“Rusiya Qarabağı yağlı tikə kimi saxlayır”

15:07 07-06-2018 | icon 361 | Geopolitika
“Rusiya Qarabağı yağlı tikə kimi saxlayır”

Nəzakət Məmmədova: “Qərb Rusiyanın Qarabağ vasitəsilə Ermənistana təzyiq göstərməsinin qarşısını almağa çalışacaq”

 

 

Politoloq Nəzakət Məmmədovanın Versus.Az-a müsahibəsi

 

- Nəzakət xanım, bu gün region uğrunda gedən ABŞ və Rusiya  “savaşında” kimin üstünlüyü əldə etməsi həmin güclərin özləri  tərəfindən müxtəlif vasitələrlə önə çıxarılmaqdadır. Sizcə, Cənubi Qafazda “Saman altından axıdılan sularda” hansı tərəf daha güclü görünür və bu durum Azərbaycan və Dağlıq Qarabağla bağlı məsələlərdə özünü necə ifadə edir?

 

- Düşünürəm ki, indiki şəraitdə üstünlüyün kimin tərəfində olduğunu demək çox böyük məsuliyyət tələb edir və bunu indidən müəyyən etmək hələ tezdir. Hazırda ABŞ və Rusiya arasında elə bunun mübarizəsi gedir. ABŞ Rusiyadan Yaxın Şərqdəki baş tutmayan planlarının əvəzini çıxmağa çalışır və bu revanş üçün poliqon olaraq Ermənistanı seçib. Çünki Ermənistan 3 mühüm ölkə və hazırda ABŞ-la gərgin münasibətləri olan Rusiya, İran və Türkiyə ilə yaxınlıqda yerləşir. Ermənistan ərazisindən istifadə etməklə hər 3 ölkəyə qarşı kəşfiyyat fəaliyyəti aparıb sərhədlərində pozuculuq, qeyri-sabitlik yaratmaq daha asan olar. Təbii ki, adını çəkdiyimiz ölkələr vəziyyətin bu dərəcədə inkişafından narahatdırlar və əks tədbirlər görürlər. İstənilən güc mərkəzi, istər Qərb, istərsə də Rusiya Cənubi Qafqazı bütöv bir halda görürlər. Çünki bu ölkələr bir-biri ilə sıx bağlıdır. Onların hamısını eyni dərəcədə nəzarətə almadan regionda tam uğur qazanmaq olmaz. Regionda cərəyan edən bu prosesin Dağlıq Qarabağ məsələsində özünü necə ifadə etməsinə gəlincə, hesab edirəm ki, Ermənistandakı hakimiyyət dəyişikliyi bu münaqişəyə bilavasitə təsir göstərəcəkdir.

 

“Rusiya asanlıqla təslim olub öz mövqelərindən geri çəkilməyəcək”

 

- Necə? Bilirik ki, Ermənistanda çox hakimiyyət dəyişib amma Azərbaycana qarşı işğal faktı olduğu kimi qalır və separatçılar öz niyyətlərindən əl çəkmək istəmirlər. Qərbin, Rusiynın özünə “post” seçdiyi Ermənistana qarşı hər hansı təsiredici mexanizmini işə salacağı nə dərəcədə mümkün görünür?

 

- Bəli, işğalçı ölkədəki hakimiyyət dəyişikliyi münaqişəyə bilavasitə təsir göstərəcəkdir. Mən demirəm ki, münaqişə dərhal həll ediləcək və sair. Lakin prosesin gedişatında müəyyən dinamika mütləq nəzərə çarpa bilər. Artıq Paşinyanın Qarabağın erməni icmasını danışıqlar prosesinə cəlb etmək bəyanatı və Rusiya XİN rəsmisinin buna reaksiyası, bu dediklərinin ilk işartılarıdır. Saakyanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri də buna sübutdur. Ermənistanda yeni, fərqli qüvvələr hakimiyyətə gəlibsə, bu, ilk növbədə mütləq şəkildə Qarabağ məsələsinə də təsir edəcəkdir. Lakin onun nəticəsi nə olacaq, Rusiya buna imkan verəcəkmi, bu ayrı bir mövzudur. Hər halda, Qərb Rusiyanın Qarabağ vasitəsilə Ermənistana təzyiq göstərməsinin qarşısını almaq üçün çalışacaq ki, Qarabağ danışıqlarını da öz istədiyi formaya keçirsin.

 

Dediyim kimi, müəyyən əlamətlərə, hətta bəyanatlara görə artıq bu müşahidə olunur. Lakin onun nəticəsinin yaxın perspektivdə olacağı inandırıcı görünmür. Çünki Rusiya belə asanlıqla təslim olub öz mövqelərindən geri çəkilməyəcək.

 

- Məlum olduğu kimi iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən brifinq zamanı “Trend”in əməkdaşının Rusiya XİN katibinə Nikol Paşinyanla bağlı verdiyi sualın cavabı nazirliyin sayında yerləşdirilmiş stenoqramda tam təhrif edilib. Belə ki, Paşinyanın ünvanına səslənmiş tənqidi fikir azərbaycanlı jurnalistin adına “yazılıb”. Sizcə niyə belə ediblər, Rusiya Ermənistandan qorxur, yoxsa  ondan “primanka” kimi istifadə edir?

 

- Rusiya heç kimdən qorxmur. Amerikaya, Çinə meydan oxuyan ölkə niyə Ermənistandan qorxmalıdır? Sadəcə, Rusiya Ukrayna və Gürcüstan inqilablarından sonra dərs çıxarıb. Artıq “yanğına körüklə getmir”, daha ağıllı, təmkinli taktika və strategiya işləyib.

Rusiya XİN-dəki brifinqə gəlincə, Rusiya lazım olsa Ermənistanı sözlə yox, istədiyi şəkildə əzə bilər. Görünür ki, hələ tələsmir. Diplomatın emosional ifadəsini də yersiz hesab ediblər, yəni bu, vaxtından əvvəl verilmiş reaksiyadır. Ona görə də də rəsmi saytda fikirləri təhrif edərək yerləşdiriblər.

Rusiyalı diplomatın ifadə etdiyi fikirlər də əslində Rusiya siyasi elitasının Qərbpərəst Paşinyana qarşı olan mənfi münasibətinin bir təzahürüdür. Görünür, mətbuat konfransı zamanı Kojin bu fikri ifadə edib, lakin sonradan konfransın stenoqramını nəzərdən keçirərkən, yaxud videoyazıya baxan zaman daha yuxarı instansiyanın rəhbərliyi bu fikrin rəsmi saytda gecəsini məqsədəuyğun hesab etməyib. Ona görə də fikirlər təhrif olunaraq verilib. Bir diplomatın fikri yox, Rusiya XİN rəsmi saytında olan məlumatın Rusiya Federasiyasının rəsmi mövqeyi olduğu göstərilib.

 

- Bu yaxınlarda rusiyalı telejurnalist və analitik Maksim Şevçenko Suriyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı qurumların “müstəqilliyini” tanımasını bilavasitə Rusiya XİN-də kök salmış erməni lobbisi ilə əlaqələndirib. O, eyni avantüranın Dağlıq Qarabağ separatçı rejiminin tanınması ilə təkrarlana biləcəyini də bir risk kimi qeyd edib. Kremlin nümayəndəsi Aleksandır Duqin isə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə çaşqınlıq içində olduğunu deyib. Sizcə Rusiya nəyə çalışır və onu Ermənistanla bu dərəcədə ehtiyatlı davranmağa məcbur edən nədir?

 

- Rusiya kimi bir dövlətin separatçı rejimin müstəqilliyini tanıması inandırıcı deyil. Orada XİN-də erməni qruplaşması kök salmış ola bilər. Belə qruplaşmalar hər yerdə var. Sovet vaxtı xarici kəşfiyyatda da çoxlu ermənilər olub. Söhbət ondan gedir ki, axı Rusiya Qarabağı ermənilərə vermək istəmir. Rusiya Qarabağı yağlı tikə kimi Ermənistana və Azərbaycana təzyiq vasitəsi kimi saxlayır. Yəni kim özünü pis aparsa, alıb o birinə verəcəm. Qarabağın tanınması isə məsələyə birdəfəlik nöqtə qoymaq olardı. Xüsusən, Ermənistanın ona xəyanət edib Qərbin tərəfinə keçdiyi indiki vaxtda. O zaman Rusiya niyə Qarabağı tanısın?! Əksinə, onun Azərbaycanla yaxınlaşıb Ermənistana təzyiq göstərmək planları ön plana çıxa bilər.

 

Rusiyanın indiki şəraitdə və ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanıması inandırıcı deyil. Əvvəla, Azərbaycan Gürcüstan kimi zəif deyil ki, Rusiya onunla bu qədər saymazyana davrana. Digər tərəfdən, Gürcüstan birmənalı Qərbə istiqamət götürməklə Rusiyaya meydan oxudular və Rusiya belə bir addım atdı. Gürcüstanın NATO-ya daxil olması məsələsi hələ də gündəmdən çıxmayıb və belə bir şəraitdə Rusiya iki separatçı ərazinin müstəqilliyini tanıyıb. Bu, Gürcüstanın NATO-ya üzv olmağı qarşısında ən böyük əngəldir. Çünki təşkilatın nizamnaməsində yalnız ərazisində münaqişəli vəziyyət olmayan ölkə Alyansa üzv ola bilər. NATO Gürcüstanı indiki durumda üzv qəbul edəcəksə, öz tələblərini pozmuş olacaqdır. Digər tərəfdən Azərbaycan Gürcüstan kimi birmənalı Qərbpərəst siyasət yetirmir ki, Rusiya da əvəzində Qarabağı tanıya. Azərbaycan Rusiyanın da maraqlarını kobud şəkildə  tapdalamır, onları nəzərə alır. Ən nəhayət, heç Ermənistan özü Qarabağın müstəqilliyini tanımayıb da, Rusiya bunu necə edə bilər?! Ermənistan istəyir ki, əvvəlcə Qarabağın müstəqilliyini Azərbaycan qəbul etsin, ondan imtinaya məcbur olsun, sonra özü və başqa ölkələr separatçıları tanımağa başlasın. Ancaq buna nail ola bilmir və bilməyəcək də. Əgər Azərbaycanın ən zəif vaxtlarında, 90-cı illərdə buna nail ola bilmədilərsə, indi dünyada siyasi nüfuzu və iqtisadi-ticarət qüdrəti artmış Azərbaycanı buna məcbur edə bilməzlər. Qarabağ heç vaxt müstəqil ola bilməyəcək. Ermənilər özləri də bunu yaxşı bilir. Onlar tanıtma məsələsini hətta uzaq Uruqvayda da qaldırmışdılar. Niyə Uruqvay. Bu ölkə dünyada 1965-ci ildə uydurma erməni soyqırımını tanıyan ilk ölkələr olmuşdu. Sonradan bəzi ölkələr də onun addımını təkrar etdilər.

 

“Rusiya Dağlıq Qarabağ və Qafqaz siyasətinə yenidən baxmalı olacaq”

 

İndi onlar düşünürdülər ki, Qarabağın tanıdılması məsələsini də burada gündəmə gətirsinlər. Çünki o ölkədə çoxlu ermənilər yaşayırlar, özlərinə parlamentdə yer də qazana biliblər. Hətta erməni əsilli şəxslərdən nazir də olub. Bunlar belə heç nəyə nail ola bilmədilər.

 

Görünür ki, Rusiya Dağlıq Qarabağ məsələsi və özünün Ermənistan, eləcə də Qafqaz siyasətinə yenidən baxmalı olacaq. O, sadəcə, təmkinlə hadisələrin necə cərəyan etməsini müşahidə edir. Yəqin ki, bundan sonra öz Qafqaz və Ermənistan strategiyasını da buna adekvat quracaqdır.

 

- Siz də qeyd etdiyiniz kimi, böyük güclərin regionda öz maraqları uğrunda savaşdığı belə bir gərgin situasiyada Azərbaycan Dağlq Qarabağın işğaldan azad olunmasını, münaqişəsinin ədalətli həllini harada və necə axtarmalıdır?

 

- Çar III Aleksandr bir zamanlar demişdi: "Rusiyanın dünyada iki müttəfiqi var: ordu, donanma". Azərbaycanın da bu məsələdə iki güc mənbəyi var: ordu və xalqın döyüş əzmi. Necə ki, dahi sərkərdələrdən biri deyib ki, sülh nizənin ucundadır, indi də demək olar ki, sülh və Qarabağ məsələsinin həlli ordumuzun qüdrətindən asılıdır. Əgər diplomatiyanın arxasında güclü ordu dayanmırsa, o diplomatiya çox zəifdir. Azərbaycan isə bu gün qüdrətli orduya malikdir. Bunu təkcə biz demirik, bu, bir çox mötəbər beynəlxalq hesabatlarda öz əksini tapıb. Yəqin ki, zərurət yaransa, ordu öz gücünü göstərəcəkdir. Danışıqlar uzana bilər, amma Qarabağ heç vaxt müstəqil ola bilməz. O, gec-tez öz əsl sahibinə qayıdacaqdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS