“Əgər xəstə 3 ay davamlı öskürürsə və bu, ildə 3 dəfə təkrarlanırsa, artıq...”

11:49 09-09-2020 | icon 1137 | Sağlamlıq
“Əgər xəstə 3 ay davamlı öskürürsə və bu, ildə 3 dəfə təkrarlanırsa, artıq...”

Nərminə Abbasova: “Bu xəstəliyin orta-ağır və ağır formalarının tam müalicəsi çox çətindir”

 

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi tənəffüs yollarının, daha çox bronxların distal hissələrinin zədələnməsi, tənəffüs çatışmazlığı ilə xarakterizə olunan və əsasən geri dönməyən proseslərlə səciyyələnən bir xəstəlikdir. Dünyada ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkənlərin sayı getdikcə artır.

 

Bu barədə Versus.Az-a Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA məlumat verib.

 

Nərminə Abbasova qeyd edib ki, dünyada hər dörd ölümdən biri demək olar ki, bu xəstəliyin payına düşür. Həkimin sözlərinə görə, həmin xəstəlik bəzən peşə zərurətindən yaranır. Belə ki, ona təndirlərdə, xüsusi qazanxanalarda, sement zavodlarında işləyənlərdə rast gəlinsə də, yaranmasının əsas səbəbi tütünçəkmədir:

 

“Bu xəstəlikdən əziyyət çəkənlərdə aparılan müalicə tənəffüs çatışmazlığının aradan qaldırılması, yüngülləşdirilməsi və xəstənin ömrünün uzadılmasına yönəlib. Xəstəliyin xüsusilə orta-ağır və ağır formalarının tam müalicəsi çox çətindir. Xüsusilə 35-40 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir. Burada tütünçəkmə müddətinin böyük əhəmiyyəti var. Xəstə nə qədər erkən tütün məmulatlarından istifadə etməyə başlayıbsa, xəstəliyin inkişaf etməsi də bir o qədər tez ola bilər”.

 

Həkim-terapevt deyir ki, ümumiyyətlə, xəstəliklərin diaqnozunun qoyulması xəstənin tam kompleks müayinəsi nəticəsində olur:

 

 

“Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin diaqnozunun qoyulması üçün anamnestik məlumatların və laborator-instrumental müayinə üsullarının böyük əhəmiyyəti var. Xəstəliyin diaqnostikasında spirometriya deyilən xarici tənəffüs funksiyasının öyrənilməsinin, yəni “FEV-1” adlanan ilk saniyədə gücləndirilmiş nəfəsvermənin həcminin təyin edilməsinin əhəmiyyəti böyükdür. Erkən müraciət müalicənin effektivliyini artırır. Müalicə tənəffüs çatışmazlığının aradan qaldırılması, prosesin daha da dərinləşməsinin qarşısının alınmasına hesablanıb. Həmin xəstəlik aşkar olunan xəstələrdən ilk olaraq tütünçəkməni dayandırmaq tələb olunur. Müalicəyə başlamazdan əvvəl xəstəliklə yanaşı infeksiyanın olub-olmaması da yoxlanılır. Bundan sonra müalicə təyin olunur”.

 

Həkim deyir ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyi adətən iki cür inkişaf edir - Bronxitik forma və Emfizamatoz forma:

 

“Xroniki bronxit zamanı havanın ağciyərlərə daxil olduğu tənəffüs yolları (bronxlar) iltihab vəziyyətində olur və daim çoxlu selik ifraz edir. Əgər xəstə 3 ay davamlı öskürürsə və bu, ildə 3 dəfə təkrarlanırsa, artıq xroniki bronxit demək olar. Bu zaman bronxların divarları qalınlaşır, bu da tənəffüs yollarının daralmasına (obstruksiyasına) səbəb ola bilər. Belə vəziyyətdə insan çox çətinliklə nəfəs alır.

Emfizema zamanı isə alveolların divarları zədələnir və elastikliyini itirir. Nəticədə ağciyərlərin qan və udulan hava arasındakı qaz mübadiləsi (oksigen və karbon) üçün faydalı sahəsi azalır. Oksigenin qana kifayət qədər daxil olmaması nəticəsində təngənəfəslik yaranır, insan hava çatışmazlığı hiss edir. Xəstəliyin bu forması üçün xəstələrin arıq olması xarakterikdir”.

 

Zaman keçdikcə ağciyərlərin xroniki obstruktiv xəstəliyinin bir qayda olaraq, daha da ağırlaşdığını deyən Nərminə xanım vurğuladı ki, ağciyər toxumasının artıq başlamış zədələnmə prosesini saxlamaq mümkün deyil. Lakin ağciyərlərdəki alveolların dağılma prosesini ləngitmək üçün tədbirlər görmək, həmçinin ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkən xəstənin vəziyyətini yaxşılaşdırmaq olar.

 

Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin yaranma səbəblərindən danışan N.Abbasova bildirdi ki, əksər hallarda bu xəstəliyin yaranmasına səbəb siqaret çəkməkdir:

 

“Uzun illər tütün tüstüsü ilə nəfəs almaq tənəffüs yollarını qıcıqlandırır ağciyər alveollarının elastik liflərini dağıdır. Passiv siqaret çəkmə də çox ziyandır. Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin yaranmasına digər səbəblər kimi uzun müddət kimyəvi buxarlarlarla, toz və çirklənmiş hava ilə nəfəs almanı da göstərmək olar. Adətən ağciyər liflərinin dağılması prosesinin ilkin əlamətlərinin özünü göstərməsi üçün uzun illər tələb olunur. Ona görəd də ağciyərlərin xroniki obstruktiv xəstəliyi daha çox 60 yaşından yuxarı adamlarda rast gəlinir.

Bundan başqa, ağciyərlərin xroniki obstruktiv xəstəliyinin yaranma riski həyatı boyunca çoxsaylı və ciddi ağciyər infeksion xəstəlikləri keçirmiş adamlarda daha yüksəkdir, xüsusən də bu xəstəliklər uşaq yaşlarında keçirilibsə. 30 və ya 40 yaşlarında ağciyərlərin emfizeması diaqnozu qoyulmuş adamlarda alfa-1-antitripsin zülalının irsi anomaliyası ola bilər, lakin xoşbəxtlikdən bu patologiyaya nadir hallarda rast gəlinir”.

 

Həkim-terapevt ağciyərlərin xroniki obstruktiv xəstəliyinin əlamətlərindən də söz etdi. Bildirdi ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyi özünü əsasən uzunmüddətli öskürək, öskürək zamanı bəlğəm, fiziki yükləmələr zamanı güclənən təngnəfəslik və iş qabiliyyətinin aşağı düşməsi kimi əlamətlərlə büruzə verir.

 

Nərminə xanım deyir ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyinin olub-olmamasını müəyyənləşdirmək üçün pulmonoloq və ya terapevtin konsultasiyasına getmək vacibdir:

 

 

“O, tibbi baxış edəcək və ağciyərlərinizə qulaq asacaq. Bundan sonra əvvəllər keçirdiyiniz xəstəliklərə dair suallar verəcək. Siqaret çəkdiyinizi və ya ağciyəri zədələyə biləcək digər kimyəvi maddəllərlə təmasda olub-olmadığınızı soruşacaq. Daha sonra xarici tənəffüsün funksional qiymətləndirilməsi üçün testlər, məsələn, spirometriya aparılır. Spirometriyanın nəticələri ağciyərlərin nə dərəcədə yaxşı işlədiyini göstərir.

Bundan başqa, həkim döş qəfəsinin rentgeni və digər testlər təyin edə bilər ki, simptomlara səbəb ola biləcək digər problemləri istisna etsin. Qeyd edim ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyi daha çox Bronxial astma ilə müqayisə edilir. Bu isə spirometriya müayinəsinə və xəstənin verdiyi məlumatlara əsasən fərqləndirlir. Onu da deyim ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyinin mümkün qədər tez aşkar olunması vacibdir. Belə olan halda ağciyərlərin zədələnmə prosesini ləngitmək üçün tədbirlər görmək mümkündür”.

 

Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsinə gəlincə, Nərminə xanım bildirdi ki, bu xəstəliyin inkişafını ləngitmək üçün ən yaxşı üsul siqareti tərgitməkdir:

 

 

“Bu, mümkün və ən vacib addımlardan biridir. Siqaret çəkmə müddətindən asılı olmayaraq, bu pis vərdişdən imtina etmək ağciyər dağılmasının qarşısını əhəmiyyətli dərəcədə ala bilər. Müalicə həkimi xəstəliyin simptomlarını yüngülləşdirən və əhvalı yaxşılaşdıran müalicə təyin edir ki, bu da həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Dərmanlar tənəffüsü yüngülləşdirməyə, təngənəfəsliyi aradan qaldırmağa və ya yüngülləşdirməyə kömək edə bilər”.

 

Nərminə xanım deyir ki, dərman müalicəsindən başqa, ağciyər xəstəliklərinin reabelitasiya proqramı da mövcuddur ki, bunun sayəsində tutmaları düzgün idarə etməyi öyrənmək olar. Həkimin sözlərinə görə, bu proqram üzrə mütəxəssislər xəstələri ağciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı düzgün tənəffüs texnikasına öyrədirlər ki, bunun sayəsində tənəffüsü yüngülləşdirmək mümkündür:

 

“Bundan başqa, pasiyentlərə fiziki hərəkətlərin düzgün yerinə yetirilmə və düzgün qidalanma qaydaları tövsiyə edilir. Xəstəliyin proqressivləşməsi zamanı bəzi xəstələrə oksigen terapiyası kursları keçmək tövsiyə oluna bilər. Tənəffüs yollarının infeksion xəstəliklərinin profilaktikası xüsusən vacibdir. Ağciyərlərin xroniki obstruktiv xəstəliyidən əziyyət çəkən adamlar ağciyər infeksiyalarına daha həssasdırlar. Bu cür xəstələrə hər il qripə qarşı peyvənd olunmaq göstərişdir. Bundan başqa, pnevmokokk peyvəndləri tövsiyə olunur ki, onlar ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşmə tezliyini və pnevmoniyanın yaranma riskini azaldır. Heç nəyə baxmayaraq, peyvəndlənmiş pasiyent pnevmaniya olarsa, xəstəliyin gedişatı xeyli yüngül olur”.

 

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

“Hitleri narkotikə otuzduran həkim”