Metro açılır: yollardakı tıxac, avtobuslardakı sıxlıq azalacaqmı...

10:05 12-09-2020 | icon 40 | Cəmiyyət
Metro açılır: yollardakı tıxac, avtobuslardakı sıxlıq azalacaqmı...

Hazırda ictimai nəqliyyatda müşahidə olunan sıxlıq, yollarda tıxacların pik həddə çatması, bununla yanaşı, yeni tədris ilinin başlaması, karantin rejiminin yumşaldılmasından sonra iş yerlərinin açılması Bakı Metropoliteninin fəaliyyətə başlaması məsələsini zəruri etmişdi. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir. 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq. Məlumatda qeyd edilir ki, “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.

 

Versus.az xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Müsavat"-a açıqlamasında bildirib ki, metropoliten bağlandığı gündən hər gün hazırlıq rejimində çalışır: “Texnoloji proseslərə uyğun işlər aparılır. Lakin bunun sərnişindaşımanın bərpası və ya bağlı qalması ilə bağlılığı yoxdur. Nə vaxt qərar verilsə, o vaxtdan işə başlayacağıq”.

 

Qeyd edək ki, Metropolitenin bağlı qalmasının səbəbi kimi, ekspertlər pandemiya dövründə sərnişin sayının az olması və bu ictimai nəqliyyat növünün zərərlə işləməsini əsas gətirirdi. Çünki adi vaxtlarda belə Bakı Metropoliteni rəsmiləri qurumun zərərlə işlədiyini və bir nəfərin metrodan istifadə xərclərinin 30 qəpikdən artıq olduğunu bildirmişdilər. Lakin Bəxtiyar Məmmədov metronun bağlı qalmasının məhz pandemiya ilə bağlı olduğunu bildirdi: “Metronun bağlanması sırf epidemik vəziyyətlə bağlı idi. Burada sərnişindaşımanın qiymətləndirilməsi və onun bu qərarda rolunun olub-olmadığını Operativ Qərargah deyə bilər. Əsasən virusun yayılmasının qarşısını almaq məqsədilə bu qərar verildi”. 

Metropolitenin pandemiya dövründə fəaliyyətinin rentabelli olmamasına gəlincə, B.Məmmədov vurğuladı ki, bu pandemiyadan öncə də belə idi: “Dünyada ictimai nəqliyyat strukturundan söhbət gedirsə, əksər metropolitenlərin ziyanla işləməsi faktdır. Bu pandemiyaya qədər də belə idi, pandemiya da təbii ki, bir çox sahələrə olduğu kimi metropolitenə də mənfi təsir göstərdi. Operativ Qərargahın qərarına uyğun olaraq fəaliyyətimizi bərpa edəcəyik. Sərnişin olsa da, olmasa da, metro hazır vəziyyətdə saxlanılır. Mürəkkəb infrastrukturu olan yerlatı nəqliyyat növü olduğundan bəlli texniki-normativ sənədlərlə tənzimlənir”. 

Bəxtiyar Məmmədov: “Metronun “Nəriman Nərimanov” stansiyasında sərgi  keçiriləcək”

Metropolitendə havalandırma sisteminin standartlara uyğun olmamasına  gəlincə, qurumun sözçüsü problemin virusun yayılması ilə əlaqədar olduğunu bildirdi: “Metroda havalandırma sisteminin epidemik vəziyyətə təsiri ventelyatorların texniki xüsusiyyətləri ilə bağlı deyil. Bütün metropolitenlərdə bu sistem eynidir. Bizim ventelyasiya sistemi saz və işlək vəziyyətdədir. Onun yaxşılaşdırılması istiqamətində müntəzəm addımlar atılır. Əsas problem ventelyatorların iş prinsipinin COVID-19 virusunun yayılmasına təsiri ilə bağlıdır. Burada söhbət virusun yayılmasından gedir. Nə ventelyasiya sisteminin vəziyyətindən, nə düzgün qurulub-qurulmamasından asılı deyil. Birinci məsələ yanğın təhlükəsizliyidir, hansısa hadisə olarsa, tüstünün sovrulub çıxarılması, təmiz havanın verilməsidir. İkinci məsələ metropoliten infrastrukturunun, metroların, tunel avadanlıqlarının geoloji təsirlərdən qorunmasıdır. Bu prinsiplər bütün metropolitenlərdə eynidir. Burada hər hansı fərqdən danışmaq mümkün deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, metronun ziyanla işləməsi mümkün deyil: “Bu günə qədər Metropoliten tərəfindən hər hansı bir alqoritm açıqlanmayıb ki, maya dəyəri ümumiyyətlə necə hesablanır. Çünki metronun əksər xərclərini dövlət maliyyələşdirir. Vaqonların alınmasını dövlət maliyyələşdirir, dövlət büdcəsindən hər il dotasiyalar alırlar, investisiya xərclərində dövlətin payı böyükdür. Necə ola bilər ki, bütün bunlara rəğmən Metropoliten ziyanla işləsin. Bu cür açıqlama verən Metropoliten rəhbərliyi onun hesablanması düsturunu da cəmiyyətə açıqlamalıdırlar. Bu dövlət qurumudur və maliyyələşməsində vergi ödəyicisi kimi bizim də payımız olduğu üçün vətəndaş olaraq, maliyyə detallarını bizə açıqlamalıdırlar”.

 

Nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, istər ictimai nəqliyyatın, istərsə də metronun fəaliyyəti nə qədər intensiv  olsa, bu, Bakı şəhərində tıxacların aradan qalxmasına xidmət edəcək: “Metro açıldıqdan sonra tıxaclar xeyli aradan qalxacaq. Əgər biz pandemiyadan müdafiə məqsədli tədbirləri nəzərdən keçirsək,  ictimai nəqliyyat kimi avtobuslarda da sıxlıq olur. Şənbə və bazar günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması bu sıxlığı daha da artırır. Hansısa istisna qrafiklər, müəyyən nəzarət mexanizmi tətbiq etməklə maskadan istifadə edilməsi, dezinfeksiya edici maddələrdən metro girişlərində istifadəni təmin etməklə Metropolitenin fəaliyyətini bərpa etmək olar. Qəti surətdə pandemiya təhlükəsinin aradan qalxdığını demək çətindir. Çünki dünya ölkələrinin bəzilərində yenidən gücləndirilmiş tədbirlər həyata keçirilir. O mənada müəyyən istisnalar və ciddi qayda-qanunlarla metronun hərəkətini bərpa etmək lazımdır”

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bilik günü" ilə bağlı Nazirlikdən AÇIQLAMA

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir

Milli Məclis yeni sessiyaya başladı

Ermənilərin qanunsuz köçürülməsi haqda beynəlxalq təşkilatlara MÜRACİƏT

Ermənilər yenidən Tovuzun üç kəndini atəşə tutub - RƏSMİ

Günün matçlarını yayımlayacaq kanallar

Metro açılır

"Uzun illərdir ki, ermənilərin məkrli siyasətindən və vandalizm aktlarından əziyyət çəkirik"

17 yaşlı hörümçək adam  "Hörümçək adam" 

Əli Həsənov xəstəxanda olduğunu təsdiq edən sənədləri İCTİMAİLƏŞDİRDİ - FOTO

Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Nazirlikdən gecə cəbhədə baş verənlərlə bağlı MƏLUMAT

Bu uşaqlarda şəkərli diabetə meyillilik daha çox ola bilər

Ermənilər Azərbaycana məxsus dini abidəni murdarladı – FOTO

“Botulizm zamanı xəstələrdə qan təzyiqi tez-tez yüksəlir”