Hikmət Hacıyevin 3 mesajını necə oxumaq lazımdır?

21:48 21-07-2020 | icon 240 | Siyasət
Hikmət Hacıyevin 3 mesajını necə oxumaq lazımdır?

Elxan Şahinoğlu: "Onun bu 3 şərti söyləməsi ondan xəbər verir ki, rəsmi Bakı artıq danışıqların perspektivinə inanmır"

 

"Azərbaycanla Ermənnistan arasında sərhəd savaşı 4 gün çəkdi. 2016-ci ilin aprel savaşı da 4 gün çəkmişdi. Ancaq bu son deyil, iyulun 21-də Azərbaycan ordusunun Ermənistana məxsus iki pilotsuz uçuş aparatını Azərbaycan səmasında neytrallaşdırması vəziyyətin sabitləşmədiyindən xəbər verir".

 

Versus.Az xəbər verir ki, bunu şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloq vurğulayıb ki, pilotsuz uçuş aparatlarından biri Ağdam rayonu istiqamətində vurulub. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti döyuşlərin Tovuz istiqamətindən Dağlıq Qarabağ istiqamətinə keçə biləcəyindən narahatdır və ona görə işğal altındakı ərazilərdən kəşfiyyat uçuşları həyata keçirirlər:

 

"Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı erməni separatçıları Azərbaycan ordusunun Dağlıq Qarabağda hücuma hazırlaşa biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil ki, Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan az qala hər gün işğal altındakı hərbi məntəqələrin hazırlıq səviyyəsini şəxsən yoxlayır.

Ermənilər narahatlıqlarında yanılmırlar. Torpaqların azad olunması Azərbaycan cəmiyyətinin əsas tələbidir. Generalımızın şəhid olması bu tələbi daha da gücləndirir. Ermənistanla sərhəddə gərginlik Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan ordusunun əsas hədəfi Dağlıq Qarabağ və ətraf rayonlardır. Ermənistan hakimiyyəti sadəcə, Tovuz istiqamətində təxribatlar törətməklə Azərbaycan ordusunun əsas gücünün Dağlıq Qarabağ istiqamətində cəmlənməsinə mane olmağa çalışır və istisna deyil ki, bu təxribatlarını davam etdirsinlər. Ona görə də Azərbaycan ordusu yaxın gələcəkdə həm sərhəddə düşmənin təxribatlarına cavab verməli, həm də Dağlıq Qarabağ istiqamətində hücum əməliyyatlarını həyata keçirməli olacaq. Başqa sözlə yaxın gələcəkdə iki istiqamətdə savaş aparmaq məcburiyyətində qalacağıq".

 

E.Şahinoğlu diqqəti prezidentin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin keçirdiyi mətbuat konfransına yönəldib. Bildirib ki, Hikmət Hacıyevin mətbuat konfransında söylədiyi mesajları belə qruplaşdırmaq olar:

 

"Birincisi, Azərbaycan bundan sonra imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil.

İkincisi, Minsk prosesində iştirak edən 11 dövlətin iştirakı ilə geniş formatda iclasın keçirilməsinə ehtiyac var.

Üçüncüsü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır.

 

Hikmət Hacıyevin bu 3 şərti söyləməsi ondan xəbər verir ki, rəsmi Bakı artıq danışıqların perspektivinə inanmır. Əgər rəsmi Bakı Minsk Qrupunun geniş formatda toplanmasını istəyirsə, bu o deməkdir ki, Azərbaycan hakimiyyəti ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə davam edən danışıqlardan nəticə gözləmir. Rəsmi Bakı danışıqların məzmunun və hazırki formatın dəyişdirilməsini istəyir. Məsələn, Azərbaycan Türkiyənin də həmsədrlər formatına qatılmasında maraqlıdır. Ancaq 3 həmsədr nə Türkiyənin onlara qoşulmasına, nə də özlərinin başqa ölkələrlə dəyişdirilmələrinə imkan verəcək.

Buna baxmayaraq, rəsmi Bakının Minsk Qrupunun geniş formatda toplanması təklifi müsbətdir. Həmin toplantıda deyilməlidir ki, Ermənistan “mərhələli həll” planını qəbul etməsə, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərində qalacaq. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün mexanizmə yenidən baxılması da köhnə tələbimizdir. Ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxacağı problematikdir.

Hikmət Hacıyevin söylədikləri ona deməyə əsas verir ki, rəsmi Bakı danışıqların perspektivinə inanmasa da, hər halda yeni təkliflərinə BMT və ATƏT-dən reaksiya gözləyir. Bu, zaman alacaq. Görünür, bu zaman kəsiyi Azərbaycan ordusu üçün hərbi planları hazırlamaq üçün zəruri hesab edilir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda