Ermənistanın çürük “status-kvo” və sıradan çıxarılmış “təmas xətti” mərəzi

17:21 15-10-2020 | icon 90 | Siyasət
Ermənistanın çürük “status-kvo” və sıradan çıxarılmış “təmas xətti” mərəzi

Ölkəmizdə dövlət-xalq birliyinin növbəti zirvə hadisəsinə şahidlik edirik

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 

Azərbaycan Prezidentinin nüfuzlu xarici TV-lərə müsahibələri, o müsahibələrdə verilən ismarınclar, müsahibələrin doğurduğu rezonans gündəmdə əsas müzakirə mövzularındandır. Söhbət yalnız yerli gündəmdən getmir, deyə bilərəm ki o ismarınclar ölkəmizə marağı olan, Qarabağda baş verənlərə biganə qalmayan hər kəsin gündəmində yer alır. Cənab Prezident bir tərəfdən hərb cəbhəsində, digər tərəfdən diplomatiya cəbhəsində baş verən hadisələrin gərəkdirdiyi sıx iş qrafiki fonunda TV-lərə müsahibə üçün vaxt ayırır və bu möhtəşəm müsahibələrin  də diplomatiya cəbhəsində uğurlarımıza özünəxas töhfələrlə xidmət etdiyi şübhəsizdir.

 

Təsadüfi deyil ki öncəki müsahibələrdə verilən bir çox ismarıncların yeni müsahibələrdəki suallara bazis olduğunu görürük.

 

Cənab İlham Əliyevin təmkinli, uzaqgörən, usta və qətiyyətli siyasəti son günlər çox maraqla izlədiyimiz, öyrəndiyimiz müsahibələrdə öz parlaq təcəssümünü tapır. Qardaş Türkiyənin populyar “Haber Türk” televiziya kanalına oktyabrın 13-də verilən (oktyabrın 14-də yayımlanan) müsahibə də, bu deyilənlər baxımından səciyyəvidir.

 

“Haber Türk”ə verilən müsahibə ilk növbədə yəqin ki Türkiyə haqqında, Azərbaycan-Türkiyə münasibətləri haqqında səsləndirilən fikirlərlə özünə diqqət tələb edir.

 

Türkiyə hər zaman olduğu kimi, bugünlərdə də birmənalı şəkildə (mahiyyətdə!) Azərbaycanın yanındadır! Qardaş dövlət bütün dünyaya elan etdi ki, Azərbaycanı dəstəkləyir və dəstəkləyəcək. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın tarixi açıqlamaları, Türkiyə Müdafiə naziri, Xarici işlər naziri, digər rəsmlər – hamısı, sözün ən ülvi çaları ilə Azərbaycan deyir, Azərbaycan eşidirlər. Bugün Türkiyə-Azərbaycan münasibətləri əcdadlarımızın ruhunu şad edir, gələcək nəsillər üçün mükəmməl örnək təşkil edir. Türkiyənin kamil qardaşlıq dəstəyi Azərbaycana zədəli, müəmmalı və yaxud suallı münasibət (münasibətsizlik) içində olan bəzi dövlətlər üçün çəkindirici faktordur. – Cənab Prezidentin sözləri mövcud durumu güzgü kimi göstərir: “Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı”.

Beləliklə, Türkiyə ilə, Azərbaycan ilə hesablaşacaqlar. Bu bölgəyə, bizim min illərdir yaşadığımız, yaratdığımız, qoruduğumuz mədəniyyət iqlimini sünii şəkildə, əsilsiz iddialarla  dəyişdirmək, qaraltmaq mümkün olmayacaq. Nəinki iç məsələmizi, bölgəyə aid məsələləri bizimlə razılaşdırmaq, bizi dinləmək artıq qacınılmaz şərt olur. Türkiyə-Azərbaycan birliyi nə qədər möhkəm olacaqsa, bundan yalnız iki qardaş ölkə deyil, bütün bölgə ölkə və xalqları yararlanacaq. Çünki biz istirmarçı deyilik, başqasına aid olanlara sayğılıyıq, özgə dəyərlərə qarşı dözümlüyük, insancılıq, xeyirxahıq.

 

Türkiyədən hərbi texnika almağımızla bağlı bugünlərdə az qala hər xarici TV əməkdaşının bu və ya digər şəkildə verdiyi sualı “Haber Türk” əməkdaşının da verməsi gözlənilən idi; ancaq bu dəfə sual narahatçılığın, şübhələrin ifadəsi deyildi, yabançılara birgə verilən cavab dəyərindəydi: “Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var”.   – Bu, konkret cavab, “Haber Türk” efiri ilə bütün maraqlı tərəflərə cavabdı. Doğrudur, daha öncə, digər ölkələrin kanallarına bu barədə deyilmişdi, lakin əgər eyni sual yenə, yenə verilirsə, cavab da veriləcək. Və cvənab Prezidentin cavabı bizi “ittiham” edən bütün tərəfləri silah aldığımız ölkələrin ardıcıllığına diqqətə cəlb edir: Rusiya, İsrail, Belarus, İran, Ukrayna, Şərqi Avropa ölkələri... Buyurunsunlar –  bütün ölkələrimi ittiham edəcəklər? Yoxsa, yalnız Türkiyəni qabartmaqla bizi çəkindirəcəklərinimi düşünürlər? Unudurlar ki Türkiyə-Azərbaycan münasibətlərində, kimlərinsə həmləsi, cəhdi, “ittiham”ı və s. ilə geri addım atılması mümkünsüzdür!

 

Əlbəttə, son günlər 10-dan artıq TV-yə verilən hadisə kimi müsahibələr ilk növbədə öncəbhədə yaşananlarla bağlıdır. Ölkə başçısı diqqəti haqlı olaraq, Ermənistanın hədd-hüdud tanımayan müharibə cinyətlərinə, sülhə hər addımda əngəl olan erməni təxribatlarına yönəltməkdədir. Qardaş ölkə kanalına verilən müsahibəni ümumiləşdirsək, önplana çıxan məqamları bu  şəkildə sıralaya bilərik:

 

  1. Ermənistan döyüş meydanında ağır məğlubiyyətə uğrayır və hərtərəfli itkiləri artdıqca çirkin əməllərə əl atır. Əslində, çirkin əməl Ermənistan hərbi-siyasi rəhbərliyinin dəyişməz xüsusiyətidir. “Guya demokrat” Paşinyan soyqırım suçlusu sələflərindən heç nə ilə fərqlənmir; fərqlənirsə də, bu fərq onun daha çirkin əməllərini ifadə edir;
  2. Ağır yenilgilər ardınc öncəbhədə meydanı hər gün daralan Ermənistanın hərbi-siyasi rəhbərliyi müharibənin coğrafiyasını genişləndirməyə çalışır. Ənənəvi olaraq, üçüncü qüvvələri prosesə çəkmək üçün nə edə bilərsə artıqlaması ilə edir. Özəlliklə, KTMT-nin müdaxiləsinə çalışan Ermənistanın bu naqis, təhrikedici çalışmasını hər kəs idrak etməkdədir. – Ermənistan ərazisindən Azərbaycan şəhərlərini, dinc əhalini raket atəşinə tutumağın əsas qayəsinin başqa bir izahı yoxdur. (Bu ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində baş verənləri də xatırlasaq, şəxsən Paşinyanın nə qədər səbatsız rəhbər olduğu bir daha aşkar olar);
  3. Ermənistan ərazisindən Gəncəyə atılan raketin zamanlaması və hədəfi XXI yüzilin 20-ci ilində Qafqaz kimi geopolitik bir bölgədə Ermənistanın nə qədər təhlükə ərz etdiyini dəqiq göstərir. Əgər bu, kökündən uğursuz dövlət, müzəffər Azərbaycan ordusunun Qarabağdakı qalibiyyəti ilə də “format”lanmayacaqsa, irəligörüşlü ermənilər yubanmadan öz dövlətlərinin idarəetmə panelini viruslardan təmizləyib, “yenidən yükləmə”yəcəksə, Ermənistanın sabahı yoxdur;
  4. Uğursuz dövlətin terror akt(lar)ı yetkin Azərbaycan xalqının iradəsini qətiyyən qıra bilməz! Tam əksinə, Vətəncanlı, dövlətcanlı Azərbaycan xalqı düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızın son millimetrini də azad edəcək! Üçrəngli müqəddəs Azərbaycan bayrağı bütün ərazimiz üzərində dalğalanacaq!
  5. Oktyabrın 10-dan “Humanitar atəşkəs” qüvvəyə minsə də, sülhtanımaz, hüquqbilməz Ermənistanın çürük “status-kvo”dan, sıradan çıxarılmış “təmas xətti” mərəzindən qurtula bilmədiyi, üstəlik, öz ağıllarınca yeni işğal planları qurduğu bəlli olur. Düşmən hesab edirmiş ki, bu “humanitar atəşkəs” onların sərsəm və heç zaman baş tutmayacaq planları üçün bir fürsətdir;
  6. Ermənistanın qarşısında iki hərbi seçim var: ya, məğlubiyyətlə barışmaq – bununla, yeni itkilərdən qurtulmaq; ya da, hələ sıradan çıxmamış şəxsi heyət və zirehli texnikasını da itirib, ondan sonra, tam sınıq-salxaq şəkildə masaya oturmaq;
  7. Ermənistanın hazırda göstərdiyi cəhdlər, ilk növbədə, sentyabrın 27-dən bəri azad edilən əraziləri geri qayramaq cəhdləri yersizdir, onların özləri üçün zərərlidir – bu cəhdlərin tam faydasız, səmərəsiz olacağı mübahisə mövzusu deyil!
  8. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman müzakirə mövzusu olmayıb, olmur, ola da bilməz! Səbatsız Paşinyanın düşündüyü və çalışdığı kimi, hər hansı dövlətin qondarma Dağlıq Qarabağ xunta rejimini dövlət kimi tanımasını gözləmək məntiqsizlikdir;
  9. Azərbaycan Respublikası monoetnik Ermənistandan fərqli – tam fərqli ölkədir. Bizim respublikada xalqlar qardaş kimi dinc yanaşı yaşayır; işin ən diqqətəlayiq tərəfi odur ki, Ermənistan və işğal altındakı Dağlıq Qarabağ torpaqlarında o torpaqların əsl sahibləri olan azərbaycanlılara yaşamaq hüququ tanınmazkən, Bakıda, digər şəhər-rayonlarımızda minlərlə erməni təhlükəsiz yaşayır. – “Ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq”. Bu isə bir daha onu sübut edir ki, Qarabağ işğaldan qurtulduqdan sonra, Azərbaycan Konstitusiyasını qəbul edən ermənilər öz vətəndaş hüquqlarından istifadə edə biləcək.

 

Yazımın sonunda qardaş ölkə TV-sinin əməkdaşının verdiyi müvafiq sualı cavablandıran dövlət başçımızın işğalçı Ermənistanın “guya demokrat” Baş naziri Nikol Paşinyanın uğursuzluğunun “anatomiya”sı haqqında fikirlərinə diqqət çəkmək istərdim. Cənab Prezidentin bu sərrast fikirlərinin, bundan sonra Paşinyanın siyasi portretini yaratmaq istəyənlər üçün istinadgah olacağına inanıram. Gəlin o təsviri fikirlərin bəzi fraqmentlərinə birlikdə nəzər salaq: “...Hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. O, heç kiçik bir kolxoza da başçılıq etməmişdir. Heç kiçik bir firmaya, dükana da başçılıq etməmişdir. Onun tabeliyində bəlkə heç beş nəfər də olmayıb. – Sən ölkəni necə idarə edə bilərsən? Ölkəni idarə etmək çətin məsələdir, xüsusilə bizim bölgəmizdə. Oturuşmuş Avropa ölkələrində bu, o qədər də çətin məsələ deyil. Çünki ölkələr var ki, heç bilmirlər onun başçısı kimdir. Heç insanları maraqlandırmır, onlar öz həyatını yaşayır, sistem oturuşub, hər şey artıq sistem altındadır. Amma bizim bölgəmizdə ölkəni idarə edən insandan çox şey asılıdır – insanların həyatı, təhlükəsizliyi, rifahı, beynəlxalq imici. Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil, bir qəzetin müxbiri idi. Küçədən gəldi rəhbər oldu. Nə etdi ondan sonra? Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür.

...Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır. Postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Soros artıq ümumi bir anlayış oldu. Mən tək onu nəzərdə tutmuram. Budur, Paşinyanın da Sorosla şəklini internetdə axtarın. Durublar qol-qola, bədənləri də bir-birinə yapışıb. Çox eybəcər bir fotoşəkildir. Odur onun atası. Ona görə Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir”...

 

Bəli, belə bir “bezpredel qonşu”dan nə desən gözləmək olar. Ona görə də, öz gücünə, öz etibarına arxalanan ölkəmizdə dövlət-xalq birliyinin növbəti zirvə hadisəsinə şahidlik edirik. Artıq Azərbaycan tam başqa bir ölkədir! Müstəqillik şəraitində yetişimiş yeni nəsillər öz vətənpərvərliyi, mənəvi, fiziki imkanları və bütün imkanlarından, hüquqlarından Vətən naminə keçməklə örnəkdir! “Namusunu hifz etməyə, bayrağını yüksəltməyə” cümlə gənclərin müştaq olduğu Vətənimizin yaşlı nəsli də bu gün tam başqa bir dünyagörüşə malikdir. – Hamı idrak edir ki güclü dövlətimiz, güclü liderimiz, güclü ordumuz var!

 

DÖVLƏTİMİZ VAR OSLUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”