AZƏRBAYCAN HƏQİQƏTLƏRİ: Prezidentin möhtəşəm təqdimatında

14:29 13-10-2020 | icon 105 | Siyasət
AZƏRBAYCAN HƏQİQƏTLƏRİ: Prezidentin möhtəşəm təqdimatında

Çox xoşdur ki, Türkiyə həqiqətlərimizi təbliğ edir

QƏNİRƏ PAŞAYEVA

/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 

Azərbaycan Prezidenti İlham Əliyevin dünya, region (və ya mənsub olduğu ölkə) səviyyəsində nüfuz sahibi olan TV-lərə müsahibələri davam edir. Növbəti belə müsahibə dünən (12 oktyabr 2020-ci ildə) qardaş Türkiyənin nüfuzlu “Haber Global” televiziya kanalında yayınlandı.

 
 
Cənab Prezidentin qardaş ölkə TV-sinə müsahibəsi “humanitar atəşkəs”dən sonra baş tutması ilə xüsusi önəm daşıyır. Cənab Prezidentin özünün də vurğuladığı kimi Xarici işlər nazirlərinin Moskvada imzaladığı humanitar atəşkəs mövzulu məlum sənəddən sonra, Türkiyənin bəzi media orqanlarında (eləcə də, sosial şəbəkələrin Azərbaycan və Türkiyə  seqmentində) müəyyən sual dolu materiallar yer almışdı. Doğrudur, hamı eyni cür düşünə bilməz, necə deyərlər, fikir azaddır amma belə həssas dönəmdə ictimai fikrə çaşqın impluslar göndərilməsinə ehtiyac yoxdur. Bu nöqtədə əsas istinadgahımız Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına inamdan keçir. Dünən Azərbaycan Prezidentinin Rusiyanın RBK kanalına müsahibəsindən yazarkən də qeyd etmişdik ki, cənab İlham Əliyev yalnız Azərbaycan həqiqətlərini deyil, müsahibə verdiyi TV-lərin aid olduğu ölkənin həqiqətlərini (ümumdünya gerçəklərini) söyləyir. “Haber Global”a müsahibədə qardaş Türkiyə haqqında dövlət başçımızın dediyi fikirlər özlüyündə Türkiyə həqiqətləri tablosudur! Əlbəttə, qardaşlığımızın dərinliyi və üfüqü də bu tabloda özünəməxsus çalarlarla verilir. Bir daha aydın olur ki əgər Xarici işlər nazirlərinin Moskva görüşünə dair kimdəsə hansısa sual vardısa, artıq o suala, hər hansı rahatsızlığa da ehtiyac yoxdur: “Minsk qrupunun həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni, bu, nə qədər ədalətlidir? Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Ona görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var.
 
Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, bu, onları qıcıqlandırır. Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilibdir. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır.
 
İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm. Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıram danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan – 27 sentyabrdan bu günə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz de-fakto reallığı de-yure reallığa çevirməliyik”.
 
 
Bütün tərəfdaşlara “sözümüz imzamız qədər dəyərlidir” güvəncəsi verən Azərbaycan Prezidentinin səmimiyyəti, qətiyyəti Türkiyəyə, qardaşlıq, dostluq və qonşuluğa münasibətdə elə səviyyədədir ki, bu səviyyə məhz özünə münasib mənəvi yüksəklikdə də qəbul görməlidir. Türkiyə kanalına verilən müsahibədəki fikirlərin, o müsahibədən 2 gün öncə Rusiya kanalına müsahibədə səsləndirilən fikirlərlə necə bir-birini tamamladığına baxaq: “Hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı. Buna görə hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır”.
 
 
Çox xoşdur ki, öncəbhədə aktiv döyüşlər başlayandan bəri qardaş Türkiyənin bütün böyük TV-ləri gecə-gündüz Azərbaycan deyir, Qarabağ deyir, Gəncə deyir, Mingəçevir... deyir, qardaşlığımızı vəsf edir, müzəffər ordumuzun qələbələrini tərənnüm edir və həqiqətlərimizi təbliğ edir. Onlar cənab Mövlud Çavuşoğlunun 6 oktyabr Bakı səfəri zamanı dediyi ( –bir millətin iki dövlətinin ümumi ovqatının kamil ifadəsi olan) “Lazım gəlsə, bir millət, bir dövlət kimi davranacağıq” sözlərinin ruhuna uyğun davranır. Belə bir ovqat, belə bir ruh heç də hər dövlət, hər xalq arasında rastlanmır. Mən bu yerdə, yenə, dövlət başçımızın RBK-ya müsahibəsindən sitat gətirmək istərdim: “Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz”.
 
 
Bu, Azərbaycan Prezidentinin son günlər dünya, region və mənsub olduğu ölkədə nüfuz sahibi olan TV-lərə verdiyi ardıcıl 11-ci müsahibəydi. Əlbəttə, sözügedən 11 müsahibənin hər birində cavab verən Azərbaycan Prezidentiydi, lakin bəzi xarici jurnalistlərin öz arzuladığı cavabı almaqda israr edirmişcəsinə davranışını da, “Haber Global” jurnalistinin peşəkar və kübar davranışını da fərq etməmiş deyilik. – “Son dərəcə önəmli bir qonağımız var. Bildiyiniz kimi, Azərbaycan Vətən müharibəsi aparır. Beləliklə, döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin sürətli, amma təmkinli irəliləyişi var. Bir atəşkəs prosesi, atəşkəsdən dərhal sonra Ermənistanın xüsusilə dünən törətdiyi hücumlar nəticəsində gərgin diplomatik proseslər, əməliyyat meydanında və masada hərəkətlilik. Təbii ki, bunları ən yaxından izləyən şəxs hazırda bu gərginlik arasında bizə vaxt ayıran Azərbaycan Prezidenti cənab İlham Əliyevdir” – məncə “Haber Global” əməkdaşının ləyaəqtli təqdimatı, sualları, o suallara verilən cavablar dünənki müsahibəyə də, son günlər izlədiyimiz digər 10 müsahibə kimi tarixi siqlət qazandırır; bu müsahibə də, mənim zənnimcə, “video dərs” səciyyəlidir və inanıram ki, uyğunprofilli ali təhsil ocaqlarımızın müvafiq kafedralarının diqqətindən yayınmayacaq.
Prezidentin “Haber Global”a müsahibəsindən fərqləndirə billəcəyimiz digər xüsusları bu şəkildə ümumiləşdirmək olar:
 
 
- Ölkəmiz uzun illərdir “qara təbliğat”la üzləşir, bunun əsas səbəblərindən biri bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyəti ilə bağlıdır;
 
- Qardaş Türkiyənin böyük media orqanları Azərbaycan həqiqətlərinin yayılması, erməni yalanlarının sıfırlanması sahəsində xüsusi rol oynayır;
 
- Dövlətimizin, şəxsən cənab Prezidentin apardığı məqsədyönlü iş, anti-Azərbaycan təbliğatına, erməni informasiya təxribatlarına önəmli dərəcədə zərbə vurmaqdadır. Ancaq son döyüşlərlə bağlı erməni diaspor təşkilatları, onların havadarları Azərbaycana qarşı mətbu savaşda yeni fazaya keçdiyi üçün həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq öz güncəlliyini saxlayır – bizim böyük səylər göstərməyimiz gərəkdir.
 
 
“Haber Global”a müsahibə yalnız informasiya dəstəyi mahiyyəti və “humanitar atəşkəs” razılaşmasından sonraya təsadüf etməsi ilə deyil, Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbəsindən sonra baş tutması ilə də özünəməxsus aktuallıq kəsb edirdi. “Humanitar atəşkəs” qüvvəyə minəndən dərhal sonra Gəncəyə raket atan Ermənistan siyasi-hərbi rəhbərliyi Xocalı soyqırımı suçlusu sələflərindən qətiyyən fərqlənmədiklərini göstərmiş oldu. Görün düşmən mülki əhalinin qanını tökməyə, evini dağıtmağa nə qədər həvəslidir ki cəbhə meydanında ortalıqda qalmış yüzlərlə hərbçisinin meyidini götürmədən, öz imkanlarını Gəncədə, Mingəçevirdə vahimə, qorxu yaratmağa yönəltdilər. Paşinyan və Tonoyanın timsalında, indiki Ermənistan hərbi-siyasi rəhbərliyi Köçəryan-Sarkisyan ikilisindən daha qaniçən olduqlarını nümayiş etdirməkdədir. Qətiyyən bəraəti olmayan diktator Köçəryan-Sarkisyan ikilisi cəbhə bölgəsində soyqırım aktlarına imza atmışdısa, guya demokrat Paşinyan və silahdaşları Qarabağdan uzaqdakı şəhərlərimizdə uşaq, qadın, qoca demədən qan tökür. İki illik Paşinyan hakimiyyəti dönəmində qətl edilən Azərbaycan uşaq, qadın və qocalarının sayı Xocalıdakı sıyqırım qurbanlarının sayına çatmaqdadır. Yəni Paşinyanın sələflərindən fərqi yoxdur, varsa da o fərq daha çox ziyankarlığı, daha qəddar rəftarı ifadə edir. Bu mənda, cənab Prezidentin “Haber Global” efirindən dünyaya çatdırdığı fikirlər Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin portretini dəqiq cızır: “İlk növbədə, Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır. Çünki onlar döyüş meydanında məğlub olurlar, uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər. Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir”.
 
 
Son günlər hadisələr o qədər sürətlə inkişaf edir ki demək olar, bəzən bir günə bir ayın gündəliyi “yüklənir”. Ona görə, cənab Prezidentin sentyabrın 27-dən bəri bir-birini izləyən tarixi müsahibələri hər nə qədər eyni mövzuya indekslənmiş olsa da, yeni situasiyalara uyğun suallar və onların cavabları ilə tanış oluruq.
Beləliklə, “Haber Global”a müsahibədə ən yeni gündəmə uyğun məqamlara diqqət edək:
 
 
- Atəşkəs real həyatda baş vermədi. Səbəb: Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyinin davam etməsidir. Moskva razılaşmasından sonra davam edən təxribatlar erməni xislətini dünyaya bir daha göstərir.
 
“Azərbaycan mülki əhali ilə müharibə aparmır. Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında veririk”;
 
- Humanitar atəşkəs sülh demək deyil;
 
- Yuxarıda da vurğuladığımız kimi, mövcud situasiyada qardaş Türkiyənin rolu əvəzolunmaz xarakter daşıyır;
 
- Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz!
 
 
DÖVLƏTİMİZ VAR OLSUN!
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ