Həqiqət, səmimiyyət və qətiyyət örnəyi

17:09 08-10-2020 | icon 190 | Siyasət
Həqiqət, səmimiyyət və qətiyyət örnəyi

Ölkəmizin ən mürəkkəb məsələsini dünyanın gözü önündə kamil ardıcıllıqla tarixi həllə qovuşduran Prezident

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət Komitəsinin sədri/

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına, oktyabrın 7-də isə “Euronews” televiziyasına və “CNN Türk”ə müsahibə verdi. Prezident fərqli ölkələrin fərqli kanallarının fərqli suallarını cavablandırsa da, təbii ki, hər üç müsahibədə əsas diqqət Ermənistanla Azərbaycan arasındakı mövcud müharibəyə yönəlmişdi. Bundan az öncə, böyük auditoriyaya malik daha bir neçə xarici TV-yə də müsahibə verən dövlət başçımız, haqlı davamızı, qətiyyətli mövqeyimizi bir daha ifadə etdi.

 

Hər fərqli xarici TV vasitəsi ilə tirajlanan həqiqətlərimiz həm bizə yeni dostlar qazandırır, həm də, yanlış informasiyaların təsirində olanları doğrularla tanış edir. Ermənilərin illər uzunu beynəlxalq səviyyədə strukturlaşdırdığı ənənəvi anti-Azərbaycan təbliğat maşını qarşısında və indiki həssas dönəmdə belə müsahibələrin önəmi mübahisəgötürməz dərəcədə önəmlidir. Özü də, məhz Prezident sözü səviyyəsində, həqiqət, səmimiyyət və qətiyyət örnəyi müsahibələrdən danışırıq.

 

“Pervıy kanal” əməkdaşının (az qala mövzu ilə maraqlanan hər kəsi düşündürən) “Sizin fikrinizcə, Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün nə baş verməlidir?” sualına cavabında Azərbaycan Prezidenti çox düzgün və haqlı olaraq, diqqəti BMT Təhlükəsizlik Şurasının hələ 27 il bundan öncə - erməni işğalçı qüvvələri Azərbaycan ərazilərini işğal etdiyi dövrdə qəbul edilmiş qətnamələrə yönəltdi və “nə baş verməlidir?” sualının ən kəsə cavabının BMT qətanəməlrinin yerinə yetirilməsində olduğunu bildirdi. Bildirdi ki, həmin qətnamələrdə təcavüzkara göndərilən ismarınc, tələb çox dəqiqdir: işğal olunmuş ərazilər dərhal, qeyd-şərtsiz, tamamilə qaytarılmalıdır! – “Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır.

 

...Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər.

 

Prezidentin “Pervıy kanal”a müsahibəsində bir neçə məqamı özəlliklə fərqləndirmək istərdim:

 

-Ordumuzun əks-hücumu qarşısında geri çəkilməyə məcbur olan işğalçı dövlətin son günlər Azərbaycan ərazilərinə, artıq Qarabağdakı işğal bölgəsindən deyil, məhz Ermənistan ərazisindən “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən atəş açır;

-Döyüş bölgəsindən uzaqlardakı Azərbaycan şəhərlərini, mülki obyekt və dinc əhalini atəşə tutur;

- Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirməmişik...

 

Bəs bu fərqləndirmələrdən çıxan təsbitlər nədən ibarətdir? –

 

-Düşmən “Cenevrə konvensiyaları”nı çox kobud şəkildə pozur, yeni müharibə cinayətləri törədir;

 

-İşğalçının öz ərazisindən atdığı uzaqvuran silahların hansı silahlar olduğunu bilirik;

 

-Ermənistan tərəfi ciddi-cəhdlə KTMT-ni, bəzi Avropa ölkələrini qarşıdurmaya cəlb etməyə çalışır. – Həm belə bir ciddi-cəhddə bulunur, həm də, bizi Türkiyəni məsələyə müdaxil etməkdə, hətta, bölgəyə Suriyadan terrorçu qüvvələr sövq etməkdə suçlamağa çalışır. – Bunlar uğursuz cəhdlərdir. – Ermənistan “mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk”.

 

Qeyd edim ki, rus kanalı, demək olar, eyni suallarla Paşinyana da müraciət edib və digər TV-lərə müsahibədə olduğu kimi, onun yenə də haqsızlığın uzunmüddətli müdafiəsindən əziyyət çəkdiyi göründü; açıqca göründü ki, Paşinyan öz işğalçılıq siyasətini “beynəlxalq hüquq normaları”, “birgəyaşayış”, “sülh”, “danışıq” və b. qavramlara bürüməkdə zorlanır. Üstəlik, nə təvafüqdü ki “qalib”, “güclü”, “çiçəklənən” Ermənistanın hökumət binasının elektriki baş nazirin müsahibəsi vaxtı kəsildi və Paşinyanın bu hala öyrəncəli olduğu hiss olundu... – Bu fakta dair yalnız bir cümlə yazmaq istərdim: Ermənistan hökuməti silahlanmaya, işğalçılığa, haqsızlığa, başqasının işığını kəsməyə milyonlar xərcləməkdənsə, öz əhalisini fikirləşsəydi, heç olmazsa, mühüm hökumət binalarının elektriklə təminatı qayğısına qalsaydı, bu onlarçün daha xeyirli olardı...

 

Prezidentin “Euronews” televiziyasına müsahibəsində verdiyi ismarınclar ingilisdilli auditoriyaya dövlətimizin, xalqımızın haqlı mövqeyini faktların yüksək təcallası ilə çatdırdı. – Necə deyərlər, faktdan başqa fakt yoxdur! Jurnalistin özəlliklə Türkiyəyə yönəlik sualı ( -belə sualı “Pervıy kanal” da vermişdi) və bu suala tutarlı cavab lap yerinə düşdü. – Ən azından ona görə ki biz Türkiyə ilə qardaşlıq, qonşuluq bağlarımızı, iki bərabərhüquqlu dövlət kimi  münasibətlərimizi heç vaxt gizlətməmişik, gizlətmək niyyətimiz də yoxdur!

 

Biz bütün dövlətlərlə - qardaşla-dostla da, düşmənlə də məhz beynəlxalq hüquq normaları prinsiplərinə uyğun davranırıq; biz bizi özünə düşmən hesab edənlərlə mübarizə edə bilərik, biz özümüz özümüzə düşmən axtarmırıq. Əgər Ermənistanın hələ də sağlam fikrə sahib olan siyasətçiləri, fikir adamları varsa, çox gec olmadan öz qonşuları ilə düşmənçilikdən, sinsi, hiyləli yanaşmalardan əl çəkməlidir! Ermənistanın qonuşuluğa, birgəyaşayışa sığmayan davranışları, əlbəttə, bütün qonşulara təsir edib, lakin nəhayətdə ən çox ziyan çəkən tərəf Ermənistan özü olacaq. Ermənistanda bunu başa düşmürlərsə, məsuliyyəti başqasının üzərinə yıxmaqla çıxış yolu tapmaq mümkün deyil. “Euronews” əməkdaşının “Ermənistan Türkiyənin burada ciddi təsir göstərdiyini, o cümlədən hərbi yardım kimi məsələlərdə sizi təchizatla təmin etdiyini deyəcək. Siz Türkiyənin bu münaqişədə ölkənizə nə dərəcə təsir göstərdiyini və hərəkətlərinizi sürətləndirdiyini deyə bilərsiniz?” şəklində verdiyi diplomatik suala cənab Prezident bu şəkildə cavab verdi: “Bu, tamamilə yanlış informasiyadır. Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarıq. Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb. Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir. Biz özümüz savaşırıq. Bəli, biz Türkiyədən silahlar alırıq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadanlığını, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünki Ermənistan silahları pulsuz əldə edir. Biz onlara görə pul ödəyirik, Ermənistan pulsuz alır. Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb”. – Doğrusu, müsahibənin bütün məziyyətlərini gözardı etmədən, yalnız bu cümlə efirə verilmiş olsaydı belə, yenə, “Euronews” televiziyasına müsahibənin parlaq nəticələndiyini deyə bilərdik.

 

Mən Prezidentin digər müsahibəsi – oktyabrın 7-də “CNN-Türk” televiziyasına müsahibəsi üzərində xüsusi dayanmaq istəməzdim. – Bunun çox sadə bir səbəbi var: qardaş ölkənin bütün aparıcı media orqanları, özəlliklə TV-ləri gecə-gündüz bizim haqlı davamızın yanındadır; onların Qarabağla bağlı hər sualının, tirajladıqları hər informasiya, rəy və münasibətin birmənalı şəkildə haqq-ədalətə xidmət etdiyini görürük. Təsadüfi deyil ki, dövlət başçımız özü də, türk TV-lərinin haqq-ədalətə arxa-dayaq durduğunu, belə bir mövqenin bizimçün önəmini vurğuladı: “Bir çox hallarda bizim səsimiz eşidilmir. Bizə beynəlxalq platforma verilmir. Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tuturlar və münaqişə ilə bağlı yalan məlumatlar yayırlar. Ona görə, fürsətdən istifadə edərək qardaş Türkiyənin media mənsublarına təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləri çatdırır, canlı efirdə məlumatlar verirlər – dağıdılmış şəhərlər, düşən raketlər, Gəncə şəhəri, Mingəçevir şəhəri, Tərtər şəhəri... – Yəni, daha çox Türkiyə media qurumları tərəfindən verilən bu məlumatlar dünyada bu münaqişə ilə bağlı daha ədalətli fikrin yaranmasına xidmət göstərir”.

 

Beləliklə, cənab İlham Əliyevin Ali Baş Komandan qüdrətini öncəbhədə ordumuzun müzəffər irəliləyişində bugünlərdə bir daha gördüyümüz kimi, siyasət və dövlət xadimi qüdrətini xarici görüş, rəsmi danışıq və eləcə də, nüfuzlu xarici kanallara müsahibələrində bir daha görürük. İlham Əliyev öz hünəri, vətənpərvərliyi ilə əsl rəhbər örnəyidir!

 

Mürəkkəb beynəlxalq münasibətlər fonunda, ölkəmizin ən mürəkkəb məsələsini gözlərimiz önündə (bütün dünyanın gözü önündə) kamil ardıcıllıqla tarixi həllə qovuşduran Prezidentimizlə qürur duyuruq!

 

DÖVLƏTİMİZ VAR OLSUN!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

Neymarbombardirlər siyahısında ikinci pilləyə yüksəldi

Ermənistan xristianların Gəncədəki məbədinə də ziyan vurub - VİDEO

İspaniya Ukraynadan əliboş dönür - VİDEO

“Daha səkkiz kənd işğaldan azad olundu”

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Qırğızıstan müxalifəti Bişkek küçələrini tərk etmək istəmirlər

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Karantin yenidən sərtləşdirildi

“Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”

Dövlət qurumlarında iş qrafiki dəyişdirildi