“Əgər o qadınlar əxlaqsızlığın azadlığını istəyirlərsə...” - MÜSAHİBƏ

10:16 15-03-2020 | icon 594 | Cəmiyyət
“Əgər o qadınlar əxlaqsızlığın azadlığını istəyirlərsə...” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Hansısa qüvvələr Azərbaycan xalqının əxlaqının, adət-ənənəsini pozmağa cəhd edirlə”

 

Ölkə gündəmi sosial sferada cərəyan edən çox maraqlı nüansları ilə diqqət çəkir. Artıq siyasi müxalifətin sosial-ictimai proseslərin fonunda az qala əridiyi, xarici güclərin hansısa cərəyanlarla milli dəyərlərimizi hədəfə alması və bu istiqamətdə ideoloji əks mübarizənin aparılması ilə bağlı mülahizələr var. Ölkə ictimaiyyəti dəyərlərimizin, adət-ənənələrimizin zədələnməsinə yönəlik “feminizm” ideyasının ölkəmizdə biabırçı şüarlarla önə çıxarılmasını da təsadüfi hesab etmir.

 

“O yerdə ki, qadınlar mənəvi dəyərlərə qarşı çıxış edir, o qadınlara qarşı mübarizə aparmaq lazımdır”

 

ADP sədri Sərdar Cəlaloğlu "Üç Nöqtə"yə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Sərdar bəy, cəmiyyətdə qadınların öz hüquqları uğrunda apardığı mübarizəni necə dəyərləndirmək olar?

 

- Əvvəla onu deyim ki, bu məsələyə birmənalı şəkildə yanaşmaq olmaz. Doğurdan da Azərbaycanda qadınların hüquqları kişilər tərəfindən çox pozulur. Bəzi yerlərdə istər ərli qadınlar, istərsə də subay qadınlar olsun, kişilər tərəfindən istismara məruz qalırlar. Qadınlar müxtəlif cinayətkar qurumlar tərəfindən əxlaqsızlığa cəlb edilir. Bu baxımdan təbii ki, cəmiyyətdə qadınların hüquqları müdafiə edilməli, onların bu cür cinayətkar dəstələr və yaxud həyat yoldaşları tərəfindən qeyri-qanuni istismara məruz qoyulmasının qarşısı alınmalıdır. Çünki qadınlar zəifdir, müdafiə səlahiyyəti azdır. Digər tərəfdən ölkədə ən ağır, sosial-iqtisadi problemlərin yükü qadının çiyninə düşür. İşsizlər arasında qadınların sayı daha çoxdur. Qadınların aldığı əməkhaqqı daha aşağıdır və sairə. Yəni belə bir diskriminasiyalar var. Bu, məsələnin bir tərəfidir. Bununla bağlı mübarizə aparmaq üçün cəmiyyət aktiv olmalıdır.

Amma bir də var ki, qadınlar özləri kişilərin hüquqlarını pozur. Tutaq ki, ərli qadındır, ərinə xəyanət edir və yaxud ictimai əxlaqa, ictimai nizama, adət-ənənəyə zidd hərərkət edib, millətin başını aşağı salırlar. Bu cür qadınlara qarşı münasibət başqa olmalıdır. Düzdür onlara qarşı hər hansı zorakılıq tətbiq etmək yox, amma onların fəaliyyətinin qanun çərçivəsinə salınmasına nəzarət edilməlidir. Bu baxımdan məsələyə ikili yanaşmaq lazımdır. O yerdə ki, həqiqətən obyektiv şəkildə qadınların hüquqları pozulur, onları müdafiə eləmək lazımdır. O yerdə ki, qadınlar özləri hüquqları pozur, mənəvi dəyərlərə qarşı çıxış edir, o qadınlara qarşı mübarizə aparmaq lazımdır.

 

- Sərdar bəy, məlumdur ki, qadın hüquqlarının müdafiəsi adı ilə bir qrup “feministlər” aksiya keçirdilər və orada çox biabırçı şüarlar diqqəti çəkdi. Sizcə həmin aksiyanı ölkənin milli-mənəvi, mədəni dəyərlərinə qarşı aparılan ideoloji təzyiq siyasəti hesab etmək olarmı və bu cür prosesdə hansı maraqlar güdülür?

 

- Milli dəyərlərə nəinki qadınlar, kişilər də, hər kəs əməl eləməlidirlər. Çünki toplumun mövcudluğu, cəmiyyətin təhlükəsizliyi üçün qanunlarla yanaşı, adət-ənənələrin də qorunması müstəsna rol oynayır. Ona görə də heç kəs çıxıb cəmiyyətdə nümayişkəranə “mən nə istəyirəm onu da edə bilmərəm”, söyləyə bilməz. Bir çox ölkələrdə əxlaq polisləri var ki, bu cür əxlaqsızlıqlara qarşı rəsmi mübarizə aparırlar. Kimsə elə şüarlarla aksiyalara çıxırsa, bu da azadlıqdan sui-istifadədir, demokratiyanın qüsurudur. Çünki demokratiya yalnız azadlıqların boğulmasından ziyan görmür, həm də azadlıqdan sui-istifadə də baş verir. Əgər qadınlar açıq-açığına əxlaqsızlığın azadlığını istəyirlərsə, bu artıq demokratiyadan sui-istifadədir. Belə şüarlara qarşı cəmiyyət təpki göstərməlidir. Bu cür adamlara qarşı hətta hüquqi tədbirlər görülməlidir. Heç kəsin ictimai nizama və ictimai əxalaqa zidd fəaliyyət göstərməsinə yol vermək olmaz. Getsin evində nə oyundan çıxır çıxsın, amma bunu şüar şəklində demək, ictimai dəyərə çevirmək və ya adət-ənənəyə çevirmək yolverilməzdir. Bunun özü demokratiyaya, hüquqa ziddir.

 

- Belə neqativ təsirlər hardan gəlir?

 

- Uzun müddətdir hiss edirik ki, Azərbaycan xalqının adətinə, ənənəsinə zidd olan xüsusi proqramlar həyata keçirilir. Televiziyalarda, radiolarda, bəzi mətbuat vasitələrində xüsusən gənclər arasında əxlaqsızlığı təbliğ edən, ailə institutlarının dağılmasına xidmət edən, həmcins ailələrin yaradılmasını təşfiq eliyən, həmcins münasibətləri təbliğat eliyən xüsusi verilişlər aprılır. Hətta tək-tək rast gəlinən elə hadisələr olur ki, bunlar bəzi mətbuatda uzun müddət gündəmdə saxlanılır. Hətta xarici ölkələrdə azyaşlı uşaqlara qarşı, atanın öz qızına qarşı, qardaşın bacısına qarşı, qeyri-normal, əxlaqsız hərəkətlərini də Azərbaycanda təbliğ edirlər. Bu onu göstərir ki, hansısa qüvvələr Azərbaycan xalqının əxlaqının, adət-ənənəsini pozmağa cəhd edirlər. Çünki bir xalqı məhv etmək üçün onun adətini əlindən almaq kifayətdir. Mənə elə gəlir ki, əslinə baxsan bu, müstəqillik, istiqlal məsələsidir, xalqın daxili müqavimətini qırmaqdır. Əxlaqsız xalq heç vaxt düşmənə müqavimət göstərə bilməz, əxlaqsız xalq heç vaxt inkişaf edə bilməz. Əxlaqsız xalq demokratiya yarada bilməz. Demokratiya əxlaqsızlıq deyil. Azərbaycanda yanlış olaraq belə bir təsəvvür yaradılır ki, guya demokratiya axlaqsızlıq deməkdir. Amma Avropaya getsəniz görərsiniz ki, əxlaq məsələlərinə çox ciddi yanaşırlar. Hətta Amerikada bəzi restoranlara kişilərin qoluaçıq göynəkdə girməsinə icazə vermirlər. Otellərin heç birinə qoluaçıq qadınların girməsinə icazə vermirlər. Orda özünü çox bəzəyən qadınlara pis baxırlar. Bu sənin Avropan, bu da Azərbaycana yeritmək istədikləri “demokratiya”. Və yaxud, rəsmi bəyanata görə, evlənmək istəyən 10 min gəncin 2500-də sifilis, 150 nəfərdə spid xəstəliyi aşkar olunub. Halbuki eyni xəstəliklər Avropada 10 min nəfərdən 1 -ə düşür. Bu da onu göstərir ki, əxlaqi dəyərlər Qərblə müqayisədə bizdə daha çox deqredasiyaya uğrayıb. Burda həm yoxsulluğun, işsizliyin yaratdığı əxlaqi dəyərlər var, həm də insanların mənəvi tərbiyəsi ilə bağlı düzgün təbliğatın aparılmamağı ilə bağlıməqamlar var. Bu, həm də bizim düşmənimiz olan ermənilərin, həm rusların, həm də Avropanın bəzi dairələrinin apardığı məqsədyönlü siyasətdir. Bunu başa düşmək lazımdır. Bu, görünməyən bir işğaldır. Mənəviyyatın işğalı torpaqların işğalından pisdir. Bir millətin torpağı olmaya bilər, amma bir millətin adət-ənənəsi yoxdursa, o millət ola bilməz. Qaraçıların torpağı yoxdur, amma öz adət-ənənələri olduğuna görə onlar min illərdir öz varlıqlarını saxlayırlar. Elə xalqlar var ki, torpaqları var, vətənləri var, adət-ənənələri əllərindən çıxdığına görə onlar özləri yoxdur. Bir xalq özünün adətini, ənənəsini, dilini torpağından da çox ciddi şəkildə qorumalıdır. Bunu hamı yaxşı bilir. Ona görə də bəzi dairələr Azərbaycanı məhz mənəviyyat sahəsində işğal eləyib və xalqımıza qarşı açıq-aşkar mənəvi terror siyasəti aparırlar. Hətta beynəlxalq hüquqda da bir millətin adət-ənənəsinə qarşı aparılan bu cür fəaliyyət genosid kimi dəyərləndirilir.

 

- Sərdar bəy, Azərbaycan ailələrində tez-tez erkən nigahlar məsələsi böyük bir problem kimi qaldırılır və üzərinə çox gedilir. Amma əslində problem nə ilə bağlıdır. “Feministlər” radikal çıxışları ilə bu prosesin qarşısının alınmasına hansısa təsirini verə bilər, yoxsa ictimai maarifləndirməyə yönəlik başqa bir model işləməlidir?

 

- Bu məsələdə biz dini və dünyəvi normaya əməl eləməliyik. Bizim dinimiz də erkən nigahları qadağan edir, qanunlar da. Ona görə də kimsə hesab edirsə ki, cəmiyyətdə artıq cinsi yetişkənlik müddəti dəyişib və erkən yetişkənlik var, onda qanunda dəyişiklik eləmək olar. Məsələn, Çində qızlar 28 yaşına kimi, oğlanlar 32 yaşında evlənə bilərlər. Ona görə də düşünürəm ki, erkən nigahların qəti əleyhinə çıxmaq lazımdır. Bu həm fiziki baxımdan ciddi problemlərə səbəb ola bilər, həm də erkən nigah qadını təhsildən, cəmiyyətdə yer tutmasının qarşısını ala bilər. Bu ayrı problemdir.

 

“Bütün cəmiyyətlərdə şizofreniklər, manyaklar, ruhi xəstələr var”

 

- Son vaxtlar sosial medianın gündəmində ciddi müzakirəyə səbəb olan məsələlərdən biri də azyaşlıların intiharı, azyaşlı qızların öldürülməsi kimi məsələlərdir. Məhz bu da qadına qarşı zorakılığın davamı kimi qiymətləndirilir.

 

- Tək-tək hadisələr cəmiyyətdə hər hansı dəyərlərdən, psixoloji problemin olduğundan xəbər vermir. Bu hadisələri törədənlər, yaxud iştirak edənlər psixi xəstə, ruhi xəstə ola bilərlər. Eləcə də belə hadisələr təkcə qız uşaqlarına qarşı deyil, oğlan uşaqlarına, kişilərər qarşı da belə hadisələr törədilir. Ümumilikdə əgər belə hallar kütləvi xarakter alarsa, o zaman biz buna ictimai bəla kimi yanaşa bilərik. Nərminlə bağlı məsələdə informasiya yayıldı ki, qızın anası ilə onu öldürən adamın arasında əlaqə olub, qız onlara şahid olub və hadisə baş verib. Yaxud. Türkiyədə də belə hadisə olmuşdu ki, qadın öz oğlunu qeyri-qanuni əlaqədə olduğu adamın əli ilə öldürtmüşdü. Yəni belə hadisələr olur, amma dəyərlər və nümunələr deyil. Bütün cəmiyyətlərdə şizofreniklər, manyaklar, ruhi xəstələr var. Biz indi ruhi xəstənin hərəkətini cəmiyyətin əxlaqına qarşı bir proses kimi qiymətləndirə bilmərik. Ona görə də məhkəmələrdə birinci növbədə adamları tibbi müayinəyə göndərib, onun psixi cəhətdən öz hərəkətlərinə nəzarət edə bilib-bilmədiyini öyrənirlər. Birmənalı elmi şəkildə sübut olunub ki, intihar psixi çatışmazlığın əlamətidir. Normal şüura malik insan heç vaxt intihar etməz. Bu məsələlərə tamamilə fərqli yanaşmaq lazımdır.

 

- İnsanların yaşadığı hər hansı problemlər millətin genetikasına təsir edirmi və xarakterinə hansı mənfi təsirləri göstərə bilər?

 

- Uzun müddət geni dəyişdirilmiş qidaların tətbiqi bu vəziyyətə gətirib çıxarır. Millətin adətinə, ənənəsinə əxlaqına qarşı aparılan bu cür kütləvi təbliğatlar, təşkilatların fəaliyyəti tədricən uzun illər ərzində xalqın genetikasını dəyişdirir.  Məsələn, Rusiyada yaşayan azərbaycanlılarla, orada yaşamayan azərbaycanlılar dünyagörüşünə, xalqına, həyata baxışına görə sanki iki ayrı millətdir. Siyasi rejimin özü də millətin təbiətini dəyişdirir və tarixdə də bir çox xalqlar bu cür məhv edilib.

 

- Hazırda virtuallıq sosiallaşmada, siyasiləşmədə hansı töhfələrini verə bilir, hansı mədəni əlaqələri yarada bilir?

 

- Demokratiyanın əsas əlamətlərindən biri iştiarakçılıqdır. Bu virtuallıq bir tərəfdən daha geniş kütlələrin öz iradəsini ifadə etməsi üçün zəmin yaradır, xüsusən qorxaq insanların. Digər tərəfdən, iştirakçılıq imkanlarını sıfıra endirir, demokratiyanı məhv edir. Tutaq ki, otrurb kompyüterin qarşısında hökuməti söyürlər, halbu ki, çıxıb sözlərini deməldirlər. İctimai rəyi öyrənmək, təbliğat aparmaq, fərdi iş aparmaq baxımından olduqca əlverişli bir üsuldur. Demokratik davranış və ənənələr üçün çox ziyanlı üsuldiur. Virtuallıqdan hərəkətlərə keçməyəcəksənsə, elə kompyüterdə həbs olunmuş kimisən. Ona görə də hesab edirəm ki, camaatın küçəyə çıxmamasının bir səbəbi də özlərini virtualda ifadə etmələridir.

 

T.Qafarlı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir