Prezident XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarını təbrik edib

12:37 07-10-2020 | icon 237 | Gündəm
Prezident XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarını məktubla təbrik edib.

 

Versus.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

 

Məktubda deyilir:

 

“Hörmətli sammit iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm. Vəqfin sülh və dialoqun təşviqinə, regional və qlobal əməkdaşlığın genişləndirilməsinə töhfələrini yüksək qiymətləndirirəm.

 

Avrasiya İqtisadi Zirvə toplantıları Avrasiya bölgəsində iqtisadi, siyasi münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilmiş bu ənənəvi görüşlərdə zamanın yeni çağırışlarının və müasir inkişaf meyillərinin daim diqqət mərkəzində saxlanılması təqdirə layiqdir. XXIII sammitin gündəliyində postpandemiya dövrünün əsas prioritetləri və beynəlxalq miqyasda böyük təhlükə təşkil edən terrorizm problemlərinin geniş müzakirəsinin nəzərdə tutulması bunun bariz nümunəsidir.

 

Azərbaycan uzun illərdən bəri Avrasiyada münasibətlərin möhkəmlənməsi, ölkələrin iqtisadi potensialının və təbii ehtiyatlarının xalqların rifahına və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində region dövlətləri, o cümlədən qardaş Türkiyə ilə birgə ardıcıl fəaliyyət göstərməkdədir. Türkiyənin artan gücünün təzahürü olaraq enerji təhlükəsizliyi sahəsində atdığı önəmli addımlar bizi sevindirir.

 

Bununla yanaşı, Avrasiya məkanında sabitliyi təhdid edən mühüm amil Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmamasıdır. Avantürist Ermənistan rəhbərliyi dünyanın diqqətinin pandemiya ilə mübarizəyə yönəlməsini də fürsət bilərək ölkəmizə qarşı hərbi təxribatları gücləndirmişdir. Sentyabrın 27-də törədilmiş təxribat Ermənistanın məhz dövlət səviyyəsində otuz ildən artıq yürütdüyü terrorizm və işğalçılıq siyasətinin davamıdır.

 

Bir daha bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına layiqli töhfələr verən qardaş Türkiyə həmişə olduğu kimi bu gün də bizimlə həmrəydir, qətiyyətli mövqeyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması naminə haqq işimizi dəstəkləyir. Bizə böyük mənəvi güc verən bu misilsiz dəstəyinə görə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına bir daha dərin minnətdarlığımı bildirirəm. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!

 

İnanıram ki, bu toplantıda aparacağınız fikir mübadiləsi və müzakirələr qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

Zirvə Toplantısının işinə uğurlar arzulayıram”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”