“ABŞ-da kimin seçilməsinin bizim üçün elə bir fərqi yoxdur” - MÜSAHİBƏ

20:37 05-11-2020 | icon 255 | Siyasət
“ABŞ-da kimin seçilməsinin bizim üçün elə bir fərqi yoxdur” - MÜSAHİBƏ

Natiq Cəfərli: “Azərbaycanla Türkiyənin əlində kifayət qədər imkanlar var ki...”

 

Xəbər verdiyimiz kimi, 2020-ci il noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərin nəticələri Amerikanın 46-cı prezidentini bəlli edəcək. Praymeriz nəticəsinə uyğun olaraq seçkilərə iki namizəd qatılıb. Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və ona qarşı Demokratlar Partiyasından olan namizəd Co Bayden. Belə bir ərəfədə siyasi analitiklər “Azərbaycan üçün hansı namizədin qalib gəlməsi sərfəli olacaq” sualları üzərində təhlillər aparır.

 

Versus.Az xəbər verir ki, politoloq Natiq Cəfərli müsahibəsində məlum sula aydınlıq gətirib.

 

- Natiq bəy, ABŞ-ın 46-cı prezident seçkilərini necə təhlil edərdiniz. Bu seçki bölgəyə hansı təsirini göstərə bilər və bizim üçün hansı namizəd sərfəlidir - Donald Tramp, yoxsa Co Bayden?

 

- ABŞ prezidentinin kim olacağı tam rəsmiləşməsə də, dünya siyasətinə, bölgə siyasətinə müəyyən təsirləri olacaq. Tramp dönəminə baxdıqda Azərbaycan və Amerikanın münasibətləri kifayət qədər rəvan inkişaf edirdi. Biz Obama dövründən qalmış müəyyən problemlərin də həll olunduğunu gördük.  Münasibətlər kifayət qədər normal və stabil idi və biz Azərbaycanın Amerikanın enerji layihələrinə dəstəyini gördük.  Demoktarların dövründə isə istər Obama dövrü, istər ondan əvvəlki prezidentlər olsun, orda da böyük enerji layihələrində və təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlıqda hər hansı bir problem olmayıb. Sadəcə olaraq, son zamanlar əks-hücum və torpaqlarımızın işğaldan təmizləmə əməliyyatını nəzərə alaraq bəyanatlara çox həssaslıqla yanaşırıq. Son seçkilərdən öncə Co Baydenin Ermənistanla, erməni diasporu ilə bağlı müxtəlif açıqlamaları olmuşdu. Bəzi analitiklər bu bəyanatları kifayət qədər ciddi qəbul elədilər. Əslində bu, demokratların daha güclü olduğu Sahil ştatlarında, Koliforniyada olan seçicilərə, seçkilərə yönəlik bir açıqlamalar idi. Buna böyük bir siyasi baxışın tərkib hissəsi və gələcək siyasətin tərkib hissəsi kimi baxmaq, o qədər də qoğru olmazdı. Böyük ehtimal budur ki, Co Bayden seçilərsə, Azərbaycanla münasibətində stabil inkişafın, hətta əlaqələrin daha da genişləndirilməsi ola bilər. Çünki Co Bayden Admnistrasiyası xarici siyasətdə daha aktiv olmağı düşünür. Tramp daha çox güclü Amerika və daxili siyasəti qoruma siyasətini həyata keçirirdi, amma demokratların vizyonu başqadır. Yəni ABŞ Co Baydenlə dünyada daha aktiv fəaliyyətlə məşğul olmağa başlayacaq. Və Azərbaycanın önəmini, coğrafi üstünlüklərini, enerji layihələrindəki payını nəzərə alsaq, düşünmürəm ki, Co Baydenin seçilməsi ABŞ-Azərbaycan münasibətlərinə böyük problemlərə səbəb olacaq. İstənilən halda Tramp da qalsa, Bayden də seçilsə, yanvar ayının 21-nə qədər hansısa bir kəskin qərarların alınması mümkün deyil. Çünki yalnız andiçmə mərasimindən sonra hər hansı bir qərarlar alınır. O zamana qədər Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib, sərhədlərinin qorunması ilə bağlı problemlərini həll etsə, Baydan hökuməti də Azərbaycan hökumətinin yaratdığı bu yeni reallıqla hesablaşaraq proseslərin davamlı və stabil getməsinə çalışacaq. Bizim bir üstünlüyümüz də var, hərbi əməliyyatlar, əks-hücum əməliyyatları zamanı Azərbaycan-İran sərhəddi tamamən təmizləndi. Bu, Qərb ölkələrinin, o cümlədən Amerikanın da maraqlarına uyğundur. Orda uzun illərdir ki, heç kimin nəzarətində olmayan 130 kilometrlik bir qara dəlik formalaşmışdı və ora narkotrafikdən tutmuş, silah alverinə qədər nəzarətsiz zona idi. Bu da qərb ölkələrinin hesabatlarında yer alırdı. Biz yaxşı mənada bunun uğurlu hekayəsini qurub, Amerika ilə danışıqlarda bu üstünlükdən istifadə edə bilərik. Mənə belə gəlir ki, Azərbaycanın əks-hücum əməliyyatlarından biri cənub sərhədlərinin tamamilə bizim nəzarətimiz altına keçməsidir. Amerika siyasətini izləyənlər, təhlil edənlər bilirlər ki, Amerika, Respublikaçılar da olsa, Demokratlar da olsa, real siyasət yürütməyə, real güclə hesablaşmağa öyrənib. Ona görə də Azərbaycan nə qədər daxildə və xarici siyasətində güclü olsa, öz torpaqlarının azadlığını yaxın günlərdə başa çatdırsa, bir o qədər də Amerika admnistarasiyası ilə münasibətlərin daha dərindən və çoxşaxəli inkişafına nail olacaq.

 

- Bəzi təhlilçilər Azərbaycanla Türkiyəyə münasibətdə Trampı daha uğurlu hesab edirlər. Elcə də Baydenin seçiləcəyi təqdirdə Türkiyəyə qarşı destruktiv yanaşacağını, Azərbaycana münaqişədə əks mövqedə dayanacağını iddia edirlər. Sizin fikriniz nədir?

 

- Co Bayden hakimiyyətə gələcəyi təqdirdə, Türkiyənin hədəfə çevriləcəyi haqda çox danışılır. Mən buna inanmıram. Çünki Co Bayden hakimiyyətinin əsas hədəfi yenə Rusiya olacaq. Rusiya ilə münasibətlərin daha da kəskinləşməsinin şahidi olacağıq.  Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda Amerika Türkiyə kimi NATO ölkəsi olan bir müttəfiqini itirmək və yaxud da ona qarşı hər hansı addım atmaq istəməz. Rusiya ilə bağlı hansısa planlar işə düşəcəksə, burda Türkiyənin önəmi yüksək səviyyədə qalxacaq. Türkiyənin rolunun artması təbii olaraq bizim müttəfiqliyimizi nəzərə alsaq, Azərbaycanın da rolunun və nüfuzunun artmasına səbəb olacaq. Ya da əksinə, Azərbaycanın rolunun və nüfuzunun artması Türkiyə ilə münasibətlərə də praktik təsir göstərəcək. Ona görə də hər şey ağ-qaradan ibarət deyil. Siyasətdə ümumiyətlə heç vaxt ağ-qara olmayıb. Müxtəlif çalarlar, rənglər və nüanslar var və mən ümid edirəm ki, Co Bayden seçilsə də, bir çox insanların, analitiklərin gözlədiyi katastrofik heç nə baş verməyəcək. Əksinə, mən düşünürəm ki, həm Azərbaycanın, həm Türkiyənin əlində kifayət qədər imkanlar var ki, Bayden admnistrasiyası ilə çox effektiv dayanıqlı münasibətlər qursunlar. Yəni dünya yaranışından real güclə hesablaşıb.

 

- 30 il Azərbaycan torpaqlarının işğalda qalmasını və beynəlxalq təşkilatların sərgilədiyi mövqelər fonunda ABŞ seçkilərindən hansısa üstün yanaşma gözləməyimiz nə dərəcədə məntiqli yanaşmadır və son 40 gün bizə nəyi sübut etdi?

 

- Burda məsələyə bir neçə istiqamətdən baxmaq lazımdır.  Azərbaycan son 40 gündə, sentyabrın 27-dən bəri tək əks-hücum əməliyyatında uğur qazanmadı. Həm xarici siyasətində, həm də media siyasətində uğurlu addımlar atdı. Biz 30 ildir öz siyasətimizi özümüzə öz televiziyalarımız vasitəsi ilə deyirdik. Elə bilirdik ki, bu bəs edər, dünya həqiqətləri bilməyə borcludur. Amma aydın məsələdir ki, bunu dünyaya deməsən bilməyəcək. Son 40 gündə həm prezidentin ardıcıl uğurlu müsahibələri, Prezident Admnistrasiyası işçilərinin, eləcə də Hikmət Hacıyevin müsahibələri, dövlət məmurlarının müsahibələri, müxalif qüvvələrin xarici medialarla çox sıx işləməyi müəyyən mənada bu sahədə də bir dalğanın yaranmasına səbəb oldu. Çünki artıq dünyanın nüfuzlu media qruplarında da ermənilərin əzildiyini hiss etmək olur. Azərbaycan tərəfi önə çıxır. Bu onu deməyə əsas verir ki, biz 30 ildir bu sahədə daha çox iş görməliydik. Son zamanlar çox ciddi uğurlar olub və bunun nəticəsi olaraq Amerika və Qərblə də münasibətlərin daha yaxşı olacağına ümid etmək olar.

 

- Natiq bəy, Trampın milyonlarını, Baydenin isə erməni lobbisi kimi dəstəkçilərinin olmasını önə çəkən təhlilçilər var ki, namizədlərin qalibgəlmə şanslarını bu səbəblərlə izah edirlər. ABŞ-ın seçki siyasətində bu arqumentlər nə dərəcədə keçərlidir?

 

- Amerika qanunla tənzimlənən bir ölkədir. Hətta orda lobbi fəaliyyəti də qanunla tənzimlənir. Trampın milyarder olub-olmamasının məsələyə heç bir təsiri yoxdur. Çünki hər bir partiyanın, hər bir namizədin özünün təbliğat fondu olur və o fonda əlavə vəsaitlər köçürülür. Tramp öz fondunu heç özü maliyyələşdirmir. Digər tərəfdaşları, böyük biznes korparasiyaları da vəsait verirlər. O cümlədən də Baydenin təbliğatına ən çox texnoloji şirkətlə maliyyə dəstəyi göstərirdilər. Burda da qeyri-qanuni heç nə yoxdur. Erməni lobbiçiliyi məsələsi ilə bağlı təbii ki, bu problem var. Erməni lobbisinin uzun illərdir formalaşmış bir qurumları, Avropada müəyyən təsir mexanizmləri də var. Amma onlar bu günə qədər həm də ona görə güclü görünürdülər ki, biz zəif siyasət aparırdıq. Biz həqiqətləri ingilis dilində və ingilisin başa düşdüyü formada danışmalıydıq. Biz 40 gündür bu ritorika ilə danışırıqsa, görün nə qədər media üstünlüyü qazanmışıq. Bunu 30 il etsəydik, daha böyük üstünlük qazanardıq. Erməni lobbisinin gücü var, bunu kiçiltməyə ehtiyac yoxdur, amma bununla mübarizə aparacaq qədər də xarici siyasətdə müəyyən effektiv fəaliyyət göstərə bilərik. Nə Amerikada, nə Fransada, nə Almaniyada seçkinin nəticəsini heç bir erməni lobbisi həll etmir. Bu heç vaxt belə olmayıb. Bizdə şişirdilmiş təsəvvürlər də var idi. Bəzi media təsirləri var, bəzi lobbiçilik fəaliyyəti var, amma həlledici güc heç vaxt olmayıb və bundan sonra da olası deyil. Say etibarilə, seçici etibarilə Amerikada 300-400 min seçici var, Fransada bir yarım milyona yaxındır. Fransada 60 milyon seçicinin yanında 500 min çox azdır. İndi bizim həm ordumuzun uğurlarının, həm diplomatiyamızın uğurlarının dünyaya dünyanın anladığı dildə ardıcıl şəkildə çatdırılma zamanıdır. Biz öz lobbimizi qurub daha uğurlu fəaliyyət həyata keçirəcəyik.  Çünki beynəlxalq hüquq da bizim tərəfdədir. Sonda ABŞ seçkilərində hansı namizədin sərfəli olması ilə bağlı bir daha demək istəyirəm ki, bizə Azərbaycan maraqlarının indiki reallığının yaxşı təqdimatı sərfəli olacaq. Nə qədər ki, Azərbaycan öz maraqlarının hekayətini doğru-düzgün qurub təqdim edəcək, həm Bayden, həm də Tramp hakimiyyəti ilə ciddi işləmək üçün imkanlar var. ABŞ-da kimin seçilməyinin bizim üçün elə bir fərqi yoxdur. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI