“Onda dünyaya bəyan etmiş olacağıq ki, biz müharibəyə başlayırıq” – MÜSAHİBƏ

18:27 09-05-2020 | icon 362 | Geopolitika
“Onda dünyaya bəyan etmiş olacağıq ki, biz müharibəyə başlayırıq” – MÜSAHİBƏ

Elxan Şahinoğlu: “Xaricdəki qüvvələr Azərbaycanı zəiflətmək üçün pusquda dayanıblar”

 

Bu gün dünyanı karantinə alan Covid-19 pandemiyası, iddia olunduğu kimi cəmiyyətdə yeni dönəm, yeni ictimai, siyasi, sosial münasibətlər sisteminin formalaşması tələbini ortaya qoyub. Cəmiyyətə vəd olunan yeniliklərlə bağlı gözləntilərin özünü nədə və necə ifadə edəcəyi birmənalı qarşılanmır. Ekspertlər pandemiyanın yarada biləcəyi yeniliyin insan faktorundan kənarda baş verə biləcəyini qeyri-məntiqi sayır və dünyadakı dəyişimin insanın strateji maraqları sferasına ciddi təsir görsətə biləcəyini inkar edirlər. Təbii ki, fövqaladə təbiət hadisələri ilə reliyefinin dəyişməsi, eləcə də münaqişələrin dünya xəritəsini yeniləməsi faktı inkar edilmir. Bu mənada ekspertlər, heç də fəlakətlərin insanın dünyaya yiyələnmək, güclənmək, istila etmək marağını öldürmədiyini önə çəkir, sivil dəyişimlərin yalnız islahatlar yolu ilə baş verəcəyini ortaya qoyurlar. Eləcə də, belə bir ərəfədə müstəqilliyini yeni qazanmış və daim təqib və təsirlərə məruz qalan dövlətlərin assimlyasiyaya uğramaması üçün daxili iqtisadi-siyasi balansın qoruması əsas amil kimi önə çəkilir.

 

Versus.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu müsahibəsində belə bir ağır durumda əsas diqqətin daxili sabitliyin qorunmasına yönəldilməsini mühüm addım sayıb və digər maraqlı məqamlara diqqət çəkib.

 

“Pandemiyadan əvvəl münasibətlər sistemi necə idisə, indi də elədir”

 

- Elxan müəllim, ilkin olaraq istərdim bildirəsiz, pandemiya təhlükəsi adı altında dünyaya hansı yeni dəyişiklik vəd olunur. Bu proses sosiallaşan dünyada daha çox hansı yeni siyasi baxışların, davranışların olmasını tələb edir. Yaxud, Avropadan başlayan bu “pandemiaya dəyişimində” Azərbaycanın iştirakçılığı nə dərəcədə müşahidə olunur?

 

- Bu ilin əvvəlindən başlayaraq pandemiya dünyada böyük problemlər yaratdı və hələ də davam edir. Düzdür, bir sıra ölkələrdə artıq xəstələrin, ölənlərin sayı azalır.  Amma ekspertlərin mütləq əksəriyyəti belə hesab edir ki, pandemiya hələ ki, az və ya böyük miqyasda dünyanı uzun müddət təşvişdə saxlayacaq. Ona qarşı mübarizə uzun aylar, illər davam edə bilər. Bəziləri deyirlər ki, postpandemiya dövründə dünya dəyişəcək, beynəlxalq münasibətlər sistemində ciddi dəyişimlər olacaq. Amma çox hadisələr göstərir ki, elə də ciddi dəyişiklik gözlənilmir. Çünki yenə də Amerika Çinlə çarpışma içindədir və Rusiya ilə münasibətlərində problemlər var. Yəni pandemiyadan əvvəl münasibətlər sistemi necə idisə, indi də elədir. Yəni dünya düzəninin dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Bizim bölgəni götürsək, eyni problemlər hələ də davam edir. Ermənistanın vəziyyəti ağır, sərhədləri bağlı olsa da, Qarabağ münaqişəsinin həllində heç bir addım atmaq istəmir. Atəşkəsi yenə də pozurlar. Bu o deməkdir ki, postpandemiya dövründə də  Qarabağ münaqişəsinin həlində ciddi bir irəliləyiş gözləmək əbəsdir. Dəyişimə doğru yalnız bir alternativ yolumuz var - Azərbaycan əvvəlki tək işğalçıya qarşı təzyiqi artırmalıdır.

 

- Məlumdur ki, bu günlər ölkəmizin rəhbərliyi ilə Qoşulmama Hərəkatının onlayn zirvə görüşü keçirildi və nüfuzlu dünya dövlətləri mövcud vəziyyəti müzakirə etdilər. Təbii ki, Azərbaycanın belə bir konfransda əsas söz sahiblərindən biri olması xüsusi məqam kimi qeyd olundu. İllərdir regionda erməni virusu ilə əziyyət çəkdiyimizi nəzərə alsaq, bu konfrans, torpaqlarımızın işğaldan azad olunması və münaqişənin həllinə dair ikilistandartlı yanaşmaların aradan qaldırılmasına, beynəlxalq təşkilatların regionda ədalətə söykənməsi üçün hansı zəmini yaradacaq. Bu və yaxud bu kimi beynəlxalq konfranslarda Azərbaycanın önə çıxması hansı əhəmiyyətə və rola malikdir?

 

- Azərbaycan hazırda iki böyük təşkilata sədrlik edir - Türk Şurası və Qoşulmama Hərəkatı. Hazırda koronavirusun hər yerə yayıldığı belə bir vaxtda Azərbaycan hər iki təşkilatın zirvə toplantısını keçirdi. Bu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutdu və videokonfranslar dünyada uğurla izlənildi. Əvvəlcə Türk Şurası dövlət başçıları müzakirələr apardılar, Bir neçə gün əvvəl isə Qoşulmama Hərəkatının videokonfransı keçirildi. Bu Azərbaycan üçün vacib məsəldir. Ona görə ki,  beynəlxalq aləmdə yeganə Türk Şurası oldu ki, konfransa qatılan liderlər ancaq koronavirusla mübarizə və əməkdaşlıq məsələlərini müzakirə edirlər. Təsadüfi deyil ki, müzakirələrdə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də iştirak edirdi.  Bu çox yaxşı nümunədir. İkincisi, Qoşulmama Hərəkatı BMT-dən sonra say tərkibinə görə ikinci böyük təşkilat sayılır. Bu baxımdan da bu videokonfrans  Azərbaycan üçün əhəmiyyətli sayıla bilər. Yenə də təşəbbüskar kimi Azərbaycan Prezidenti çıxış etdi. Təbii ki, əgər bu konfransa biz sədrlik ediriksə, videokonfransların keçirilməsi ilə bağlı təşəbbüskar kimi biz çıxış etməli, müzakirə mövzularını biz təqdim etməliyik. Bu videokonfransda  yenə də koronavirusla bağlı vəziyyət və mübarizə üsulları müzakirə olundu. Onu da nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı üzvlərinin mütləq əksəriyyəti inkişaf etməkdə olan ölkələr, bir qismi isə kasıb ölkələrdir. Onlar da bu virusdan əziyyət çəkir. Azərbaycan virusla bağlı qazandığı təcrübəni bu ölkələrlə bölüşməyə hazırdır. Yəni dövlətin imici baxımından da bu müzakirənin Azərbaycan üçün çox böyük xeyri var.

 

“Bəyan etmiş olacağıq ki, biz...”

 

- İllərdir, Azərbaycanın ərazi bütövlüyü pozulub. Təbii olaraq, regionda beynəlxalq hüququn pozulmasını, BMT-də qəbul olunan 4 qətnamənin icra edilmədiyi, eləcə də ATƏT-in Minsk Qrupunun ərazi bütövlüyümüzə səthi yanaşması, bir çox hallarda cəmiyyətdə Beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina məsələsini gündəmə gətirib. Bu imtina hazırki dönəmdə Azərbaycan xarici diplomatiyası üçün hansı üstünlüyü verə bilər. Və biz "imtina" təsirindən çox, əsasən hansı siyasətin gücünə güvənməliyik?

 

- Bəli, BMT-nin 4 qətnaməsi yerinə yetirilmir, ATƏT-in Mİnsk Qrupu fəaliyyətsizdir, indi isə virusu əllərində bəhanə edərək bölgəyə gələ bilmədiyini deyirlər. Onlayn müzakirələr çərçivəsində guya nəyisə həll etməyə çalışırlar. Halbu ki, yeganə dərdləri bu 26 ildə sadəcə atəşkəsi qorumaqdır. Münaqişənin həllinin tətbiqi barədə ciddi düşünmürlər. Onlar hazırladıqları mərhələli həll planını işğalçıya qəbul etdirmək istəmirlər. Ona görə də vəziyyət kövrək olaraq qalır və illərdir belə bir sual səslənir ki, biz ATƏT-dən, Minsk Qrupundan imtina edə bilərikmi. Əlbəttə  edə bilərik, bu bizim hüququmuzdur.  Amma əgər bunu etsək, onda biz dünyaya bəyan etmiş olacağıq ki, biz müharibəyə başlayırıq. Əgər  belə bir addım atmağa hazırıqsa, əlbətdə Minsk Qrupunun fəaliyyətsizliyindən imtina edə bilərik. Amma bu Azərbaycan üçün çox riskli addım ola bilər. Əlbəttə danışıqlar immitasiya xarakterli olsa da, biz  danışıqlardan imtina edə bilməsək də, öz işimizi də görməliyik. Cəbhə bölgəsində ordumuzu gücləndirməli və düşmənin itkilərinin artması üçün təzyiqi gücləndirməliyik. Bizim başqa bir alternativ yolumuz yoxdur. Çünki danışıqlar  belə davam edərsə heç bir nəticə verməyəcək, necə ki, 26 ildir heç bir nəticəsi yoxdur. Bu, bütün Azərbaycan cəmiyyətinə artıq bəllidir. Deməli, yeganə çıxış alternativ yol düşmənə qarşı təzyiqi artırmaqdır.

 

“Elə etmək lazımdır ki, müxalifət xaricdəki mərkəzlərə istinad etməsin”

 

- Elxan müəllim, məlumdur ki, bir çox güclər, regionda öz təsirlərini saxlamaq üçün çarpışır. Belə bir dönəmdə ölkə daxilində siyasi partiyalarla dialoq, iqtidar-müxalifət münasibətlərində cərəyan edən yaxınlaşma və aparılan kadr islahatları nəyə hesablanır. Siyasi dialoq yaranırmı və buna qarşı daxildən və xaricdən hansı təsirlər görünür?

 

- Bu gün siyasi dialoq Azərbaycan üçün çox vacibdir. Çünki Azərbaycan kövrək və həssas bölgədə yerləşir. Azərbaycanı zəiflətmək, daxildən parçalamaq istəyən xaricdə kifayət qədər mərkəzlər var. 90-cı illərin əvvəllərində məhz həmin mərkəzlər Azərbaycanın problemlərini artıqmaqla məşğul idilər. Əlbəttə ki, onlara fürsət verilməməlidir. Bunun üçün də Azərbaycanı inkişaf etdirməli, sabitliyi qorumalıyıq. Amma daxildə sabitliyin olması üçün də gərək hakimiyyət-müxalifət arasında bir dialoq olsun. Keçən ilin sentyabr ayında belə bir dialoq həyata keçirildi. Düzdür, indi virusla bağlı görüşlərə, konfranslara, seminarlara ara verilib. Amma düşünürəm ki, bu dialoqla bağlıl müzakirlərin aparılmasına yenidən ehtiyac var. Müsbət haldır ki, artıq müxalifət liderləri Prezident Admnistrasiyasına dəvət olunur, fikir mübadilələri aparılır. Bu tendensiyanı sadəcə olaraq davam etdirmək lazımdır. Yəni elə etmək lazımdır ki, müxalifət xaricdəki mərkəzlərə istinad etməsin. Bütün məsələlər daxildə həll olunsun, bütün tənqidlər daxildən söylənsin. Hətta mən düşünürəm ki, yenə də təşəbbüs göstərib radikal adlandırılan müxalifətlə də dilaoqa çalışılmalıdır ki, xarici mərkəzlərin əlinə fürsət verilməsin.  Bu baxımdan hakimiyyətin yürütdüyü siyasətdən də çox şey asılıdır. Yəni hakimiyyət başladığı işi davam etdirməli və uğurla yekunlaşdırmağa çalışmalıdırlar.

 

“Xaricdəki qüvvələr Azərbaycanı zəiflətmək üçün pusquda dayanıblar”

 

- Yeni cəmiyyətin qurulmasından danışılır. İlk baxışdan çox sadə səslənsə də, bu prosesin çətin bir yol olduğu məlumdur. Yeni cəmiyyət, yeni formasiyalı sistemin yaranması indiki dönəm dünya üçün nə dərəcədə realdır? Burda əsas faktor kimi dünya xəritəsinin dəyişməsi götürülürsə, bu, insan və bütövlükdə cəmiyyətə hansı yeniliyi verə bilər? Nə baş verir?

 

- Bu gün “yenilik, dəyişim” haqqında çox danışılır. Belə deyilir ki, bəşəriyyət və insanların baxışları dəyişəcək. Amma tarix də göstərir ki, bəşəriyyət və insanlıq öz köhnə səhvlərindən nəticə çıxarmır. Məsələn, "ispan" qripi haqqında çox danışılır. Bu qrip birinci dünya müharibəsi bitdikdən sonra, 1918-20-ci illərdə 50-100 milyon insanın tələf olmasına səbəb oldu. Amma məyər bəşəriyyət bundan sonra dəyişdimi, əksinə daha da azğınlaşma baş verdi və 2-ci dünya müharibəsi oldu. Yəni heç nə dəyişmədi. Yaxud 15-20 il əvvəl başqa müxtəlif viruslar ortaya çıxmışdı və onlarla da mübarizə aparıldı. Nəsə dəyişdimi, yox. İndi bəli, sanki insanların baxışında  müəyyən dəyişikliklər sezilir. Amma virus bitib tarixə qovuşduqdan sonra düşünmürəm ki, insanların düşüncə tərzində nəsə ciddi dəyişiklik olsun. Əgər  yenə də müharibə ritorikası davam edirsə, böyük dövlətlər arasındakı rəqabət davam edirsə, kimsə kimisə cəzalandırmaq istəyirsə, torpaqların işğalı davam edirsə, biz hansı yeni baxışlardan danışa bilərik. Konkret Azərbaycana gəldikdə isə, bəli bizim özümüzün daxildə dialoqa, əməkdaşlığa böyük ehtiyacımız var. Biz bir-birimizə düşmən kəsilməməliyik. Ağır, sərt ifadələrdən çəkinməliyik. Çox təəssüf ki, sosial şəbəkələrdə çox ağır ifadələr hələ də səslənir, təhqirləri görmək olur. Bunlar olmamalıdır. Belə hallar artanda sabitlik üçün də problem yaradır. Bizim üçün isə sabitlik hava -su kimi lazımdır. Xaricdəki qüvvələr Azərbaycanı zəiflətmək üçün pusquda dayanıblar. Belə bir fürsəti onlara vermək lazım deyil.

 

- Belə bir dönəmdə, cəmiyyətdə Vətəndaş və vətəndaş cəmiyyətlərinin rolu və əhəmiyyəti özünü necə ifadə edə bilir. İnsan və vətəndaş dəyişməyə nədən başlamalıdır?

 

- Azərbaycanda sosial dövlət gücləndirilməlidir. Nə yaxşı ki, indi korrupsiyaya qarşı mübarizə gücləndirilib. İnsanların pulunu əlindən alan, torpaqlarını əlindən alan harınlamış məmurlar həbs olunurlar. Bu prosesi davam etdirmək lazımdır. Məhz onlar insanlara əziyyət verir və insanları dövlət və hakimiyyətdən narazı salırlar. Bu olmamalıdır. İnsanlar normal yaşamalıdırlar. İnsanların haqqı tapdanmamalıdır. Məhz həmin məhkəmələr o icra hakimlərini qoruyur, onların qərarlarını insanlara, sahibkarlara qarşı tətbiq edirdilər. Bu istiqamətdə də məhkəmələrdə ciddi islahatların aparılmasına ehtiyac var. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO