Hərb meydanında da güclüyük, masada da...

18:01 10-10-2020 | icon 85 | Siyasət
Hərb meydanında da güclüyük, masada da...

Bu addımlar bizi əsas hədəfə daha da yaxınlaşdırır

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 
 

Respublikamızın Xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Xarici işlər nazirinin evsahibliyi və vasitəçiliyi ilə Ermənistanın Xarici işlər naziri ilə dünən Moskvada keçirdiyi görüş yerli və beynəlxalq medianın aparıcı mövzuları sırasındadır. Bu da təsadüfi sayıla bilməz. Görüşün 11 saat sürməsi prosesin nə qədər mürəkkəb olduğunu, necə gərgin ortamda keçdiyini bariz şəkildə göstərməkdədir.

 
 
Bəri başdan deyək ki, bu görüş üçün biz müraciət etməmişik, əksinə, görüş, dara düşmüş, “qalib ölkə” ədası yerlə yeksan olmuş Ermənistanın israrlı xahişləri ilə baş tutub və biz orda iştirakdan imtina etməmişik. İmtina etməmişik, çünki müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə “status-kvo”nu aradan qaldırıb, “təmas xətti”ni sıradan çıxarıb və danışıqlar masasında güclü tərəf bizik. Bizim mövqeyimiz hərb meydanında da, sülh danışıqlarında da qətidir, aydındır, birmənalıdır: işğalçı qoşunlar ərazilərimizdən qeyd-şərtsiz çıxmalı, ərazi bütövlüyümüz bərpa olunmalıdır.
 
 
Heç kəsə sirr deyil ki, artıq Azərbaycanda nəinki diplomatları, hətta ən sıravi vətəndaşı da erməni hiyləsi ilə aldatmaq mümkün deyil; Ermənistan dövlətinin kamil dövlət ola bilməməsi, öz cəmiyyətini və beynəlxalq ictimaiyyəti xəbiscəsinə aldatması da artıq “limit tükənməsi” mərhələsindədir. Odur ki, acı təcrübələrə bələd olan bizlər yaxşı bilirik ki, hazırkı humanitar atəşkəs yalnız birinci mərhələdir. Və gözlənildiyi kimi, qüvvəyə minməsinə dəqiqələr qalmışadək mövqelərimizə atəş açmaqda davam edən düşmən, atəşkəsin ilk saatlarından yenə öz ampulasındadır. Hərbçilərimiz, mülki şəxslər, cəbhədən uzaq bölgələrimiz atəşə məruz qalmaqdadır və təbii ki sarsıdıcı cavablarını da veririk. Bununla bir daha sübut olundu ki hümanitar məqsədə xidmət edən atəşkəslə yanaşı digər vacib proseslər paralel şəkildə aparılmalıdır ki, ordumuzun fədakarlığı nəticəsində əldə edilmiş uğurlar daha da gücləndirilsin. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəli paltformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu o deməkdir ki Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf hüquqtanımazlıqdan imtina etməli, beynəlxalq hüquq normalarına dönməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşür və düşməlidir.
 
 
Cənab Prezidentin dünən Hadrut qəsəbəsi və digər 8 strateji önəmli kəndin azad edilməsi ilə bağlı xalqa müraciətində vurğuladığı kimi, biz “məsələnin hərbi yolu yoxdur” tezisini qəbul etməmişik və mövqeyimizin düzgünlüyünü hərb meydanında ləyaqətlə göstərmişik. Göstərmişik ki, 30 ilə yaxın danışıqlarda iştirakımız bizim gücsülüyümüz deyildi, dünya sülhünə, bəşəri humanitar təfəkkürə, birgəyaşayışa, xoşgörülü baxışımız, xeyirxahlığımız idi. Bir halda ki bu nəcib davranış düzgün anlaşılmadı və əksinə, “Qarabağ Ermənistandır. Nöqtə” kimi sərsəmləmələr meydana çıxdı, Tovuza qanlı hücum, Goranboya diversiya qrupu göndərildi, bunlar azmış kimi, nəhayət, 27 sentyabrda düşmənin yeni hücumuna məruz qaldıq, o zaman, bugün hərb meydanında yaşananların günahkarı axtarılırsa, yeganə günahkar var: Ermənistan dövləti!
 
 
Qeyd etməliyik ki hərb meydanındakı əməliyyatlar respublikamıza qarşı artan siyasi-diplomatik təzyiqlər fonunda həyata keçirilirdi. Cənab Prezident bu siyasi-diplomatik təzyiqlərə sinə gərir, məharətli diplomatik addımlarla ölkəmizə qarşı olan təzyiqləri neytrallaşdırır. Belə olan halda, Moskva danışıqlarından imtina düzgün addım sayılmazdı. Bu danışıqlarda iştirak etməklə, Ermənistanın və havadarlarının bir araya gələrək, respublikamız qarşı vahid diplomatik cəbhə təşkil etməsinin qarşısını almış olduq.
 
 
Etiraf edək, siyasi-diplomatik cəbhədə yanlışlıq, hərb cəbhəsindəki üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada “Yox!” deməsi, Ermənistanın mövqeyini gücləndirmiş olardı. İndi siə açıq şəkildə deyirik: buyurun, biz hərb meydanında da, sülh masasında da birüzlüyük, sözümüz bütöv və etimadlıdır. Özü də, dövlət başçımız səviyyəsində elan edilib ki, Moskva danışıqlarında iştirakımız işğalçıya son şansdır, son şans! – Yox, əgər bu tarixi şansı da düzgün qiymətləndirə bilməsələr, zərər görən ilk növbədə özləri olacaq! O zaman, zəhmət çəkib, yeni tabutlar, yeni matəm çələngləri sifariş verməli olacaqlar.
 
 
Bizim mövqeyimiz ədalətli, hüquqəsaslıdır və biz Azərbaycanın milli maraqlarını özünün həyat amalına çevirmiş bir rəhbərə malikik. Mövqeyimiz haqlı, rəhbərimiz qətiyyətli, əhalimiz dövlətcanlı, vətəncanlı, ordumuz güclü! Belə olduğu halda, hansısa danışıqlarda iştirakdan çəkinəcəyimiz yoxdur!
 
 
Bu yerdə, Prezident İlham Əliyevin məşhur sözlərini xatırlatmaq istərdim: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.
 
 
Bugünədək aparılan dövlət siyasəti, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçımızın fikirlərinin tam əsaslı olduğunu bir daha təsdiq edir.
 
 
İstər danışıqlar masasında, istərsə hərb meydanında atılan hər bir addım düşünülüb və dəqiqdir. Bu addımlar bizi əsas hədəfə daha da yaxınlaşdırır.
 
 
İşimiz haqq işidir, biz qalib gələcəyik!
 
DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”