəqiqə dayansın. Dedi dayansın da. Dedim Bəy, yadınızdadır,  bir “quş” var idi e, bizə 50 min bir, 70 min bir üstəlik komplektlə onluq qızıllar vermişdi haa. Dedi ki, hə, yadımdadır. Dedim Abbas, artıq nəsə vermisən, dedi ki, yox.  Dedim bəy, bunların hamısının hesabatını sənə vermişəm. Dedi ki, bəli. Dedim, bax həmin “quş” budur, indi istəyirsən bu “quş”u saxla, istəyirsən saxlama...

 

- Söhbətə çox uzaqdan körpü saldınız, bəy?

 

- Mən iş görmək istəyirdim, bunlar nəzəriyyədən danışırdılar. Dekabrın axırı Şəmsəddin Ümüdov gəlib dedi ki, bəs Kirov qəsəbəsində daxili qoşunların komandiriylə danışmışam BTR-in üstündən pulemyotu açıb mənə 5 min qarşılığında verəcək. Bəylə danışdım, dedi ver. Verdim Ümüdova, o da səhərisi gün meşokun içində gətirdi. Mən də onu verdim İlham Həsənova...

 

- O hansı İlham Həsənov idi?

 

- Sonradan Kəlbəcərin icra başçısı oldu, indi də Almaniyadadır.. Bundan sonra Volskinin komitəsi dağıldı, Azərbaycan özü yaratdı, Polyaniçko oldu onun sədri. Dedim ki, Bəy, göndərin məni ora, komitəyə mən də üzv olum. Radayev var idi, Nazirlər Sovetinin sədrinin müavini, getdim Polyaniçkonun yanına ki, mən Qarabağa gedirəm, maşın ver. O da Radayevə zəng elədi. Radayev də Nazirlər Kabinetinin qarajından 700 kilometr yol qət eləmiş təzə “UAZ”ı verdi mənim sərəncamıma...

 

“Satılan silah-sursat” və “İsa Qəmbərə verilən 76 min”

 

- Gəlhagəliniz imiş.... “Quş”lar da, quşları bəsləyənlər də hamısı sizin qulluğunuzda imiş... Azərbaycanısa 20 Yanvar gözləyirdi?

 

- Bundan bir az keçməmiş 20 Yanvar qırğını törədildi. Mən də fikirləşdim ki, a balam, mən niyə bu maşını hökumətə verim.  O zaman quş quşluğuynan Haxçıvana getmək imkanı yox idi...

 

- Öz “quşunuz”u nəzərdə turusunuz, yoxsa təbiətdə cikkildəşənləri?

 

- Həmin maşını qeyrətli oğlanların əliylə un adıyla göndərdik Naxçıvana. Mən 90-cı ilin axırı həbsxanadan çıxıb gəlmişəm. Gəldim İdarə Heyətinə. Hamısı söhbət eləyir, mən içəri girən kimi elə bil qurbağa gölünə daş atıldı. Bəy sözü üzə deyən adam idi. Dedi ki, ə, səsinizi niyə kəsdiniz, deyin də. Vurğun Əyyub dedi ki, Rəhim bəy, siz də elə söhbətin üstünə gəldiniz, sən dediyin o pulemyotu Kəlbəcərə 25 min manata satmısan. Elə mən ağzımı açıb danışmaq istəyirdim ki, qapı açıldı, İlham Həsənov girdi içəri. Dedim ay İlham, nə gözəl vaxtında gəlmisən, Allah köməyin olsun. Sən mənə de görüm, o pulemyotu mən sənə verəndə səndən nə qədər pul almışam. Dedi, a bəy, nə danışırsınız, sən onu mənə elə-belə vermisən.  Elə bu ərəfədə İsa Qəmbər dedi ki, Rəhim, sənə UAZ vermişdilər, sən onu göndərmisən Şəkiyə, əmin oğlu onu satıb.  Cavab verdim ki, bəy, səni and verirəm Allaha, Naxçıvan Cəbhəsini sifariş ver....

 

- O zaman kim idi Müdafiə Komitəsinin sədri?

 

- Sahib Məmmədov, bu yaxında rəhmətə getdi. Qərəz telefonla danışanda sahib özü götürdü. Dedim ay Sahib, qadan alım, o mən göndərdiyim maşın nə oldu? Dedi ki, Allah canınızı sağ eləsin, biz hər yana elə həmin maşınla gedirirk də. Dedim bəy, buyurun... İndi İsa, sən mənə de görüm, 18 yanvar 1990-cı il İnşaat Sənayesi Materialları naziri Arif Mansurovun sənə verdiyi 52 min manat hara getdi? And, Quran dedi ki, mən belə pul almamışam. Dedim ki, düz deyirsən, belə pul almamısan, 76 min olub o pul, özü də kağız bazar kulokunda, bax o pulu hara eləmisən...Xırp dayandılar....

 

- 1991-ci ilin “QKCP” məsələsi nə olmuşdu?

 

- Hə, bu məsələni də deyim. Ayın 19-da səhər-səhər saat 8-də qapı döyüldü. Açdım gördüm İsgəndər Həmidov. Dedim əyə, xeyir ola. Dedi, əyə, dünya dağılır e, xəbərin yoxdu. QKCP özü də, Valeri Bünyadov göstəriş verdi ki, birinci biz tutulasıyıq. Bu dəfə tutulmaq daha ölümdü haa...

 

- Qorxdunuz?

 

- Dedim əyə, ağlayası vaxtımız deyil ki? Durdum ordan gəldim indiki “Speys”in arxasında beşmərtəbə evin birinci mərtəbəsində  Etibar Məmmədovgilin atasının evi var idi, ora. Saat 11-ə hamı yığışdı və müzakirə başladı ki, bəs Moskvaya, Yeltsinə teleqramma vuraq. Sübut edək ki, biz Rusiyada demokratiyanı və Boris Yeltsini dəstəkləyirik. Cəbhənin adından bu teleqramma getdi.

 

Etibar Məmmədovun taktiki gedişi və Rəhim Qazıyevin gedişi

 

- Sonra nə baş verdi?

 

- Sonra çox şeylər baş verdi. Mən belə şeylərə maraq göstərən adamam. Dedim ayə, bu sovet hökuməti dağılır, gedək bir Moskvaya, görək bu necə dağılır e? Ayaz da Tehrandadı. Gələn kimi bunu da çıxardıblar danışmağa və deyib ki, biz QKÇP-ni müdafiə edirik. Bəşir Qocayev var idi, yalvardım ki, “Azərinform”un həmin xəbərlə bağlı blankını mənə tapa bilərsənmi? Gətirdi. Ayın 21 idi. Mən də həmin blankı tirajlayıb hamıya yadım ki, Azərbaycan Prezidenti QKÇP-ni müdafiə edir. Ayın 25-də Rusiya parlamentinə bizi qonaq kimi dəvət etdilər. Orada biz bütün olanları dedik. Ayın 23-də burda Cəbhəyə hücum olub, “Qardaşlıq”la Bakı şəhər polis idarəsinin birgə əməliyyatı keçirilib. Sabir Rüstəmxanlının başını partlatmışdılar, Əbülfəz bəyin böyrəklərinə vurmuşdular, yatırdı. Dedilər Ayaz oteldədi, pis gündədi. Dedim gedək onun yanına. Etibar dedi mən getmirəm, mən elə şeyi buraxmıram. Gəldik yeddinci mərtəbəyə, Ayaz meyid kimi oturub. Xeyli danladıq o döydürmə məsələsinə görə. And, aman elədi ki, mənim bundan xəbərim yoxdu, bu, mənə qarşı bir təxribatdı. Dedim elədi hə. Sentyabrın 8-nə də bu seçki təyin edib. Dedim gəl qayıt, yaş senzini və seçkini ləğv elə, bir aya, ay yarıma normal seçki keçirilməsini elan et. Seçilərsən, qalarsan, seçilməzsən də kişi kimi gedərsən. Amma o, gəldi bunu eləmədi.

 

İsa Qəmbərin hördüyü tor Yeltsin-Rəhim Qazıyev-Ayaz Mütəllibov üçbucaqğında

 

- Ayın 29-u siz gəldiniz Bakıya..

 

- Bəli, ayın 29-da mən gəldim Bakıya. Gördüm uşaqların hamısı mənə çox müəmmalı baxışlarla baxır..

 

- Neyləmişdiniz ki, sizə belə baxırdılar?

 

- Mən də sizin kimi sual etdim.

 

- Nə dedilər?

 

- Dedilər ki, sən Ayaz Mütəllibovun məktubunu Yeltsinə aparıb vermisən. Dedim əyə, siz xəstəsiniz, nəsiz. Mən kuryerəm, poçtalyonam, nəyəm ki, məktub daşıyam. Yeltsinin üzünü mən onda uzaqdan görmüşdüm. Ayaz 21-də Tehrandan gəlib, mən 19-u axşam çıxmışam.

 

- Siz orada Ayaz Mütəllibovun yanına gedəndə Etibar bəyə təklifdə bulunmusunuz, o da getməyib. Və siz özünüz getmisiniz. Sonradan da belə bir söhbət ortaya çıxır, maraqlıdır, elə isə bunu kim deyə, kim uydura bilərdi?

 

- İsa Qəmbər. İsa Qəmbərin çox eybəcər bir xarakteri var.

 

- Nə xarakterdi bu?

 

- Bəyə bir şey olan kimi keçib onun kabinetində otururdu, ən iyrənc şey odu... Nə isə üstümdə “makar” var idi. Gəldim Bəyin kabinetinə, gördüm oturub. Qapını arxadan bağladım. Dedim İsaa, mənə bir bax görüm. De görüm mən kuryerə, poçtalyona oxşayıram? Dedi nə məsələdi? Dedim mən aparmışam, Ayazın məktubunu Yeltsinə vermişəm? Çıxardım tapançanı, dedim sən onu deməsən, alnından vurmasam, çox eybəcər söyüşlər dedim. Dedi ki, sən Azərbaycana xəyanət eləmiş olarsan. Dedim ki, sənin də, mənim də ölümümdən bəlkə Azərbaycana xidmət olar....

 

- Axırı nə oldu e?

 

- Bülbül kimi ötdü. Dedi, bəli, mən demişəm, ancaq bunu mənə Bəy deyib...

 

“...”tfu” deyib otaqdan çıxdım..”

 

- Deməli, bunu Əbülfəz bəy deyib ki, o “məktub”u siz aparmısınız?

 

- Hə, Bəy deyib ki, guya mən aparmışam. Avqustun 29-u, 30-u olardı, ürəyim partdayırdı. Mən İsaya söz vermişəm axı, 20 gündən sonra Bəy işə çıxdı. Gəldim gördüm hamısı yığılıb, sonra bir-bir hamı çıxırdı. İsa da çıxanda dedim ki, İsa bir dəqiqə dayan. Dedim ki, Bəy, axı sən mənim damarımda axan qana da bələdsən. Doğrudanmı sən belə hesab edirsən ki, mən Ayazın məktubunu Yeltsinə apararam. Gördüm Bəy keyləşdi. Sənin xəbərin olmayan bir şeyi sənə deyəndə nə təhər olarsan?..

 

- Vallahi, nə bilim, adam donub qalır..

 

- O da bir anlıq donub qaldı. Başa düşdüm ki, bu, İsanın uydurmasıdır. Bəy İsanın üzünə baxdı, bəy vallah mən dedim, ancaq peşimanam, gərək deməyəydim...

 

- Anlamdım, demişdi, ya yox?

 

- Vəziyyətdən çıxış yolu kimi belə dedi Bəy. Mən də “tfu” deyib otaqdan çıxdım. Mən idim “rusun agenti”?..

 

Berezovskiylə, rusiya milli bankının direktoruyla “kiryuxalıq edən” cəbhəçilər

 

- Amma o dövrün etiraf olunası həqiqətləri var idi, Rəhim bəy? Rusiya hakimiyyətinin yuxarı eşalonunda oturanların Rəhim Qazıyevə xüsusi simpatiyası var idi – Boris Yeltsinin də, Qraçovun da, Şerbakın da...

 

- O da mənim ağlımın sayəsində olub. Rus psixologiyasını yaxşı bilməyimdən irəli gəlib...

 

- Nə oldu e, Cəbhədəki bu qədər insandan bir Rəhim Qazıyev rus psixologiyasını yaxşı bildi?

 

- Mən gedib əgər Rusiya müdafiə nazirini gətirib dədəmin evində yatızdırmışamsa, burada nə pis şey var?..

 

- O hansı Rusiya idi? 20 Yanvarı törədən Rusiya!? O nazirin sizin dədənizin evində nə işi var idi?

 

- Həmin dövrdə dağılmış SSRİ-nin Azərbaycanda yerləşən hərbi hissəsinin səlahiyyəti kimdə idi?..

 

- Siz....

 

- Qulaq as. Rusiyada idi o səlahiyyət. Rusiya SSRİ-nin varisi idi də, eləmi? Mən o silah-sursatın Azərbaycanda saxlanılması üçün kiminlə danışmalı idim. Ruslar bir yandan silahları daşıyır, başqa bir yandansa silahları dağıdırlar, onda mən niyə bu silahların ələ keçirilməsi üçün hansısa bir tədbir görməməli idim? Mən gedib Berezovskiylə danışmamışam, mən gedib Rusiyanın Milli Bankının müdiriylə kiryuxalıq eləməmişəm, mən rus generallarıyla oturub durmuşam..

 

- Berzovskiylə görüşənlər, bank direktoru ilə kiryuxalıq edənlər kim idi?

 

Mənalı-mənalı gülüb söhbəti öz demək istədiyi istiqamətə yönəldir:
- Mənə verilən ittihamlardan biri də külli miqdarda dövlət malını talamaqdır....

 

“Dəyirmi masada dediyimə qəmiş qoyan tapılsa, onun ayaqlarından öpərəm”

 

- Bu mövzuda sizin “xidmətinizlə xəyanətiniz” də elə hey dartışılmaqdadır...

 

- Mən müdafiə naziri gedəndə oturmağa kabinetim yox idi. Nəyi talamışam. Amma pulla alıb gətirdiklərim 51 cild  11 min səhifəlik ibtidai istintaq materiallarında 42-49-cu cildlərdə qeyd olunub. Aldığım silahlar var, fil almışam dovşan qiymətinə.  Qraçovla münasibətim sayəsində 3 dənə hərbi əmlak gətirmişəm, üçünün bir yerdə qiyməti 112 milyon dollar, 112 qəpik pul verməmişəm buna. Bu xidmətdir, yoxsa xəyanət?..

 

- Onu mən yox, bilən bilər, Rəhim bəy..

 

- Bax elə ona görə də deyirəm ki, buyurub gəlsinlər, hamı bir dəyirmi masada otursun, mənim dediklərimə bircə nəfər qəmiş qoya bilsə, hamınızın yanında onun əlindən yox, ayaqlarından öpərəm.

 

- Boris Yeltsinlə nə söhbətiniz olmuşdu ki, bundan sonra Qraçova “o işi təxirə salın” demişdi. Nə idi o “iş”?

 

- İndi deyim sənə. 14 mart 1992-ci ildə Ayaz Mütəllibov hakimiyyətə gəldi. Mən də Gəncədən bu tamaşaya baxırdım. Şuşa niyə getdi?..

 

- O sualı mən sizə verməliyəm, siz mənə yox, Rəhim bəy?

 

- Doğrudanmı Şuşada bizim qüvvələrimiz az olduğuna görə Şuşa getdi...

 

- Öz sualınıza özünüz də cavab verin, Rəhim bəy..

 

- Cavab?.. Xeyir, qüvvəmiz az olduğuna görə Şuşa getməyib. Mən uşaq-zad deyiləm, mən axmaq deyiləm ki, həlli olmayan məsələni tələbəmin qabağında “dasqa”ya  yazım, sonra uşaqlar məni fitə basalar. Nə deyirəmsə, hər zaman bunu sübut eləməyə hazıram. Mən bir şeyi artıq-əskik deyirəmsə, o Şəhidlərin Ruhu məni zəlil eləsin. Videoları gətirib sizin qabağınıza qoya bilərəm..

 

- Deyəsən Yeltsinlə danışıqlar barədə sualı eştməzliyə vurdunuz..

 

- Yooox, sadəcə olaraq verdiyiniz sualın cavablandırılmasına gedən yol bundan olmasa da, həm də bəzi məqamlara aydınlıq gətirməkdən keçir.. Hacı Əbdül ekranda Ayazı qucaqlayır... Şuşa gedib, Laçın gedir.. Qardaşım, müharibə adı olub, özü olmayan müdafiə nazirinin işidi, yoxsa dövlətin? Həmin 11 min səhifəlik istintaq materiallarında mənə bir dənə vərəq tapsınlar ki, ayə, ay Rəhim, ay şərəfsiz, buyur gör dövlət sənə həmin dövrdə nə verib. Bir dənə avtomat verilibmi, beş dənə güllə verilibmi? Məni ittiham edirlər ki, Rəhim gələn kimi hiyləgərlik elədi..

 

- Siz nə vaxt nazir postuna gəldiniz?

 

- 18 martda 1992-ci ildə birinci gün nazir kimi işə çıxmışam. Oturmağa kabinetim yox idi. Təlim görmüş bir dənə rota yox idi. Kəşfiyyat yox, əks kəşfiyyat yox, hərbi prokurorluq yox, tribunal yox, səhra məhkəməsi yox, müharibə dövrünün qanunlarının heç biri işləmir... Ölkədə hərc-mərclik, qırğın qiyamət... Ayaz da prezident seçilmək istəyir....

 

- Rəhim Qazıyev də Gəncədə oturub bir yanında 104-cü diviziyanın komandiri, başqa bir yanında Eldar Həsənov tamaşaya baxır...

 

- Sən nə danışırsan, nə tamaşa? Rəhim Qazıyev kefindən Gəncədə oturmamışdı e! 29 apreldə Qraçov gəldi Azərbaycana, apardım onu Şəkiyə. 22 apreldə Şapoşnikovun yanına getmişəm. Sual etmişəm ki, cənab marşal, SSRİ dağılandan sonra Azərbaycanda oturan ordu hansı statusla oturub....

 

- Yeltsinin təxirə salmaq istədiyi işdən danışın, Rəhim bəy...

 

- Seçki..

 

- Seçki deyildi axı, Rəhim bəy..

 

- Ətraflı cavab verirəm. Qraçovu gətirmişəm və dedim ki, sən mənə kömək elə. Çıxdı Şerbaka zəng elədi. Rusiyadan heç nə gəlmirdi. Mən Şerbaka konserva, kartoşka verirdim, rus əsgərləri burada ölürdülər, mən belə yardımlar etməklə onların simpatiyasını qazanmağa çalışırdım.....

 

(davamı var)

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

"At qripi"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək