"Belələri ilə cərimələrin təsir gücü ilə danışmaq lazımdır"

16:01 26-06-2020 | icon 243 | Siyasət
"Belələri ilə cərimələrin təsir gücü ilə danışmaq lazımdır"

Əlisahib Hüseynov: "Məsuliyyətsizlikləri ilə nə kimi ağır nəticələrə gətirib çıxara biləcəklərinin fərqində deyillər"

 

Pandemiya dövründə əksər insanların tətbiq olunan qaydalara riayət etməməsi geniş müzakirəyə səbəb olub. Bəs insanların məsuliyyətli davranması və qaydalara riayət etməsi üçün hansı addımların atılması zəruridir?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bunu çox mühüm və əslində hər kəsin narahat olmalı olduğu məsələ kimi dəyərləndirib.

 

Partiya sədri qeyd edib ki, bu gün pandemiya ilə mübarizə çərçivəsində tətbiq olunan qaydalara əməl etməyən, maska taxmaq istəməyən şəxslərin biganəliyinin, onların eqoizmə aparıb çıxaran davranışlarının yolverilməz olduğunu hər birimiz həmin insanların diqqətinə çatdırmalıyıq:

"Bəli, ən birinci vəzifəmiz qarşımıza çıxan bu cür insanları ictimai qınağa məruz qoymaqdır. Belələri ilə çəkinmədən fərdi söhbətlər aparmalıyıq, infeksiyaya qarşı bu cür biganə, saymazyana münasibətin nəinki onların özlərinə, eləcə də ölkəmizə və cəmiyyətimizə nə dərəcədə baha başa gələcəyini mümkün olduğu qədər onlara başa salmağa çalışmalıyıq. Belələri ilə mən də tez-tez rastlaşıram. Nə maska taxırlar, nə sosial məsafə saxlayırlar, nə də gigiyenaya fikir verirlər. Hələ yerə tüpürənləri, əlindəki suyu içib qabını küçəyə atanları, salfet kağızlarını hara gəldi tullayanları heç demirəm. Açığı, onların səhlənkarlığı və biganəliyi mənim ürəyimi ağrıdır. Mən bu adamlara cahil deyib, heç kimin xətrinə dəymək istəmirəm. Amma üzərimizə düşən ilk vəzifə onlarla söhbət edib, neçə-neçə insanın həyatını təhlükə altına atdıqlarını onlara izah etməkdir. Onlar biganə ola bilər, məsuliyyətsizlik göstərə bilər. Ancaq biz bu məsuliyyətsizliyinə , biganəliyinə, eqoistliyinə dözməməliyik.

Biz onların bu hərəkətlərinin mənəvi cinayət olduğunu onlara bildirməliyik. Bu adamlar sərt ictimai qınağı və ciddi dövlət nəzarətini hiss etməsələr əməllərini düzəltməyəcəklər. Məhz belə insanlarımızın məsuliyyətsizliyi, saymazyanalığı ucbatından bir çox vətəndaşlarımız kütləvi şəkildə infeksiyaya yoluxa bilər. Bir qrup insanın biganəliyi və eqoistliyi “total lokdaun”a – bütün vətəndaşlarımızın ildırım sürətilə COVID 19-a təslim olmasına gətirib çıxarar. Bu isə nəinki səhiyyə sisteminin çökməsi ilə, həmçinin ölkə həyatının iflic olması və cəmiyyətin “nəbz”inin dayanması ilə nəticələnə bilər. Olmaya, bəzi insanlarımız bunu istəyirlər?"

 

Ə.Hüseynovun fikrincə, onlar öz məsuliyyətsizliklərinin nə kimi ağır nəticələrə gətirib çıxara biləcəyinin fərqində deyillər:

"Biz bu cür biganə şəxslərin, sosial məsuliyyət hissini itirmiş bir ovuc insanın ucbatından bütün toplumun yaşam və sağlıq durumunu təhlükə altına ata bilmərik. Yuxarıda da qeyd etdiyim kimi biz küçədə, marketlərdə, digər qapalı məkanlarda qarşımıza çıxan bu cür biganə və təkəbbürlü vətəndaşlarımızı saxlayıb, onları tənbeh etməliyik. Bu bizim vətəndaşlıq borcumuz, ictimai görəvimizdir.

Eyni zamanda qaydalara əməl etməyən, maska taxmaq istəməyən şəxslərə tətbiq edilən cərimələrin miqdarının artırılması barədə də düşünmək lazımdır. Əgər Prezidentin, Operativ Qərargahın üzvlərinin və həkimlərimizin müraciətləri, çağırışları bu insanlara dərs olmursa və onlar yoluxma hallarının, ölüm hallarının çoxalmasından lazımi nəticə çıxara bilmirlərsə, o zaman belələri ilə qanunun dili ilə, cərimələrin təsir gücü ilə danışmaq lazımdır. Canının qədrini bilməyən bəzi insanlarımız pullarının qədrini tez biləcəklər".

 

DADP sədri onu da qeyd edib ki, televiziyalar da təbliğat-maarifləndirmə işlərinin çərçivəsini genişləndirməlidirlər. Heç olmasa hazırki həssas durumda müğənnilərə, şoubiznes əhlinə deyil, mütəxəssislərə, alimlərə, həkimlərə geniş meydan versinlər:

"İnsanlarımızın bu gün müğənni sözünə yox, mütəxəssis sözünə ehtiyacı var. Televiziyalarımız dünya təcrübəsini nəzərə alsınlar, peşəkar maarifləndirmə nümunəsi ortaya qoysunlar. Nəzərə alsaq ki, bizim insanlarımız televiziyadan deyilən sözlərə həmişə xüsusi inamla yanaşıb və həqiqət kimi qəbul ediblər, o zaman televiziyalarımız bu kritik pandemiya dönəmində epidemioloqları, mikrobioloqları, virusoloqları tez-tez efirə dəvət etsələr yaxşı olar. Qoy insanlarımızın mütəxəssis tövsiyyəsi ilə tanış olmaq və düzgün qərar qəbul etmək imkanı olsun.

Mən fürsətdən istifadə edib bir daha hər kəsi məsuliyyətli olmağa və sağlam düşüncəli davranmağa dəvət edirəm. Bugünlər hamımızın bir-birimizə qarşı empati duyğusu ilə, anlayışla yanaşmalı olduğumuz günlərdir. Gəlin karantin qaydalarını hər an diqqətdə saxlayaq və onlara əməl edək. Özümüzə və virusa münasibətimizi dəyişək. Həyatın qədrini bilək. Başqalarının ölümünə deyil, yaşama sevincinə bais olaq. Azərbaycan insanı COVID-19 sınağından üzüağ çıxmalıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR