İQBAL AĞAZADƏDƏN üçtərəfli müqavilənin tam xeyrimizə olması üçün TƏKLİFLƏR PAKETİ

18:51 11-11-2020 | icon 806 | Siyasət
İQBAL AĞAZADƏDƏN üçtərəfli müqavilənin tam xeyrimizə olması üçün TƏKLİFLƏR PAKETİ

İqbal Ağazadə: "Geriyə yox, irəliyə baxaq, hər şey bizim işimizdən asılı olacaq"

 

"Xalqımız, Ali Baş Komandan, əsgər və zabitlərimiz bu günlər ərzində qələbə üçün hər şey etdilər. Növbəti qələbələr üçün milli birliyimizi qoruyaraq yorulmadan işləməliyik. Geriyə yox, irəliyə baxaq. Hər şey bizim işimizdən asılı olacaq".

 
Versus.Az xəbər verir ki, bunu mövcud vəziyyətlə bağlı açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
 
 
İqbal Ağazadə mövcud vəziyyətlə bağlı bunları qeyd edib:
 
 
1. 44 günlük savaş Azərbaycan ordusunun tam üstünlüyünü ortaya qoydu. Əsgər və zabitlərimiz mümkünsüz olan hədəfi belə götürməklə (Şuşa) Cənubi Qafqazda ən güclü ordu olduğunu sübut etdi. (Müasir silahlanma və şəxsi heyət baxımından)
 
2. 27 il məcburi köçkünlük həyatı yaşayan 700 minə yaxın soydaşımız ata-baba yurduna qayıtmaq imkanı əldə etdi. Bu fakt ölkəmizin iqtisadi, siyasi, demoqrafik həyatına olduqca müsbət təsir göstərəcək. Münbit torpaqların azad olunması daxili bazarın tələbatını ödəməyə yardım edəcək, yeni tikilən şəhər və kəndlərimiz işsizlik probleminin aradan qalxmasına yardım edəcək, ayrı-ayrı rayonların, özəlliklə Bakının zamanla yükü azalacaq, yeni turizm imkanları açılacaq, ölkənin su ehtiyatlarından səmərəli istifadə olunacaq.
 
3. 27 illik məğlub xalq və ordu sindromu dağıldı, artıq qalib və döyüşə bilən ordu, əsgər obrazı yarandı. Bu da xalqın gələcək inkişafında güvən faktorunu artıracaq, millətin tərbiyə və ideologiyasında mühüm elementə çevriləcək.
 
4. Ölkənin dövlət sərhədlərinin qorunması tam şəkildə həyata keçiriləcək, heç bir ölkə ilə sərhədimiz nəzarətsiz qalmayacaq, suverenliyimiz təmin olunacaq.
 
5. 44 günlük savaş milli birlik istiqamətində mühüm addımlar atılmasına səbəb oldu, xalq bütövləşdi, millətləşmə prosesi sürətləndi, özünəinam hissi gücləndi. Vətən və milli maraqlar hamını şəxsi və siyasi maraqlarından geri durmağa məcbur etdi.
 
6. Gələcək aylarda milli birlik və siyasi islahatlar üçün zəmin yarandı, iqtidar-müxalifət arasında vacib körpü quruldu, müharibəyə qədərki sərt ritorika aradan qalxdı, gələcək münasibətlərin təməlini qoymaq üçün yeni fürsətlər yarandı.
 
7. Əraziyə Rusiya sülhməramlılarının yerləşməsilə bağlı və açıq qalan suallar barədə mövqeyimi yazmışdım.
 
 
Buna yenidən toxunmaq istəmədiyini vurğulayan partiya sədri qarşıda duran vəzifələrə diqqət çəkib:
 
 
"İndi əvvəlkindən daha çox işləməliyik. Üçtərəfli bağlanan müqavilənin gələcəkdə tam xeyrimizə olması və bizi qane etməyən tərəflərin xeyrimizə dəyişməsi üçün (xüsusilə, Rusiya sülhməramlılarının ərazimizə gəlişi):
 
 
- məskunlaşma sürətlə həyata keçirilməli, ilk növbədə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından köçkün düşmüş şəxslər geri qaytarılmalıdır;
 
- Murovdan Laçın koridoruna kimi yeni yol çəkilməli, təkcə Ağdərədən keçən yolun ümidinə qalmamalıyıq;
 
- Şuşa şəhərinə xüsusi status verilməli, iqtisadi, turizm imkanları genişləndirilməli, ayrı-ayrı turizm mərkəzlərilə əlaqələr qurulmalıdır;
 
- işğaldan azad olunmuş bölgələrin rayon mərkəzləri təmas xəttinə yaxın yerdə salınmalı, sürətli inkişafın elementləri yerli ermənilərə nümayiş etdirilməlidir;
 
- işğaldan azad olunmuş bölgələrdə fəaliyyət göstərmək istəyən şirkətlərə vergi güzəştləri tətbiq edilməli, həvəsləndirici layihələr hazırlanmalıdır;
 
- gələcək konflikdən və məğlubiyyətdən qaçmaq üçün həmin ərazilərdə hərbi müdafiə xüsusi proqram əsasında qurulmalıdır.
 
Təkliflər çoxdur, zaman çatdıqca bunları yazacağıq, paket halına salıb səlahiyyətli qurumlara təqdim edəcəyik".
 
 
İ.Ağazadə bildirib ki, bu mərhələni əyər-əskiklərinə və çatışmazlıqlarına baxmayaraq 7 rayonun işğaldan azad olunmasıyla başa vurduq, psixoloji, hərbi üstünlüyümüz arzuladığımızdan da çox oldu:
 
 
"Bu qələbələrimizi qorumalı, gələcəyə baxmalı, səhvlərimuz üzərindən pessimuzmə qapılmamalı, əksinə, uğurlarımızdan həvəslənib ölkəmizin gələcəyi üçün daha ciddi çalışmalıyıq. Hər şey öz əlimizdədir, gələcəyimizi özümüz yazacağıq.
 
Şəhid olanlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
 
 
 
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!"
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA