Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

20:00 28-07-2020 | icon 1156 | Mədəniyyət
Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gün şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru Qasım Qasımzadənin anım günüdür.

 


Qasım Xansuvar oğlu Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində doğulub. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon Xalq maarifi şöbəsində metodist işləyib. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsilini davam etdirib.


Q.Qasımzadə universitetdə oxuyarkən, eyni zamanda, o dövrün oxunaqlı qəzetlərindən olan “Azərbaycan gəncləri”nin redaksiyasında Ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olub. 
Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953) olan Q.Qasımzadə, bu elm-ədəbiyyat ocağında baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçisi (1954-1959) olub. Yaradıcı ömrünün bir hissəsini “Ədəbiyyat və İncəsənət” qəzetinə bağlayan ədib, burada Tənqid şöbəsinin müdiri və sonralar baş redaktor vəzifələrində çalışıb. 

 

Sonralar yenidən Akademiyanın Ədəbiyyat İnstitutuna qayıdan Q.Qasımzadə, ömrünün sonunadək burada baş elmi işçi (1963-1973) və şöbə müdiri vəzifəsində çalışıb (1973-cü ildən).

 

Peşəkar ədəbi fəaliyyətə XX yüzilin 40-cı illərindən başlamış Q.Qasımzadənin, mətbuatda ilk şeiri 1944-cü ildə o vaxtkı “Kommunist” qəzetində çap etdirdiyi “Vəfasız olmaz” şeiridir. 

 

Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış edib, şeirləri bir sıra xarici dillərə çevrilib. İlk kitab(ças)ı “Bizim kənd” adı ilə, 1951-ci ildə, Bakıda – “Uşaq Gənc Nəşr”də gün üzü görüb. 

Sonrakı illərdə “Nikolay Ostrovski” (1955), “Ürək döyüntüləri” (1959), “Son görüş” (1960), “Nəğməli ürəklər” (1963), “Bənövşə yarpağı” (1964), “İsmət” (1966), “Утешение” (1968), “Aşıq gördüyünü çağırаr” (1969), “Лес дышал: Стихи и поэма” (1970), “Getdim, gördüm, düşündüm” (1971), “İnsan min il yaşardı” (1973), “Keçmə namərd körpüsündən” (1975), “Dağlar buraxmır məni” (1978), “Daşdan keçən söz” (1981), “Səndən ayrılalı” (1985), “Seçilmiş əsərləri” (1988), “Ədəbiyyatımız, mənəviyyatımız” (1988), “Seçilmiş əsərləri” (2005) və b. kitabları oxucuların ixtiyarına verilib.

 

M.Tursunzadənin “Hindistan balladası” (1950), “Asiyanın səsi” (1964), M.Mirşəkərin “Qızıl qışlaq” (1954), İ.Noneşvilinin “Qonaq gəlin Gürcüstana” (1962) əsərləri Q.Qasımzadə tərəfindən ruscadan dilimizə çevrilib.
Şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş “İstiqbala səyahət (yaxud “Yerin övladı”) (1946) adlı poeması ədəbi ictimaiyyətin marağına səbəb olub.


Oğlu şair, tərcüməçi, şərqşünas-alim Nəriman Qasımoğlu atasının sənət yolunu ləyaqətlə davam etdirir.
Ədib 1993-cü il iyulun 28-də haqqın rəhmətinə qovuşub.


RUHU ŞAD OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?