İnsanlığın yeni zəkaya, düşüncə evriminə ehtiyacı var

10:40 16-06-2020 | icon 1057 | Kürsü
İnsanlığın yeni zəkaya, düşüncə evriminə ehtiyacı var

Bu yazını İranda daşlanaraq öldürülmüş Sürayəyə həsr edirəm


YASƏMƏN QARAQOYUNLU

 

XXI əsrdə Orta Doğunun əksər ölkələrində, Əfqanıstanda, İranda... çox ölkələrdə qadın daşlanaraq öldürülür. Şumerdən qalan əski bir gələnək. Səmavi dinlərə keçdi və yüz illərlə davam etdi. Qadını daşla öldürən, rəcm kəsən cəmiyyəti, zehniyyəti, ağılı, dini, kişini, mədəniyyəti sorğulamayan bir zamana üsyan edərəm. Necə ki, insanları qaz kameralarında yandıran faşizmə, Romanın qladiator kültürünə, İnkivizisiyanın tonqallarına və işğəncə mexanizminə, İranda meydanda xalqın gözü qarşısında dar ağacından asılan insanın ölüm səhnələrinə tamaşa edən xalqın zehniyyətinə, Ermənilərin vəhşiliklə həyata keçirdiyi türk soyqırımlarına üsyan edirəm. Bunlar insan cinayətləridir. İnsanın İnsana yapdığı cinayətlər.


Və qadının daşlanaraq öldürülməsi səhnəsi. Bir qrup kişi əllərində daş zəif, zərif, gözəl varlığı günahkar elan edərək qanına qəltan edirlər. Bu səhnəni izləmək, təsəvvür etmək belə acıdır.


İnsan həyatına qıymaq olmaz. İnsan həyatını qırmaq haqqımız yoxdur. İnsan kainatı özündə əks etdirən böyük dəyər. Allahı sevərək anlayan, dərk edən, özündə gəzdirən dəyər.


Nə dəhşətlidir ilahi...


Allah bu qədərmi cahildir. Allah yaratdığı İnsan cinsindən yalnız Kişinimi üstün qılmışdır. Allah Qadını Kişiyə məxsus mal, mülk və qulmu yaratmışdır. Allah bu qədərmi ədalətsizdir. Əsla! Allah Sevgidir, yaradandır, yaşadandır. Allah belə cinayət yapmaz. Allah "Öldür" əmri verməmişdir. Verməz. Rəcm Allahın əmri deyildir, insanın naqisliyidir.


Qadını kişi ilə eşit görən mədəniyyətlər yüksəldilməli, qadını kişi iradəsinə tabe edən, məhkum edən bütün zehniyyətlər və mədniyyətlər yarğılanmalı.

 

Dinlərin heç birində qadına, günah işləyən kişini öldür əmri verilməmişdir, Dinlər tarixində qadınların toplaşıb günah işləyən kişini daşqalaq etməsi, öldürməsi haqqında bilgilərə rastlamadım. Paqanist dinlər çağından fərqli olaraq, Tək Allahlı bütün dinlərdə hökm kəsən kişi, cəza verən kişi, öldürən kişi, yarğılayan kişi, alan, satan, idarə edən kişi, haqlı olan kişi, daim günahsız olan kişi. Alınan, satılan, yarğılanan, daşlanan, Günahkar olan daim qadın. Cəzalandırılan daim qadın. Paqanist çağda Tanrılar arasında Qadın Tanrılar da vardı. Günəşə hökm edərdilər, Dənizə, Yer altı dünyaya hökm edərdilər, Allahların məşvərətində özgür iradəni təmsil edir, söz və haqq sahibi olurdular. Tək Allahlı dinlər qadını Tanrı kürsüsündən endirərək, sosial həyatdan və fəaliyyətdən məhrum edərək hərəmə həbs etdi, kişi iradəsinə tabe olan, kişiyə xidmət edən, bütün ömrünü kişinin maraqlarına və eqosuna həsr edən ikinci dərəcəli dişi cinsəl varlığa çevirdi. İnsan Eşitliyi pozuldu. İnsanın dəyəri və mahiyyəti pozuldu.

 

Kişi onu doğuran, böyüdən, sevən qadını- insanı öldürmək haqqını bu puç dinlərdənmi almışdır.

 

Bir insan və bir qadın Yer üzündəki gəlmiş getmiş bütün dinlərdən, fəlsəfələrdən, ənənələrdən ucadır, qutsaldır. Nə Hermesin traktatları, nə Zərdüştün qataları,nə Riqveda, nə Budda, nə Konfutsi, nə Məhəmmədin dini, nə İsanın vəzləri, Musanın Yasaları, Aristotelin rasionalizmi, Platonun idealizmi, Sokratın mübahisələri, Hesiodun nəğmələri, Mövlananın Xəyyamın rübailəri, Şəmsin öyüdləri.., nə Yerusəlim məbədi, nə Ayasofya, Vatikan, Notrdame kilsəsi, nə Çengizin taxtı, nə Kirin sarayı, nə Süleymanın dünyası, nə Davudun Zəburu, nə Məscidi Aksa bir Qadın gülüşündən üstün deyildir.

 

Gəlmiş geçmiş bütün gözəlliklər Qadının Sevgisi qarşısında acizdir.


Allah Qadının Sevgisidir.
İnsanlıq bunu anlamadı...

 

Allah İnsanda təcəlli edər. Allah İnsan azadlığında təcəlli edər. İnsanı öldürürsünüzsə, Azadlığı öldürürsünüz. Allah Azadlıqdır. Azadlığa qəsd edən kişilər....


Qadını öldürən kişi Sevgini öldürür. Çünki Sevgidən qorxur. Onun yükü, məsuliyyəti ağırdır, Çəkəməz. Mənəviyyatı bu yükü çəkəməyəcək ölçüdədir. Çəkilməzlikdən xilası, qurtuluşu öldürməkdir.

 

Qadına tuşlanmış hər bir daş natamam kişinin, natamam insanın, natamam zehniyyətin simgəsidir. Qadına atılmış daşlar Sevgiyə, Tanrıya tuşlanmış kişi yarımçıqlığının nişanəsidir.

 

Tarixi dəyişmək üçün, zəkalı insan yetişdirmək üçün gərək kişilərin şüurunu dəyişəsən. O natamam şüura söyləyəsən ki, İnsan mədəniyyətində Öldürən kişidir, yaradan, doğuran, bəsləyən qadındır. Qadın İnsan doğurur. Doğuranı öldürmə.

 

Tarixdəki ən böyük inqilab və ya islahat, dönüm nöqtəsi Kişinin qadını, ananı öldürmək haqqının əlindən alınması olacaqdır.

 

Dinlərin uydurduğu və yalnız qadınların çiyninə yüklədiyi Namus anlayışı, ənənələri dəyişməlidir. Namus İnsana aid olan universal bir etik kateqoriyadır. Namus anlayışının cinsi yoxdur, Həm kişiyə həm də qadına aid olan ümumi dəyərdir. Qadını yarımçıq "namus" anlayışına sahib olan natamam kişilərin vəhşicəsinə öldürməsinə son qoyan şüur tipi yayılmalı və qadın öldürən qatil kişiləri cəzalandıran hüquq sistemi qurulmalıdır. İnsan öldürən namuslu ola bilməz. Namus qurşaqdan aşağıda yox, qurşaqdan yuxarıda, insanın başında, ürəyində, düşüncə və mənəviyyatda, əməllərində sərgilənən bir kateqoriyadır. Namusu qurşaqdan aşağı təsəvvür edən bütün dinlər puçdur.


Qadına Dantenin və ya Leonardo da Vinçinin, Füzulinin, ya da Məcnunun gözündən bax. İnsana İsanın, İbn Ərəbinin, Nəsiminin gözündən bax...Dünyaya DAO fəlsəfəsindən bax... Sakın Öldürmə! Evren bir bütündür. Öldürərkən bütünlüyü pozuruq. Gözəlliyi pozuruq. Olmaz!

 

Tarix boyi, kişi cildində olan onlarla natamam kişilərin toplanaraq şəhər meydanlarında bir qadını daşlayaraq vəhşicəsinə öldürməsi, özü də Allahın adından öldürməsi İnsanlıq adına cinayətdir. Allah adından yapılan cinayətdir.

 

Nə dəhşətli zehniyyətdir. Qadını öldürən, insanı öldürən bütün dinlər, ideolojilər, qanunlar, siyasətlər hamsı puçdur, yalandır, cinayətdir.

 

Qadını öz yarısı və eşiti kimi görməyən, dərk etməyən kişi natamam kişidir. Yarımçıqlığını dərk etməyəcək dərəcədə cahildir. Dinlər natamam kişiləri yarımçıqlıqdan qurtarmaq üçün Qadını öldür əmri verdimi? Vermədi
Amma bütün Öldürmələr din adına, şəriət adına, hüquq adına yapıldı. Şərqdə də Qərbdə də...Tonqallarda yandırılan, daşlanaraq öldürülən qadınların ruhları tarixin dərinliklərindən bu günümüzə boylanır, Sevgini necə qətl etdiyimizi izləyir, əzab çəkir.

 

Qadını öldürən kişilər insan deyil danışan heyvanlardır, Qatil sürüsüdür. Qadını öldürməyi əmr edən bütün dinlər və mədəniyyətlər insanlığın suçudur. Qadını öldürən dinləri göndərən Allah suçludur.

 

İnsanlığın yeni zəkaya, düşüncə evriminə ehtiyacı var. İnsana dəyər verən, insanı azadlıq və hüquqlarda cinslərə ayırmayan, yeni dünya quruculuğuna ehtiyac var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ