“Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, o zaman...” - MÜSAHİBƏ

10:15 26-06-2020 | icon 1868 | Cəmiyyət
“Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, o zaman...” - MÜSAHİBƏ

Çiçək Məmmədli:Mehriban xanıma autizmli uşağı olan kasıb ailələrin səsini çatdırmaq istəyirəm

 

Cəmiyyətin inkişafı həm də fiziki, sosial məhdudiyyəti  olan insanların reablitasiyası  və cəmiyyətə adaptasiyasının düzgün təşkili ilə təzahür olunur. Bu mənada cəmiyyətdə ictimai, sosial-psixoloji münasibətlər sisteminin düzgün qurulmasında əsas faktor olan vətəndaş və vətəndaş cəmiyyətləri institutlarının üzərinə böyük məsuliyyət düşür.

 

“Sağlam cəmiyyət quruculuğu” deyəndə məsələyə  birmənalı fiziki bədən sağlamlığı prinsipi ilə deyil, aydın təfəkkürün diskurs yanaşması ilə baxılmalıdır. Bəs bu gün, Azərbaycan vətəndaşı, vətəndaş cəmiyyəti institutları autizm sindromlu fərdlərin cəmiyyətə adaptasiya olunması, qorunması üçün nə dərəcədə ciddi addımlar atmaq imkanına sahibdir? Yaxud, fiziki, psixoloji və sosial məhdudiyyəti olan vətəndaşın cəmiyyətə düzgün transferi, qorunması, gələcəyə hazırlanması naminə vətəndaş və vətəndaş cəmiyyətləri institutlarının gördüyü işlər nə dərəcədə nizamlı, düzgün və qanedicidir?

 

Versus.Az xəbər verir ki, Autizm Defektoloji və Psixoloji Yardım İctimai Birliyinin sədri Çiçək Məmmədli bu və ya digər məsələlərlə bağlı müsahibəsində çox maraqlı nüanslara diqqət çəkib.

 

“Əsas odur ki, dövlət bu haqda düşünməyə başlayıb”

 

- Çiçək xanım, bu gün cəmiyyətin inkişafı, sosial-psixoloji münasibətlər sisteminin düzgün qurulması üçün vətəndaş cəmiyyətlərinin üzərinə düşən məsuliyyət yükü nədir? Sizcə Azərbaycan cəmiyyətində məhdudiyyətli - özünə qapanan, sosiallaşmayan autizmli insanlara yanaşma mədəniyyətində diqqəti çəkən əsas məqam nədir?

 

- Bu gün nəinki Azərbaycan cəmiyyətini, eləcə də dünyanı təhdid edən autizm problemi var və inkişaf edir. Cəmiyyətimizin bugünkü inkişafı prosesində vətəndaş cəmiyyətinin üzərinə düşən ən məsuliyyətli fəaliyyəti özünə qapanan, ətraf aləmdən təcrid olan, sosiallaşmasında problemləri olan insanlar haqqında geniş maarifləndirmə tədbirlərinin görülməsi, onların cəmiyyətə tanınması və düzgün dəyərləndirilməsi üçün xüsusi mexanizm üsullarını aşılamaqdır. Əvvala, bu cür insanları "xəstədir"deyib təqdim etmək, ümumiyyətlə bunun xəstəlik kimi qələmə verilməsi düzgün deyil. Anlamalıyıq ki, onlar bizlərdən biridirlər, sadəcə fərqlidirlər. Cəmiyyətdə bu fikir aşılanmalıdır. Unutmayaq ki, bu cür övlad sahibi olmaqdan heç kəs sığortalı deyil. Sosiallaşmağa ehtiyacı olan insana bir xoş təbəssüm də yetər. Cəmiyyətin bu insanlara yanaşma mexanizmi uşaqlardan, ailələrdən başlamalıdır. Normal bir uşaq rastlaşdığı problemli uşağı görəndə ona təəccüblə baxmamalı, ondan kənarda dayanmamalı və ona mehribanlıq göstərməlidir. Bu da ailədə verilən düzgün tərbiyə nəticəsində baş verəcək. Məncə bütün bunların önündə də geniş maarifləndirmə və inklüziv cəmiyyətin yaradılması durur. Ailələrdə autist övladının olub-olmamağından asılı olmayaraq, bütövlükdə hər kəs bu barədə məlumatlı olmalıdır.

 

- Məhdudiyyətli insanların cəmiyyətə adaptasiya prosesi bu gün hansı cəmiyyət modelini ortaya çıxarır. Necə hesab edirsiz, fiziki, psixoloji, sosial məhdudiyyəti olan vətəndaşın cəmiyyətə transferi, məşğulluğunun, həyatının, maraqlarının qorunması, gələcəyə hazırlaması naminə vətəndaş və vətəndaş cəmiyyətləri institutlarının gördüyü işlər nə dərəcədə düzgün və qanedicidir?

 

- Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, cəmiyyətə inteqrasiya edilmələri üçün tədbirlər görülmürsə,  o zaman bu, öz insanına dəyər verməyən qeyri-demokratik cəmiyyət modelini əks etdirir. Məhdudiyyətli insanlarla işləyən qabaqcıl qeyri-hökumət təşkilatları bu cür insanların həyata qazandırılması, cəmiyyətin gərəkli bir üzvünə çevrilməsi üçün çox böyük işlər görürlər. Elə onların dövlət qurumlarına təqdim etdikləri və həyata keçməsini tələb etdikləri təklifləri misal gətirmək olar. Mənim rəhbəri olduğum Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi uzun illərdir "Azərbaycanda autizm sindromlu övladı olan valideynlərin qarşılaşdıqları çətinliklər və onların həllinə dair" təkliflər layihəsini həyata keçirirəm. Bu təkliflərin dəfələrlə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, valideynlər və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi keçirilib və dövlətə təqdim edilib. Məhz bunun nəticəsi olaraq 2015-ci ildə “autizm sindromu” qanunvericilikdə sağlamlıq imkanlarının məhdudluğu meyarlarında öz əksini tapmışdır. Bu, vətəndaş cəmiyyətinin dövlət qurumlarını maraqlandıra bildiyi və məhdudiyyətli insanların da bu dövlətə mənsub olduğunu onların diqqətinə çatdırması kimi bir öhdəlyi yerinə yetirməsinə əyani sübutdur. Yəni bu sahədə vətəndaş cəmiyyətlərinin fəaliyyəti çox əhəmiyyətlidir. Məhz vətəndaş cəmiyyətlərinin irəli sürdüyü təkliflərə əsasən fiziki, psixoloji və sosial məhdudiyyətli insanların inklüziv təhsil, normal insanlarla birgə işləyə, çalışa bilməsi məsələləri geniş müzakirə olunmaqdadir. Artıq müəyyən dərəcə iş qabiliyyəti olan əlillər işlə təmin edilməkdədirlər. Düzdür, bu proses o qədər də asan deyil. Əsas odur ki, dövlət bu haqda düşünməyə başlayıb. Bu, prespektivlərin olacağına əsas verir.

 

- Autizm Defektoloji və Psixoloji Yardım İctimai Birliyinin sədri  kimi, necə heab edirsiz, cəmiyyət olaraq autizm sindromlu insanlarımızın sağlıq hüququnu qorumaq üçün nə edilir, bu sahədə daha çox nəyə ehtiyac var. Bu sindromun ailə və cəmiyyətdə yaratdığı sosial-psixloji gərginliyinin azaldılması üçün hansı addımlar atılır?

 

- Mən Azərbaycanda ilk dəfə autizm problemini tanıtdıran təşkilat rəhbəri olaraq onu deyə bilərəm ki, bu sahədə birbaşa məsuliyyətli olan Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Milli Məclis sosial siyasət, elm və təhsil komissiyaları, yerli icra strukturları, bələdiyyələr autizm haqqında heç bir təkliflər hazırlayıb dövlətə təqdim etməmişlər. Bütün bu dövlət qurumlarının görəcəyi işləri təşkilat rəhbəri kimi təzyiqlərə məruz qalaraq öz öhdəmə götürmüşəm. Təbii ki, hər bir vətəndaş cəmiyyətinin öz nizamnaməsi var və onun çərçivəsində fəaliyyət göstərir. Düzdür, mənim təşkilatımın nizamnaməsində əsasən autizmli uşaqların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yardım etmək yazılsa da, biz ümumiyyətlə, xüsusi qayğıya ehtiyacı olan insanlara hər cür yardm etməyə çalışırıq. Dövlət başçısının vətəndaş cəmiyyəti və ictimai nəzarətin gücləndirilməsi haqqında verdiyi tövsiyə və tələblər bizim üçün qanundur və ona riayət etmək borcumuzdur. Hər zaman məqsədimiz çalışdığımız sahədə ölkəmizi inkişaf etmiş dövlətlərin səviyyəsində görməkdir. Bu məqsədlər uğrunda da mübarizə aparırıq.

 

“Çoxu qeyri-peşəkarlardan ibarət komanda ilə ancaq kommersiya məqsədləri üçün...”

 

- Vətəndaş cəmiyyəti və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən verilən tövsiyə və tələblərə adekvat olaraq  məhdudiyyətli insanları öz ətrafında toplayan İctimai Birliklərin əhəmiyyəti nədir və sizin kimi yeni təşkilatlar yaranırmı? Bu durum, təkcə əlil insanlara deyil, bütövlükdə cəmiyyətə, ümumilikdə insanlığa hansı ismarıcını vermiş olur?

 

- Autizm problemini gündəmdə saxlayıb dövlət qurumlarının nəzarətinə çatdıran və bu sahədə bir sıra uğurlara nail olan təşkilat rəhbəri olaraq cəmiyyətə, insanlara belə bir mesajım var: Heç kəs həyatdan sığortalanmayıb! Gəlin insanlığın xatirinə dünyaya autizmli olaraq gəlmiş insanların sosiallaşıb adı bizlərdən biri olması üçün çalışaq. Dinimizdə də belə bir hədis var: "Kim xəstə uşağı himayəyə götürüb onu sağaltmağa cəhd edərək böyütsə, bu uşaq onu cəhənnəm əzabından qoruyan sipər olacaq". Təşkilatımız autizm haqqıda təklifləri dövlət qurumlarına təqdim etməzdən öncə İnsan Hüqüqları Üzrə Ombudsman Aparatına təqdim edib. Həmin təkliflər Ombudsman vasitəsi ilə bütün qurumlara ünvanlanmış və Milli Məclisdə Omdudsmanın şəxsən iştirakı ilə müzakirə edilib. Əldə olunan müsbət nəticələrə görə Təşkilatımız Omdudsman tərəfindən Fəxri fərmanla təltif edilib.

Amma bütün bunlar başlanğıcdır. Ölkəmiz bu sahədə inkişaf etmiş xarici olkələrdən çox geri qalır. Autizm reabilitasiya mərkəzləri dayanmadan artır. Amma çox təəssüf ki, çoxu qeyri-peşəkarlardan ibarət komanda ilə ancaq kommersiya məqsədləri üçün çalışır. Buna isə dövlət nəzarəti yoxdur. Deməli, vətəndaş cəmiyyəti hər an bu yanlışlıqlara qarşı diqqətli olmalı və dövlətin görməli olduğu işi görməlidir.

 

- İctimai Birliyin rəhbərləri olaraq bu çətin işin öhtəsindən gəlmək üçün maddi, mənəvi gücü haradan alırsız? Bu gün vətəndaş cəmiyyətinin inkişafı prosesində hansı baryerləri aşmaq məcburiyyətindəsiz?

 

“Autizm probleminə çox təəssüf ki, gəlir gətirən bir sahə kimi baxırlar”

 

- Vətəndaş cəmiyyəti olaraq bizim qarşımızda dayanan baryerlər saysızdır. Biz çalışmalıyıq ki, xarici ölkələrdə olduğu kimi, bələdiyyələri, yerli icra hakimiyyətlərini məhdudiyyətli insanların problemləri ilə daha yaxından maraqlanmağa, onların sosiallaşması yönündə dövlət layihələrinin həyata keçirmələrinə cəlb edək.

Ölkəmizdə autizm probleminə çox təəssüf ki, gəlir gətirən bir sahə kimi baxırlar. Kimin imkanı varsa dayanmadan Mərkəzlər yaradır və ora qeyri-peşəkar komanda yığıb işləyirlər. Bu zaman Mərkəzi yaradan ancaq bunun maddi tərəfini fikirləşir. Ancaq gözüyaşlı valideyn yaradılmış dəbdəbəli gözəl Mərkəzin övladına hansı xeyir, hansı fayda verəcəyini düşünür.

Bu Mərkəzlərin çoxu heç bir qurum tərəfindən yoxlanmır. Ən dəhşətlisi isə odur ki, adlarını çəkməyəcəm, bir neçə millət vəkili bu sahədə əhəmiyyətli təkliflər, qanunlar üzərində işləməkdənsə, varlanmaq yolunu seçib bahalı Mərkəzlər yaratmaq eşqinə düşüblər. Məni üç millət vəkili bir-birindən xəbərsiz görüşə dəvət etdi. Düzü, birinci ilə görüşə gedəndə çox ümidim var idi və sevinirdim ki, nəhayət millət vəkillərini maraqlandıra bilmişəm nə isə edəcəklər. Məlum oldu ki, bu işdə geniş məlımatlı olduğuma görə məni məlumat toplamaq və öz quracaqları işdə istifadə etməyə çağırıblar. Sonra o biri millət vəkili dəvət edəndə mən artıq təcrübəli idim. Belə hallara çox təəssüf edirəm. Gəlin bu sahədə yaxın və qardaş Türkiyə modelinə nəzər salaq. Bununla bağlı mən bir neçə ay Türkiyədə autizm təcrübəsini öyrənməyə getmişdim. Orda bu uşaqları cəmiyyətə qazandırmaq üçün çox zəruri tədbirlər görülüb. Dövlət bu sahədə xüsusi proram işləyib hazırlayıb. Autizmli uşaqların rəsmi statistikası aparılır. Onlar üçün xüsusı məktəb, reabilitadiya mərkəzləri, Qaynaşım okulu-inklüziv məktəbləri mövcuddur. Bu uşaqları reabilitasiya mərkızlərinə və okula aparıb gətirmək üçün dövlət səviyyəsində ödənişsiz nəqliyyat ayrılıb. Düzdür, sertifikatlaşmış dövlət nəzarəti olan özəl Mərkəzlər də mövcuddur. Autizmli uşağa baxan daimi onunla məşğul olmağa məcbur olan ana, yaxud ata xüsusi müavinət alır.

Autizm haqqında dövlət proqramı tərtib edilməlidir. Autizmi monapoliyaya alıb onu gəlir mənbəyinə çevirmək fikri millət vəkillərinin beynindən çıxarılmalıdır. Onların autuzmli övladı yoxdur ona görə bu problemin digər daha mütərəqqi tərəfini görə bilmirlər. Amma cəmiyyət bu cür zehniyyətsiz yanaşma ilə inkişaf edə bilməz.

 

“O Mərkəzə bir uşağın girişinin aylığı 1500 AZN-dir, kasıb o qapını döyə bilmir”

 

Bax, mənim qarşımdakı ən böyük baryer budur. Biz elə bir dövlətdə yaşayırıq ki, sərbəst toplaşmaq, söz demək azadlığımız qanunla tənzimlənsə də, bəzi məmurlar tərəfindən bundan istifadə etmək hüququmuz pozulur. Məsələn, 2008-ci ildən balaca mərkəzin tikilməsinə torpaq sahəsinin ayrılması üçün Bakı Şəhəri İcra Hakimiyyətinə 500 valideynin imzası ilə müraciətlər edirik. Hər dəfə mənfi cavab alırıq. Niyə icra hakimiyyəti öz vətəndaşına bu cür biganə qalır? Deyim ki, həmin 500 imza imkansız valideynlərə aiddir. Bilirsiniz, autizmli uşaq imkansız ailəyə də qismət ola bilir, məmur ailəsinə də. Məmurun səsi çıxmır, çünki bahalı təlimlər ona çətin deyil.

 

Mən burdan Mehriban xanım Əliyevaya müraciət etmək istərdim. Bilirik ki, Mehriban xanım autizmli uşağların reablitasiya keçdiyi bir çox Mərkəzlərə böyük maddi-mənəvi yardımlar edir. Amma həmin Mərkəzləri hansısa məmur yaradıb və orda məmurun öz uşağı da var. O Mərkəzə bir uşağın girişinin aylığı 1500 AZN-dir. Kasıb o qapını döyə bilmir. Orda ancaq məmurun səsi eşidilir və əli çatır... Bunlar faktlardır....

Mən Mehriban xanıma kasıb ailələrin səsini çatdırmaq istəyirəm. Bütün katiqoriyalardan olan ailələrdə doğulan autist uşağların reablitasiya olunması üçün Mərkəzlərin yaradılmasına köməklik edin. Elə bir Mərkəzlər olsun ki, ora aya 1500 manat ödəyə bilməyən imkansızlar da daxil ola bilsinlər. Hansı ki, burada bütün autist uşaqların cəmiyyətə adaptasiyası mümkün olsun.

Mən hər zaman imkansız autizmli övladı olan ailələrə yardım etmişəm. Öz evimi təmənnasız olaraq Mərkəz etmişəm. Son zamanlar evim qəzalı vəziyyətə düşüb. İki övladım autizmdən əziyyət çəkir. Yoldaşım ruhi xəstədir. Darısqallıq ev şəraiti bu iş üçün əlverişli deyil. Ona görə evimin yanında olan boş torpaq sahəsində belə bir Mərkəzin qurulması layihəsini hazırlamışıq. Layihə çəkilən zaman mütəxəssis rəyləri nəzərə alınıb. Sadəcə tikmək üçün maddi imkanımız çatmır.

 

- Hazırda vətəndaş cəmiyyətinə, insanlara töhvə verə biləcək hansı layihələrin üzərində işləyirsiniz və bu layihələrlə cəmiyyətə verə biləcəyiniz töhvələr nə ola bilər?

 

- Hazırda çox böyük bir layihə üzərində işləyirəm. Qismən reabilitasiya olunmuş autizmli uşaqlar üçün iş mərkəzi yaratmaq istəyirəm. Layihənin eskizi də çəkilib və yerli icra hakimiyyəti tərəfindən təsdiq edilib. Sadəcə Bakı Şəhəri İcra hakimiyyətində ilişib qalıb. Bir sıra tikinti şirkətlərinə də müraciət etmişəm. Düşünürəm ki, bu yetkinlik yaşına çatmış autizmli uşaqlara, ailələrə çox böyük dəstək olacaq. Bu model bir sıra xarici ölkələrdə də mövcuddur.

Yaxın zamanlarda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının maliyə dəstəyi ilə autizmli övladı olan valideynlər üçün çox dəyərli vəsait olan "Autizmə neçə qalib gəlmək olar” adlı vəsait çap edilib yayımlanacaq.

Təşkilatımız indiyə qədər bir sıra autizm maarifləndirilməsi haqqında vəsaitlər çap edərək yayımlayıb. İctimai Birliyimizin xüsusi orqanı olan "Autizm"qəzetinin yeni sayı da çapa hazırlanır. Qəzet bir neçə regionlara və Bakıda pulsuz olaraq yayılır.

 

 

 

Autizmli insanların Sivil Vətəndaş Cəmiyyətinin qurulması prosesində “xəstəlik” kimi qarşıda maneə olmaması üçün dövlət, ictimai təşkilatlar, insanlar nə etməlidir, hansı addımlar atılmalıdır?

 

- Autizmli xəstələrin sosiallaşması cəmiyyətə inteqrasiya etməsi üçün hər bir cəmiyyət üzvü əlindən gələni etməlidir. İctimai təşkilatlar təlimdən kənarda qalan autizmli uşaqlara yardım etmək məqsədi ilə yeni proyektlər hazırlayıb həyata keçirməlidir. Yerli bələdiyyələr bu sahədə tədbirlər həyata keçirməlidir. Ən həyəcan doğuran fakt autizmin artım sürətidir. 2013-cü ildə ölkəmiz artım sürətinə görə 3-cü yerdə dayanmışdır. Ona görə də vaxtaşırı maarifləndirici tədbirlər təşkil etmək lazımdır. Gənc valideynlərin məlumatlı olması və erkən müdaxiləyə üstünlük verməsı çox vacibdir.

Adamları dərdləri ilə təkbaşına buraxmaq yox, məmur özbaşınalığına son qoymaq dövlətin vətəndaşına sahib çıxmasına nail olmaq lazımdır.

 

- Çiçək xanım, bütövlükdə ayrı-ayrı qurumların bu işə cəlb olunmasında cəmiyyətin aparıcı güclərinin, imkanlı şəxslərinin, dövlət, millət, xalq olaraq hansı həmrəyliyi müşahidə olunur?

 

- Hal-hazırda autizmli övladı olan ailələr, valideynlər haqqında ölkəmizdə heç bir güzəşt qanunvericiliklə tənzimlənmədiyinə görə onlar çox çətinlik çəkirlər. Vətəndaş cəmiyyəti olaraq bu məsələnin həllində ümumi mövqe nümayiş etdirməliyiik. Vaxtaşırı "Azərbaycanda autizm sindromlu övladı olan valideynlərin qarşılaşdığı çətinlikləri”nə dair təkliflərimizi əlaqədar qurumlara təqdim edirik. Çox acınacaqlı haldir ki, bu gün Azərbaycanda cəmiyyətin özü tərəfindən də autizm problemi düzdün qiymətləndirilmir. Şübhəsiz ki, belə yanaşmanın kökündə kütləvi informasiya vasitələrinin maarifləndirmə işinə az önəm verməsi və aidiyyatı strukturların məsələyə ögey münasibəti dayanır. Bu gün autizm probleminə bu problemin həllinə ögey münasibət bəsləyənlərin özləri də sabah həmin problemlə üz-üzə qala bilər. Autizmin qanunvericilikdə əks olunması bu sahədə qanunvericiliyin daha da təkmilləşməsı günün zəruri tələbidir. Bütün dünyada bu sindromla dövlət özü maraqlanır. Bizim ölkədə isə biganə məmur ordusunu maraqlandira bilmirik. Bu sahədə həm qanunvericili, həm də icra strukturları səviyyəsində etdiyim bütün müraciətlər cavabsız qalıb. Bu məsələ ilə bağlı dövlət proqramı olmalıdır. Xarici ölkələrin təcrübəsindən istifadə edilməli və ölkəmizə mütəxəssislər dəvət olunmalıdır.

Sonda çox aktual bir mövzunu gündəmə gətirdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. /Üç Nöqtə/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO