Tovuzda hərbi təxribatların arxa planı - MÜSAHİBƏ

21:05 17-07-2020 | icon 1140 | Siyasət
Tovuzda hərbi təxribatların arxa planı - MÜSAHİBƏ

Rauf Məmmədov: "Qərbin Rusiya layihələrini məhdudlaşdırması və Tovuz ərazisindən keçən layihələrə önəm verməsi Rusiyanı qıcıqlandırır”

 

Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə davam edir. İyunun 12-dən başlayaraq erməni terrorçularının Tovuz rayonunu ağır artilleriya ilə hədəfə alması təsadüfi hesab olunmur. Erməni hərbi təxribatı atəşkəs missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun bivecliyini ortya qoymaqla yanaşı, münaqişənin alovlanmasında əsas maraqlı tərəf olduqlarını üzə çıxartdı. Azərbaycan yenə xəyanətlə üzləşir.

 

Tovuzda başladılan son hərbi təxribatın arxa planında kim və nə dayanır?

Versus.Az xəbər verir ki, AMEAnın elmi işçisi, politoloq Rauf Məmmədov müsahibəsində maraqlı faktlara toxunub.

 

“Ermənistana qarşı sanksiyaların qəbul edilməsi məsələsi gündəmə çıxarılmalıdır”

 

- Rauf müəllim, iyunun 12-də Tovuz istiqamətində baş verən erməni təxribatının arxasında hansı məkrli qüvvələr dayanır. Yeni bir müharibə ocağının Azərbaycan-Ermənistan sərhəddində yaradılması hansı maraqlı qüvvələrin istəyi ilə baş verir. Təxribat nəyə yönəlikdir?

 

- İyunun 12-də Tovuzda Ermənistan Azərbaycanın sərhədlərini pozdu və sərhəd boyunca yaşayan azərbaycanlı mülki əhaliyə qarşı hərbi təcavüz edərək beynəlxalq hüquqa zidd olan hərbi cinayətlər törətdi. Ermənistan tərəfindən baş verən bu təxribat indiyə qədər Qarabağ məsələsi ətrafında gedən danışıqları kölgədə qoydu və münaqişə ilə bağlı olan tərəflərin öz üzərinə götürdükləri beynəlxalq öhdəliklərin üzərindən xətt çəkdi. Ermənistan Helsink müqaviləsinin şərtlərinə zidd olaraq Azərbaycanın ərazisinə hərbi təcavüz etdi və özünü işğalçı ölkə kimi tanıtdı. O, bununla sübut etdi ki, Dağlıq Qarabağda münaqişənin əsas tərəfi Dağlıq Qarabağ erməniləri deyil, birbaşa Ermənistanın özüdür. Bu baxımdan, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının soyqırımı və öz yurdlarından didərgin salınmasında hüquqi məsuliyyət daşıyır. O, öz məsuliyyətini anlamadığı üçün beynəlxalq sanksiyalar ilə cəzalandırılmalıdır. Bununla bağlı açılan cinayət işinin materialları BMT-yə və Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunmalı və Ermənistana qarşı sanksiyaların qəbul edilməsi məsələsi gündəmə çıxarılmalıdır.

Ermənistanın Tovuz istiqamətində hərbi təcavüzü, onun beynəlxalq imicinə və hüquqi statusuna böyük zərbədir. Artıq qeyd etdiyimiz kimi, bu təcavüz onun münaqişənin tərəfi olduğunu və bu istiqamətdə törədilən cinayətlərdə məsuliyyətdən yaxa çəkə bilməyəcəyini təsdiq edir.

 

- Bu münaqişə Ermənistana nə qazandırdı?

 

- Göründüyü kimi, Ermənistan yeni bir ərazi əlinə keçirə bilmədi. Əksinə, öz beynəlxalq imicinə zərbə vurmaqla yanaşı, öz ordusuna fiziki və maddi-texniki baxımdan böyük ziyan verdi. Əgər, bu təcavüzün məqsədi Paşinyanın itirilmiş nüfuzunu qaldırmaq məqsədi daşıyırdısa, əksinə, onun nüfuzunun cəmiyyətdə aşağı düşməsinə səbəb oldu. Digər tərəfdən, Paşinyanın öncədən hərbi qələbə əldə etmək barədə düşünməsi də real görünmür. Çünki o, Azərbaycan ordusunun daha güclü olduğunu bilirdi. Həmçinin, Rusiya ilə Ermənistan arasında bağlanan hərbi ittifaqın şərtlərinə görə, Ermənistan ərazisində baş verən bütün hərbi əməliyyatlar rus kəşfiyyatı və ordusunun nəzarəti altındadır və onlar tərəfindən həyata keçirilir. KTMT-nın yaradılmasının əsas məqsədi, Ermənistanı Türkiyədən qorumaq və Ermənistanın təhlükəsizliyini təmin etmək olmuşdur. Bu baxımdan, Ermənistan hökuməti hər hansı bir hərbi fəaliyyətdə müstəqil qərar vermək və ya hərbi əməliyyat həyata keçirmək iqtidarında deyildir.

Tovuz ərazisinin nəinki Azərbaycanın, nəinki bölgənin, hətta, dünyanın enerji təhlükəsizliyində mühüm bir ərazi olduğunu nəzərə alsaq, deyə bilərik ki, Ermənistanın belə bir riskə getməsi mümkün deyildir. Çünki Bakı-Tbilisi-Ceyhan-neft və Bakı-Tbilisi-Kars qaz, Bakı-Supsa, Bakı-Tbilisi nəqliyyat layihələrinin keçdiyi Tovuz ərazisinə təcavüz etmək riskini gözə almaq və özünü dünya ilə qarşı-qarşıya qoymaq heç ağıl karı deyildir. Buna görə, Ermənistan Türkiyə, Avropa, ABŞ qarşısında cavab verməlidir. Deməli, bu Ermənistanın girdiyi kol deyildir.

 

“Qərbin Rusiya layihələrini məhdudlaşdırması və Tovuz ərazisindən keçən layihələrə önəm verməsi Rusiyanı qıcıqlandırır”

 

Tovuz istiqamətində hərbi təcavüzün kim tərəfindən planlaşdırılıb həyata keçirilməsi barədə düşünəndə ilk ağıla gələn Rusiyadır. Çünki Rusiyanın indiki durumda belə bir addım atmasını şərtləndirən amillər çoxdur.

      

Birincisi, qeyd etdiyimiz kimi, Ermənistan ərazisində hərbi idarəetmə sistemi Rusiyanın tam nəzarəti altındadır. Ermənistanda rus hərbi kəşfiyyatının diqqətindən kənarda bir tankın harasa göndərilməsi imkansızdır. Paşinyan hökumətinin bu istiqamətdə müstəqil şəkildə hər hansı bir hərbi təxribat törətməsi mümkün deyildir. Əgər Tovuz istiqamətində böyük bir hərbi əməliyyat həyata keçirilirsə, bu yalnız rus ordusunun komandanlığı altında həyata keçirilə bilər. Bu baxımdan, bu hərbi əməliyyatlarda, həmçinin, Qarabağ istiqamətindəki hərbi əməliyyatlarda Rusiyanın iştirakını istisna etmək mümkün deyildir.

İkincisi, Rusiya Tovuz ərazisindən keçən beynəlxalq layihələri özünün “Şimal axını-2”, “Türk axını” layihələrinə alternativ görür. Qərbin Rusiya layihələrini məhdudlaşdırması və Tovuz ərazisindən keçən layihələrə önəm verməsi, Rusiyanı qıcıqlandırır. Xüsusilə, indiki durumda Rusiyanın iqtisadi sanksiyalara məruz qalması, neft-qaz qiymətlərinin aşağı düşməsi, koronavirusla bağlı iqtisadi geriləmə, Rusiyanın belə bir addım atmasına səbəb ola bilərdi. Təsadüfi deyildir ki, Tovuz istiqamətində hərbi təcavüzün baş verdiyi ərəfədə ABŞ-dan Rusiyanın “Şimal axını-2”, “Türk axını” layihələrinə qarşı sanksiyaların tətbiq olunacağı ilə bağlı bəyanatlar səslənir. ABŞ Dövlət katibi Mayk Pompeo bu gün məlumat verib ki: - “Dövlət Departamenti CAATSA qanunun təsir dairəsini yeniləməklə “Şimal axını-2” və “Türk axını”nın ikinci hissəsini ora əlavə edir. Bu, Rusiyanın ixrac boru kəmərləri layihəsinə bu və ya başqa formada aidiyyəti olan investisiya və digər fəaliyyətlərin sanksiya altına düşməsi riski yaradır.. Bu, Rusiya layihələrində iştirak edən, onların icrasına hər hansı formada kömək göstərən şirkətlərə bir xəbərdarlıqdır: bu layihələrdən dərhal çıxın, ya da nəticələrilə risk edin.” O, hər iki layihənin iqtisadi deyil, Rusiyanın siyasi maraqlarına xidmət edən vasitə olduğunu bildirib: “Onlar Kremlin Avropanın öz enerji daşıyıcılarından asılılığını gücləndirmək  alətləridir. Bu alətlər həm də Ukrayna ərazisindən qaz tranzitini dayandırmaqla bu demokratik ölkəyə zərbə vurmağa hesablanıb. Onlar son nəticədə transatlantik təhlükəsizliyi təhdid edirlər. ABŞ Avropadakı dostlarımıza hər zaman kömək etməyə, onların enerji tələbatını ödəməyə hazırdır”.

Üçüncüsü, Türkiyənin Suriya və Liviyada Rusiya üzərində hərbi uğurları Vladimir Putinin nüfuzunu rus cəmiyyətində və beynəlxalq aləmdə aşağı saldı. Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğanın Ayasofyanı məscid elan etməsi provaslavların diqqətini Putinin üzərinə yönəltdi. Çünki Rusiya 1453-cü ildən sonra provaslav xristianlığının mərkəzinə çevrilmiş və rus çarları bu məzhəbin qoruyucusu qismində fəaliyyət göstərmişlər.  Putin öz itirilmiş nüfuzunu bərpa etmək üçün Türkiyəyə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı bir zərər verməli idi. Tovuz ərazisinə hücum və Azərbaycanın yüksək rütbəli zabitlərinin şəhid edilməsi buna cavab kimi dəyərləndirilə bilər. Çünki Türkiyə Azərbaycan-Avropa arasında keçən bu layihələrə görə məsuliyyət daşıyır. Bu xətlərin təhlükəsiz şəkildə Avropaya çatdırılması və Cənubi Qafqazda enerji təhlükəsizliyinin təmin olunması məsələsi Türkiyənin beynəlxalq öhdəliklərindən biridir. Bu layihələr həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyini təmin edir. Əgər Türkiyə bu təhlükəsizliyi təmin edə bilməsə, həm özü, həm də Avropa enerji baxımından Rusiyadan asılı durumda olacaqdır. Əgər Tovuz ərazisi işğal olunsa və ya hərbi baxımdan təhlükəli zona elan edilsə, Azərbaycan iqtisadi blokada durumuna düşərək Rusiyadan tam asılı vəziyyətə gələ bilər. Bu isə Putinin bərpa etmək istədiyi SSRİ-nin həyata keçirilməsi planının başlanğıcı ola bilər.

Dördüncüsü, Tovuz ərazisinə hərbi təcavüz Türkiyə, Avropa, ABŞ ilə qarşı-qarşıya gəlmək deməkdir. Üstəlik Çinin maraqlarına da burada böyük zərbə vurulur. Çünki İPƏK YOLU layihəsi də zərbə altında qalır. Tovuz ərazisinə hərbi təcavüz Rusiya üçün yeni cəhbələrin açılmasına şərait yarada bilər. Yəni, Cənubi Qafqazda enerji layihələrinin təhlükəsizliyini təmin etmək üçün Rusiyanın Şimali Qafqaz, Ukrayna istiqamətində münaqişələrə cəlb edilməsi ehtimalı artır. Qərb öz enerji təhlükəsizliyini qorumaq və Rusiyanın təsir dairəsini zəiflətmək üçün belə bir addımı ata bilər. Belə bir durumda Türkiyə də Qərbin yanında olacaqdır.

 

“Rusiya Türkiyə və Azərbaycandan ermənilər vasitəsilə öz “intiqamını aldı”

 

- Rusiya özünün zəif olduğu bir dövrdə bütün dünya ilə qarşı-qarşıya gəlmək riskini göz önünə ala bilərdimi?

 

- Düşünürük ki, yox. Əgər belə bir plan olsaydı, Tovuz istiqamətində geniş miqyaslı hərbi təcavüz həyata keçirilər və bölgənin bir qismi işğal olunardı. Tovuz istiqamətindəki döyüşlərdə Azərbaycanın yüksək rütbəli zabitlərinin və əsgərlərinin şəhid edilməsi, mülki əhaliyə qarşı vandallıq onu göstərir ki, Rusiya Türkiyə və Azərbaycandan ermənilər vasitəsilə öz “intiqamını aldı.”

Rusiyanın Türkiyəyə qəzəbinin səbəblərini açıqladıq. Azərbaycana gəldikdə isə son dövrdə ölkədə gedən islahatlar, daha doğrusu, Rusiyanın “5-ci kolon”unun hakimiyyətdən uzaqlaşdırılması prosesi “intiqamın” səbəbinin digər göstəricisi idi. Bunu, xəbərdarlıq kimi də qəbul etmək olar. Rusiya Azərbaycana qarşı bir neçə məkrli plandan istifadə edə bilər. Yəni, Rusiya Azərbaycanda separatçılıq kartlarını da işə sala bilər, yaxud, “5-ci kolon” vasitəsilə ölkədə müxtəlif təxribatlar yarada bilər. Bütün bunlara hazır olmaq lazımdır. Əsas məsələ, strateji vəzifələrdə oturan (və ya oturmuş) şəxslərin əksəriyyəti ciddi nəzarət altına alınmalıdır.

Digər tərəfdən, Rusiya Tovuz əməliyyatı ilə Qərbə mesaj göndərdi ki, mənim iqtisadi və siyasi maraqlarıma qarşı çıxsanız, mən də sizin iqtisadi maraqlarınıza zərbə vura bilərəm. Rusiya Tovuz üzərində təhlükəli hərbi zona statusunu qazandırmaq məqsədilə hərbi təxribatlara şərait yarada bilərdi. Bu o deməkdir ki, enerji xətləri daima Rusiyanın nəzarəti altındadır və istənilən zaman onlara zərbə endirilə bilər. Əvəzində Rusiya Qərbdən iqtisadi sanksiyaların ortadan qaldırılması, öz enerji layihələrinin həyata keçirilməsi isiqamətində şərtlər irəli sürə bilər. Lakin, şərtlər Qərbin maraqlarına cavab vermir. Buna görə də, Cənubi Qafqazda hərbi-siyasi durumun gərginləşməsi gözlənilir. Lakin, Qərb münaqişələrin Şimali Qafqaza və Ukrayna istiqamətinə yönləndirilməsinə cəhd edəcəkdir. Bu isə Qafqazda islam faktorunun güclənməsi və cihad ideyalarının artmasına səbəb olacaqdır.

Digər bir məsələ Rusiya və Ermənistan arasında son dövrdə baş verən gərgin münasibətlər idi. Tovuz əməliyyatı, Paşinyanın nüfuzunu cəmiyyətdə aşağı saldı və Ermənistanın Qərblə münasibətlərini korladı. Bu isə Ermənistanda hakimiyyət çevrilişi etmək və Rusiyanın “5-ci kolon”unu yenidən hakimiyyətə gətirmək imkanlarını genişlətdi. Lakin, Tovuz əməliyyatı Rusiya ilə Ermənistan münasibətlərini daha da gərginləşdirdi. Çünki Ermənistan savaş ərəfəsində KTMT-nın dəstəyini ala bilmədi. KTMT Ermənistana rəsmi şəkildə dəstək verə bilməzdi. Çünki Ermənistan digər bir dövlətin sərhədlərini keçərək onun ərazisini işğal etməyə cəhd edirdi. Azərbaycan Ermənistanın ərazisinə təcavüz etmiş olsaydı, KTMT Ermənistan tərəfindən münaqişəyə müdaxilə edə bilərdi. Lakin, etmədi. Çünki KTMT Ermənistan tərəfindən münaqişəyə müdaxilə etməsi, bölgədə Türkiyə və NATO ilə qarşı-qarşıya gəlmək təhlükəsini artırırdı. Həmçinin, bu təşkilatda olan ölkələrin bir çoxunun SSRİ-dən qalma dostluq əlaqələri vardır. Belə bir durumda təşkilat içindən parçalana bilərdi. Həm də Rusiya, Paşinyan hökumətinə dəstək olmaq və onun nüfuzunu qaldırmaq fikrində deyildi. Buna görə də Paşinyan Rusiyanın şantaj etmək siyasətini həyata keçirəcəkdir. O, KTMT-nın Ermənistana dəstək olmamasını əsas götürərək, bu təşkilatdan ayrılmaq qərarı verəcək və Tovuz əməliyyatında ölən ermənilərin günahını Rusiyanın və onun ordudakı əlaltılarının boynuna yıxacaqdır. Yəni, yaxın günlərdə Ermənistanda durumun gərginləşəcəyini müşahidə edəcəyik.

 

“Bölgədə KTMT alternativ olan Azərbaycan-Türkiyə-Qazaxıstan hərbi əməkdaşlıq müqaviləsinin bağlanması nəyə görə reallaşmamalıdır?”

 

- Qərbin, Avropanın verdiyi bəyanatlar nəyi ifadə edir? Ermənistan nəhayət niyə susdurulmur və Azərbaycan Beynəlxalq aləmdən gələn belə ikili bəyanatlara hansı mövqeyini sərgiləməlidir?

 

- Qərbin, daha dəqiq desək, ABŞ-ın Cənubi Qafqazda əsas məqsədlərindən biri regionu Rusiyanın təsir dairəsindən çıxarıb öz təsir dairəsinə salmaqdır. Cənubi Qafqaz, Avropa ilə Asiyanı birləşdirən mühüm bir ərazidir. Bu ərazinin iqtisadi və enerji tranziti baxımından əhəmiyyəti böyükdür. Dünya ticarəti və enerji mübadiləsi isiqamətində bu əraziyə alternativ yoxdur. Cənubi Qafqazda Azərbaycanın yeri xüsusidir. Bu baxımdan Qərb, öz iqtisadi maraqlarını qorumaq üçün bölgədə sabitlik istəyir. Onun üçün münaqişələrin həlli önəmli deyildir. Çünki bu məsələ Rusiyanın bir dövlət kimi varlığı sual altında qaldığı təqdirdə öz həllini tapa bilər. Buna görə də, ABŞ-ı status-kvonun saxlanılmasında və münaqişələrin dondurulmasında maraqlıdır. Eynilə, Rusiya və İran da bu mövqedədir. Çünki münaqişənin genişlənməsi, bölgəyə nəzarətin əldən çıxmasına və bölgənin ABŞ, İsrailin nəzarəti altına keçməsinə səbəb ola bilər. Lakin nə Qərb, nə Rusiya istənilən halda, Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll etməyəcəklər. Çünki bölgədə Azərbaycan və Türkiyənin güclənməsi, onların hamısının maraqlarına ziddir. Buna görə də Azərbaycanın maraqları Türkiyənin maraqları ilə üst-üstə düşür. Azərbaycan və Türkiyənin perspektivi bu maraqların bir araya gətirilməsindən keçir.

Ermənistanın beynəlxalq hüquqa zidd fəaliyyətlərinə beynəlxalq ictimaiyyət göz yumur. Əks təqdirdə, Ermənistan dünyada daha çox sanksiyalara məruz qalmalı idi. Bunun əsas səbəbi, Ermənistanın və erməni diasporlarının Türkiyəyə və türk dünyasına qarşı bir alət kimi istifadə olunmasıdır. Onlar həm Rusiyanın, həm də Qərbin maraqları istiqamətində Türkiyəyə qarşı istifadə olunurlar. Türkiyəyə münasibətdə Rusiya və Qərb ölkələri çox vaxt bir araya gəlsələr də, öz iqtisadi-geosiyasi maraqları istiqamətində çox vaxt bir-biri ilə toqquşurlar. Bu baxımdan, ermənilər bu maraqlar çərçivəsində iki qütbə bölünmüşlər. Bu gün bu ikiqütblü erməni qruplaşması, Ermənistanın siyasi elitasının strukturunu təşkil edir. Onlar ya bir yerdə ortaq məxrəcə gələrək uzlaşmalı, ya da bir-birindən ayrılmalıdırlar. Lakin Ermənistanın mövcud durumu hər iki qütbü bir arada saxlamağı tələb edir. Çünki Qərbdə yerləşən erməni diasporaları Ermənistanın iqtisadi baxımdan ayaqda qalmasını və beynəlxalq siyasi dəstək əldə etməsini təmin edirlərsə, Rusiyadakı ermənilər Ermənistanın Azərbaycan və Türkiyədən qorunmasını, Rusiyanın dəstəyi ilə Azərbaycanın ərazilərini işğal etməyi planlaşdırırlar. Nəzərə almaq lazımdır ki, Rusiyanın və Qərbin regionda son strateji məqsədi Azərbaycan və Türkiyə dövlətlərinin ortadan qaldırılması, onun əhalisinin isə soyqırımına məruz qalması və tədricən assimlyasiya olunmasıdır. Bu assimlyasiya siyasətinə ruslaşdırma, xristianlaşdırma, marginallaşdırma siyasətləri daxildir. Regionda bizə və Türkiyəyə qarşı belə bir böyük ittifaq mövcuddursa və bu ittifaqın son məqsədi türk-müsəlmanları yox etməkdirsə, o zaman biz nəyi gözləyirik? Bizim bu ittifaqa və bu məkrli məqsədlərə qarşı bir ittifaqda birləşməyimiz və öz yolumuzu seçməyimiz tarixi zərurət deyilmi? Bölgədə KTMT alternativ olan Azərbaycan-Türkiyə-Qazaxıstan hərbi əməkdaşlıq müqaviləsinin bağlanması nəyə görə reallaşmamalıdır? /ucnoqta/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi