"Prezidentin narahatlığı anlaşılandır"

15:20 25-06-2020 | icon 235 | Siyasət
"Prezidentin narahatlığı anlaşılandır"

 

 

Əlisahib Hüseynov: "Düşünün və virusa münasibətinizi dəyişin"

 

DADP sədri Əlisahib Hüseynov soydaşlarımıza müraciət etdi.

 

Versus.Az xəbər verir ki, müraciətdə deyilir:

 

"Dəyərli soydaşlarım, bu çıxışı dünən izlədinizmi, oxudunuzmu? Söhbət Prezident İlham Əliyevin iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı etdiyi çıxışdan gedir.

 

Dövlət başçısı çox narahat görünürdü. Və narahat görünməyinə də əsası var, haqqı var. Çünki dövlət səviyyəsində görülən bunca tədbirlərə baxmayaraq ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı gün-gündən artır. Özü də həndəsi silsilə ilə artır. Dünən 590 yoluxma qeydə alınıb, 7 nəfər də ölüb. Belə olan təqdirdə Prezidentin narahatlığı da anlaşılandır.

 

Çünki bu qədər çağrışlara, müraciətlərə, xəbərdarlıqlara və acizanə xahişlərə baxmayaraq insanlarımız arasında hələ də inadkarcasına maska taxmayanlar, sosial məsafəni gözləməyənlər, virusdan qorunmaq üçün digər qaydaları kobudcasına pozanlar var. Baxmayaraq ki, Prezident özü də dəfələrlə bütün vətəndaşlara müraciət edib, ilk növbədə qapalı məkanlarda maska taxmağı hər kəsə tövsiyyə edib və özü də şəxsi nümunə göstərərək maskadan istifadə edib.

 

Lakin bəzi insanlarımız eqolarının hədsiz şişməsi üzündən maska taxmağı hələ də öz şəninə, qüruruna sığışdıra bilmir. Bununla da ətrafdakı insanların həyatı üçün təhlükə yaradır.
Mən belələrini bir daha məsuliyyətli olmağa və sağlam düşüncəli davranmağa dəvət edirəm. Eyni zamanda fürsətdən istifadə edib ölkə başçısının dünənki çıxışında səsləndirdiyi fikirləri, çağırışları onların diqqətinə çatdırmaq istəyirəm.

Oxuyun və düşünün.

Düşünün və virusa münasibətinizi dəyişin.

Sizin kimi yüzminlərlə, milyonlarla azərbaycanlımızın həyatına, sağlamlığına qarşı saymazyana münasibətinizdən əl çəkin. Millətimizin təhlükəsizliyinə təhlükə yaratmayın!"

 

Prezidentin çıxışı:

"Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün.
İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir".

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Masallı və Biləsuvar rayonlarında Şəhid ailələri və məzarları ziyarət edilib

Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Daha iki qərar ləğv edildi

Məktəblərlə bağlı gözlənilməz AÇIQLAMA

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının NƏTİCƏLƏRİ

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ

Şəhadətin mübarək, ŞƏHİDİM

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Qaraciyər xəstələri və hepatitlər üçün - ÜZÜMLƏ DETOKS

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO