“Bu gün Şuşada Üzeyir bəyin “Koroğlu” operasının üvertürası səslənir” - MÜSAHİBƏ

14:52 09-11-2020 | icon 725 | Mədəniyyət
“Bu gün Şuşada Üzeyir bəyin “Koroğlu” operasının üvertürası səslənir” - MÜSAHİBƏ

Fərhad Bədəlbəyli: “Bu millət ermənilərə bunu bağışlamayacaq, heç vaxt”

 

Azərbaycan Ordusu böyük tarix yazır. İşğalda olan torpaqlarımız azad olunur. Dünən (8 noyabr) də o tarixi günlərdən birini yaşadıq. Ali Baş Komandan Azərbaycanın mədəniyyət beşiyinin - Şuşanın azad olunduğunu böyük qürur, fəxarət hissi ilə elan etdi. Prezident xalqa müraciətində dövlət, millət, xalq üçün vacib olan o mühüm anları hər kəlməsində anlatdı və torpaqların son qarışadək düşməndən azad olunacağını bir daha bəyan etdi. Gözün aydın Azərbaycan! Gözün Aydın Şuşam, Gözün aydın Azərbaycan xalqı. Bu gün ucalara dalğalanan Bayrağın mübarək! – deyə səsləndi.

 

Versus.Az xəbər verir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli müsahibəsində sevincini bölüşməklə yanaşı, incə nüanslara da diqqət çəkib.

 

- Fərhad müəllim, Azərbaycan ordusu böyük qələbələrə imza atır. Artıq sizin də ruhunuzun qidası olan musiqi mədəniyyətimizin beşiyi Şuşa şəhəri azaddır, o şanlı bayrağımız Şuşada dalğalanır...

 

- Nəhayət, cəbhədən gələn ən böyük xoş xəbərləri dünən də eşitdik. Bu xəbər inanıram ki, bütün Azərbaycanı qürurlandırdı, xoşbəxt etdi. Çünki Azərbaycanın musiqi, mədəniyyət beşiyi düşməndən azad edildi. Daha Üzeyir bəyin musiqi təşnəsi azaddır. Xarı bülbül yenidən doğuldu. Musiqinin ruhu, şeiri, fəlsəfəsi olan Şuşamızın azadlığı, 28 ildir ağlayan görkəmli sənətkarlarımızın ruhlarını yenidən doğurdu.

Bütün torpaqlarımız bizim üçün əzizdir, doğmadır. Amma Şuşa o gözəl vətənin üzüyünün qaşıdır, ürəyidir, milli-mənəvi-musiqi dəyərlərimizin beşiyidir. Gözün aydın Şuşa, gözün aydın ruhları Şuşa ilə birikdə azadlığa qovuşan Qarabağın ziyalıları, Qarabağın musiqisi, şikəstəsi...

 

Biz 28 ildir, gözləyirdik. Bu 28 ildə biz Qarabağ həsrəti, Şuşa həsrəti, Xankəndi həsrəti ilə yaşayırdıq. Ona görə də bugünkü qələbələr, Şuşanın azadlığı günü çox xoşbəxtəm və yenə də deyirəm, gözün aydın Şuşa, gözün aydın Qarabağ, sən azadsan, biz qayıdırıq. İndi Şuşanın hər bir daşı, Xarı Bülbülü xoşbəxtdir, Üzeyir bəyin, Bülbülün ruhları xoşbəxtditr, mən də xoşbəxtdəm. Musiqi ruhumuz, şeirimiz, fəlsəfəmiz Şuşa ilə birlikdə bizə döndü...

Şuşa uğrunda çox böyük itkilər olsa da, biz irəlilədik və mən hiss edirəm ki, tezliklə həqiqətən də Şuşada olacağıq. Mən inanmırdım ki, bayrağımı Şuşada görəcəm. Çünki artıq qocalmışam, çünki Süleyman Əsgərov, Vasif Adıgözəlov da onu görmədilər, həsrətlə getdilər, yana-yana getdilər. Amma artıq mən bayrağımın Cıdır düzündə, Şuşada dalğalandığını görəcəm, ona görə xoşbəxt adamam.

 

- Fərhad müəllim, bir musiqi adamı, sənət adamı kimi bu gün Qarabağda gedən döyüşlərdən, açılan atəşlərdən hansı musiqi sədalarını eşidirsiz. Artıq Şuşada hansı musiqi səslənir?

 

- Bu gün Şuşada Üzeyir bəyin “Koroğlu” opereasının üvertürası səslənir. Düşünürəm ki, Şuşaya qayıdışda birinci Cıdır düzündə Azərbaycan musiqisinin brendi olan bu üvertura səslənəcək. Bizim uşaqlar orda Qarabağ şikəstəsini ifa edəcəklər. Mən Poladla danışdım, (Bülbüloğlu) o dedi ki, mütləq biz Şuşada “Xarı Bülbül” festivalını bərpa edəcəyik. Hələ 1989-90-cı illərdə Polad orda möhtəşəm bir festival təşkil eləmişdi. Bütün dünyadan Qarabağa folklor ansabılları gəlirdilər - Peru, Latın Amerikasından. Biz bu festivalları mütləq bərpa edəcəyik. Allah qoysa müharibə qurtarsın, Şuşada yığışıb onu gözəlləşdirən musiqisini dinləndirəcəyik. Şuşa əzəli, əbədi musiqisinə qovuşacaq, paklaşacaq, təmizlənəcək.

 

- Cəbhədə döyüşlər bitməyib hələ. Şanlı ordumuz irəliləyir. Belə məsuliyyətli bir dönəmdə sizi narahat edən hansı məqamlara diqqət çəkmək istərdiz?

 

- Mən çox vacib bir məqama toxunmaq istəyərdim. Müharibə gedir, amma hərbi sirlər haqqında çox danışılır. Mən çox təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə elə videolar paylaşırlar ki, bu düzgün deyil. Əsgərin hansı kənddə, hansı yolda olduğunu göstərən paylaşımlar edirlər. Yaxud, bir əsgərin hardasa öz ailəsi üçün çəkdiyi vidyoları paylaşırlar. Bu çox təhlükəli məqamdır.  Bu, faktiki olaraq düşmənə cəbhədə yerimizi göstərən amillərdir. Bunu eləmək olmaz, bu qəti surətdə yolverilməzdir. 2-ci dünya müharibəsində kim belə məlumatlar verirdisə, güllələyirdilər. Biz Bakıda yaşayırıq və hərdən telekanallarda döyüşlərə baxırıq, elə bilirik ki, bu kompüter oyunudur.  Müharibəni izləyib, deyirlər ki, ax nə yaxşı vurdular və sair. Yox, bu, oyun deyil, bu müharibədir. Orda uşaqlarımız şəhid olur, qazi olur, yaralılar gəlir, kiminin qolu yoxdur, kiminin əli, kiminin gözü... Bu, dəhşətli müharibədir, oyun deyil. Mən çox xahiş edirəm, xüsusilə də sosial şəbəkə istifadəçilərindən, səbirli olun, müharibədən heç nə paylaşmayın. Mən başa düşürəm, bu sevinc xəbərlərini eşitməyi, paylaşmağı hamı istəyir. Amma əgər Müdafiə Nazirlyi dəfələrlə xahiş edirsə ki, paylaşmayın, əgər o videolara rəsmi icazə yoxdursa, demək olmaz. Bu barədə dəfələrlə bildirilsə də, əfsuslar olsun ki, heç bir ciddi təsiri olmur. Mənim hərbçi dostlarım, general dostlarım da çox heyifsilənirlər ki, belə paylaşımlar edilməməlidir. Deyirlər ki, axı biz vuruşuruq, niyə belə məlumatları paylaşırlar.

 

- Azərbaycanın dərin milli-mədəni tarixi keçmişi var. Hələ  müharibə gedir, sizcə müharibənin uğurla bitməsi üçün dünyada yaşayan ziyalılarımız öz sözünü deyə bilirmi və bu yöndə hansı həmrəylik nümayiş olunur?

 

- Bəzi ziyalılarımız özlərini çox  vətənpərvər aparırlar, bəzi adamlar isə çox passivdirlər. Belə bir vaxta bunu müşahidə etmək məni çox kədərləndirir. Dünya şöhrətli, böyük opera müğənnisi Yusif Eyvazov bu günlərdə əsl vətənpərvər kimi hərəkət edir. O, hər gün torpaqların azadlığı ilə bağlı paylaşımlar edir, hər gün öz statuslarında yazır ki, qaçqınlarımız öz yerlərinə qayıtmalıdır, Azərbaycan torpaqlarının azad edilməsini gözləyirəm... Bu çox mühümdür. Onun nüfuzu çox böyükdür, onun statusuna milyonlarla baxış var. O əsl ziyalı, əsl böyük sənətkar kimi, əsl azərbaycanlı kimi bu işi aparır. Amma bəziləri var ki, aktiv deyillər, öz sözlərini demirlər. Bilmirəm niyə etmirlər...

Siz baxın, hətta bu gün müxalifətdən olan xaricdəki kanallar da ancaq müharibədən danışırlar və müxalifətçi yanaşmaları kənara qoyublar. Məncə bu çox sevindirici haldır. Çünki anlayırlar ki, müharibədə müxalifət-iqtidar məsələləri olmamalıdır. Müharibə qurtarıb, hər bir məsələ öz məcrası ilə gedəndən sonra müxalifət də ola bilər, iqtidar da, cəmiyyətin inkişafı prosesində problemlər də deyilə bilər. Amma bu məqamda hər kəs aktiv olmalı və eyni zamanda da çox ehtiyatla davranmalıdır. Çünki bu, müharibədir və hələ bitməyib. Biz müharibənin bütün qanunlarını icra etməliyik.

 

- Sizcə niyə Rusiyada olan ziyalılarımız Azərbaycana qarşı baş verənlərə bir qədər səssiz yanaşır?

 

- Tam səssiz yanaşdıqlarını deyə bilmərəm. Məsələn, Emin Ağalarov fonda 1 milyon dollar köçürdü və orda da öz sözünü deyir. Bilirsiz, Rusiyada yaşayarkən sanki çoxlarında o hisslər zəifləyir. Bəlkə kimlərsə, erməninin rəhbərliyi altında işləyir deyə qorxur. Belə məsələlər də var. Amma qorxmaq lazım deyil.  Rusiya demokratik ölkədir, hər kəs öz sözünü deyə bilər. Məsələn, NTV-də bir azərbaycanlı var - İradə Zeynalova, böyük bir veriliş aparır, yaxud orda Nailə Əsgərzadə var. Onlardan bir səs çıxmır. Axı, Ermənistanın Azərbaycanda törətdiyi qırğınlarda, Gəncəyə atılan raketlər nəticəsində insanların uşaqların, qocaların, ölümünə, Bərdəyə atılan raketlərin neçə-neçə insanın həyatına son qoymasına, uşaqların ölümünə necə sakit qalmaq olar?!. Heç olmasa onlar bu məsləni işıqlandırıb deyə bilərdilər ki, Ermənistan buna son qoysun. Amma  demirlər...

 

- Bu gün xaricdə ictimai fikrə təsir etmək üçün ziyalılarımız hansı addımları atmalıdır, nə etməlidir?

 

- Mütəmadi iş aparmaq lazımdır. Bəzən bizdən soruşurlar: Şuşa sizin üçün nədir, niyə onun uğrunda vuruşursuz? O nə yerdir belə... Deyirəm, Tolstoyun Krasnaya Polyanada bir evi var, Çaykovskinin Krımda ev muzeyi var, Puşkinin Boldino kəndində ev muzeyi var, düzdürmü? Bunlar sizin - ruslar üçün müqəddəs yerlərdirmi? Deyirlər, əlbəttə müqəddəsdir. Deyirəm, hansısa alman, yaxud da polyak gəlib Tolstoyun evində oynayıb, kef çəksə, piyan olsa, bu sizə təsir eləməz? Deyirlər, əlbəttə edər. Deyirəm bax, Şuşa bizim üçün də - musiqidir, şeirdir, fəlsəfədir, hər şeydir. Ona görə də o Paşinyanın gedib Şuşada piyan olub yallı getməsi azərbaycanlıları, bizi çox təhqir elədi. Bəlkə ermənilərin bizə qarşı ən böyük təhqiri o idi. Bu millət ermənilərə bunu bağışlamayacaq, heç vaxt. Belə danışanda onlara təsir edir. Hər kəsə başa salmaq lazımdır ki, Şuşa bizim mənəviyyatımızdır, torpaqlarımız ruhumuzdur. Bunu normal şəkildə izah edəndə başa düşürlər. Məsələn, Çingiz Abdullayev çox yaxşı çıxışlar edərək onlara izah elədi. Şahnazarov da etiraf elədi ki, bəli, onun çıxışında böyük bir həqiqət var idi.

 

- Bu gün Rusiya mediasında bizə qarşı olan qərəzli əks-çıxışlarda müsbətə doğru dəyişən nəsə varmı?

 

- Vəziyyət dəyişir. Çünki insanlar gücə tabedir. Bu gün kim güclüdür, həqiqət də onun tərəfindədir. Azərbaycan ordusu bunu təsdiq elədi. Azərbaycan ordusu bizim haqqımızda yaradılan –“azərbaycanlılar vuruşa bilmirlər, azərbaycanlılar ancaq ticarətlə məşğul olurlar, bazarda satıcıdırlar” və sair bu kimi münasibətləri dəyişdik. Biz sübut elədik ki, Azərbaycanlılar döyüşə bilir və qəhrəmandırlar. Bütün dünya da bunu gördü. Biz dünya mediasının Prezident İlham Əliyevlə götürdüyü müsahibələri izlədik və həmin müsahibələrin suallarındakı aqressiyanı gördük. Amma yavaş-yavaş bu aqressiya azalır, sozalır... Çünki başa düşürlər ki, bunun sonu ermənilərin Qarabağdan rədd olmağıdır.

Amma gəlin etiraf edək ki, erməni diasporu çox güclüdür. Biz onlara qalib gəlsək, demək Azərbaycan xalqı unikal bir xalq olacaq. Çünki onlar bütün Avropanı özlərinin əfsanəvi nağıllarına inandırıblar. Yalançı erməni genosidini az qala dünyaya yayıblar. Hamısı başdan-ayağa yalandır. Avropa bu yalana 100 ildən çox olar ki, inanırdı. İndi biz sübut edirik ki, belə deyil. Qatil də, faşist də ermənilərin özləridir və həqiqət bizim tərəfimizdədir. Hər halda, mən gözləyirəm və inanıram ki, yaxşı olacaq. Qələbəmiz tam olacaq...

 

- Bəlkə, uzun illərin məğlubiyyət hissi, bəlkə Azərbaycan insanının həddən artıq humanist olmasından dolayı belə deyilir ki, biz unutqanıq, yaxud çox “yatağanıq”, bizi oyatmaq çətin olur... bu qələbələrimiz bizi hansı zamana qədər düşmənə qarşı oyaq saxlaya biləcək?

 

- Düzdür, biz tez unuduruq. Amma bəlkə bu müharibə bizi bir az dəyişdirəcək. Azərbaycan cəmiyyəti artıq müharibədən qabaqkı  tənbəlliyini, yatağanlığını, aradan götürəcək. Bunlar olmamalıdır. Biz başa düşməliyik ki, Ermənistan bizim qonşumuzdur və o, təxribatlarını yenə də davam etdirəcək.  Onlar torpaqlarımızdan getsələr də, bizim düşmənimizdir və hər zaman təhlüksizliyimiz üçün təhdidirlər. Ona görə də cəmiyyət arxayınlaşmamalıdır. Daim ayıq olmalı və hər bir təxribata hazır olmalıdır. Həm ordumuz, həm cəmiyyət... Məktəblər 1-ci sinifdən başlayaraq bu tarixi daim xatırlatmalıdır uşaqlara. Mən hardasa 6 il bundan qabaq televiziyada demişdim ki, bizim qəhrəmanlar əsgərlər olmalıdr, şou-biznes adamları yox. Buna görə də məndən incidilər. Çünki səhərdən axşamacan şou-biznesdən danışırdılar. Əsgərlərdən, zabitlərdən az danışırdılar. İndi başa düşdülər ki, bu məqamda nə qədər başqa problemlərimiz olsa da, öndə həkimlər və zabitlər dayanmalıdır. Əsas qəhrəmanlar onlardır. Onlar haqqında mütəmadi verilişlər getməlidir, onlara həsr olunan mahnılar, aratoriyalar, operalar,  əsərlər yaratmalıyıq. Əsas qəhrəmanlarımız onlar olmalıdır. Çünki mən o qədər də cavan deyiləm, bilmirəm nə qədər yaşayacam, amma bilirəm ki, Ermənistan daima bizim torpaqlara göz dikəcək. Ona görə cəmiyyət bu qələbələrdən çox da rahat olmasın.

 

- Xarici ölkələrdə, əsasən də Rusiyada bizim lobbimiz, diasporamız niyə yaranmır?

 

- Mən bu gün baxıram ki, Avropada - Almaniyada, Belçikada bizim uşaqlarımz çox aktivdir. Avropada oxuyan tələbələr Azərbaycanın səsini ucaldırlar. Londonda bir yük maşının arxasnda “Qarabağ Azərbaycandır” şüarının olması onların əməyidir. Çox əfsuslar olsun ki, bu gün ən zəif dəstək Rusiyadan gəlir. Niyə Rusiyada yaşayan diasporamız belə passivdir, mən bu paradoksu anlaya bilmirəm, bu böyük problemdir. Özü də mən sizə deyim ki, Moskvada, Peterburqda  yaxşı akademiklərimiz, professorlarımız var. Niyə onlar kənarda qalırlar, bir söz tapa bilmirəm.

 

- Bizim ordakı səfirimiz, sizin də dostunuz Polad müəllim, bu işin təşkilini niyə aparmır?

 

- Səfirlik orda yaşayan insanların işinə qarışmamalıdır. Çünki orda qanun var. Onların özləri də aktiv olmalıdırlar. Ağıllı adamdırlar, necə ola bilir ki, bir yerə toplaşa bilmirlər. Ola bilər ki, hansısa iş admları, lap Ağalarov özü onları toplasın. Bəsdir,  festivallar keçirdilər. İndi vaxtı deyil. İndi mübarizə vaxtıdır. İndi müharibə, cəbhə amilləri bizim üçün vacibdir. Mən Moskvadakı passivlikdən çox narahatam...

 

- Nə təklif edərdiz?

 

- Çox məsələlər yerli azərbaycanlılardan aslıdır. Bizim məqsəd onları bir yerə toplamaq olmalıdr. Amma məsələ odur ki, Rusiyadakı azərbaycanlılar bir-biri ilə yola getmirlər. Keçmişdə Xanlıqlar necə bir-biri ilə yola getmirdilərsə, indi Rusiyada da belədir. Azərbaycan bu poblemi adladı, amma Rusiyada qalır.

 

- Xalqımıza, əsgərlərimizə, musiqiçilərimizə nə deyərdiz?

 

- Ordumuz var olsun! Mən bu şanlı qələbəyə görə, əsgərlərimizə çox sağ ol deyirəm. Torpaq onların qanı, canı ilə alınır. Ali Baş Komandana, xalqın bütövlüyünə eşq olsun! Amma hər kəsə deyərdim ki, rahat olmasınlar. Biz Bakıda rahat yaşıyırq, restoranlara gedirik, qonaq gedirik, küçədə gəzirik. Amma fikirləşməlidirlər ki, uşaqlar orda vuruşurlar. Ona görə də yaxşı işləməlidirlər. Həm arxa cəbhə, həm ön cəbhə bir olmalıyıq. Pandemiya ilə əlaqədar hər kəs öz öhdəsinə düşənə ciddi riayət etməlidir. Hamımız məsuliyyətli olmalıyıq. Çünki hələ torpaqlarımız tam azad olunmayıb və düşmənlərimiz çox hiyləgər və cinayətkardır. Allah Azərbaycanımızı qorusun! /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ

Parlamentdən Fransa Senatına ETİRAZ BƏYANATI

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Fransaya etiraz etmək üçün İşçi qrupu yaradıldı

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Ermənilər bu dəfə Laçını yandırırlar - FOTO

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO