“Çox çətin olur o səhnələri izləmək, sonra kamera qarşısına keçib xəbərini vermək” - MÜSAHİBƏ

13:05 05-11-2020 | icon 304 | KİV
“Çox çətin olur o səhnələri izləmək, sonra kamera qarşısına keçib xəbərini vermək” - MÜSAHİBƏ

Mahir Məmmədli: “Bu müharibə bizim jurnalistlərimiz üçün də bir dərs, bir təcrübə oldu”

 

Versus.Az “Həftə İçi” qəzetinin Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsini, müharibə cinayətlərini və bu gün də davam edən Vətən Müharibəsinin xəritəsini medianın gözü ilə layihəsini təqdim edir.

 

Bugünkü jurnalist “bələdçi” müharibənin ilk vaxtlardan hadisələrin içində dayanaraq, ölkə ictimaiyyətini məlumatlandıran “Real Tv”-nin redaktoru Mahir Məmmədlidir.

 

- Mahir bəy, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bu gün vahid bir gücdür. Belə bir vaxtda jurnalistlərimizin öhdəsinə xüsusilə böyük bir məsuliyyət düşür. Bir jurnalist kimi hadisələrin içində olmaq, vəziyyəti canlı izləyərək döyüş səhnələri ilə yanaşı, ölüm-itim  xəbərlərini yaymaq başqa bir cəsarət tələb edir. Bu mənada nələri söyləyərdin?

 

- Artıq sentyabrın 27-dən başlayaraq Ermənistan hərbi qüvvələrinin təxribatları nəticəsində cəbhədən xeyli uzaqda yerləşən yaşayış məntəqələrimiz aramsız atəşə tutuldu. Azərbaycan ordusunun əks-hücumları nəticəsində erməni təxribatlarının cavabı verilirdi, amma Ermənistan öz cinayətlərindən əl çəkmək istəmirdi. Elə ilk günlərdən Real Tv-nin əməkdaşı olaraq bölgəyə - Goranbaya ezam olundum. Əsasən Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulurdu. Ermənistan silahlı qüvvələri kəndə yaxın olduğundan, ilk vaxtlar ərazini əsasən top ətəşinə tuturdular. Ordumuz irəliləyəndən sonra artıq mülki ərazilərimizi topla atəşə tuta bilmirdilər və budəfə raketlər atılırdı. Sonra düşmən Naftalanı raket atəşinə tutdu və nəticədə bir ailənin 5 üzvü həlak oldu. Bütün bunlar çox ağır və dəhşət doğuran məqamlardır.

Ermənistanın Goranboya atdığı toplar xeyli sayda yaşayış məntəqələrini dağıtmaqla yanaşı, rayonda ağır fəsadlar törətdi. Erməni öz vəhşiliyini, vandallığını bir daha əyani olaraq ortaya qoydu. Goranboy döyüş zonası deyildi, orda əsgərlər döyüşmürdü. Lakin Ermənistan dinc vətəndaşlarımızı atəşə tutur, daha çox dağıntı törətmək, daha çox həyəcan yaratmaq məqsədi ilə atırdılar.

Mənim ezam olunduğum bölgədə döyüş əməliyyatları çox getməsə də, şahidi olurduq ki, Ermənistanın mülki əhaliyə qarşı istifadə elədiyi silahlar qadağan olunmuş silahlardır. Beləliklə, ermənilər oktyabrın 4-də Gəncəyə raket atmağa başladılar. Gəncənin iki yerinə “toçka ru” başlıqlı raketlər atılmışdı .  Hadisə zamanı şəhərdə dağıntılar baş verdi və həmin vaxt 1 nəfər həlak oldu. Gəncə davamlı olaraq raket atəşinə məruz qaldı. Oktyabrın 5-də, 8-də növbəti dəfə “toçka ru “raketlərindən istifadə etdilər. Lakin oktyabrın 11-də Gəncəyə atılan Elbrus sistemli raket şəhərdə genosid törətdi. Ermənistanın mülki əhalinin yaşadığı əraziyə qadağan olunmuş raketlər atması hərbi cinayət hesab olunur. Həmin raket atəşi zamanı demək olar ki, 3 bina tamam, 1-i isə qismən dağılmışdı. 10-dan çox mülki vətəndaşımız həlak oldu, xeyli yaralılar var. Ən dəhşətli səhnə o idi ki, hadisə zamanı 3 uşaq hər iki valideynini itirmişdi. Oktyabrın 18-də yenə də Gəncəyə qadağan olunmuş “Elbrus” raketi atıldı. Ümumilikdə, erməni hərbi cinayətkarlığı nəticəsində Gəncəyə atılan raketlər 26-dan çox mülki vətəndaşımızın həyatına son qoydu, 135-dən çox yaralımız oldu. Təxminən 40-a yaxın ev tamamilə dağıldı və hazırda o insanlar müvəqqəti sığınacaqlarda yerlşdiriliblər. Heç şübhəsiz ki, o evlər tikiləcək, lakin doğmalarını itirən insanlar bu genosidi unutmayacaqlar. Ermənistan mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərə görə öz cəzasını almalıdır.

 

- Sən Ermənistanın Azərbaycanda müharibə cinayətlərini törətdiyi məkanlarda çəkilişlər aparıb, hadisələri işıqlandırmısan. Deyilə bilər ki, bir jurnalist üçün bu normaldır. Lakin Vətən Müharibəsinin getdiyi ölkənin jurnalisti kimi təcavüzün doğurduğu qanlı-qadalı hadisələri izləyib, o informasiyaları soyuqqanlı şəkildə ictimaiyyətə ötürmək necə mümkün ola bilir?

 

- Təbii ki, Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması heç bir ölçüyə sığmır. Mən özüm əslən Gəncə şəhərindənəm. Mənim doğulub boya-başa çatdığım şəhər atəşə tutulurdu. Bu baxımdan da hadisələri sakit qarşılamaq çox çətin idi. Amma biz jurnalistik və həmin anlarda çalışmalıydıq ki, verdiyimiz xəbərlərlə tamaşaçıda, insanlarda təşviş yaratmayaq. Ona görə də bacardığımız qədər soyuqqanlı olmağa borcluyuq. Hadisə baş verəndən bir neçə dəqiqə sonra hadisə yerinə getdik. Orda dağıntılar altından çıxarılan qadın, qoca və körpələrin cansız bədənlərinin çıxarılmasına şahidlik etmək heç bir insanın sakit qarşılayacağı məqam ola bilməz. Çox çətin olur o səhnələri izləmək və sonra da kamera qarşısına keçib xəbərini vermək.. Təbii ki, bunu görmək mənim üçün çox ağır idi. Amma qeyd etdiyim kimi, insanlarda təşviş yaratmaq olmaz və soyuqqanlılığı qorumaq lazımdır.

 

- Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, bizdə psixoloji olaraq qan-qada ilə rastlaşmağa hazır olan, özünü odun-alovun içinə atıb xüsusi kadrlar hazırlayan jurnalistlər yoxdur. Necə hesab edirsən, 27 sentyabrdan başlayan hərbi proses bizim jurnalistlərimizə, repartyorlara hansı təcrübəni aşılayır, nəyi öyrədir?

 

- Təbii ki, bizdə müharibə jurnalistikası Türkiyədə olduğu qədər inkişaf etməyib. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra, Aprel Döyüşlərini istisna etməklə, hərbi əməliyyatlara çox az getmişik. Təbii ki, bizdə müharibə jurnalistikası inkişaf eləməmişdi. Amma son hadisələrdə mən şahidi oldum ki, digər televiziya kanallarından olan həmkarlarım, sayt əməkdaşları tam hadisələrin məkəzində idilər və heç nədən qorxmurdular. Ermənistan müharibə cinayətləri törədən bir terror dövlətidir. Bu cinayətkarın atəş açdığı yerə insanlar yığışdıqdan sonra, yenidən atəş açması istisna deyildi. Buna baxmayaraq bizim jurnalistlər hadisə baş verən andan hadisə yerində işləməyə çalışırdılar. Mən görürdüm ki, jurnalistlərimiz  xilasedicilərə də kömək edirdilər ki, insanları dağıntılar altından çıxarsınlar. Çünki dağıntılar altında qalan insanları bir saniyə belə gec çıxarmaq onların ölümü ilə nəticələnə bilərdi. Amma təbii ki, bu hadisələr bizim jurnalistlərimiz üçün də bir dərs, təcrübə oldu. Təxminən 40 günə yaxındır ki, döyüşlər gedir və mən düşünürəm ki,  Azərbaycanda hərbi jurnalistikanı seçən jurnalistlər çoxalıb.

 

- Mahir bəy, Cenevrə Konvensiyasına görə jurnalistlər həm də mülki şəxslər hesab olunurlar. Müharibədə jurnalistin bir mülki şəxs kimi təhlükəsizliyinin qorunması özünün öhdəsinə düşür. Məsələyə bu aspektdən baxanda o zaman Azərbaycan hərbi jurnalisti necə davranmalı, özünü necə qorumalıdır?

 

- Müharibə ilk başlayan vaxtlarda belə problemlər olurdu. Tutaq ki, partlayış baş verirdi və həmin əraziyə gələn jurnalistlərin bir çoxu təhlüksizlik jiletindən, kaskadan istifadə eləmirdi. Amma bir müddət keçdikdən sonra jurnalsitlər də başa düşdülər ki, onlar özlərinin təhlükəsizliyini qorumalıdırlar. Çünki Ermənistan üçün atəşə tutduğu ərazidə qadın, uşaq, qocanın yaşamasının fərqi yoxdur, onun üçün jurnalist də hədəfdir. Biz gördük ki, Tapqaraqoyunluda ermənilər jurnalistlərin avtomobilini necə atəşə tutdular. Yəni ermənilər üçün heç bir dəyər, əxlaq yoxdur. Ermənistanın apardığı bu müharibədə heç bir əxlaq normaları yoxdur. On görə də jurnalist özü-özünü qorumalıdır. Təbii ki, Azərbaycanın dövlət qurumları, hüquq-mühafizə orqanları jurnalistlərin təhlükəsizliyi üçün xeyli tədbirlər görürlər. Dövlətin qabaqlayıcı tədbiləri və bizim jurnalistlərin püxtələşməsi nəticəsində bu günə qədər aralarımızda itki olmayıb. Amma siz də bilirsiz ki, həmkarlarımız arasında xəsarət alanlar oldu. Müharibədə təhlükəsizliyi qorumaq çətin olsa da, gərək hüquq-mühafizə orqanları, jurnalistlərin özü də elə etsinlər ki, Azərbaycanda jurnalistlər müharibə qurbanlarına çevrilməsinlər.

 

- Erməni cinayətlərinin dünyada göstərilməsi, informasiya sərhədlərinin aşılmasında Türkiyə mediası ilə yanaşı, Azərbaycan mediasının rolu hansı səviyyədədir?

 

- Həqiqətən də, Azərbaycanda baş verən hadisələrin dünyaya çatdırılmasında Türkiyə jurnalsitlərinin xidmətləri daha böyükdür. Çünki Türkiyə inkişaf etmiş ölkədir və dünyada Türkiyənin televizya kanallarını izləyənlərin sayı çoxdur. Türkiyənin peyki daha qədimdir və Türkiyə kanallarının sayı da çoxdur. Azərbaycan televiziya kanalları arasında rus, ingilis dilində aparılan verilişlərin də xidmətləri var. Prezident də qeyd  etdi ki, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə jurnalsitlərinin xidmətləri çox böyükdür.

 

- Bir jurnalist kimi, döyüş bölgəsində lap içərilərə doğru getmək istərdinmi?

 

- Əlbəttə ki, biz getmək istərdik. Amma Azərbaycanda dövlət vətəndaşını qorumaq məqsədi ilə jurnalistlərin birbaşa döyüş bölgəsinə daxil olmamasına çalışır. Bu, həm də ordumuzun özünün təhlükəsizliyi baxımından labüddür. Azərbaycanda sosial şəbəkələrə məhdudiyyət olsa da, insanlar nə qədər təhlükəli olsa da VPN-dən istifadə edərək məlumatlar yayırlar. Təbii ki, bu da bizim xeyrimizə işləmir. İndi görürsən ki, sosial şəbəkələrdə döyüş yerlərindən məlumatlar verilir, kardinatlar yayılır. Bu da müharibədə ən böyük yanlışlıqlardan biridir. Biz də öz işimizdə çalışırdıq ki, hadisə baş verən yerləri bildirməyək. Bəzən deyirdilər ki, niyə bizim jurnalistlər partlayış olan yerdən çıxıb, yeri demirlər. Bilmək lazımdır ki, Ermənistan raketi atır, bəlkə də bilmir hara düşür, amma biz o yeri deməklə, yenidən həmin əraziyə atəş atılmasına şərait yarada bilərik. Ona görə də jurnalistlər də, vətəndaşlar da çalışmalıdırlar ki, yaydıqları videolara diqqət etsinlər. Bu gün Azərbaycan ordusu xeyli irəliləyib, əməliyyatlar çox dərində getdiyinə görə, bizim jurnalistlərimiz döyüş yerlərindən aralı düşüblər. Burda da bizə elə gəlir ki, sakitlikdir.

 

- Bir jurnalist olaraq necə hesab edirsən, qələbə nə dərəcədə yaxındır?

 

- Bildiyimiz kimi, Prezident hər dəfə bir neçə kəndlərin azad olunması ilə bağlı məlumatlar verir. Biz bilirik ki, bu məlumatlar o zaman çatıdırlır ki, artıq Azərbaycan ordusu həmin yerlərdə möhkəmlənir və təhlükə olmur. Prezident də deyib ki, hər bir açıqlamanın bir vaxtı var. İnanırıq ki, yaxın günlərdə yenə də xoş xəbərlər eşidəcəyik. Ordumuza güvənirik.

 

- Döyüş bölgəsində olan jurnalist həmkarlarımıza nə deyərdin?

 

- Mən artıq qayıtmışam, Bakıdayam. Yəqin lazım olarsa, yenə döyüş bölgəsində olcam. Əsas odur ki, özlərini qorusunlar. Çalışsınlar ki, ordumuza, vətəndaşlarımıza xələl gətirən informasiyalardan çəkinsinlər. “Birinci xəbəri mən çatdırım”- bəhsi ilə ordumuzu, vətəndaşlarımzı təhlükəyə atmasınlar.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Maradona dəfn olundu - FOTO

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO